Təhsildə Yeni Modelin tətbiqindən əvvəl həll edilməli məsələlər, təkliflər... - Vahid Tağıyev yazır
21-11-2025 [10:34]
Vahid Tağıyev,
Təcrübəli, peşəkar təhsil işçisi.
***
2027-ci ildən müəllimlərin gündəlik 8 saatlıq iş rejiminə keçməsi nəzərdə tutulur. Bu model ideya baxımından cəlbedici və zəruridir. Dünyanın ən inkişaf etmiş ölkələrində də müəllimlərin iş saatına əsaslanan əməkhaqqı sistemi uğurla tətbiq olunur. Lakin bu model yalnız əməkhaqqının dəyişdirilməsi deyil, ümumi təhsil sisteminin məzmununda, təşkilində, idarəetməsində və pedaqoji mühitində əsaslı dönüş tələb edir. Təhsil sistemli bir proses olduğundan, yeniliklərə düşünülmüş, müzakirəli və elmi yanaşma mütləqdir.
Təhsildə izun illər ərzində toplanmış problemlər, pozulmuş ənənələr, məktəbin öz funksiyasından uzaqlaşması yeni modelin tətbiqini çətinləşdirən əsas amillərdəndir. Cəmiyyətdə bəzən aqressiv görünən müzakirələrin səbəbi də budur: insanlar çox vaxt ümumi mənafeyi deyil, şəxsi maraqları baxımından mövqe bildirirlər. Halbuki burada söhbət millətin gələcəyindən gedir və yanaşma birmənalı şəkildə məsuliyyətli olmalıdır.
Nəzərə almalıyıq ki, yeniliyə müqavimət təbii prosesdir.
Yeniliklərə qarşı müqavimətin: uzun illərin vərdişləri, şəxsi maraqlar, yeni sistemin effektiv olacağına inamsızlıq, mövcud şəraitin uyğun olmaması kimi səbəbləri var.
Lakin bütün bu çətinliklərə baxmayaraq, məqsəd doğru olduqda gedişatda yaranan maneələri aradan qaldırmaq mümkündür.
Məsələyə pozitiv tərəfdən yanaşmağa çalışaraq düşünürəm ki, diaqnostik qiymətləndirmə, sertifikatlaşdırma, işə qəbulun yeni qaydaları və s. məsələlərdən sonra müəllimlərin öz ixtisasları üzrə akademik biliyi kifayət qədər yüksəlmişdir.
Ancaq müəllimin mükəmməl ixtisas biliyi ilə yanaşı, lazımi pedaqoji bacarıqlara malik olması, o cümlədən müxtəlif yaş və anlama səviyyəsində olan şagirdləri öyrətmək üçün tədris prosesini düzgün idarə etməsi,
təlimin öyrədici, inkişafetdirici və tərbiyəedici məqsədlərinə nail olması əsas şərtlərdəndir. Təcrübə göstərir ki, tədris prosesində arzu edilən uğurlar yalnız o zaman əldə edilə bilir ki, təhsil işçiləri kifayət qədər yüksək olan akademik biliklərini bacarıqla nəticəyönümlü fəaliyyətə çevirə bilsin.
Əgər yeni modelin tətbiqi ilə müəllimlərin davamlı peşəkar inkişafını təmin etmək, metodiki, pedaqoji bacarığı, səriştəliliyi, gündəlik hazırlığı artırmaq, təcrübə mübadilələri üçün şərait yaratmaq, intizamı yüksəltmək və nəticə etibarilə təhsildə əsaslı keyfiyyətə nail olmaq kimi hədəflər nəzərdə tutulursa, ideya kimi diqqətə layiqdir və çoxdan gözlənilən arzudur. Təhsildə bu sahədə illərlə yığılıb qalan problemlərin etirafını, onların aradan qalxmasına çalışılmasını hamı dəstəkləməlidir.
Qarşıya qoyulan məsələ millətin, dövlətin gələcəyini müəyyən edən təhsil sahəsinə aiddirsə, yanaşma birmənalı olmalıdır.
Uzun illər təhsilin idarə edilməsi sahəsinə fəaliyyətimə, pedaqoji təcrübəmə əsaslanaraq yeni modelin uğurlu olması üçün, geniş miqyasda tətbiqinə başlanmazdan öncə lazımi mühitin, şəraitin yaradılması və müəyyən tədbirlərin həyata keçirilməsini zəruri hesab edərək aşağıdakı təklifləri bildirirəm:
TƏKLİFLƏR:
1. Müəllimlərə əməkhaqqının iş saatına görə verilməsi təhsil həyatında, təlim- tərbiyə prosesində ciddi dəyişikliklər tələb edən bir məsələdir. Son zamanlarda sağlam olmayan, müxtəlif şəxsi maraqlara hesablanan müzakirələri aradan qaldırmaq üçün məsələyə nazirlik səviyyəsində tam, geniş aydınlıq gətirilməlidir: ilk növbədə qərarın məqsədi, tətbiq mexanizmi, hədəflər, gözlənilən çətinliklər və onların həlli, müəllimin 8 saatda hansı işləri görəcəyi və s. ictimaiyyətə tam və şəffaf şəkildə izah olunmalıdır. Bu olmadan müzakirələr emosional və subyektiv xarakter daşıyacaq, haradasa müəllim nüfuzuna da zərər yetirəcəkdir.
2. Düşünürəm ki, son illərdə Azərbaycanda təhsilin başlıca problemi ilk növbədə cəmiyyətdə ümumi təhsilin məqsədinin nədən ibarət olması haqqında yanlış düşüncənin formalaşmasıdır. Bu geniş mövzudur, qısaca ifadə etsək isə səbəbi - strategiyasız, sistemsiz fəaliyyətin nəticəsidir.
Bu gün ümumi təhsil sistemi — dövlət məktəbləri, özəl məktəblər, kurslar, repetitorlar, habelə valideynlər — təhsilin məqsədini yalnız ali məktəbə qəbul kimi görürlər. İllərlə rəsmi qurumlar da məktəbləri məhz bu göstəriciyə görə qiymətləndirməklə bu məsələni daha da rəsmiləşdirmişlər. Bu yanaşma məktəbi öz əsas missiyasından uzaqlaşdırıb.
Halbuki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda təhsilin əsas məqsədi (Maddə 4), yaxud “Ümumi təhsil haqqında” Qanunda ümumi təhsilin mahiyyəti və məqsədi qeyd olunarkən (Maddə 7) ali məktəbə şagird hazırlamaq adlı bir tələb yoxdur.
Təhsil sisteminin dəyərlərə malik vətəndaş, zəngin mənəviyyatlı insan, bütün hallarda rəqabətqabiliyyətli bacarıqlara malik kadr yetişdirmək, təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq kimi missiyası unudulmaqdadır.
İstedadlı şagirdlərin və bacarıqlı müəllimlərin böyük hissəsi ali məktəbə qəbul olmaq üçün dövlət məktəbindən kənar təhsillə məşğul olur. Bunlar isə həm də təhsildə və cəmiyyətdə mövcud olan bir çox problemlərin əsasını təşkil edir. Təhsilalanların məktəb həyatından kənar tərbiyəsində qeyri- müəyyənlik, onların keçirdiyi psixoloji gərginlik, övladlarının ali təhsi alması üçün valideynlərin maddi və mənəvi əziyyətləri ciddi narahatlıq doğurur.
Nazirlik, media, təhsil ictimaiyyəti, məktəblər birlikdə, sistemli şəkildə çalışmalıdır ki, təhsilin strateji məqsədi cəmiyyətə açıq və aydın çatdırılsın. Məktəbin əsas hədəfi yalnız “test əzbərlətmək və qəbul nəticəsi” kimi anlaşılmasın. Bu düşüncə dəyişməsə, yeni model “yarımçıq doğulan ideya” olaraq qalar.
Təhsilalanın şəxsiyyət kimi formalaşması prioritetə çevrilməlidir.
3. Məlumdur ki, təhsil- tərbiyə məsələsi elə zərif, həssas bir sahədir ki, bu sahədə işin təşkilinin hədəfdən yayınması, pozulması nə qədər çox müddətdə davam edirsə, onun bərpası və inkişaf etdirilməsi də daha çətin olmaqla çoxşaxəli fəaliyyət, vaxt, əlavə resurslar və s. tələb edir. Təəssüf ki, təhsilimizdə məhz belə vəziyyət yaranmışdır.
Yeni modelin tətbiqinin tələbləri istiqamətində şərait və resurslar üzrə geniş monitorinq aparılmalıdır. 8 saatlıq iş rejimində müəllimlərin iş otaqları, gündəlik minimum şəxsi tələbat qayğıları üçün şərait, texniki imkanlar, kompüter, internet, kitabxana və s. Habelə şagird kontingenti, məktəbin kadr potensialı hər bir məktəb üzrə ayrıca öyrənilərək, yeni qaydaların tətbiqi istiqamətində təhlil edilməlidir.
4. Yeni modelin tətbiqinə pilot layihə formasında mərhələli başlanması məqsədəuyğundur. Uğursuzluq, ləngimələr və gözlənilməz çətinliklərlə qarşılaşmamaq üçün üç səviyyədə, hər biri 10 məktəbi əhatə etməklə 30 məktəb (say şərtidir) seçilə bilər:
1. yüksək potensial və şəraiti olanlar,
2. orta səviyyəli məktəblər,
3. ən çox çətinlik yaradan məktəblər.
Məktəblər şəhər və rayonları əhatə etməlidir. Pilot formatında başlamaqla dolğun təcrübə yaranar, həm də vaxt qazanılar ki, respublika üzrə digər məktəblərdə müəyyən hazırlıq işi getsin, problemlər imkan daxilində aradan qaldırılsın. Pilot nəticələri ümumiləşdirildikdən sonra respublika üzrə tətbiqə başlanıla bilər.
5. Məktəblərin nüfuzunu qaldırmaq, istedadlı repetitor müəllimləri və yuxarı sinif şagirdlərini məktəbə cəlb etmək üçün orta məktəbin yuxarı siniflərində fənn proqramı ilə ali məktəbə qəbul proqramı tam uyğunlaşdırılmalıdır. Repititorluğu meydana gətirən səbəb müəllimlərin yaxşı dərs keçməməsi deyil, məzmunun qarışıq, sistemsiz olmasıdır.
Bu qaydaya düşdüyü halda məktəbdən kənarda təhsilə də ehtiyac qalmaz.
Hazırkı uyğunsuzluq təhsilin ən ciddi problemlərindən biridir.
6. Ümumi təhsil məktəblərində 8 saat işləyəcək müəllimin əməkhaqqı ən azı üç dəfə artırılmalıdır. Əlbəttə, müəllimlərin sertifikasiya göstəriciləri nəzərə alınmalıdır. Eyni zamanda yüksək maaş alan müəllimin təlim nəticələri üçün məsuliyyəti və hesabat mexanizmi yaradılmalıdır.
7. Yeni modelin tətbiqində lazımi elmi və pedaqoji köməklik göstərmək üçün peşəkar qrupdan ibarət mərkəz yaratmaq lazımdır (mərkəzə müxtəlif ad vermək olar: beyin mərkəzi, ekspert qrupu və s.). Mərkəz prosesi izləməli, məktəbləri təlimatlandırmalı, çətinlikləri operativ həll etməyə kömək etməli, pedaqoji istiqamət verməlidir. Mərkəz hər rayondan və ya hər məktəbdən müəyyən edilən bacarıqlı bir əlaqələndirici ilə işləməlidir.
8. Pedaqoji təhsil verən ali məktəblərdə təhsil alan tələbələrin təcrübə sistemi dəyişməlidir. Hazırkı bir neçə saatlıq formal pedaqoji təcrübə müəllim hazırlığına uyğun deyil. Ali təhsil dövrünün son iki kursu ərzində tələbələr müntəzəm məktəb təcrübəsi keçməli, dərsi müasir tələblərə uyğun təşkil etməyi, sinfin idarə edilməsini öyrənməli, özünə inamlı müəllim kimi yetişməlidir. Məktəbə təcrübə qazanmış, yenilikçi müəllim ruhu ilə gəlməlidir.
NƏTİCƏ:
Məktəbdə gündəlik 8 saatlıq iş rejiminə keçidin təşkili, səmərəliliyin artırılması üçün pedaqoji təcrübəli mütəxəssislərlə müzakirələr müntəzəm olaraq davam etməlidir.
Yeni model yalnız əmrlə tətbiq oluna bilməz. Bu, pedaqoji mədəniyyətin, məktəb mühitinin, düşüncə tərzinin dəyişməsini tələb edən çoxşaxəli prosesdir.
Bütün hallarda müəllim özünü sıxışdırılmış deyil, dəyərli hiss etməlidir. Ona qarşı qaydalara uyğun tələbkarlıqla bərabər hörmətlə yanaşmaq, imkan daxilində istirahəti və sağlamlığı barədə də qayğı göstərmək lazımdır.
Yeni model düzgün hazırlanıb, düşünülmüş formada, mərhələli tətbiq olunsa, yaxın illərdə təhsilin keyfiyyətində ciddi irəliləyiş əldə etmək mümkündür.
MİA.AZ
Şagirdlərin elektron yerdəyişməsi yekunlaşır
Prezident İlham Əliyev Tərtərə səfər edib - Açılış olub (Yenilənir)
İngiltərə kuboku: "Hull City" "Çelsi"yə rəqib oldu
Biznesmenin oğlu saxlanıldı - Şok ittihamla
Azərbaycan nefti cüzi bahalaşdı
Rektor özünə müşavir təyin etdi
Rusiya Təhlükəsizlik Şurası: "Tramp tələsməsə, Qrenlandiya referendumla Rusiyaya qatıla bilər"
Prokurorluq orqanlarında yeni qəbul edilən işçilər and içiblər
Biləsuvarda zəlzələ olub
Vaqif Allahverdiyevə ittiham elan olunub
“Xalq Sığorta”, AtaSığorta... - Bu sığorta şirkətlərindən şikayətlər pik həddə çatıb + CƏDVƏL
Ev kirayə verənlərin nəzərinə: cərimə 5 dəfə artırılıb
Bakda 52 yaşlı şəxs 7 kq narkotik vasitə ilə tutulub
"Bakı Metropoliteni" QSC-də yoxlama: pozuntular aşkara çıxarıldı
Əhaliyə hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
Məmur olmaq istəyən 1500 nəfər imtahan verəcək - Bu tarixdə
Ali Məhkəmə müflis bankların ödəmə tapşırıqları barədə vahid qərar verdi - DETALLAR
İranda aksiyalarda ölənlərin sayı artıb - 133 polis, 505 etirazçı...
“Mənsimov işi”nin gizlinləri: Neft maqnatı və onun "media qolu" iş adamını niyə "qaralayıb"?
"İranı dərhal tərk edin" - ABŞ-dan vətəndaşlarına xəbərdarlıq
Xəzər Universitetinin nümayəndə heyəti Ankaraya işgüzar səfər edib - Çoxsaylı görüş və razılaşmalar olub (FOTOLAR)
Ağ Ev sözçüsü İrana hücum planının masada olduğunu deyir: "Bunu Tehran rejimindən yaxşı da heç kim bilmir"
Qəzza zolağında gərginlik - Üç fələstinli həlak olub
Somali BƏƏ ilə bütün dplomatik əlaqələri kəsdi - Təhlükəsizlik və müdafiə üzrə sazişlər ləğv edildi
ABŞ Tehran rejimini sıxır - İranla ticarəti olan ölkələrə əlavə tarif tətbiq olunacaq
İspaniya XİN başçısı: "NATO lazım gələrsə, Qrenlandiyanın təhlükəsizliyini gücləndirə bilər"
İranın Rəşt bazarında 300-dən çox mağaza yandırılıb - Ölkədə 53 məscidə də od vurulub
Türkiyədə İŞİD-ə qarşı əməliyyat: saxlanılanlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Xabi Alonso istefaya göndərilib
Mübariz Mənsimovu kim "vurdurur" və ya Türkiyədəki saxta xəbər Azərbaycan "bazarı"na necə girib?
Əli Kərimlinin müavini istintaqa çağırıldı - Ramiz Mehdiyevlə bağlı
"Beşiktaş" Emmanuel Aqbadunu transfer edir
Denis Draquş "Qaziantep"ə transfer olunub
"Azercell Telecom" yeni rouminq paketlərini istifadəyə verir
"Trabzonspor" Serdar Saatçını icarəyə verib
"Qalatasaray" Can Armando Günerin transferində "dalan"a dirənib
"Beşiktaş" Qabriel Paulista ilə yolların ayırıb
Solovyova görə Ermənistan Rusiyaya nota verib
Özbəkistan və Türkiyə arasında strateji tərəfdaşlığın gücləndirilməsi müzakirə edilib
Xaricdə təhsil üzrə Dövlət Proqramı: universitet və proqramların siyahısı təsdiqləndi
Tramp özünü "NATO-nun xilaskarı" adlandırıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Azərbaycanda havanın temperaturu 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
Şəkidə 66 yaşlı kişi öldürülüb
Qaribaşvili beş il müddətinə azadlıqdan məhrum edilə bilər