Məktəb direktorlarının seçimində müsbət irəliləyişlər və yeni gözləntilər... - Vahid Tağıyev yazır  

Məktəb direktorlarının seçimində müsbət irəliləyişlər və yeni gözləntilər... - Vahid Tağıyev yazır  

YAZARLAR

Bugün, 15:33

Vahid Tağıyev

Təcrübəli, peşəkar təhsil işçisi

***

Hazırda 2026–2027-ci tədris ilinin birinci yarımilində respublika üzrə imtahan və müsahibədən uğurla keçərək məktəb direktoru seçilənlərin təyinatı, təqdimatı aparılır. Seçilənlər sırasında perspektivli kadrların adlarını eşitmək əlbəttə sevinc və inam yaradır.

Bu təəssüratla bəzi fikirlərimi bölüşmək istəyirəm.

Ömrünü təhsilə həsr etmiş bir şəxs kimi respublikanın təhsil ictimaiyyətini müəyyən səviyyədə tanımaq imkanım olub.

Belə ki, bütün şəhər və bölgələrimizdə çoxsaylı qabaqcıl təhsil işçilərini, təhsil rəhbərlərini real həyatda və ya sosial şəbəkələr vasitəsilə tanımışam. Fəaliyyət yolum da buna şərait yaradıb. Respublika səviyyəli konfranslarda və müxtəlif tədbirlərdə iştirakım, metodik kabinet müdiri işlədiyim dövrdə müəllimlərlə sıx əlaqələrim, Bakı şəhərində Müəllimlər İnstitutunda təkmilləşmə kurslarına cəlb olunan müəllimlərlə metodist kimi fəaliyyətim, Respublika Təhsil Şurası yarandığı vaxtdan onun xətti ilə apardığım işlər, MİQ-də (müəllimlərin işə qəbulu üzrə müsahibələrdə) bir neçə il komissiya sədri olmağım, yaradıcı təhsil işçiləri ilə çoxillik əlaqələrim, sosial şəbəkələrdə fəallığım və digər amillər bu tanışlıq imkanlarını genişləndirib.

Əminliklə deyə bilərik ki, Azərbaycan müəllimləri bu gün yüksək akademik bilik və çoxşaxəli yaradıcı fəaliyyət baxımından əvvəlki dövrlərlə müqayisədə daha geniş imkanlara malikdirlər.

Son illər müəllimlərin peşə hazırlığına verilən tələblər artıb, ixtisasını bilməyən, savadsız müəllim tapmaq çətindir. Bundan sonra onların peşəkar bacarıqlarının keyfiyyətini daim artırmaq qayğısına qalınmalıdır. Kiminsə narazı qalmasından, prosesdə hansısa çatışmazlıqların olmasından asılı olmayaraq, bütövlükdə müəllimlərin indiki hazırlıq səviyyəsi son on ildə aparılan məqsədyönlü işlərin nəticəsidir.

Aydındır ki, təhsilin keyfiyyətinin yüksəldilməsi üçün bacarıqlı müəllimlərlə yanaşı, idarəetməni daim yenilənən tələblər əsasında düzgün quran, məsuliyyəti öz üzərinə götürə bilən məktəb direktorlarının olması zəruridir.

Məktəbin çoxşaxəli, bütün fəaliyyəti təhlil edilərək obyektiv qiymətləndirilməli, inkişafetdirici vəzifələr müəyyən edilməlidir.

Məktəb direktorunun idarəetmə bacarığı təhsilin keyfiyyətini yüksəldən, məktəbi inkişafa aparan əsas strateji qüvvədir. Xüsusilə, təlim-tərbiyə prosesində müəllimlərin peşəkar inkişaf ehtiyaclarına uyğun istiqamətləndirilməsi təmin olunmalıdır. Məktəb direktorları onların vaxtını alan kargüzarlıq işlərindən, çox vaxt lüzümsuz yazışma, hesabatlardan xilas edilməlidir.

Təxminən son on ildə məktəb direktorlarının şəffaf və obyektiv seçilməsi istiqamətində axtarışların aparıldığını görmüşük. Bəzən müxtəlif maneələr və qarşıya qoyulan hədəflərə tam çatmayan yeniliklər olsa da, məktəb rəhbərlərinin seçilməsi və təyin olunması ilə bağlı müxtəlif uğurlu qaydaların tətbiqinin də şahidi olmuşuq.

Bacarıqlı və layiqli şəxslərin obyektiv seçim əsasında direktor təyin olunmasında əməyi olan hər bir şəxs dərin hörmətə layiqdir.

Hazırda məktəb rəhbərlərinin təyinatı sahəsində müsbət nəticələr çoxdur. Öz biliyi, bacarığı və zəhməti ilə, təmənnasız məktəb direktoru olmuş yüzlərlə gənc təhsil işçisi var və onların bir çoxunu şəxsən tanıyıram.

Bu günlərdə çox sevindirici xəbərlər eşidirik. Respublikamızın müxtəlif bölgələrində bəzilərini də əvvəldən tanıdığım, pedaqoji fəaliyyətinə, şəxsiyyətinə və davranışına böyük dəyər verdiyim insanlar məktəb direktoru təyin edilirlər.

Həyatının mənasını illərlə təhsildə görən bir şəxs kimi bu təyinatlar məni çox sevindirir. Burada xeyli sayda ad çəkə bilərəm. Ancaq bunun bəlkə də yaxşı səslənməyəcəyini düşünürəm. Çünki onların bəziləri bu böyük uğurun sevincini mənimlə bölüşürlər. Bu qeydləri də həmin məmnunluq hissi ilə yazıram.

Təhsildə yeniliklər, uğurlar və qarşıya çıxan çətinliklər həmişə olub və olacaq. Təhsil elə bir sahədir ki, burada kosmetik yanaşmalar deyil, sistemli və ardıcıl fəaliyyət tələb olunur. Təhsil işçisi yalnız bütün varlığı və qəlbi ilə bu sahəyə həsr olunmaqla uğur qazana bilər.

Yeni təyin olunan bütün məktəb rəhbərlərini təbrik edir, bu şərəfli və məsuliyyətli fəaliyyətlərində onlara əzmkarlıq, bol şans və uğurlar arzulayıram!

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR