Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan sazişi - Yeni regional təhlükəsizlik arxitekturası formalaşır (TƏHLİL)

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan sazişi - Yeni regional təhlükəsizlik arxitekturası formalaşır (TƏHLİL)

SİYASƏT

Bugün, 16:46

Avqustunda Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanmış müdafiə sazişi Yaxın Şərq və Cənubi Asiyanın geosiyasi mənzərəsi baxımından diqqətəlayiq hadisələrdən biridir.

Bu sazişi yalnız üç dövlət arasında hərbi əməkdaşlıq haqqında adi sənəd kimi qiymətləndirmək olmaz. Çünki burada söhbət daha geniş siyasi prosesdən — regionda yeni təhlükəsizlik mexanizminin formalaşdırılması cəhdindən gedir. Sazişin əsas mahiyyəti ondan ibarətdir ki, tərəflərdən birinə qarşı silahlı hücum digər tərəflərin də təhlükəsizlik maraqlarına toxunan hücum kimi qəbul edilir və iştirakçı dövlətlər belə vəziyyətlərdə bir-birinə dəstək göstərməyi nəzərdə tutur.

Bu baxımdan sənəd müəyyən mənada NATO-nun kollektiv müdafiə prinsipini xatırlatsa da, hazırkı mərhələdə onu NATO-nun analoqu hesab etmək düzgün olmaz. Çünki NATO kimi vahid komandanlıq, daimi hərbi strukturlar və tam inteqrasiya olunmuş müdafiə sistemi hələ kı: mövcud deyil. Bununla belə, siyasi baxımdan mesaj kifayət qədər aydındır: Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan təhlükəsizlik məsələlərində bir-birinin imkanlarından istifadə etməklə daha güclü qarşılıqlı çəkindirmə mexanizmi yaratmağa çalışırlar. 

Bu sazişin əhəmiyyəti ilk növbədə üç ölkə arasında artıq mövcud olan münasibətlərin tarixinə dayanır. Əslində, Ankara, Ər-Riyad və İslamabad arasında münasibətlər yeni qurulmayıb. Əksinə, onların hər birinin digər iki dövlətlə uzunmüddətli siyasi, hərbi və iqtisadi əlaqələri mövcuddur. Xüsusilə Türkiyə və Pakistan arasında münasibətlər uzun illərdir “qardaşlıq münasibətləri” kimi xarakterizə edilir.

Pakistanın 1947-ci ildə yaradılmasından sonra iki ölkə arasında diplomatik əlaqələr qurulub və sonrakı dövrlərdə münasibətlər müdafiə, hərbi təlim, diplomatiya və iqtisadi əməkdaşlıq sahələrində inkişaf edib. Bu əlaqələrin tarixi kökləri Osmanlı dövrünə və Hindistan yarımadasındakı müsəlmanların Türkiyənin milli mübarizəsinə göstərdiyi dəstəyə qədər gedib çıxır. Müasir mərhələdə isə bu münasibətlər daha praktik xarakter alıb. Türkiyə Pakistan üçün hərbi gəmilər və müxtəlif müdafiə sistemləri istehsal edir, iki ölkənin silahlı qüvvələri arasında təlimlər və təcrübə mübadiləsi həyata keçirilir. Beləliklə, 2026-cı il sazişi Ankara ilə İslamabad arasında yeni əməkdaşlıq yaratmır, artıq mövcud olan strateji tərəfdaşlığın daha yüksək təhlükəsizlik səviyyəsini təmin edir. 

   Pakistanla Səudiyyə Ərəbistanı arasında münasibətlər də onilliklər ərzində formalaşıb. Pakistan uzun müddət Səudiyyə Ərəbistanının hərbi kadrlarının hazırlanmasına və təhlükəsizlik sisteminin gücləndirilməsinə dəstək verib. Səudiyyə Ərəbistanı isə Pakistan üçün mühüm iqtisadi tərəfdaş və maliyyə dəstəyi mənbələrindən biri olub. İki ölkə arasında enerji, investisiya, əmək miqrasiyası və müdafiə sahəsində sıx əlaqələr mövcuddur. Bu münasibətlərin təhlükəsizlik istiqaməti xüsusilə mühümdür, çünki Səudiyyə Ərəbistanı regiondakı təhlükəsizlik təhdidləri fonunda uzun illər Pakistanın hərbi imkanlarından da yararlanıb. Son illərdə Ər-Riyad və İslamabad arasında müdafiə əməkdaşlığının daha institusional xarakter alması isə bugünkü üçtərəfli saziş üçün mühüm zəmin yaradıb.

 Türkiyə ilə Səudiyyə Ərəbistanı arasındakı münasibətlər isə bir qədər fərqli inkişaf edib. İki ölkə arasında tarixən yaxın əlaqələr mövcud olsa da, son onillikdə onların regional siyasətində ciddi fikir ayrılıqları yaranmışdı. Lakin son illərdə Ankara və Ər-Riyad münasibətlərin normallaşdırılması istiqamətində mühüm addımlar atdılar. Yüksək səviyyəli qarşılıqlı səfərlər, iqtisadi əməkdaşlığın genişləndirilməsi və xüsusilə müdafiə sənayesi sahəsində əlaqələrin artması iki ölkənin münasibətlərini yeni mərhələyə çıxardı. Türkiyənin inkişaf etmiş müdafiə sənayesi ilə Səudiyyə Ərəbistanının böyük maliyyə imkanlarının bir-birini tamamlaması burada xüsusi rol oynadı. Buna görə bugünkü müdafiə sazişi əslində Ankara və Ər-Riyad arasında son illərdə gedən strateji yaxınlaşmanın məntiqi davamı kimi də qiymətləndirilə bilər.

    Üç dövlətin məhz indi belə bir təhlükəsizlik mexanizmi yaratması isə təsadüfi deyil. Yaxın Şərqdə son illərdə baş verən münaqişələr, İsrail-Fələstin qarşıdurması, İran ətrafında yaranan təhlükəsizlik problemləri, Qırmızı dənizdəki vəziyyət, raket və pilotsuz uçuş aparatlarının istifadəsinin artması region dövlətlərini öz təhlükəsizlik siyasətlərinə yenidən baxmağa məcbur edib. Xüsusilə Səudiyyə Ərəbistanı üçün məsələ daha aktualdır. Ər-Riyad uzun müddət təhlükəsizlik baxımından əsasən ABŞ-a güvənib. Lakin son illərdə Səudiyyə Ərəbistanının xarici siyasətində daha çoxşaxəli yanaşma müşahidə olunur. Ər-Riyad ABŞ ilə münasibətlərini qorumaqla yanaşı, Çin, Rusiya, Türkiyə, Pakistan və digər güc mərkəzləri ilə də əlaqələrini inkişaf etdirir.

Bu siyasətin əsas məntiqi ondan ibarətdir ki, Səudiyyə Ərəbistanı öz təhlükəsizliyini yalnız bir xarici gücdən asılı vəziyyətdə saxlamaq istəmir. Türkiyə və Pakistanla yaradılan yeni müdafiə mexanizmi də məhz bu strategiyanın bir hissəsi kimi görünür. Bu baxımdan sazişin arxasında üç dövlətin bir-birini tamamlayan imkanları dayanır. Türkiyə bu üçlükdə əsasən hərbi gücü və müdafiə sənayesi ilə seçilir. Son onillikdə Ankara pilotsuz uçuş aparatlarından raket sistemlərinə, zirehli texnikadan hərbi gəmilərə qədər müxtəlif sahələrdə öz müdafiə sənayesini inkişaf etdirib. Bu isə Türkiyəyə yalnız hərbi deyil, həm də siyasi üstünlük verir. Çünki müdafiə sənayesi artıq Ankara üçün xarici siyasətin mühüm sahəsindən birinə çevrilib. Türkiyə müxtəlif ölkələrə silah satmaqla yanaşı, həmin dövlətlərlə uzunmüddətli strateji əlaqələr yaradır. Səudiyyə Ərəbistanı bu baxımdan Türkiyə üçün xüsusi əhəmiyyət daşıyır. Ər-Riyadın maliyyə imkanları və Türkiyənin texnoloji imkanları birləşdikdə müdafiə sənayesi sahəsində daha böyük layihələrin ortaya çıxması mümkündür. Pakistan isə bu üçbucağa tamamilə fərqli strateji imkan gətirir. Ölkə böyük və döyüş təcrübəsinə malik orduya sahib olmaqla yanaşı, nüvə dövlətidir. Bu amil sazişin strateji sabitliyi və tarazlığı təmin etmə potensialını əhəmiyyətli dərəcədə artırır. Səudiyyə Ərəbistanının maliyyə və enerji imkanları, Türkiyənin hərbi texnologiyaları və Pakistanın nüvə statusu birlikdə götürüldükdə ortaya kifayət qədər ciddi strateji kombinasiya çıxır. Bu, hələ vahid hərbi blok demək deyil, lakin potensial rəqiblər üçün hesablamaları dəyişə biləcək bir təhlükəsizlik mexanizmi deməkdir.

 Sazişin məqsədi mütləq şəkildə müharibə aparmaq deyil. Əksinə, onun ən mühüm məqsədlərindən biri mümkün müharibənin qarşısını almaqdır. Əgər potensial rəqib bilirsə ki, Səudiyyə Ərəbistanına qarşı ciddi hərbi təhdid Türkiyənin və Pakistanın da reaksiyasına səbəb ola bilər, belə bir addımın siyasi və hərbi qiyməti avtomatik olaraq yüksəlir. Bu səbəbdən sazişin əsl gücü onun kağız üzərində yazılan maddələrindən daha çox, yaratdığı siyasi siqnaldadır.

Əlifağa Hakverdi,

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR