"LABİRİNT"in həyat fəlsəfəsi - Akademik və professor İmamverdi İsmayılovun yeni əsərindən yazdı
PRESS
Bugün, 13:05
Əlahəzrət söz insan təfəkkürünün, idrakının, intellektinin ən müxtəlif sahələrində min illərdir ki, möhtəşəm abidələr yaradır.
Etiraf etmək lazımdır ki, Sözün əbədiyaşarlığı dünən olduğu kimi, bu gün də daha çox bədii ədəbiyyat nümunələrində gerçəkləşir. Amma o bədii nümunələrdə ki, orada yazıçı istedadı var, bu istedadı qanadlandıran müşahidə qabiliyyəti var, həyat həqiqətini bədii həqiqətə çevirən üslub var, sözün bakirəliyinin qorunduğu mənbə kimi canlı xalq dilinə sonsuz bələdçilik var. Bütün bunlar milli klassikamızda özünü göstərmiş və klassiklərimizin istedadlı davamçılarında da özünü göstərməkdədir.
Və bu nümunələrin müasir yaradıcılarından biri, heç şübhəsiz, İmamverdi İsmayılovdur.
Onun son vaxtlar oxuculara təqdim etdiyi bədii əsərlərinin hər birini istər kütləvi oxucular, istərsə də ədəbi-elmi fikir sahibləri, peşəkarlar xüsusi maraqla qarşılamışlar. Yazıçının təkcə "BAYQUŞ və QARAVOLÇU" hekayəsini xatırlatmaq kifayətdir. Həyat həqiqətini bədii həqiqət faktına çevirən bu hekayə haqqında çoxsaylı məqalə, resenziya və qeydlərin hər birində əsərin müasir bədii prosesdə hadisə kimi qiymətləndirilməsinin şahidi olduq.
Bu yazının müəllifləri də İmamverdi İsmayılovun "Bayquş və qaravolçu" hekayəsini təhlilə cəlb etmiş və onun bədii keyfiyyətləri barədə öz sözlərini demişlər.
Bizim ayrı-ayrılıqdakı fikirlərimizdə yazıçının bədii yaradıcılığına münasibətimiz xeyli dərəcədə üst-üstə düşdüyündəndir ki, onun yenicə çap etdirdiyi "LABİRİNT" povesti ətrafındakı düşüncələrimizi bu dəfə eyni məqalədə ifadə etməyi lazım bildik.
İmamverdi İsmayılov istər publisistikasında, istərsə də nəsr əsərlərində aktuallığa diqqət yetirən yazıçıdır.
Onun son dərəcə dərin və miqyaslı müşahidələrdən doğan və bədii təhkiyəyə çevirdiyi aktuallıq günün, ayın, ilin deyil, birbaşa bu günə, sabaha və daha uzaq zamanlara ünvanlanan aktuallıqdır. Və onun həyata, zamana münasibətini ifadə edən əsərlərinin hamısında müasir bəşəri ideyalar (və ideallar!) dayanır.
İmamverdi İsmayılov çoxlarımız üçün doğma olan Azərbaycan (indiki) Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib və indi artıq çox uzaqda qalan tələbəlik illərində onun ilk yazılarından sabahın usta bir yazıçısının yetişəcəyinə hamı əmin idi.
Və tamamilə təbiidir ki, Jurnalistika fakültəsinin ümidlərini doğrultmuş İmamverdi İsmayılov mükəmməl bədii əsərləri ilə artıq çoxdandır ki, geniş oxucu məhəbbəti qazanmış və əminliklə demək olar ki, Azərbaycan ədəbiyyatının "canlı klassik"lərindən birinə çevrilmişdir.
İmamverdi İsmayılov yaradıcılığına oxucu sevgisi ilk növbədə onun real həyatdan aldığı mövzulara kifayət qədər sərt sosial-fəlsəfi münasibətindən doğur. Bu fəlsəfi yanaşma isə sənətkardan mütləq orijinal üslub tələb edir. İmamverdi İsmayılovun əsərləri mövzuları ilə, bu mövzulara mütəfəkkir baxışının bənzərsiz stilizasiyaları ilə zəngindir. Yazıçının indiyə qədər yaratdığı "YURD GÜRZƏSİ", "ASTANADA ÖLÜM", "GÖYƏRÇİN KÖÇÜR", "YUXUSUZ GECƏLƏRİN TRAMVAYLARI", "BAYQUŞ və QAROVULÇU" kimi ədəbi mətnlərin hər birinin mərkəzində "İNSAN" dayanır və bu İNSANa yazıçı o qədər yaxından bələddir ki, oxucu onların hər birində ya özünü, ya tanıdığı yan-yörəsini görür. Əgər bir az da dərinə varsaq, etiraf etməliyik ki, oxucu hər hansı bir bədii əsərdə özünü görmürsə, deməli, bu əsər onun deyil. İmamverdi İsmayılovun bütün əsərlərinin bir sahibi var: OXUCU!
Bugünkü oxucunun reallığa, sözün geniş mənasında sənədliliyə meyli çox güclüdür. Yazıçımızın birbaşa reallığa əsaslanması, ən qeyri-adi obraz, bədii detal və təfərrüatlarında belə reallıqdan çıxış eləməsi isə onun ilk növbədə jurnalistika peşəsinə yiyələnməsi və bu peşədən irəli gələrək insanlarla sıx təmas ehtiyacından yaranır.
İmamverdi İsmayılov yaradıcılığı birbaşa yaşadığımız həyatla və bu həyata fəlsəfi münasibətlə bağlıdır dedikdə biz bu bağlılığı, bir tərəfdən, yazıçının sənətkar müşahidələri və bu müşahidələrdən doğan çoxçeşidli mövzu dünyasının, digər tərəfdən, ustad klassiklərimizin ədəbi maneralarına sonsuz bələdçiliyinin, zəngin mənəvi irsdən sözün əsl mənasında yaradıcı istifadə istedadının (və qüdrətinin!) məhsulu kimi başa düşürük.
Bütün bu deyilənlər təcrübəli söz ustasının yenicə qələmə aldığı "LABİRİNT" (Bir ölüm haqqında povest) əsərində də özünü aydın şəkildə göstərməkdədir.
Yuxarıda qeyd etdiyimiz kimi, İmamverdi İsmayılovun bütün əsərlərində öndə dayanan insan bu povestində də öz yerindədir. Əsərin əsas mövzusu yeni "dünya düzəni"ndə, bir az da cəsarətlə desək, fəlakətə doğru gedən dünyada insanın məhkum olduğu hisslər, düşüncələr, təbəddülatlardır. Həmin fövqəladə psixoloji yaşantıların kifayət qədər mükəmməl təqdimatı isə yazıçıdan, ilk növbədə, yüksək təhkiyə, bədii dil sənətkarlığı tələb edir. Fikrimizcə, povestin həqiqi bir ədəbi şedevr olaraq ortaya çıxmasının birinci səbəbi müəllifin dilə sözün yaradıcı mənasında hökm etmək qabiliyyətindən irəli gəlir.

Bu yerdə Prezidentimiz İlham Əliyevin bir müsahibəsində milli dilimizlə bağlı fikirlərini xatırlamaq yerinə düşər. Prezidentin belə bir fikri aksioma kimi qəbul edilir: "Dil o amildir ki, milləti millət edir". Və Prezident İlham Əliyev dəyişən dünyada milli dili yad təsirlərdən qorumaqla bağlı ziyalılarımıza, şairlərimizə, yazıçılarımıza çağırış edir, dilimizi qorumaq və zənginləşdirməyi onlara məsləhət görür.
Prezidentimizin milli dilimizlə bağlı bu çağırışlarını İmamverdi İsmayılov bir ziyalı və bir yazıçı olaraq bütün yaradıcılığının leytmotivi kimi qəbul etməkdədir.
Əlbəttə, İmamverdi İsmayılovun bədii dili və bədii üslubu xüsusi araşdırma tələb edən ayrıca bir mövzu səviyyəsindədir. Yazıçı son dərəcə sevdiyi və müqəddəs saydığı xalq ifadələrini, nitq aktlarını bol-bol nəsrə gətirməklə qalmır, eyni zamanda çox ciddi sənətkarlıq eksperimentləri aparır. Onun xalq dili ilə bu qədər peşəkarlıqla işləməsi bəzən hətta heyrət doğurur. Yazıçının bütün obrazları dialoqlarda ana dilinin incəliyini və bədii əsərə gətirdiyi milliliyi ilə oxucuda xüsusi rəğbət doğururlar. Müəllif istər obrazlarının, istərsə də özünün təhkiyəsində dilimizin nə qədər zəngin olduğunu xalqdan aldığı söz və ifadələrlə bir klassik ədası ilə sübuta yetirir. Bütün dediklərimizi aydın şəkildə göstərmək üçün "Labirint"dəki xalq sözlərinin yalnız bir neçəsinə diqqət etmək yetər. Povestin baş qəhrəmanı xalqa həm də ona görə yaxındır ki, o, sözünü sadə insana, xalqı təmsil edən oxucuya ünvanlayır. Povestdə istər obrazların, istərsə də müəllifin dilində səslənən "şəkli qalmaq", "cınqı", "qısıq", "gicəllək", "sıtqı sıyrılmaq", "şad-şalayın", "ayama", "sozalmaq", "qılıqlanmaq", "urcah", "səənək it", "şellənmək", "köşöv" kimi xalq sözləri dediklərimizə misaldır. Elə bu söz və ifadələrdən görünür ki, ustad sənətkar dilimizin frazeoloji imkanlarından, şifahi xalq leksikonundan istifadə ilə həm də xalqın bu mənəvi sərvətinin tükənməzliyini göstərməyə çalışmışdır.
Belə ifadələr baş qəhrəmanın ovqatının təsvirində, onun hərəkətlərini müşayiət anlarında o qədər yerində səslənir ki, ideya- mövzunun təsir effekti baxımından özünəməxsus güclü bir rezonans yaradır.
Povestin aparıcı süjet-kompozisiyası psixi problemləri olan sıradan bir adamın, daha doğrusu, fiziki xəstəliyinə heç bir şübhə olmayan (diaqnozu belə qoyulmuş!) müasirimizin düşüncələri üzərində qurulub. Bu adam, əslində, köhnə dünyaya, ötüb-keçməkdə olan milli-mənəvi dəyərlərimizə öz təəssüfünü bildirmək, fəlakətə doğru gedən dünyanı xilas etmək üçün bəşəriyyətə müraciətləri ilə "xəstə" təsiri bağışlayır.
Baş qəhrəmanın həyat haqqında fəlsəfi düşüncələri insanı "olummu - ölümmü" dilemması qarşısında qoyur. O, öz xəstəliyini anlamaq, niyə gecə-gündüz fikirləşməkdən əziyyət çəkməsinin səbəbini öyrənmək üçün həkimə müraciət edir. Həkimə öz dərdini danışır: "Şikayətim çoxdur... Fikirləşmədən, eyni hərəkətləri təkrar etməkdən yoruluram, bərk üzülürəm, çox vaxt xoflanır, şəkli qalıram... Naümid və şəkli qalmaq adamı çox sarsıntılara düçar eləyir. Nə görürəmsə, qarşıma nə çıxırsa, qeyri- ixtiyari təkrar saymağa başlayıram. Günahkar axtarıram, dəxli varmı, ya yox. Bir şey eləsəm, ya eləməsəm, noolar? Heç nədən beynim qarışır, özümü inandıra bilmirəm, sakitləşmirəm. Andır yaddaş, huşsuzluq da bir yannan. Çox şeyi unuduram, təkrar düşünüb yadıma salmağa çalışıram, neynəməliyəm, hara getməliyəm? Rahatlığım, dincliyim yox, bir cınqı şirin yuxuya həsrət qalmışam. Canım boğazıma yığılıb. Ahıl yaşımda bu bəla hardan gəlib hıxladı məni..."
Həkim də bu xəstəliyə belə bir ad verir: "Obsessiv". Və xəstə gənc həkimin diaqnozuna məhəl qoymur, yazdığı resepti cırıb atır. Çünki onun xəstəliyi o qədər fərdi bir çatışmazlıq deyil ki, müalicə olunsun; ilk növbədə, müasir insanı xarakterizə edən bir keyfiyyətdir.
Onun xəstəliyi müasir insanın düşdüyü və çıxa bilmədiyi labirintdir.
Məsələyə yalnız ədəbi-estetik baxımdan yanaşsaq, psixi pozğunluğa, yaxud rahatsızlığa düçar olmuş qəhrəmanı barədə müəllifin bu qədər təfərrüata varıb, onun xəstəliyinin adını belə dəqiqləşdirməsi qəribə görünə bilər. Ancaq bu da İmamverdi İsmayılovun yazıçı-sənətkar (və publisist - cəmiyyətşünas) stixiyasının tələbidir ki, hadisələrin mahiyyətinə onların bütün təzahürlərində varmağa çalışır. Məlumdur ki, obsessiv- kompulsiv pozuntu (xalq arasında deyildiyi kimi, vəsvəsə) insanın iradəsindən kənar olan narahatedici düşüncələr (obsessiya), bu stresdən qaçmaq məqsədilə mexaniki təkrarlama (kompulsiya) ilə səciyyələnən psixi pozuntudur. Və bu xəstəliyə tutulan adamda nəyinsə çirkliliyi, nizamsızlıq qorxusu, hər şeyi yoxlama ehtiyacı simptom olaraq meydana çıxıb onda gündəlik həyat "aritmiya"sı meydana gətirir.
Yazıçı təbabətə məlum olan bu xəstəliyin sosial-ictimai təzahürlərini sadəcə təsvir etməklə kifayətlənmir, qəhrəmanının ən müxtəlif şəraitlərdə haldan-hala düşməsini son dərəcə zərif cizgilərlə təqdim edərkən insanın həm təbiətən, həm də ruhən nə qədər mürəkkəb məxluq olduğunu göstərir. Ola bilsin ki, həkimlər (məsələn, elə "Labirint"in özündə bir neçə ştrixlə tipik obrazı yaradılmış həkim) xəstəlik barəsində çox şey bilirlər, ancaq İmamverdi İsmayılovun şəxsində əsl yazıçı həmin xəstəliyin elə sosial- psixoloji çalar və ya nüanslarını ortaya çıxarır ki, bu, həkimin yox, məhz yazıçının missiyasına aiddir.
Düçar olduğu xəstəliyin müalicəsindən imtina eləmək, boş- boşuna məhəllələri dolaşıb hər gördüyü barədə mənasız mühakimələr yürütmək, insanların "xaotik" hərəkətlərindən fəsillərin birdən gəlməməsinə qədər çox müxtəlif mövzularda "filosofluq" etmək, gül satan uşağın adi iş rejimini pozmaq, başdan-ayağa çirkaba bulaşmış bəşər övladının axırını, aqibətini düşünmək... Bütün bu səciyyəvi detalları yazıçı ona görə yorulmadan, usanmadan, yerli-yerində sıralayır ki, günümüzün insanının daxili dünyasını, hiss və düşüncələrini, əgər belə demək olarsa, hərəkət istiqamət və ya meyillərini müəyyənləşdirsin. Və dəqiqləşdirsin ki, dövrlər, zamanlar dəyişdikcə insan öz dünyasından, mənəviyyatından nələri itirir, nələri qazanır. Təbabət üçün xəstəliklərin öyrənilməsi çox konkret bir mətləbə xidmət edir: onların məhdudlaşdırılması, yaxud tamamilə aradan qaldırılması. Və belə bir iddia ona görə əsaslıdır ki, təbabətin sərəncamında çeşidləri get-gedə sürətlə artan müalicə üsulları, dərmanlar var... Ədəbiyyat isə sosial- psixoloji, əxlaqi-mənəvi pozuntulara qarşı bu cür konkret "reseptlər" verməyə qadir olmadığına görə öz "müalicə" işini "Labirint" də olduğu kimi həyati (və həqiqi) obrazlar yaratmaqla, cəmiyyətin (və insanın) düşdüyü bəlaları vaxtında, güzəştsiz, bununla yanaşı, səmimiyyətlə göstərərək aparır. Və "Labirint" müəllifi kimi geniş dünya görüşünə, müşahidə qabiliyyətinə (və ifadə təcrübəsinə) malik yazıçılar öz ədəbi- bədii "kəşf"ləri ilə psixoloji təbabətə də fayda verməyə qadirdirlər.
Onun - bu ağıllı, düşüncəli "xəstənin" özündən daha çox, narahatlığa doğru dəyişən və bu narahatlığa etinasız yeni insanı düşünə-düşünə ölümə hazırlaşması zəiflik əlaməti deyil. Ölümlə döyüşən adam bu narahat dünyanın çıxmaza aparan yollarını hər kəsə daha aydın başa salaraq, insanlara məhz insani keyfiyyətlərin yox olmağa başladığı dünyayla ehtiyatlı olmağı məsləhət görür və axirət evinə ? son mənzilə bir müdrik kimi getmək ideyasını təlqin edir. Bir az da dəqiq desək, bu adamı axirəti düşünməyib dünya malına hərisliklə yaşayan insanlar özündən çıxarır. Və bu hərisliyin başında duran bəzi məqamları fəlsəfi düşüncələri ilə hər kəsə çatdırmaq istəyir: "Pul bəladı, şeytan xislətlidi, insan qoynunda köç salar və tez də kiflənib qurdlanır, əl də tutar, pəl də vurar... Adına ayama qoşub, əl çirkidir deyirlər, amma adamların içi və niyyəti onnan da pis. Acgöz məxluq elə hey qamarlayır, nə doyur, nə doymalanır. Qazanc həvəsləndirir, əl gətirdikcə vərdişkar olursan, göz doymur, hər şey hədəqədən çıxır və kələfin ucu itir. Tükənmək bilməyən həvəs və ehtiras son anda puç olur, öləziyir və adiləşib daşa dönür..."
İnsan niyə belə dəyişib və necə dəyişib? Bu sualın cavabı "xəstə" adamın düşüncələrində belə səslənir: "Vaxt vardı, hamı hər şeydən uzaq idi, indi hamı hər şeyin ortasında. Nə iman qalıb, nə inam. Nə qədər külək əssə də, damardakı kələk-küləyi dağıdıb qova bilmir. İnsanlıq, güzəşt, sevgi, dəyər, səmimiyyət, etibar, sədaqət ilğım kimi tələsik çəkilir. Toyu, yası səni əzən məngənə, nə xoşbəxt, nə bədbəxt. Toy var haylanıb gedirsən, toy var yaslanıb gəlirsən..."
Bu adamın elə fikirləri var ki, birbaşa müasir günlərimizin müzakirədə olan problemidir: "Yas mərasimi bir başqa, ölən qalır bir qıraqda, baxışlar və münasibətlər bambaşqa. Yas var gedən yox, yas var yer yox. Ölü də yiyəsiylə hörmətə minər..."
Əlbəttə, dəyişən zamanı, dəyişən insanı mütləq nəzərə almalıyıq... Çox şey bu psixikası zədələnmiş adamın bəşəriyyətə müraciətlərində öz əksini tapıb: "Eşidirsinizmi, ey donmuş, viran olmuş dünyanın sakinləri, anlayırsınızmı məni?" Müəllif obrazın dili ilə "yeni dünya"nın xarakterindən narahatlığını ifadə edir. Bu "xəstə" adam ötən illərin xiffətini çəkir: "Çərşənbələrdə tonqal qalayıb belədən-belə, rahatca hoppanar, "ağırlığım, uğurluğum burda qaalsıınnn!" deyib şellənər, yüngülləşər, qol götürüb dövrə vurardılar... İndi hər evin tüstüsü öz bacasından çıxır, əgər o da varsa... Heç kim bir yerdə nəfəs dərib yollaşa bilmir və öz tonqalındaca alışıb yanır. Söndürmək əvəzinə, hərə bir yandan - əli çatan da çatmayan da - üfürüb körükləyir və sanki cəhənnəm qazanına köz atıb, cızdağını çıxarıb və elə bil ki, bununla təskinlik tapır". Povestin bu sətirlərini oxuyuruq və elə bu anlarda dünya telekranlarında müharibə ilə bağlı ağır, ölüm xəbərlərinin etinasız təqdimatlarını görürük, eşidirik. Dünya dağılır, bəşəriyyət susqunluq içindədir... Müharibəni qızışdıranlar müharibədən əziyyət çəkənlərdən dəfələrlə çoxdur...
Povestin müəllifi pisliyə, rəzilliyə etinasızlıq göstərən bəşəriyyətə - məhz bəşəriyyətə üzünü tutub onu mərhəmətə çağırır. Müəllifin bu tipli sosial-estetik idealları ona görə psixi pozğunluqdan əziyyət çəkən insanın əsər boyu düşüncələrindəki fikirlərdə ifadə olunur ki, əslində, bu dünyada sözün həqiqi mənasında ağlı başında olan bir nəfər də qalmayıb, hamıda nə isə ucu-bucağı görünməyən, artıq adət, vərdiş halına çevrildiyindən hətta rahatsızlıq belə yaratmayan psixi çatışmazlıq var. "Labirint"də yazıçını düşündürən yalnız onun baş qəhrəmanının laübalı halı, qeyri-adi hərəkətləri, ətrafına verdiyi anlaşılmaz (nə qədər paradoksal səslənsə də, əslində, anlaşılan!) reaksiyalar deyil, məsələ daha ümumi, daha ciddidir: əgər cəmiyyəti, əhatəsində olduğu, üzvi tərkib hissəsinə çevrildiyi mühiti psixi baxımdan normal olmayan bir məxluq ittiham edirsə, görün onda həmin əhatənin, həmin mühitin özü nə gündə, hansı ruhi-mənəvi səviyyədədir...
Biz bu cür mühakimələrdə dahi yazıçıların (məsələn, F.M.Dostoyevskinin) təsirindən çox, İmamverdi İsmayılovun həyat həqiqətinə sədaqətlə yanaşı, onun fövqünə yüksəlmək, böyük ədəbiyyatın üslubuna, maneralarına qoşulmaq məharətini görürük.
Bəs bu adam niyə "tənhadır" və bu tənhalıq nəyə xidmət edir? Bu "tənhalıq", əslində yazıçının yeni dünyaya fəlsəfi baxışını ifadə edir: insan yaşlaşdıqca tənhalaşır və bu tənhalıq həm də "xəstə" adamın yeni dünyaya narahat baxışının ifadəsi kimi görünən ayıq insanların ümumiləşdirilmiş obrazı olaraq maraq doğurur.
Onun fikrincə, "arlını dərd çürüdür, arsız dərdi çürüdür!.. Amansız bir yazı; heç kim və heç nə çıxa bilmir bu labirintdən! Bu boyda nəhəng dünya olum və ölüm, sülh və savaş girdabında çabalayır, qan-qada içində boğulur. Əzəli tək öz oxu ətrafında fırlana bilmir. O ki qala zavallı sakinləri...." Bu fikirlər, bu həqiqət povestin insana, bəşər övladına xəbərdarlığıdır. Və bütün bunların zaman kontekstində məhv olduğunu görən "xəstə" adam xilas yolunu həkimdə, dərmanda deyil, intiharda tapır.
Povestdə "xəstə" adamın düşüncələrinə istinadən müəllifin öz sualları da ciddi maraq doğurur: "Vaxtilə qan batıran, nəsil düşmənçiliyini kəsən, köklü-köməcli, sözü ötkəm, əməli saleh, dizi təpərli kişilər necə qeybə çəkildi, necə?" Əslində, bu suallar milli-mənəvi dəyərlərin - milləti millət edən etik qaydaların yoxalmaqda olduğu acı bir zamanın reallığının ifadəsidir. "Labirint"in bu suallarla bəşər övladını çevrilib geri baxmağa, sabaha aparan təhlükəni görməyə çağırışıdır. Hər şeyin dəyəri azaldıqca insanın dəyərdən düşməyini anlamağa həyəcan təbilidir.
Baş qəhrəmanın "çöldə daşı, ağacları sayması xəstəlik deyil, əsl xəstəlik başqasının cibindəki pulu saymaqdır" kimi fikirləri insanı insan olmağa, əsl "xəstəlik"dən sağalmağa çağırış səsləridir. O "xəstəlik"dən ki, sağalmasına ən savadlı, bilikli həkimin yazdığı resept də kömək edə bilməz.
Müəllifin əsas ideyalarından biri insanı vaxtı çatan ölümü də abırlı, urvatlı qarşılamağa çağırmasıdır.
Bütün bunların fonunda isə "ALLAH BÖYÜKDÜR!" fəlsəfəsi dayanır.
Və povestdəki dualar da əsərin mətninə harmoniya, simmetriya gətirir, ilahi nəqarat kimi səslənir.
Və nəhayət, bu adam dünyadan doymuş, həyat eşqi tükənmiş bir vəziyyətdə evinə gəlir. Amma uşaqlarını çoxdan yerbəyer edib ayrıldığı, tənha qaldığı evinə yaşamaq üçün deyil, ölmək üçün gəlir; tənhalığın da öz dərdi var: "Xəstə" adamın dilindən eşidirik: "İndi bu mənzil heç sənə qəbiristanlıq qədərincə də gərək deyil. Divar üstünə gəlir. Yalquzaq kimi təklik qorxusu da bir yandan vahimələndirir onu..."
Yeni dünyanın yaratdığı təzadlar fonunda adamın öz evinə ölmək üçün gəlməsi reallığın sərt üzüdür: "15 mərtəbəli, yel çəkib uğuldayan vahiməli bina... Eyvanın qapısını itələyib eşiyə çıxdı... Burda, bu hündürlükdə o, özünü yükünü təpəyə yığmış bir zavallı kimi hiss edib duruxdu..."
Əlbəttə, oxucu elə bu anda ölümlə üz- üzə qalan bu zavallının taleyini düşünür. Amma bu taleyi müəllif çoxdan həll edib: "Dərin fikrə getdi: "Görəsən, burdan oracan, onun göz yaşları səpilən və üzünə kəfən çəkilmiş o nəm torpağacan neçə metr olar..?"
Yazıçının böyük məharətlə yaratdığı bu obraz, həyatının bütün məqamlarında olduğu kimi, bu anda da qətidir və dönməzdir. Əgər "...sual və cavab da, intizarla baxan küçə və səki də - ağzına su alıb, soyuq məzar kimi, boş tabut kimi müəmmalı susur"dusa, deməli, ölüm... (!!!)
Povesin sonunda müəllif bu evə yaxın olan məscidi bir də təsadüfən xatırlatmır: "Amma azan səsi kəsilmir, dar macalda gözü çəkili, qulağı səsdə olan gecənin bağrını yarırdı... Və bir Allah bəndəsinin ruhuna rəhmət oxunurdu..."
Povestin son cümlələridir. Amma burdakı sonluq, özündən sonra oxucu üçün sonsuz təxəyyülə, bu dünyanın, insan ömrünün mənasını ölçüb-biçməyə çağıran yeni mülahizələrin başlanğıcıdır...
İmamverdi İsmayılov bu əsərində də sübut etdi ki, o, BÖYÜK ƏDƏBİYYATIN (İlahi Sözün!) açdığı yolla inamla, həyat həqiqətinə sədaqət, insan taleyi qarşısında məsuliyyətlə və yüksək peşəkarlıqla gedir. Və bir tərəfdən, mənsub olduğu Azərbaycan ədəbiyyatının ənənələrini davam etdirirsə, digər tərəfdən, dünya ədəbi-ictimai, fəlsəfi fikrinin axtarışlarına qoşularaq, ANA dilində ümumbəşəri miqyaslı dəyərlər yaradır!..
Nizami CƏFƏROV, Akademik
Cahangir MƏMMƏDLİ, Professor
525.az
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
"Rusiya dövlət kanalının hərəkəti qəbuledilməzdir" - RƏSMİ BAKIDAN SƏRT BƏYANAT
Bugün, 13:54 SİYASƏT
-
Böyük Britaniyada təhlükəli virus – İki nəfərdıə aşkarlandı
Bugün, 13:54 DÜNYA
-
CHP iki ilə iqtidara gəlir? - Özgür Özelin mesajı böyük maraq yaratdı
Bugün, 13:20 SİYASƏT
-
"Bizə açıq-aşkar bildirdilər ki, sizin şikayətinizə baxmağa vaxtımız yoxdur" - Mətbuat katibi AFFA-ya qarşı elə iddia irəli sürdü ki...
Bugün, 13:13 İDMAN
-
"LABİRİNT"in həyat fəlsəfəsi - Akademik və professor İmamverdi İsmayılovun yeni əsərindən yazdı
Bugün, 13:05 PRESS
-
Mikayıl İsmayılovun oğlu ilə məhkəmə çəkişməsində olan Fidan saxlanıldı - Qarşı tərəf onu nədə ittiham edir?
Bugün, 13:01 KRİMİNAL
-
Rauf Namazov Aparat rəhbəri təyin olunub
Bugün, 12:59 İQTİSADİYYAT
-
Dağlıq ərazilərdə qar yağacaq - Sabahın hava proqnozu
Bugün, 12:42 GÜNDƏM
-
Xüsusi icra məmuru olmaq istəyənlər... - Bu tarixdə test imtahanı olacaq
Bugün, 12:30 GÜNDƏM
-
Gürcüstandan Azərbaycana gətirilən heyvanlarda xəstəlik aşkarlandı
Bugün, 12:22 İQTİSADİYYAT
-
Prezident Roma Papasına məktub göndərdi: "Əminəm ki, ikitərəfli əlaqələrimiz..."
Bugün, 12:16 GÜNDƏM
-
ABŞ Kubaya sahiblənə biləcəkmi? - TƏHLİL
Bugün, 12:10 SİYASƏT
-
İnsanlar niyə hələ də ulduzlara inanır? - Psixoloq Vüsalə Rüstəmdən şərh
Bugün, 12:01 MƏDƏNİYYƏT
-
Ağsu aşırımı sürüşür: hərəkət dayandı FOTO
Bugün, 11:58 GÜNDƏM
-
Xətaidə ekoloji qalmaqal: “Ağacları kəsib bina tikirlər” — VİDEO
Bugün, 11:46 GÜNDƏM
-
Ali Məhkəmə daha bir iş üzrə vahid qərar qəbul etdi
Bugün, 11:44 KRİMİNAL
-
Gədəbəyə dolu düşüb
Bugün, 11:37 CƏMİYYƏT
-
Aleksdən Əziz Yıldırıma jest: “Geri gəl, Boss”
Bugün, 11:23 İDMAN
-
"Naxçıvan – memar Əcəmi irsi" gümüş sikkəsi təqdim olunub
Bugün, 11:18 İQTİSADİYYAT
-
AAYDA gündəmdən düşmür: 500 minlik toy, böyük sərvətlər və traybalizm...
Bugün, 11:00 CƏMİYYƏT
-
Mətanət İsgəndərlinin bacısının evindən pul oğurlanıb
Bugün, 10:48 KRİMİNAL
-
Xanlar Vəliyevin qızı vəzifəyə təyin edilib
Bugün, 10:45 CƏMİYYƏT
-
İran ABŞ hərbi gəmilərinə hücum edir, ABŞ sərt cavab verir – “Bu, yüngül bir şillədir”
Bugün, 10:21 GÜNDƏM
-
İsrail səfiri Bakıda Şəhidlər xiyabanında - Açıqlama + FOTO
Bugün, 10:06 SİYASƏT
-
Avropa Liqası: ilk oyunda uduzan "Frayburq" və "Aston Villa" cavab oyununda rəqiblərini cəzalandırdı
Bugün, 09:59 İDMAN
-
Konfrans Liqası: finalçılar müəyyənləşdi
Bugün, 09:51 İDMAN
-
İstanbul bələdiyyəsində yeni həbslər başlayıb – 29 nəfər saxlanıldı
Bugün, 09:43 SİYASƏT
-
İsrail və CHP-nin hədəfindəki Ərdoğan: Türkiyə hərbi sənayesi onun şah əsəridir - Erbakanın arzularını həyata keçirən lider
Bugün, 09:36 SİYASƏT
-
Azərbaycan nefti 105 dollara satılır
Bugün, 09:34 İQTİSADİYYAT
-
Livan prezidenti Netanyahu ilə görüşməkdən yenə imtina edib - Səbəb
Bugün, 09:10 DÜNYA
-
Akif İslamzadə xəstəxanaya yerləşdirildi - Oğlundan açıqlama
Bugün, 09:06 MƏDƏNİYYƏT
-
İlqar Məmmədov: "Fakt olaraq, 11 min 123 şəkili Feyziyevə öz əməli ilə dedi: “Qələt eləyirlər, o milyonları sənə halal edirik" - FOTO
Bugün, 08:56 SİYASƏT
-
Ağdam və Xocavənd şəhərlərinə növbəti köç olub
Bugün, 08:54 GÜNDƏM
-
ABŞ və BƏƏ İrana hücum edib, rəsmi Tehran gözləmə mövqeyindədir – Müharibə yenidən başlaya bilər?
Bugün, 00:17 GÜNDƏM