Cəlilabadda "Azərişıq" özbaşınalığı: 220 əvəzinə 160-170 volt, tez-tez kəsilən işıq, xarab olan məişət avadanlıqları...

Cəlilabadda \"Azərişıq\" özbaşınalığı: 220 əvəzinə 160-170 volt, tez-tez kəsilən işıq, xarab olan məişət avadanlıqları...

CƏMİYYƏT

Bugün, 19:49

Cəlilabad şəhərində elektrik enerjisinin verilməsində yaşanan problemlər artıq sakinlərin səbr kasasını daşdırıb.

Şəhər sakini Hidayət Xudaverdi oğlu İsmayılın şikayəti göstərir ki, burada söhbət təkcə arabir baş verən elektrik kəsintilərindən deyil, insanların gündəlik həyatına, əmlakına və təhlükəsizliyinə təsir edən ciddi kommunal xidmət problemindən gedir.

Vətəndaşın iddiasına görə, şəhərin azı yarısı Azərişıq ASC-nin Cəlilabad şöbəsinin yarıtmaz fəaliyyəti ilə üz-üzə qalıb. Əgər bu iddialar doğrudursa, ortaya kifayət qədər ciddi sual çıxır: görəsən, Cəlilabadda elektrik təsərrüfatına cavabdeh olanlar öz vəzifələrini hansı səviyyədə yerinə yetirirlər?

Hidayət İsmayılın bildirdiyinə görə, elektrik şəbəkəsində gərginlik normativ 220 volt əvəzinə 160-170 volt civarında olur. Bu isə məişət texnikasının normal işləməsi üçün ciddi problemdir. Daha betəri, elektrik enerjisi gün ərzində dəfələrlə kəsilir, yenidən bərpa olunanda isə gərginliyin kəskin dəyişməsi nəticəsində avadanlıqlar sıradan çıxır.

Şikayətçi son bir il ərzində iki soyuducusunun bu səbəbdən yararsız vəziyyətə düşdüyünü bildirir. Təsəvvür edin, vətəndaş bir soyuducu alır, sonra elektrik təchizatındakı problemlərə görə onu itirir, yenisini alır, o da sıradan çıxır. Bəs bu maddi zərəri kim ödəməlidir? Vətəndaşmı, yoxsa keyfiyyətli xidmət göstərmək öhdəliyi daşıyan qurum?

Şikayətin ən diqqətçəkən məqamlarından biri elektrik kəsintilərinin tezliyidir. Hidayət İsmayılın sözlərinə görə, təkcə bu gün saat 13:00-dək elektrik enerjisi altı dəfə kəsilib.

HİDAYƏT İSMAYIL

Bu, hansı xidmət keyfiyyətindən xəbər verir? Müasir dövrdə elektrik enerjisinin fasiləsiz təminatı normal həyatın əsas şərtlərindən biridir. İnsanlar evlərində məişət texnikasından istifadə edə bilmir, soyuducularındakı ərzağın xarab olması, televizorların, kondisionerlərin və digər avadanlıqların sıradan çıxması təhlükəsi ilə yaşayırlar. Belə vəziyyətdə vətəndaşın elektrik enerjisinə görə ödəniş etməsi, amma əvəzində keyfiyyətsiz xidmət alması nə dərəcədə ədalətlidir?

Daha acınacaqlı mənzərə isə şikayətlərin nəticəsiz qalması ilə bağlıdır. Vətəndaş iddia edir ki, dəfələrlə şifahi, yazılı, rəsmi və qeyri-rəsmi qaydada müraciət etsə də, problemi həll edən olmayıb. Deməli, ya aidiyyəti qurumlar bu şikayətləri ciddi qəbul etmir, ya da vətəndaş müraciətlərinə cavab vermək formal prosedurdan başqa bir şey deyil. Əgər bir insan dəfələrlə müraciət etməsinə baxmayaraq nəticə əldə edə bilmirsə, o zaman dövlət qurumlarının vətəndaş qarşısında məsuliyyəti barədə danışmağın nə mənası qalır?

Azərişıq ASC-nin Cəlilabad şöbəsinin rəhbəri Barat Baratovun da bu məsələyə münasibəti maraq doğurur. Şöbənin xidmət göstərdiyi ərazidə elektrik kəsintiləri və gərginlik problemləri ilə bağlı bu qədər ciddi narazılıq varsa, rəhbərlik niyə vəziyyətə aydınlıq gətirmir? Şəbəkənin texniki vəziyyəti necədir? Transformatorlar və elektrik xətləri hansı vəziyyətdədir? Təmir-bərpa işləri vaxtında aparılırmı? Ayrılan vəsaitlər real olaraq hansı işlərə sərf olunur?

Bunlar cavablandırılmalı olan suallardır. Təbii ki, Barat Baratovun və ya başqa hər hansı vəzifəli şəxsin qanun pozuntusuna yol verdiyini yoxlama aparılmadan söyləmək olmaz. Ancaq vəzifə daşıyan şəxslər rəhbərlik etdikləri sahədəki problemlərə görə ictimaiyyətə izahat verməkdən də yayınmamalıdırlar.

Burada yerli icra hakimiyyətinin mövqeyi də ayrıca müzakirə mövzusudur. Əlbəttə, elektrik şəbəkəsinin texniki istismarı icra hakimiyyətinin birbaşa səlahiyyətinə aid deyil. Lakin bu, rayon rəhbərliyinin sakinlərin üzləşdiyi problemlərə seyrçi qalmasına haqq qazandırmır. İcra hakimiyyətinin vəzifəsi ərazidəki sosial problemləri görmək, aidiyyəti qurumların diqqətinə çatdırmaq və onların həllinə kömək etməkdir. Vətəndaşın şikayəti aylarla, illərlə cavabsız qalırsa, yerli idarəetmənin ictimai problemlərə münasibəti də sual altına düşür.

Ən ciddi məsələ isə elektrik təsərrüfatına ayrılan dövlət vəsaitlərinin səmərəliliyi ilə bağlıdır. Əgər şəbəkənin təmiri və yenilənməsi üçün vəsait ayrılırsa, bəs niyə eyni problemlər davam edir? Əgər naqillər, transformatorlar və digər avadanlıqlar texniki cəhətdən yararlıdırsa, elektrik enerjisinin verilməsində bu qədər fasilə və gərginlik dəyişməsi nədən qaynaqlanır? Əksinə, infrastruktur köhnəlibsə, onun yenilənməsi niyə ləngiyir? Dövlət büdcəsindən ayrılan vəsaitlərin nəticəsi kağız üzərindəki hesabatlarla deyil, insanların gündəlik həyatında hiss olunmalıdır. Təmirə milyonlar xərclənib, amma vətəndaş evində normal elektrik enerjisi ala bilmirsə, deməli, görülən işlərin səmərəliliyi ciddi şəkildə yoxlanılmalıdır.

Baş Prokurorluğun bu müraciətə diqqət yetirməsi də vacibdir. Söhbət yalnız elektrik enerjisinin kəsilməsindən getmir. Dövlət vəsaitlərinin xərclənməsində mümkün nöqsanlar, infrastrukturun istismar vəziyyəti, istehlakçılara vurulan zərərin səbəbləri və vətəndaş müraciətlərinə münasibət araşdırılmalıdır. Eyni zamanda, zərər çəkmiş sakinlərin elektrik avadanlıqlarının sıradan çıxması ilə bağlı müraciətlərinə hüquqi qiymət verilməlidir.

Bir sözlə, Cəlilabad sakinlərinin elektrik enerjisi ilə bağlı problemi artıq Azərişıq ASC-nin yerli şöbəsinin adi texniki məsələsi kimi təqdim edilə bilməz. Vətəndaş nə hər dəfə işıq sönəndə narahatlıq keçirməli, nə də elektrik bərpa olunanda soyuducusunun, televizorunun və digər avadanlıqlarının yanacağından qorxmalıdır. İnsanlar kommunal xidmət üçün pul ödəyirlərsə, qarşılığında normal xidmət tələb etmək hüququna malikdirlər.

Dövlət qurumlarının rəhbərləri unutmamalıdırlar ki, vəzifə yalnız kabinetdə oturmaq, hesabat vermək və maaş almaqdan ibarət deyil. Vəzifənin əsas mahiyyəti vətəndaşa xidmət etməkdir. Bunu dövlət başçısı onlara dönə-dönə xatırladıb!Cəlilabadda elektrik enerjisi problemi həllini tapmayana, sakinlərin şikayətləri araşdırılmayana və yaranmış maddi zərərlərə aydınlıq gətirilməyənə qədər bu məsələ açıq qalacaq. Vətəndaşın sualı isə çox sadədir: Azərişıq sakinlərə işıq vermək üçün fəaliyyət göstərir, yoxsa insanları qaranlıqda qoyub onların elektrik avadanlıqlarını sıradan çıxarmaq üçün?

Akif Nəsirli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR