DAVUD AXUNDOVUN İŞIQLI DÜNYASI...

img

13-05-2020 [15:47]


Şəxsiyyəti, əməlləri qəlblərdə yaşayan insanlar! Hər kəs tərəfindən sevilən, qəbul edilən, dəyərləndirilən insanlar! Siz bu dünyanın bəziyisiniz

. Bu dünyada olan yaxşı əməlləriniz o dünyanıza  bir aynadır.  Qazandıqlarınız, əldə etdikləriniz, yaxşılıqlarınız hər nə varsa, onu əks etdirir. Siz də tanıyın işıqlı dünyası olan, belə bir insanı: Axundov Davud Həsən oğlunu.

...Ötən əsrdə yaşasa da (1923-1994-cü illər), ömürlüyü, fəaliyyəti və yaxşılıqları dil-dil gəzir. Gəncliyi böyük vətən müharibəsi illərinə düşüb. Alman faşizminə qarşı müharibədə olub. Müharibə onu döyüşə və həyata hazırlayıb. Müharibədən sonra 1947-ci ildə Cəbrayıl rayonunda sıravi polis ( o vaxt milis) kimi işə qəbul olunub. Sıravilikdən RPŞ-ı rəisinədək bir həyat yolu keçib. Pedaqoji texnikom və Xarkov Ali Milis Məktəblərində təhsil alıb. İmişli, Bərdə, Füzuli, Cəbrayıl rayonlarında işləyib. Zərdab RPŞ-nın rəisi, polis polkovniki kimi təqaüdə çıxıb. Bu gün onun peşə fəaliyyətindən çox, insani keyfiyyətlərinə, elə-obaya, Vətənə, xalqa, Azərbaycana sonsuz sevgisinə nəzər yetirəcəyik. Bir də 13 may Davud Axundovun Beyləqanda Həzrəti Cərciz Peyğəmbərdə əbədi dünyaya qovuşuq günüdür- dəfn günü! Günün mübarək, Davud kişi! Allah sənə rəhmət eləsin!

... Həzrəti Cərciz Beyğəmbərdə ziyarətdəydim. Ziyarət zamanı ibadətgahımızın ərazisini gəzdim. Aran Qarabağının mükəmməl ağsaqqalı, tanınmış ziyalı, ömrünü Azərbaycan DİŞ sistemində şərəfli fəaliyyətə sərf etmiş Davud Axundovun abidəsi önündə dayandım. Yadıma atam Hüseyn kişinin şirin söhbətləri düşdü: ”

 ... Bir dəfə oba yaylağa gedəndə Füzuli rayonu ərazisindən keçirdik. Sahə inspektoru bizim köçümüzə şübhə ilə yanaşdı. Çobanı saxlamaqla bizi xeyli ləngitdi.  Mən bilirdim ki, Davud orada işləyir. Odur ki, ona müraciət etdim. O əlindən gələn köməkliyi bizə göstərdi. Eyni zamanda, soruşdu ki, nəyə ehtiyacınız var. Biləndə ki, bizim köç ləvazimatlarımızı bir qədər irəli aparmaq üçün maşın yoxdur. Bir QAZ-52 markalı maşın da çağırıb tapşırdı ki, iki gün Hüseyn kişinin qulluğunda durarsan... 

Bala, Davud el adamı idi, o, dövrünün savadlı, xeyrxah, mükəmməl insanı  olmaqla həmişə xatırlanacaq.”  

Sıralanmış qəbrləri böyük hörmət və ehtiramla yad etdim. Axundov Davud Həsən oğlu, Axundova Solmaz Feyruz qızı (həyat yoldaşı), Axundov Aqil Davud oğlu (oğlu) və Şanlı Aprel hadisələrinin şəhid oğlu, Milli Ordumuzun polkovnik-leytenantı Axundov Sənan Tahir oğlu (nəvəsi)...Məktəbliləri şəhid qəbrinin üstə görəndə qürur duydum. Budur Vətənpərvərlik tərbiyəsi! Budur şəhid qardaşlarımıza olan böyük hörmət-izzət!.. Mən əvvəllər də burada olmuşdum. Sənan Axundovun dəfnində, sonralar onun haqqında film çəkilərkən və bir dəfə də Ayb-nin Aran Bölməsinin təşkilatçılığı, Axundovlar ailəsinin iştirakı ilə  TV-çəkilişində. Hər dəfə də xatirələrlə, atamdan, eldən-obadan süzülüb gələn dəyərli fikirlərlə qəlbim, ruhum işıqlanıb...Diqqətimi qəbirləri ağuşuna almış xan çinarlar cəlb etdi. O  xan çinarlar ki, Davud kişinin özünün də bu çinarlardan xoşu gəlirdi. O çinarlar meşə örtüyündə, ağaclar arasında ən uzunömürlü ağaclardır, əsrdən çox yaşayır...

Biz hələ ziyarətdə idik. Davud kişinin qəbrinin ətrafında dəfn gedirdi.

Üzüntü, hıçqırtı ilə ətrafa yayılan bir qadının, bir bacının hay-həşiri məni üzdü:

Əzizim, qara qardaş!
Ürəyim yara, qardaş!
Bizdən ayrılıb bu gün
Gedirsən hara, qardaş?!

Vaxtsız itirdiyim, qardaşım Əliyə elə bil ağı deyirdilər. Üzüldüm. Bu, bacı naləsi idi! İstəyir mənim bacılarımın naləsi olsun, istəyir Davud kişiyə bacıları - Şəkrlə, Zibanın naləsi, istəyir Aqilin bacıları Nuridə ilə Aidənin, istəyirsə də gül üzlü şəhidim Sənanın yeganə bacısı Mehriban xanımın naləsi!.. 

Ay bacı, ay qadın Ana şərəfinə qurban olub! Nə yaxşı ki, Siz varsınız! 

“Ana ürəyi” şeirində deyildiyi kimi, Siz bizim duyğumuz, məhəbbətimiz, sonsuz sevgimiz, baş ucalığımızsınız!

Necə rəhmlidir, necə amansız,
Necə mehribandır qadın ürəyi!
O zərif duyğundur, məhəbbətindir,
Sevgiziz zindandır qadın ürəyi.

                               
 ...Uşaqlıq dostum, müəllim yoldaşım, respublikanın Əməkdar müəllimi, yazıçı Səxavət Tağların ana nəslidir Axundovlar nəsli. O dayısına və onun övladlarına necə bağlı olduğunu dəfələrlə müşahidə etmişım. Bir neçə dəfə də Səxavət müəllimlə onların evində olmuşam, çörək kəsmişəm. Ailə haqqında, nəsil barədə eşitdiklərimi, bildiklərimi gözlərimlə görmüşəm. 

Odur ki, bu yazını hazırlayakən Səxavət müəllimin dediklərini də bölüşmək istədim:

- Dayıma və onun övladlarına sevgi bizə anamız Şəkər xanımdan keçib. O dünyasını dəyişənə kimi qardaşı Davud kişiyə və onun övladlarına sonsuz sevgili idi. Bu sevgi ailəmizdə hər kəs tərəfindən yaşanılır və yaşanacaq da. Dayım İmişliyə gələndə nəinki ailəmizdə, bütün qohum-əqrəbalarda, kəndimizdə sevinc yaşanırdı. Görüşməyə gələn kim, qonaq dəvət edən kim, məsləhət almaq istəyən kim. O, çox savadlı, məlumatlı bir insan idi. Mütaliə etməyi, müzakirələr aparmağı çox sevirdi. Mükəmməl Vətənpərvərlik düşüncələri var idi. Gündəlik xatirə yazırdı. Elat camaatının qayğıları, dağ-aran yolları barədə hər zaman düşünürdü. Bir dəfə mənə dedi ki, mətbuatda Fətişoğlu soyadlı birisi elatdan yazıb, bəzi yanlışlıqlar var. Yazmalıdır ”Səxavətdə  Murtulu, ibadətdə Aşıqlı”.  Əksinə yazıb. 

Mən geniş bir yazı ilə o vaxtın “Azərbaycan gəncləri” qəzetində çıxış etdim, elatın Murtulu camaatının səxavəti, qonaqpərvərlyi, igidliyi və dağ-aran yollarında köçlərinin öndə getməsi barədə fikirlərimi söylədim.

Dayımın  “Elatın Murtulu camaatı” adlı xatirələri məndədir, onun üzərində işləyirəm, Allah qoysa yaxın vaxtlarda işıq üzü görəcək. Həmin xatirələrdə Murtulu camaatının dəyərlərindən, Azərbaycançılıq ənənələrindən yazır və bütün həqiqətləri olduğu kimi göstərir. Murtulu yaxşılıqlarının fonunda camaata məxsus  oğurluq xatakterini elə incə qeyd edir ki, heç kəsin xətirinə dəymir. Bu da onun bir hüquqşunas mövqeyinə və uzun illər yaxşı əməliyyatçı olması ilə bağlıdır.

 ...El ağsaqqalı, kamil şəxsiyyət və ömrünü hüquq-mühafizə sistemində şərəfli bir işə sərf edən Davud Axundov haqqında qeydlərimə onun övladlarının fikirlərini də əlavə etmək istəyirəm. Nəzərə alaq ki, 13 may  onun əbədi dünyasına qovuşduğu gündür və övladları pandemiya təhlükəsinə, karantin rejmi qaydalarına görə ziyarətə gədə bilməyiblər.
 
Tahir Axundov- oğlu, ehtiyatda olan zabit:

- Atam şəxsiyyət idi. Onun Vətən sevgisi hər zaman bizimlədir.
 
Nuridə Həsənova - qızı, rus-dili müəllimi:

- Xəstəyəm, gözlərimdə problem var. Atam və qardaşım oğlu şəhid Sənanımız hər axşam yuxuma girir. Onlar dünyamın şirinləridir, ürəyim onlara qurban...

Mahir Axundov - oğlu, iqtisadçı:

- Bu gün atamın adını iftixarla çəkirlər. Harada işləyibsə o rayonun insanları bizi oralı bilir. Biz isə o insanlara sevgiliyik! Atam böyük Azərbaycalı idi. Qəlbində Azərbaycan sevgisi yaşayırdı.

Aidə Axundova - qızı, dil-ədəbiyyat müəllimi:

- Ailəmizin sonbeşiyiyəm. Elə bilirəm, yenə də uşağam. Tezliklə bu pandemiya təhlükəsindən sovuşaq. Əzizlərimizin ziyarətinə gedək. Biz ata, ana və qardaş itkisinə dözmürdük. Qardaşım oğlu Sənan ürəyimizə dağ olsa da, Vətən aşiqliyini Şəhidlik zirvəsində tapdı. Allah bütün dünyadan köçənlərə rəhmət eləsin! Bizim əzizlərimiz də içində.

Axundova Nazilə Bəbir qızı - (rəhmətə getmiş oğlu Aqilin ailə üzvləri adından) gəlini, həkim:

- Mən vaxtsız həyat yoldaşımı itirdim. Axundovlar ailəsi çox gözəl, ənənələrə sədaqətlidir. Bunun kökündə qaynatam Davud kişinin yaratdığı ailə modeli durur. Hər zaman ana rəhmət diləyirik!

Axundova Mehriban-nəvəsi, dil-əbəbiyyat müəllimi:

- Mən babam Davud kişinin və qardaşım Sənanın həyat tarixcəsi ilə qürur duyuram. Solmaz nənəm də, Aqil əmim də onlarla birlikdə əbədiyyət məkanındadırlar. Hamsının məkənları nur saçsın.

Biz işıqlı bir Azərbaycan ailəsindən danışdıq. O ailənin bütün övladları, nəvə və nəticələri  Davud baba adından, Davud baba şərəfindən qurur duydular. Bu qürur Axundovlar ailəsini tanıyan hər kəsdə var. İstədik ki, siz də bu qürurlu ailəni,  bu qürurlu nəsli tanıyasınız.

Bir də inanırıq ki, Davud kişinin “Elatın Murtulu camaatı”nın xatirələri ilə qələm dostum, ailənin əzizi, istedadlı yazıçı Səxavət Tağlar yenidən Davud dünyasına ayna tutacaq, mükəmməl el ağsaqqalının düşüncə və iç dünyasından süzülüb gələn gözəlliklərlə bizi baş-başa qoyacaq!

O günü gözləyirik!

Sərvaz Hüseynoğlu,

 “Ədəbiyyat qəzeti”nin şöbə redaktoru.      

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR