DƏMİR YUMRUQ: Öz nəğməsini oxuya bilməyən xalqa başqaları ağı dedirdər - Kəbutər Hakverdi yazır

DƏMİR YUMRUQ: Öz nəğməsini oxuya bilməyən xalqa başqaları ağı dedirdər - Kəbutər Hakverdi yazır

YAZARLAR

Bugün, 10:18

Kəbutər Hakverdi,

Xüsusi olaraq Mia.az üçün

***

Xalqımızın liderindən gözlədiyi ənənəvi xarakterik cizgilər- cəsarət, qorxmazlıq, sözünün sahibi olmaq və kənar gücün qarşısında dik durmaq həmişə özünü doğruldub.

Xalqın dili ilə danışan –ermənini “iti qovan kimi” gəldiyi yerə qaşmağa məcbur edən, statusu “cəhənnəmə göndərən” İlham Əliyevin qoruyucu simvoluna Şanlı Zəfərimizdən sonra milli qəhramanlıq ştirxləri də əlavə edildi. Onun qələbəni və qüruru özündə ehtiva edən və ölkəmizin sərhədlərindən kənarda belə sevə-sevə dinlədiyimiz atmacası – “Noldu Paşinyan?” sevincimizin ifadəsinə çevrildi.

Bakıya çay içmək üçün tankla gəlməyə hazırlaşanların tanklarının “Qənimətlər parkı”nda eksponata çevrilməsindən sonra növbə yenə Bakıya gəlməyə, ancaq bu dəfə top-tüfəng deyil nəbzimizə görə şərbət verərək hiyləgərliklə, sosial inistutlarımıza virüs kimi gizli və sinsi proseslərlə daxil olanlara çatdı.

Qonşu dövlətlərin riyakar siyasətlərinə (məsələn, həm müsəlman qardaşı adlandırıb, həm Ermənistana arxa duran yanaşmalara) verilən kəskin cavablar cəmiyyətdə "biz kimik və bizim əsl marağımız nədir?" sualını saflaşdırır, kənar dini və ideoloji manipulyasiyalara qarşı sosial immuniteti gücləndirir. Azərbaycanın Ali Baş Komandanı bu dəfə məhz milli kimliğimizin qələbəsi üçün hərəkətə keçdi. Milli kimlik uğrunda mübarizə müharibə aparmaqdan çox çətindir. Çünki müharibə ordu ilə silahla, aparılır. Müharibəyə girəcəyin düşmənin gücünü hesablayıb ona görə qərar verirsən.

Milli kimlik uğrunda mübarizə isə təsssüf ki, bu qədər asan deyil. Ən əvvəl onu qeyd edim ki, Azərbaycan heç vaxt qapalı bir sivilizasiya olmayıb. Bu coğrafiya Atəşpərəstlik-Zərdüştilik, Xristianlıq-Alban dövrü və nəhayət İslam mədəniyyətlərini öz daxili qazanında qaynada bilən nadir harmoniyadır. Bakıdakı Atəşgah, Qəbələdəki Kiş alban məbədi və Bibiheybət ziyarətgahı eyni torpaqda yanaşı nəfəs alır və bu tolerant birgəyaşayış mədəniyyəti özlüyündə yüksək bir uyğarlıq meyarıdır.

Müasir Müsəlman Şərqində İlk Avropasayağı Uyğarlıq Sıçrayışı edən Azərbaycanın bu qədər cəlbedici və güçlü olmasının səbəblərindən biri də məhz budur. XX əsrin əvvəllərində Azərbaycan Şərq dünyasında tamamilə yeni bir modernləşmə məktəbi açıb. Müsəlman Şərqində parlamentli ilk demokratik respublika (ADR), hələ ABŞ və bir çox Avropa dövlətlərindən öncə qadına səsvermə hüququ tanıyan qabaqcıl hüquqi şüur, Şərqdə ilk opera, ilk qadın balet ustası, Şərq muğamı ilə Qərb klassik simfonizminin misilsiz sivilizasiya vəhdəti, Şərqin ilk opera yazarı qadın və uzandıqca uzanan “ilk”lər.

Azərbaycan təkcə uyğarlıq daxilində olan bir ölkə deyil; o, özünəməxsus koloriti, dərin humanizmi, dövlətçilik yaddaşı və mədəniyyət sintezi ilə “Azərbaycan Uyğarlığı” adlı müstəqil və zəngin bir fenomen yaratmış qədim bir coğrafiyadır. Azərbaycan həm də yerüstü və yeraltı sərvətləri ilə bir ovuc torpağı bir ovuc qızıldan daha qiymətli olan bir diyardır. Cazibəsi dostlarla bərabər misilsz sərvətə-kamil insan resursu və təbii sərvətlərə şəhvətlərini coşduran düşmənlərimizi də özünə çəkib.  

"Himmət" bazarı axtarışları

Qonşu ölkələrin Azərbaycana “marağı” və bu “marağın” təzahürləri uzun illər sovet ateizmində yaşayan xalqımızın güya "dərin dini savadsızlığın"dan yaranan "boşluğu" öz ehkamları ilə doldurmağa başlamaq cəhdi ilə nəticələnir. Qonşularımız dünyəvi həyat tərzini, rasional dövlət şüurunu "dinsizlik" kimi qələmə verərək xüsusilə gənclər arasında özlərini "əsl dini və əxlaqı öyrədən xilaskarlar" kimi təqdim etməyə çalışırlar.

Lakin yanıldıqları əsas məqam Azərbaycan cəmiyyətinin dini rədd etmədiyi, amma dini təriqətlərin, xurafatın və ərəbmərkəzli həyat tərzinin milli dövlətçiliyi və fərdi azadlığı əzməsinə qarşı olduğudur. Azərbaycan xalqı dini fanatizmə qarşı təbii immunitetə malikdir. Qonşularımızın isə çoxsaylı dini təriqətləri və cəmaətləri öz coğrafiyalarında daxili bazarı, dövlət tenderlərini və ticarət sahələrini artıq bölüşdürüblər. Odur ki, getdikcə zəifləyən, günü gündən iqtisadi böhrana sürüklənən daxili resurs uğrundakı şiddətli rəqabətlər bu qüvvələri yaxın qonşularının özəlliklə Azərbaycanın bazarına cəlb edir. Əsas məsələ budur. Digər bir tərəf də İran İslam Respublikasının Şimali Azərbaycanı öz çətiri altında tutmağa çalışmasıdır ki bunu da illərdir deyir və yazırıq. 

Niyə məhz Azərbaycan? 

Cəmaət və təriqət strukturları yalnız dini deyil, böyük maliyyə dövriyyəsinə malik iqtisadi holdinqlərdir. Onların yaşaması üçün davamlı pul axını -üzvlük haqları, zəkat, "himmət", xeyriyyə ianələri, ticarət gəlirləri lazımdır. Azərbaycan neft-qaz gəlirləri, sabit valyutası və inkişaf edən istehlak bazarı ilə bu strukturlar üçün "bakir və zəngin bir iqtisadi məkan" –yağlı tikədir. Təhsil kursları, özəl məktəblər, nəşriyyatlar, qida və inşaat sektorları vasitəsilə Azərbaycanda biznes şəbəkəsi qurmaq böyük maliyyə qazancı deməkdir. Bu cazibənin daha bir səbəbi var. Dini şəbəkələrin xaricə yayılması üçün ən böyük maneə adətən dil və mədəniyyət fərqidir. Ərəb dünyası, Qərb və ya Uzaq Şərq bazarlarına girmək həm hüquqi, həm linqvistik baxımdan qonşularımız üçün çətindir.

Azərbaycanda isə dil baryerinin olmaması, ortaq kimlik və televiziya, media vasitəsilə formalaşmış ortaq mədəni zəmin ölkəyə çox asanlıqla, "mərhəmət" (İranın “İmdad”cəmiyyəti”) və "təhsilə dəstək" qılıfı altında sızmasına şərait yaradır ki, müxtəlif ölkələrin mədəni mərkəzləri bu sahədə çox işgüzardır. İlk baxışda dini təbliğat ilə səmimi münasibətləri bir-birindən ayırmaqda çox çətindir. Üstəlik təriqət və cəmaət liderləri özlərini sadəcə bir məhəllə şeyxi deyil, "bütün İslam aləmini nura qovuşduracaq xilaskar" (mehdi, mücəddid) kimi görürlər. Daha vacib bir məqam da Azərbaycanın onlar üçün həm də Mərkəzi Asiyaya-Qazaxıstan, Özbəkistan, Türkmənistana açılan qapı rolunu oynamasıdır. Bakıda dayaq nöqtəsi quran bir şəbəkə sonradan asanlıqla bütün Xəzər hövzəsinə yayılmağı bacarır. 

Bizim tarixi immunitet

Müqəddəs pərdələrə bürünərək sərhədləri aşan şəbəkələrin dilindən "din qardaşlığı", "mərhəmət" və "iman" sözləri heç vaxt əskik olmur. Lakin parıldayan bu ritorikanın arxasındakı pərdəni azca araladıqda mənzərə dəyişir. Məqsəd heç vaxt xalis mənəviyyat və ya ortaq tale olmayıb. Əsas hədəf Azərbaycanın artan maliyyə resurslarına şərik çıxmaq, gənclərin azad iradəsini kor-koranə itaətlə mütiləşdirərək qapalı şəbəkələrə bağlamaq və nəticədə dövlətin sekulyar onurğasını sındıraraq paralel nüfuz mərkəzləri yaratmaqdır. Lakin bu coğrafiyaya göz dikənlərin hər dəfə toqquşduğu və hesablamadığı keçilməz bir divar var. Azərbaycan cəmiyyətinin dinin siyasiləşməsinə və təriqətçiliyə qarşı qazandığı sarsılmaz ictimai immunitet. Bu immunitet dünən yaranmayıb və emosional reaksiya deyil, iki əsrlik intellektual mübarizənin, sosial silkələnmələrin və dövlətçilik təkamülünün yoğurduğu tarixi təcrübədir.

Azərbaycan müsəlman Şərqində tənqid süzgəcini ictimai həyatın mərkəzinə qoyan ilk cəmiyyətdir. İlk dünyəvi teatrın, operanın və milli mətbuatın bu torpaqlarda doğulması təsadüf deyil. 70 illik sovet rejimi nə qədər amansız ateizm tətbiq etsə də, cəmiyyətin sosial arxitekturasında geri dönməz izlər buraxdı. Kütləvi təhsil təriqətlərin ən rahat kök saldığı savadsız icma mühitini darmadağın etdi; elmi dünyagörüşü həyatın əsas ölçüsünə çevrildi. Qadının ictimai və iqtisadi müstəqilliyi ailə daxilində təriqətçi-patriarxal zülmün bərpasını qeyri-mümkün etdi.

Bundan başqa bütün tarixi boyu Azərbaycan cəmiyyətində şiə və sünni müsəlmanlar birgə yaşayıb, eyni məscidlərdə yan-yana səcdəyə durublar. "Vəhdət namazı" kimi nadir ictimai praktika Azərbaycan torpaqlarında tolerantlığın şüara deyil, həyat tərzinə çevrildiyinin sübutudur. Xüsusi qeyd: 15 yanvar 2016-cı il tarixində (cümə günü) Bakının Binəqədi rayonunda yerləşən Heydər Məscidində sünni və şiə inanclıların birgə iştirakı ilə tarixi bir cümə namazı qılındı. Həmin il Azərbaycanda rəsmi olaraq "Multikulturalizm İli" elan edilmişdi və bu namaz həmin çərçivədə təşkil olunmuş ən böyük rəmzi dini addımlardan biri idi. Bu hadisə sadəcə bir məzhəbin ibadəti deyildi; dövlətin rəsmi ideoloji xəttini nümayiş etdirən xüsusi bir dini format idi.

Xaricdən idxal olunan hər bir təriqət — istər cənubdan gələn teokratik şiəçilik, istərsə də digər coğrafiyalardan daşınan sələfi, vəhhabi və ya cəmaətçi sünnilik — yalnız tək bir məzhəbi mütləqləşdirərək digərini kənara itələməyə çalışır. Azərbaycan insanı isə çox yaxşı dərk edir ki, hər hansı bir dini cərəyanın hegemonluğu daxili parçalanma və məzhəb qırğını deməkdir. Buna görə də xalq hamıya bərabər məsafədə dayanan neytral, dünyəvi dövlət çətirini öz təhlükəsizliyinin yeganə qarantı sayır. Azərbaycan Konstitusiyasının 18-ci maddəsi ilə din dövlətdən qəti ayrıldı. Dövlət təhsilinin dünyəvilik prinsipi qorundu.

Milli Kimlik Qüruru

Ən başlıcası Azərbaycan insanının mənlik şüuru mücərrəd ümmət xülyaları ilə deyil, Azərbaycanlılıq təməli üzərində ucalır. 44 günlük Vətən Müharibəsi bu reallığı dünyaya nümayiş etdirdi. Milyonları səfərbər edən və torpaqları azadlığa qovuşduran qüvvə təriqət şüarları deyil, üçrəngli milli bayraq, torpaq təəssübü və suveren dövlətə sədaqət oldu. Azərbaycanda inanc insanın qəlbindəki mənəvi işıqdır. Lakin həmin inancı siyasi hakimiyyət pilləkəninə, xalqın sərvətini talama vasitəsinə və dünyəvi həyatımıza yönələn təhdidə çevirmək istəyənlər bilməlidir ki, bu xalqın maariflə qazandığı azadlıq və müstəqil dövlətçilik iradəsi heç bir təriqətin iştahasına yem olmayacaq qədər qüdrətlidir. Milli Qurtuluş tarixi Azərbaycan coğrafiyasının xilası oldu. Azərbaycanın son 30 ildə keçdiyi yol kimliyimizin bərpası ilə yadda qaldı. 1990-cı illərin əvvəlindəki xaosdan, kimlik böhranından və torpaq itkisindən sonra öz milli-mənəvi kodlarımıza, zəfər iradəsinə qayıtdıq və öz kimliyindən tərəddüd etməyən cəmiyyət formalaşdı.

Azərbaycan nə Qərbin quluna çevrildi, nə də Rusiyanın vassalı oldu. Qoşulmama Hərəkatına liderlik etməklə yanaşı, Türkiyə ilə sarsılmaz strateji müttəfiqlik (Şuşa Bəyannaməsi) qurdu. Yəni özünə möhkəm bir milli mövqe seçdi. Məhz milli təşkilatlanmanın, ordu-xalq birliyinin simvolu olan Dəmir Yumruq və qətiyyətli milli mövqenin sayəsində 30 illik işğala son qoyuldu və beynəlxalq güclərin bölgəyə dair bütün qaranlıq planları alt-üst edildi. Bir millətin mövqesizlikdən və kimliksizlikdən xilas olmasının yeganə yolu — kənar mərkəzlərin diktəsinə deyil, öz tarixi kökünə, dilinə və daxili mütəşəkkil gücünə güvənərək “Mən buradayam, bura mənim torpağımdır və mənim şərtlərim keçərlidir” deyə biləcək strateji və dövlət ağlına güvənməsi oldu.  

Azərbaycan öz nəğməsini oxuyur 

Tarixdən də görürük ki, böyük güclərin bir ölkəni təslim alarkən tətbiq etdiyi ən ucuz və təsirli üsul daxildəki qırılma xətlərini -məzhəb, etnik mənsubiyyət, təbəqə, ideologiyanı aşındırmaq- önə çıxartmaqdır. Təşkilatlanmış, öz ortaq dəyərini bilən bir millət bu tələyə düşməz, başqalarının qumar masasında “qəbz” olmağı rədd edər.

Əhalisi öz milli kimliyi və gələcəyi ətrafında vahid bir təşkilat qura bilmədiyi üçün xristianı, sünnisi, şiəsi, dürzisi ayrı-ayrı qruplara bölünən və hər biri kənardakı bir gücün alətinə çevrilən coğrafiyaların (Livan, Ukrayna kimi ölkələr) açınacaqlı taleyi həm də millətimizə öz milli kimliyinə sahib çıxmaq gücü verir. Millətin öz mədəni kimliyinə qətiyyətli şüurla sahib çıxması yaşadığı coğrafiyanın taleyini həll edir. Çünki öz nəğməsini oxumayan bir xalqa başqaları ağı dedirdər.

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR