Heydər Əliyevin şəxsi fotoqrafı: "Mənə baxıb dedi ki, sən mənimlə işləyəcəksən" - MÜSAHİBƏ + FOTOLAR

Heydər Əliyevin şəxsi fotoqrafı: \"Mənə baxıb dedi ki, sən mənimlə işləyəcəksən\" - MÜSAHİBƏ + FOTOLAR

PRESS

Bugün, 19:08

Sosial media dövründə yaranmış bir ifadə var: danışan şəkil. Daha çox müasir texnoloji avadanlıqların olmadığı dövrdə çəkilmiş, özündə tarixi keçmişi və yaddaşı ehtiva edən şəkillər üçün deyilir bu ifadə.

Bakıda, İçərişəhərdə bir adam yaşayır ki, onun fotoarxivindəki şəkillərin, az qala, hər biri üçün həmin ifadəni demək mümkündür. Bu adam Rafiq Bağırovdur.

1993-cü ildən 2003-cü ilə qədər Heydər Əliyevin xatirə yoldaşı, səfər yoldaşı və foto yaddaşı olan Rafiq Bağırov bu illər ərzində çəkdiyi fotolarla bərabər həm də onlarla, yüzlərlə tarixi xatirələri saxlayır yaddaşında. Bəlkə də, belə bir gündə – Heydər Əliyevin anadan olmasının 103-cü ilində ona, Rafiq Bağırova xatirə adam da demək olar.

Mia.az Heydər Əliyevin şəxsi fotoqrafı Rafiq Bağırovun Report-a müsahibəsini təqdim edir.

– Mən bildiyimə görə, siz ixtisasca filoloqsunuz, bəs necə oldu ki, fotoqrafiyaya gəldiniz?

– Atam jurnalist idi, sonuncu iş yeri "Elm və həyat" jurnalında baş redaktorluq olub. Aydın məsələdir ki, oradakı materialların hamısı onun əlindən keçirdi. Atam da materialları daha maraqlı etmək üçün dünyadakı jurnallardan müxtəlif formatlar götürürdü, fotolar çəkib çıxarırdı. Yəni fotoqrafiya ilə də məşğul olurdu. Məndə də bunun nəticəsində istər-istəməz fotoqrafiyaya maraq yarandı, bu sahəni sevməyə başladım. Nəticədə, özüm də fotoqrafiya ilə bağlı işə düzəldim – Azərbaycanda Dövlət Televiziyasında kino lentlərinin araşdırılması sexində.

Bir müddət işlədikdən sonra sexin rəisi vəzifəsinə qədər yüksəldim. Məndə maraq o qədər böyüdü ki, sexdə foto şöbəsi də yaratdım. Çox qısa müddətdə dünyanın ən qabaqcıl fotoqrafiya avadanlıqlarını əldə elədik. Düzü, o vaxt maddiyyət o deyildi, çətin vəziyyət idi, amma mən bu avadanlıqlara müxtəlif vasitələrlə sahib olurdum. Məsələn, birinə nəsə bir maraqlı hədiyyə verirdik, biri ilə müəyyən tanışlığa nail olurduq, yəni müxtəlif əlaqələr sayəsində bu avadanlıqları əldə edirdik.

– Bunlar neçənci ildə olub?
– 1988-1989-cu illərdə. Həmin zamanda ölkədə rəngli foto ilə məşğul olan iki-üç adam vardı. Onların içərisində ən son avadanlığa sahib olanı isə təkcə mən idim. Hətta Moskvanın Mərkəzi Televiziyasında belə bu cür avadanlıqlar yox idi. Məhz bu da mənim bir az ad çıxarmağıma, tanınmağıma səbəb oldu.
– Bəs necə oldu ki, Heydər Əliyevin şəxsi fotoqrafı oldunuz?

– 1993-cü ildə Heydər Əliyev Ali Sovetin sədri ikən prezidentliyə namizəd idi. Bu ərəfədə mənə xəbər gəldi ki, onun portret şəkillərini çəkmək lazımdır. Düzü, mən bir az çəkindim, razılıq vermədim.

– Niyə?

– Çünki bu çox böyük məsuliyyət idi. Mən özümü peşəkar fotoqraf saymırdım. Heydər Əliyev kimi dünya şöhrətli bir siyasətçinin şəkillərini çəkməyə özümü hazır hesab eləmirdim. Amma bir xeyli tərəddüddən, götür-qoydan sonra dəvəti qəbul elədim və özümlə bir nəfər peşəkar fotoqraf da aparmağa qərar verdim.

– Kim idi?

– Lyova Şvarst adlı fotoqraf. Getdik, haradasa, iki saatdan çox çəkiliş apardıq. O vaxt fotoqrafiya ilə bağlı imkanlar başqa idi, şəkillərin çıxarılması əməlli başlı vaxt alırdı. Şvarst mənə xəbər elədi ki, bəs üç fotoaparatla apardığı çəkilişdən bir dənə də olsun ələ gələn şəkil yoxdur. Birində kadr yanıb, birində nəsə üst-üstə düşüb, birində başqa şey. Bu söhbət məni lap qorxuya saldı. Təsəvvür elə, mən də eynisini yaşasaydım, gör nə olardı... Birtəhər özümü toparlayıb çəkdiklərimi yoxladım. Şükür ki, hər şey qaydasında idi.

– Bəyəndi?

– Hə, əlbəttə. Şəkilləri kiçik formada çıxarıb apardım. Orada şəkillərin haradasa 20-25 ədədini seçib dedilər ki, Heydər Əliyevin baxması üçün bunları iri formatda çap elə. Gəlib çıxardım, vaxt təyin elədilər ki, Milli Məclisə gəl, Heydər Əliyev şəkillərə baxmalıdır.

Heydər Əliyev şəkillərə bir-bir və çox diqqətlə baxdı, incələdi. Sonra mənə baxıb dedi ki, sən mənimlə işləyəcəksən. Qeyri-ixtiyari cavab verdim ki, mən televiziyada işləyirəm. Qayıtdı ki, sənə deyirəm, sən mənimlə işləyəcəksən. Daha bu sözün qarşısında nə demək olar ki?

Sonralar Prezident Adminstrasiyasının Mətbuat şöbəsində mənim üçün ştat açıldı hətta. Düzü, mən belə hesab edirdim ki, yəqin, bir müddət işləyərəm, sonra peşəkar fotoqraf tapılar, mən də qayıdaram televiziyaya. Amma nə oldu? On il Heydər Əliyevin şəxsi fotoqrafı oldum.

– Bax deyirsiniz, fotoları bir-bir incələdi, baxdı. Bu sonrakı illərdə də belə oldu? Həmişə belə həssas yanaşırdı?

– Əlbəttə. Ümumiyyətlə, əvvəllər hər şəkli özü seçirdi, amma bir müddət sonra gördü ki, bizim zövqlərimiz eynidir, daha şəkillərlə bağlı hər şeyi mənə etibar elədi. Amma hər zaman eyni həssaslıqla yanaşırdı. Mən ona o qədər bələd idim ki, danışığı zamanı təxmin edə bilirdim ki, bundan sonra neçə dəqiqə danışacaq, nə vaxt bitirəcək və sair. Ona görə onun hansı şəkli bəyənib-bəyənməyəcəyini də dəqiq bilirdim.

Bir dəfə qəzetlərdən biri məndən Heydər Əliyevin sadə bir şəklini istəmişdi. Mən də tapıb verdim.

– Hansı qəzet idi?

– "Bakinskiy raboçiy". Səhv eləmirəmsə, ad günü ilə bağlı geniş məqalə üçün istəmişdilər. Verdim. Yazı yayımlanandan sonra mənə xəbər gəldi ki, Prezident səni çağırır. Həyəcanlı halda getdim. İçəri girən kimi gördüm ki, masanın üstündə həmin qəzet və qapaq şəklinin yarısını tutan şəkil.

– Necə bir şəkil idi ki?

– Sadə bir geyimdə, əli cibində. Tamamilə, qeyri-rəsmi bir şəkil.

– Harada çəkmişdiniz?

– Zağulbada. Mənə dedi ki, bu şəkli sən çəkmisən? Son dərəcə ciddi bir görkəm almışdı. Həyəcanla cavab verdim ki, bəli, cənab Prezident, mən çəkmişəm. Elə bunu demişdim, gülümsədi, dedi, çox gözəl şəkildir, belə şəkillərdən istifadə elə.

– Siz Heydər Əliyevlə rəsmi səfərlərdən başqa həm də ailə məclislərində olmusunuz, şəkilləri çəkmisiniz.əli. Mən yeganə adamam ki, onun evinə girməyə ixtiyarım vardı. Bütün ailə məclisləri, ad günləri... Və sənə deyim, bu məclislərin heç biri dəbdəbəli olmurdu. Qətiyyən dəbdəbə sevən deyildi. Çox sadə. Özü və ailəsi, vəssalam.

Heydər Əliyevin istirahət günləri çox az idi. Mən sizə tam səmimi və real bir faktı deyim ki, on il ərzində onun, uzağı, beş-altı gün istirahət elədiyini görmüşəm. Çox ağır, sıx iş qrafiki vardı. Səhər 10-da işə gəlirdi, gecə saat 11-12-yə qədər işləyirdi.

– Siz də onunla bərabər?

– Bəli.

– Bəs, ümumiyyətlə, şəkil çəkdirməyi sevirdi?

– Şəklə çox dəyər verən adam idi. Əməyi qiymətləndirirdi.

– Yanlış xatırlamıramsa, bir dəfə onunla fotosessiya da etmisiniz.

– Bəli, bunu özü təklif eləmişdi. Mənə dedi ki, gəl şənbə günü mənim fotosessiyamı edək. Bu da seçki təbliğatı üçün idi.

– Harada elədiniz çəkilişi?

– İqamətgahında. Çəkilişə ümumilikdə 8 saat vaxtımız getdi. Üç fərqli kostyum geyindi. Biri adi bildiyimiz rəsmi kostyum, biri smokinq, biri də frak. Haradasa, 400-500 şəkil çəkdim. Onun nəticəsində indi bütün ölkədə lövhələrdə gördüyümüz, ofislərdə asılan şəkillər ərsəyə gəldi. Mən bəzən harasa gedirəm, qəfil həmin şəkillərdən birini görürəm, bir az qəribə oluram, nostalji hiss edirəm.

– Rafiq müəllim, Heydər Əliyev xarakter baxımından çox tələbkar adam olub. Bəs yaradıcı bir adama qarşı, yəni fotoqrafa qarşı necə?

– Eynilə. İşində necə tələbkar idisə, fotolarına da elə yanaşırdı. Məni özünün şəxsi fotoqrafı kimi təyin edəndən sonra demişdi, ola bilər ki, hansısa tədbirdə, görüşdə görərsən ki, qalstukum əyridi, ya pencəyim yaxşı görünmür və sair. Qətiyyən çəkinmə, yaxınlaş, de mənə. Amma onu da deyim ki, o qədər səliqəli, geyim-keciminə fikir verən adam idi ki, belə bir hal, demək olar ki, olmayıb.

Məndə bir kadr var, evdən çıxanda güzgünün qarşısında saçını darayanda çəkmişəm. Dönüb mənə dedi ki, bunu niyə çəkirsən? Dedim, cənab Prezident, bunların hamısı tarixdir. Güldü.

– O şəklə baxa bilərik?

- Əlbəttə.

Rafiq müəllim qalxır, siyirmələrin birindən fləşkartı çıxarıb kompüterə qoşur və ekranda müxtəlif adlarda ayrı-ayrı qovluqlar açılır.

– Heydər Əliyevlə bağlı arxivinizdə nə qədər şəkil olar?

– 700 000-dən çox. O vaxt plyonka dövrü idi, ona görə mümkün qədər qənaət edirdim, indiki avadanlıq olsaydı, yəqin ki, 10-15 milyon şəkil olardı.

Rafiq müəllim qovluqlardan birini açır və Heydər Əliyevlə bağlı qeyri-rəsmi çəkilmiş şəkilləri görürük. Bu şəkillərin bəziləri zaman-zaman mediada qarşımıza çıxmış olsa da, bəzilərini ilk dəfə görürük. Rafiq müəllim hər şəkli böyüdür, harada, necə çəkilməsindən danışır. Tarixdir. Siyasət nəhəngi həm də sadə bir insan kimi canlanır qarşımızda.

Şəkillərin birində ailəvi istirahət etdiyini, birində dəniz kənarında oturub nəsə düşündüyünü, birində nəvəsi Heydər Əliyevlə oynadığını görürük.

– Məşhur bir şəkil var, "Əsrin müqaviləsi" dönəmində çəkilib. Həm Heydər Əliyev, həm də İlham Əliyev əllərini neftə batırıb üzlərinə çəkirlər. Onu da siz çəkmisiniz, deyəsən.

– Hə, məndən başqa heç kəs o kadrı götürə bilmədi. Bir xeyli fotoqraf var idi, bp-nin xanım fotoqrafı özünü irəli atdı, bütün fotoqrafların kadrını pozdu, nə özü çəkə bildi, nə də başqaları. Mən birtəhər aradan sivişib həmin kadrı götürə bildim.

Şəkillərdən birində Heydər Əliyevin ocağın yanında oturub əllərini isidir. Şəkli görən Rafiq müəllim həmin şəklin çəkilişini xatırlayır.

– Bu od çərşənbəsində çəkilib. Gəlib ocağa baxdı, baxdı, yaxınlaşıb dedim ki, cənab Prezident, bəlkə, bir az canlı şəkil çəkək, nə məsləhət görürsünüz? Gülümsədi, oturdu, əllərini ocağa sarı uzatdı və bu kadrı götürdüm.

– Heydər Əliyev tez-tez xalqın içində olurdu, mütəmadi görüşlər keçirirdi, özü də kütləvi görüşlər. Bu görüşlərin sizin üçün kimi çətinlikləri var idi?

– Bilirsən, prezidentlərin getdiyi məkanların təhlükəsizliyi ən yüksək səviyyədə yoxlanılır. Təhlükəsizliyə görə prezidentlər yoxlanmamış, əvvəlcədən müəyyən edilməmiş yerlərə gedə bilməzlər, getməməlidir. Heydər Əliyev isə birdən karteci saxlayırdı ki, mən xalqla görüşmək istəyirəm. Nə demək olardı? Düşürdü, girirdi xalqın içinə, görüşürdü, söhbətləşirdi.

Yenə qovluqların birindəki şəkillərdən biri diqqətimi çəkir. Dərhal şəklin çəkilməsi tarixini xatırlayır.

– Biz ABŞ-də idik. Hyustonda. Xəbər gəldi ki, nəvəsi Heydər doğulub. ABŞ-dən qayıdanda getdik xəstəxanaya, orada bu şəkli çəkdim. Nəvə Heydər Əliyevin ilk şəklidir bu.

Növbəti şəkillərdən birini görüb duruxur, bir qədər düşünür, şəkli irəli-geri çevirib şəklin tarixçəsini xatırlayır.

– Bu uşağın atası da, anası da vəfat eləmişdi. Tədbirlərin birində "Qarabağ şikəstəsi"ni elə oxudu ki, dəhşət... Heydər Əliyev bilirsiniz ki, çox həssas adam olub, ifaya qulaq asa-asa mən onun göz yaşlarını gördüm. Sonra uşağı basdı bağrına, öpdü, saçını sığalladı...

– Rafiq müəllim, mən Çörçillin sürücüsünün xatirələrini oxumuşam. O yazırdı ki, məsələn, Çörçill bəzən ona elə şeylər deyirdi ki, onları heç kəslə bölüşmür. Heydər Əliyevlə olub belə söhbətləriniz?

– Aramızda dialoqlar çox olub, amma belə sən deyən şəkildə sirli söhbətlər yox. Amma mən xoşbəxt adamam ki, onun ürəkdən güldüyünü, qəhqəhə çəkdiyini görən nadir adamlardanam. Yaxud həssas vaxtlarını, kövrəldiyini...

Şübhəsiz, elə olurdu, məndən nəyisə soruşurdu, maraqlanırdı. Hətta mənə iradlar da tuturdu.

– Nə kimi iradlar?

– Bir dəfə ABŞ-də səfərdə idik. Günorta çağı idi, gün düz başımızın üstündə. Nəsə kollektiv şəkil çəkilməli oldu. Heydər Əliyev də dayanıb günə qarşı. Yəni heç bir avadanlıq o situasiyada adamın dadına çata bilməzdi. Mən tez keçib kənardan, yəni profildən çəkməyə başladım. Bu vaxt nədənsə başqa bir fotoqraf üzbəüzdən şəkillər çəkməyə başladı. Mən bilirəm axı, oradan alınmayacaq, mümkün deyil. Elə bunu görən Heydər Əliyev ucadan çağırdı ki, bəs Rafiq hanı? Haradadır? Niyə çəkmir? Mən tez irəli çıxdım ki, buradayam, cənab Prezident. Dedi, sən gecikmisən. Dedim, yox, mən bayaqdan buradayam, buradan çəkirəm. Əməlli başlı əsəbiləşdi. Baxdı, baxdı, qayıtdı ki, səninlə Bakıda danışacağıq.

Bakıya çatan kimi məni çağırdı, bir xeyli danladı.

– Bax bu qədər xatirəniz var, niyə bunları yazmırsınız?

– Yazmaq yox, amma istəyirəm ki, Heydər Əliyev və İlham Əliyevin ancaq ikisinin birlikdə çəkdiyim şəkillərindən ibarət albom-kitab buraxım.

Sonra qalxır, şkafdan Heydər Əliyevlə bağlı müxtəlif ölkələrdə müxtəlif zamanlarda nəşr olunmuş foto-kitabları göstərir.

Bu vaxt fotoqrafımız kitabla şəklimizi çəkəndə kameranın işığı ilə bağlı nəsə problem yaranır. Kadrı təkrar çəkəndə elə özü də soruşur.

– Bəs elə olubmu ki, hansısa kadrı çəkəndə aparat işləməsin?

– Olub. Bir dəfə gecə idi, çox vacib bir görüş idi. Şəkli çəkəndə kameranın işığı yanmadı. Bir də cəhd elədim, yanmadı. Baxıb soruşdu ki, çəkə bildin? Dedim, bəli. Dedi, bəs sənin işığın yanmadı axı...

– Onunla nə qədər ölkə gəzmisiniz?

– Dəqiq demək çətindir, amma hesab edirəm ki, rahat yüzə yaxın olar. Dünyanın ən böyük dövlətlərində, dövlət başçılarının saraylarında, kabinetlərində olmuşuq. ABŞ-dən tutmuş Çinə qədər... Mən indi də hansısa bir ölkəyə, yerə səfər edə bilərəm. Edirəm də. Amma ondakı səfərlər başqa idi, Prezidentlə, Heydər Əliyev kimi bir Prezidentlə başqa bir ölkəyə səfər etmək tamam fərqli hissdir, əlbəttə.

Bilirsiniz, Heydər Əliyev bütün rəsmi görüşlərdə söhbətin istiqamətini təyin edə bilirdi. Mən bunu çox rahatlıqla hiss edirdim, görürdüm ki, dialoqlara necə hakimdir. Şübhəsiz, onun nüfuzu, şöhrəti hamıya məlum idi.

– Məkkə ziyarətində də yanında olmusunuz.

– Bəli, bəli, mənim üçün bu qədər səfərlərin içərisində ən unudulmaz səfərlərdən biri. Biz Kəbənin içərisinə girmişdik, bilirsiniz ki, ora giriş ancaq sayılıb-seçilən adamlar üçün idi. Ümumiyyətlə, Heydər Əliyevin nüfuzuna, şəxsiyyətinə, xarakterinə olan hörmətin bütün səfərlərimizdə, bütün görüşlərdə şahidi olmuşam.

Həcc ziyarətimiz zamanı gecə ikən foto çəkiliş aparmalı oldum, o vaxtın şərtləri altında bu çox çətin idi. Kamerada müxtəlif rejimlər var, ayrı-ayrı rakurslar və sair. Xoşbəxtlikdən çəkdiyim şəkillər çox uğurlu alınmışdı...

– Bayaqdan danışırıq, mənə bir şey maraqlı gəlir. Siz peşəkar fotoqraf olmadan onun şəxsi fotoqrafı olmusunuz...

Sualımı tamamlamağa qoymur.

– O, mənim fotoqrafiya müəllimim olub. Heydər Əliyevin bilmədiyi, başı çıxmadığı, demək olar ki, heç bir sahə yox idi. Mən də onun kimi bir adamın şəxsi fotoqrafıyam, deməli, daim öyrənməliyəm, daim üzərimdə işləməliyəm.

– Yadınıza gəlir, sizdə olan sonuncu şəkli hansıdır?

– Hə, yadımdadır. Onu ABŞ-yə yola saldıq, təyyarəyə minən vaxt çəkdim. Mən, bəlkə, ilk dəfə idi ki, onunla başqa bir ölkəyə getmədim, burada qaldım. Vəfat xəbəri isə məni çox sarsıtmışdı...

Bu vaxt divarda Heydər Əliyevlə İlham Əliyevin üzbəüz dayandığı, Ulu Öndərin oğluna məsləhətlər verdiyi, İlham Əliyevin də diqqətlə ona qulaq asdığı şəkli görürəm. Rafiq müəllim sualı gözləmədən deyir.

– Mən çəkmişəm. Hava limanında. Əslində, arxa tərəfdə adamlar var, sadəcə, onu iri lövhələrə vuranda arxasına bayrağımızın şəklini əlavə edirlər...

Beləcə söhbətimizi yekunlaşdırıb Rafiq müəllimdən Heydər Əliyevlə bağlı onun üçün ən doğma hesab elədiyi şəkillərdən bir neçəsini istəyirəm. Redaksiyaya çatar-çatmaz elektron poçtuma məktub gəlir. Arxivindəki 700 000 şəkil içərisində, şübhəsiz, ən yaxşı, ən doğma bildiklərini seçmək, ayırd eləmək mümkünsüzdür. Amma, hər halda, bu şəkillər Rafiq Bağırovun on illik tarixə şahid elədiyi fotoyaddaşının az bir qismini də olsa, əks etdirir. Həm də böyük siyasi lider kimi gördüyümüz, tanıdığımız Heydər Əliyevin ən sadə, ən qeyri-rəsmi anları kimi...

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR