6 ildir bayramlarımız qara gəlmir... - Seymur Verdizadə yazır

6 ildir bayramlarımız qara gəlmir... - Seymur Verdizadə yazır

YAZARLAR

Bugün, 14:17

Seymur Verdizadə

***

83 yaşında dünyasını dəyişən Qaragöz nənəm gənclik illərinə xas təravətini qoruyub-saxlasa da, bu dünyadan gözlərində bir yığın kədərlə köçdü...

Uşaq olanda nənəm məni tez-tez qəbiristanlığa, rəhmətlik Nurullah babamın və dünyadan erkən köçən Nubar bibimizin məzarlarını ziyarət etməyə aparırdı. İldə bir dəfə, sonuncu çərşənbədə isə qəbiristanlığa elliklə gedirdik. Nənəm bu mərasimə iki gün əvvəldən hazırlaşırdı. Cücə kəsir, plov dəmləyir, turşu, kompot tədarükü görür, saçaqlı konfetlər alırdı. Həmin gün qəbirlərin yanında yenicə boy atan yaşıl otların üstünə palaz sərib süfrə açardılar. Digər uşaqlar kimi mən də bardaş qurub arvadların yanında oturar, aşın qazmağından yeyər, halva ilə çay içərdim.

O da yadımdadır, qəbirlərin üstünə səməni düzər, konfet, şokolad qoyardılar. Bir dəfə rəhmətlik Elmira xala həmin konfetləri ovuclayıb cibimə doldurdu. Ətim ürpəndi, konfetləri tez-tələsik çıxarıb Fatma nənənin qəbrinin üstünə qoydum. Həyat yoldaşını erkən itirdiyi üçün beş övladını təkbaşına böyüdən, namusu, qeyrəti ilə yüz kişiyə bərabər olan Elmira xala gülə-gülə belə dedi: "A bala, bu qənfetlər sizin üçündür. Babanın dişləri çoxdan tökülüb".

Bu hadisədən sonra mən bir də sonuncu çərşənbədə qəbiristanlığa getmədim. Amma nənəm kəndimiz işğal olunan günə kimi hər il sonuncu çərşənbədə qəbiristanlığa gedib ömür-gün yoldaşının bayramını "təbrik etdi"...

1993-cü ildən sonra biz heç bir bayramı ürək açıqlığı ilə qeyd edə bilmədik. Gözümüzün biri güləndə, biri ağladı. Torpaq həsrəti, yurd nisgili həmişə qəlbimizi sızlatdı. Ta 2020-ci ilin payızına kimi belə davam etdi.

Altı ildir Qarabağ azaddır. Altı ildir şəhidlərimizin ruhu şaddır. İndi torpaqlarımız kimi işğal altındakı qəbiristanlıqlarımız da azaddır. İşlədiyi bütün rayonlarda şəhid ailələrinin, qazilərin, qaçqın və məcburi köçkünlərin dayağı, təmənnasız hamisi olan Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun dəstəyi, kənd camaatının köməyi ilə Soltanlı qəbiristanlığı abadlaşdırılıb, erməni vandalizminin izləri tamamilə silinib. İndi bayramlarda təkcə dirilərimiz deyil, ölülərimiz də sevinir.

Əvvəl Zəfər, sonra isə Bayraq Gününün yüksək əhval-ruhiyyə ilə qeyd olunması altı il əvvəl düşmən üzərində qazanılan parlaq qələbənin bəhrəsidir...

Bayramınız mübarək!

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR