Rəqəmsal aqressiya, mənəvi aşınma: Biz hara gedirik? - Vahid Tağıyev yazır
YAZARLAR
Bugün, 13:20
Vahid Tağıyev,
Təcrübəli, peşəkar təhsil işçisi.
***
Unutmamalıyıq: əsl mədəniyyət heç kimin bizi görmədiyi, heç bir baxışın üzərimizdə olmadığı andakı davranışımızdır. Lakin bugünkü reallıq tamamilə fərqlidir. Sosial şəbəkələr cəmiyyəti dəyişdirmədi. Sadəcə, cəmiyyətin illərlə gizli qalan qüsurlarını üzə çıxardı.
Virtual məkanda ağlına nə gəldi danışan, qarşısındakını asanlıqla təhqir edən insanların sayı günbəgün artır. Burada məsələ təkcə kobud sözlərin işlədilməsi deyil, daha təhlükəlisi odur ki, məsuliyyətsizlik, nifrət dili və şəxsi ləyaqətə hörmətsizlik getdikcə cəmiyyətdə normal davranış forması kimi qəbul olunaraq adiləşir.
Əlbəttə, geniş təhlil və müzakirə tələb edən bu suallara birmənalı cavab tapmaq çətindir, çünki problemin kökləri çoxşaxəli və dərindir. Lakin bir reallıq var ki, bu cür davranışlar birdən-birə yaranmayıb, onlar zamanla, tədricən formalaşıb və cəmiyyətin iliyinə işləyir.
Bir anlıq gündəlik həyatımıza baxaq: sanki ictimai məkanın hamıya aid olduğu unudulub. İctimai yerdə danışıq və davranışların etik qaydalardan uzaq olması, küçəyə zibil atmaq, metro, avtobus qapısında basabas yaratmaq, növbə mədəniyyətinə riayət etməmək - hər kəsin özünü hamıdan vacib və imtiyazlı hesab etməsinin acı nəticəsidir.
Bu gün cəmiyyətdə ciddi bir paradoks yaşayırıq: hamının cibində son model smartfonlar, evlərində ən müasir texnologiyalar var. Lakin texnologiyamız rəqəmsallaşdıqca, davranışlarımız bir o qədər primitivləşir. Səhər tezdən real həyatın basabasında, şəhərin tıxacında bir-birimizə qarşı göstərdiyimiz dözümsüzlük, axşam evə qayıdıb sosial şəbəkə pərdəsinin arxasına keçəndə rəqəmsal bir "vəhşiliyə" çevrilir. Küçədə qaydaları pozan, aqressiya saçan şəxslə, klaviatura arxasında oturub heç tanımadığı birini linç edən, təhqir yağdıran virtual profil əslində eyni adam deyilmi?
Biz fərqinə varmadan birlikdə yaşamaq mədəniyyətini – yəni ictimai məsuliyyət hissini itiririk. İnsanlar öz azadlıqlarının harada bitdiyini, başqasının azadlıq sərhədlərinin haradan başladığını artıq ayırd edə bilmirlər.
MƏNƏVİ AŞINMANIN SƏBƏBLƏRİ
1). Bizi bu acınacaqlı mənzərəyə gətirən səbəblərin başında, ilk növbədə, ümumi mənafe düşüncəsinin və təəssübkeşliyin itməsi dayanır. Bu gün istər sosial şəbəkələrdə, istərsə də real həyatda ən çox səs-küy qaldıranlar, əslində, şəxsi və maddi maraqlarını hər şeydən üstün tutanlardır. Onlar iş fəaliyyətində bəzi "gözü kölgəli" insanları qorxutmaqla, şantaj etməklə nələrəsə nail olmağa öyrəşiblər. Nəfsinin əsiri olan, şəxsiyyətinə hörmət qoymayan, obyektivlikdən və ədalətdən uzaq olan bu cür bəsit adamların sayı zamanla təhlükəli dərəcədə çoxalıb.
2). Bu vəhşiliyi daim artıran, körükləyən digər amil isə cəzasızlıq hissi və qanunların kağız üzərində qalmasıdır. Bu sahədə davranış həm dövlət qanunları, həm də yazılmamış əxlaq qaydaları ilə tənzimlənməlidir. Lakin cəmiyyətin qınaq mexanizmi iflic olduqda və qanunun aliliyi hiss edilmədikdə, fərdlərdə "mənə heç nə olmaz" arxayınlığı yaranır.
3). Üstəlik, gündəlik həyatın stresi, iqtisadi sıxıntılar və gələcək qayğıları insanları sanki barıt çəlləyinə çevirib. Real həyatda sakit, səssiz görünən bir şəxs, sosial şəbəkədə kiməsə nifrət yağdırmaqla öz daxili gərginliyini və uğursuzluq komplekslərini sanki boşaltmağa çalışır.
4). Məsuliyyətsizliyin bünövrəsi, təəssüf ki, elə ailədə qoyulan qüsurlu tərbiyənin təsiri altıdadır. İllərdir ki, bir çox valideynin yeganə dərdi övladının məktəbdə "beş" almasıdır; başqasının hüququna hörmət etmək kimi fundamental dəyərlər isə unudulur. Digər halda əgər bir valideyn övladının gözü qarşısında yalan danışırsa, böhtan atırsa, avtomobili qayda pozaraq sürürsə, piyadaya yol vermirsə, həmin uşaq böyüyəndə heç bir ictimai normaya hörmət etməyəcək.
5). Məktəblərdə, yaxud repetitorlarla uşaqlara müxtəlif fənnləri, məsələn: riyaziyyatı, kimyanı, ədəbiyyatı və s. mükəmməl öyrədirik, amma onlara birlikdə yaşamaq mədəniyyətini - yəni empatiyanı öyrətmirik. Təhsil sadəcə formal bir diplom xətrinə çevrildiyi üçün mənəviyyat məsələsi arxa plana keçir.
Təhsil sistemi uzun illər ərzində daha çox bilik ötürməyə üstünlük verib, xarakter və davranış tərbiyəsi isə ikinci plana keçib, bəzi hallarda isə unudulub.
6). Nəticədə insanın virtual və real şəxsiyyəti arasında parçalanma yaranır. Faktları araşdırmadan, kiminsə şəxsi həyatını kütləvi şəkildə qaralamaq, virtual linç məhkəmələri qurmaq artıq adiləşib. "Yalan da olsa olar, təki baxış gəlsin" düşüncəsi ilə saxta xəbərlər yaymaq, insanların hissləri ilə oynamaq rəqəmsal dünyanın yeni və qorxulu normasına çevrilib.
ACI NƏTİCƏ: Ortada ziyalıların sükutu və "səs-küylü kütlə".
Bu kütləvi məsuliyyətsizlik artıq elə bir həddə çatıb ki, sosial şəbəkələrdə hörmətli bir ailə başçısı, nazir, hətta ölkə rəhbərləri haqqında heç bir çərçivəyə sığmayan aşağılayıcı ifadələr işlədilir. Tanınmış bir ziyalı və ya siyasi xadim aktual bir məsələyə obyektiv münasibət bildirən kimi, virtual məkandakı həmin o bəsit kütlə dərhal hücuma keçir, nifrət və təhqir yağdırır, şüursuz bir kütlə də dərhal onlara qoşulur.
Bu mənzərənin ən təhlükəli nəticəsi isə budur: yaranmış təhqir və təzyiq mühiti zamanla düşünən, sözün çəkisini və məsuliyyətini dərk edən nüfuzlu, dəyərli insanları susmağa vadar edir. Cəmiyyət isə məhz belə mənəvi dəyərlər daşıyıcısı olan şəxslərin səsinə ən çox ehtiyac duyduğu məqamda onları itirməyə başlayır. Ağıllı və mədəni insanlar təhqir olunmamaq üçün geri çəkilir, meydan isə tamamilə "səs-küylü kütləyə" qalır.
Nəticədə milli intellektual səviyyənin sürətlə aşağı düşməsi prosesi gedir. Küçədə söyüş, virtualda linç dominant- güclü, üstün olanda, elmi, mədəni və intellektual müzakirələr sıxışdırılıb sıradan çıxarılır, pislik və mədəniyyətsizlik kütləviləşdikcə sanki normal hala çevrilir...
TƏDBİRLƏR VƏ ÇIXIŞ YOLU
Bu vəziyyətdən çıxmaq üçün real və təsirli addımların atılması qaçılmazdır. Gecikdikcə geriyə dönüş də mümkünsüzləşir.
Hazırda bu problemi cəmiyyətin üzünə tutulan bir güzgü kimi göstərən geniş müzakirələrə və publisistik yazılara, diskussiyalara geniş meydan verilməlidir. Əhalinin müxtəlif təbəqələri bu prosesə cəlb olunmalıdır. Bütün strukturlar, televizya kanalları, mətbuat orqanlar, təhsil müəssisələri, ailələr bu prosesdə iştirak etməlidir, səmimi, inandırıcı, nəticəyönümlü iş aparılmalıdır.
Çıxış yolları barədə düşünərkən bəzi kəsərli addımların atılması, işlək mexanizmin yaradılması zəruriliyi önə çıxır. Bu baxımdan sosial şəbəkələrdə təhqir, böhtan və şantajın cəzasız qalmaması üçün hüquqi qanunvericilik daha operativ işləməlidir.
Anonim profillərin qarşısını almaq üçün istifadəçilərin şəxsiyyəti rəsmi qaydada təsdiqlənməlidir. Hər bir fərd bilməlidir ki, klaviatura arxasında yazdığı hər bir təhqir real həyatda onun qarşısına cinayət işi və ya böyük məbləğdə cərimə olaraq çıxacaq. Cəzanın qaçılmazlığı rəqəmsal mühitdə məsuliyyət hissini bərpa edə bilər.
İctimai qınaq yenidən fəallaşmalı, ona geniş şərait yaradılmalıdır.
Cəmiyyətdə ictimai qınaq mədəniyyəti gündəlik tələbata, davranış qaydalarına, mənəvi məsuliyyətə çevrilməlidir.
İctimai mühitdə biri digərini alçaldaraq təhqir edəndə ətraf yalnız müşahidəçi olmamalıdır. Sürücü maşından yerə zibil atanda, qaydaları pozanda arxadakı sürücü siqnal verməli, avtobusda, metroda kimsə intizamsızlıq edəndə hamı eyni anda narazılığını bildirməlidir.
Kitab oxumaq, nəzakətli danışmaq və müzakirə mədəniyyəti sosial şəbəkələrdə populyarlıq qazanan primitiv davranışlarından daha çox cəmiyyətin gündəlik normasına çevrilməlidir. İnsanlar özlərində bu kimi çatışmazlığın qəbul edilmədiyini hiss etməlidir. Məktəb kurrikulumuna konkret olaraq "Rəqəmsal Hüquq və Etika" dərslərinin daxil edilməsi artıq zərurətə çevrilib.
İnsanlarda özünüidarəetmə, məsuliyyət hissi və sağlam davranış vərdişlərinin formalaşdırılmasına daha çox diqqət yetirilməlidir.
Məsələn, "Baxmamaq" və "Səssiz təcrid" üsulundan istifadə etmək olar: Sosial şəbəkələrdə neqativ və mədəniyyətsiz məzmun yayan profillərə rəy yazmaq və ya onlarla mübahisə etmək, əksinə, onlara "reytinq" qazandırır. Ən kəskin virtual ictimai qınaq onları rəqəmsal olaraq görməzdən gəlməkdir. Yaxud "Şikayət et" və "Blokla" funksiyalarını kütləvi vərdişə çevirməliyik. Primitivlik alıcı tapmayanda, satıcı da öz-özünə bazardan çəkiləcək.
İstər küçədə kiməsə reaksiya verəndə, istərsə də sosial şəbəkədə rəy yazanda barmaqlarınız klaviaturaya toxunmazdan əvvəl özünüzə sual verin: "Bu yazacağım söz doğrudurmu? Bu sözü mənim özümə ünvanlasalar necə reaksiya verərdim? Mən bu sözü həmin adamın birbaşa üzünə deyə bilərəmmi?" Əgər cavabınız yoxdursa, yazmayın. Bu, fərdi səviyyədə aqressiya dalğasını kəsən ən bəsit mexanizmdir.
YEKUN OLARAQ: Azadlıq təhqir etmək deyil!
Bəzilərinin ağlına gələni təhqiramiz formada ifadə etməyi "ifadә azadlığı" vә ya "demokratiya" kimi qәlәmә vermәyә çalışması tamamilə yolverilməzdir. Sosial şəbəkə azad platformadır, hər kəs istədiyini yaza bilər düşüncəsi kökündən yanlışdır.
Unutmamalıyıq ki, sənin azadlığın başqasının hüququnun və ləyaqətinin başladığı yerdə bitir. Təhqir azadlıq deyil, mədəniyyətsizlik və hüquq pozuntusudur. İfadə azadlığı fikir bildirmək üçündür, söyüş söymək və insan ləyaqətini alçaltmaq üçün deyil.
Hər şey ilk addımdan başlayır. Dünyanı və ya bütün cəmiyyəti bir gündə dəyişmək bizim gücümüz daxilində olmaya bilər, amma özümüzdən, təsir dairəmizdən başlamaq tamamilə bizim əlimizdədir. Çıxış yolu böyük və qlobal islahatlarda deyil, bu gün edəcəyimiz ən xırda və bəsit seçimlərdədir: başqasının haqqına girməmək, maşının pəncərəsini açanda əlimizdəki zibili yerə atmamaq, ictimai nəqliyyata daxil olanda qarşımızdakını dirsəkləməmək və sosial şəbəkədə kimisə linç etməyə - təhqir olunmasına can atan barmaqlarımızı klaviaturadan çəkmək.
Cəmiyyəti qanunlar qoruyur, amma onu yaşadan vicdan, tərbiyə və qarşılıqlı hörmətdir.
Bunlar zəiflədikdə isə heç bir texnologiya və heç bir qanun təkbaşına problemi həll edə bilmir.
Cəmiyyət böyük bir okeandırsa, hər birimiz onun bir damlasıyıq. O okeanın təmizliyi isə hər birimizin öz damlasını nə qədər təmiz saxlamasından başlayır. Gəlin bu gündən etibarən şikayət etdiyimiz aqressiv kütlənin bir parçası deyil, dəyişimin başlanğıcı olaq. Çünki əsl mədəniyyət heç kimin bizi görmədiyi andakı davranışımızdır.
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Müəssisələrn nümunəvi strukturu və ştat vahidləri təsdiqlənib - Baş nazir qərar verdi
Bugün, 15:07 İQTİSADİYYAT
-
“Space TV”nin bank hesablarına həbs qoyuldu
Bugün, 15:04 PRESS
-
Bəzi rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Bugün, 14:50 CƏMİYYƏT
-
Sahibkarlar Konfederasiyasının prezidentinə qarşı cinayət təqibi başlayıb: "Azərkredit"də əməliyyat və... - Məmməd Musayev və ətrafı nədə ittiham olunurlar?
Bugün, 14:50 İQTİSADİYYAT
-
Türkiyə hansı partiya öndədir? - YENİ SORĞU
Bugün, 14:33 GÜNDƏM
-
CHP-dən istefa verən və yeni partiyaya qatılan deputatların tam – SİYAHISI
Bugün, 14:25 SİYASƏT
-
Elxan Səmədov PFL-in yenidən prezidenti seçildi
Bugün, 14:16 İDMAN
-
PREZİDENT BU SƏFƏRLƏRİ GERİ ÇAĞIRDI - Yeni təyinatlar
Bugün, 14:00 GÜNDƏM
-
Qurban Qurbanov: “Bolqar jurnalistlərin sevinci ola bilsin ki..." - "Biz səfərdə səliqəli oynamalıyıq"
Bugün, 13:54 İDMAN
-
Rəqəmsal aqressiya, mənəvi aşınma: Biz hara gedirik? - Vahid Tağıyev yazır
Bugün, 13:20 YAZARLAR
-
Yurgen Klopp Almaniya millisinin baş məşqçisi oldu
Bugün, 13:07 İDMAN
-
İrəvan Dövlət Dram Teatrına direktor təyin olunub
Bugün, 13:03 MƏDƏNİYYƏT
-
Özgür Özəldən Atatürk mesajı və yeni loqo paylaşımı… - FOTO
Bugün, 12:49 SİYASƏT
-
Türkiyə parlamentində dəyişiklik - CHP 5-ci yerə endi
Bugün, 12:29 SİYASƏT
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:25 CƏMİYYƏT
-
Səudiyyə şahzadəsinin meyiti Londonda oteldə tapıldı – O, nədən ölüb?
Bugün, 12:12 DÜNYA
-
Anar Məmmədliyə 14 il, Anar Abdullayevə 13 il... - Dövlət ittihamçısı QHT rəhbərlərinə ağır cəzalar istədi
Bugün, 12:11 SİYASƏT
-
TÜRKİYƏNİN YENİ SİYASİ TƏŞKİLATI: Özgür Özəl 91 deputatla partiyasını elan etdi
Bugün, 11:57 GÜNDƏM
-
Əli Əsədov enerji sahəsi barədə yeni qərar imzalayıb
Bugün, 11:39 GÜNDƏM
-
Böyük Britaniyadan İrana sərt cavab: “Özümüzü müdafiə etməyə hazırıq”
Bugün, 11:28 DÜNYA
-
Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qeydiyyat başlayıb
Bugün, 11:18 PRESS
-
"Fənərbağça”ya “yox” deyən futbolçu Acunun klubu ilə anlaşdı
Bugün, 11:11 İDMAN
-
TRAMP 60 ÖLKƏNİ “QARALADI” – Əlavə vergi yükü qoyulan ölkələr arasında Türkiyə də var
Bugün, 10:56 İQTİSADİYYAT
-
İLHAM ƏLİYEV ÖZBƏKİSTAN PREZİDENTİNƏ ZƏNG ETDİ
Bugün, 10:52 GÜNDƏM
-
Fövqəladə Hallar Nazirliyi hava ilə bağlı xəbərdarlıq edib
Bugün, 10:45 CƏMİYYƏT
-
Mədəniyyət naziri Flora Kərimovanı evində ziyarət edib - FOTOLAR
Bugün, 10:17 MƏDƏNİYYƏT
-
Azərbaycan nefti daha 9 dollar qalxdı - "Qara qızıl"ın qiyməti pik həddə çatdı
Bugün, 09:59 İQTİSADİYYAT
-
“Beşiktaş”ı “ipdən alan” alman qolkiper: "Onlar əla müdafiə olunurlar"
Bugün, 09:52 İDMAN
-
MÜHARİBƏ GENİŞLƏNİR – ABŞ İranın strateji hədəflərini vurur
Bugün, 09:26 GÜNDƏM
-
QARABAĞA NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINDI - Bu kəndlərə...
Bugün, 09:09 GÜNDƏM
-
Şamaxıda zəlzələ olub
Bugün, 09:01 GÜNDƏM
-
Türkiyədə bloger həbs olundu
Bugün, 00:25 PRESS
-
CHP-də “fırtına” başladı – Bir şəhər, 7 rayon təşkilatı bütöv halda partiyadan ayrıldı
Bugün, 00:11 SİYASƏT
-
Avropa liqası: “Beşiktaş” qalib gəldi
Bugün, 00:07 İDMAN