Rəqəmsal səngərdə "Asimmetrik döyüş": Sosial mediamızın həcm, dil və strateji sınağı

Rəqəmsal səngərdə \"Asimmetrik döyüş\":  Sosial mediamızın həcm, dil və strateji sınağı

PRESS

04.11.2026, 11:13

Kəbutər Hakverdi,

Xüsusi olaraq Mia.az üçün

***

Son günlərin məlum dövlətlərarası gərginliyinə toxunmadan Türkiyə-Azərbaycan fonunda sərgilənən media resurslarımızın fəaliyyətinə kənardan, türklər demiş, “quşbaxışı” nəzər salmaq ehtiyacı yarandı. Düçünürəm ki, həmkarlarım inciməz çünkü dost acı söyləyərdən başqa bir medya mənsubu kimi orqanizmimizin “xəstə” bölgələrini görürüksə susmaq açıqlamaqdan daha anormal görünür.

Müasir dünyada hər bir nüfuzlu media resursu tək xəbər tirajlayan bülleten deyil, dövlətin milli maraqlarını qoruyan, uluslararası müstəvidə ictimai rəyi formalaşdıran strateji bir sipərdir və nə yazıq ki, bizim zəif nöqtəmizdir. Biz əlimizdəki böyük maddi, texniki və intellektual media resurslarını kürəsəl meydanda zamanında və hədəfə uygun işlətmək əvəzinə, çox zaman qapalı sosial şəbəkə otaqlarında öz-özümüzə danışan təsəlli vasitəsinə çevirmişik.

Qarşı tərəf bir neçə dəqiqə içində koordinasiyalı şəkildə (vahid məktəbli geyiminin tətbiq olunduğu orta ümumtəhsil məktəblərinin girişində yaşanan bir neçə xoşagəlməz hadisənin sosial mediayaya müxtəlif variantlarda servis edilərək basqı kimi tirajlanması) beynəlxalq gündəm qurub həqiqəti təhrif edəndə, bizim ən böyük medya resurslarımız saatlarla hansısa kabinetdən gələcək rəsmi icazəni, şablon mətbuat bülletenini gözləyərək meydanı boş bıraxır. Artıq anlamaq məcburiyyətindəyik ki, mövcud potansialımız idarəçilik ətalətinə qurban verilməməlidir.

Media qaynaqları çevik, çoxdilli, analitik düşünən gənc rəqəmsal qüvvələrlə gücləndirilərək real informasiya sipərinə çevirməlidir. 

BİZ NİYƏ UDUZURUQ?

Xəbər dediyimiz hadisələr sanki gözlərimizin önündə, amma bizdən tamamən asılı olmayan bir sürətlə baş verir. Ekranda yüzlərlə saxta profil, dəqiqələr içində minlərlə tirajlanan koordinasiyalı qarayaxmalar, alt-üst edilən həqiqətlər və qəsdən yaradılan süni bir xaos. Biz isə hələ əlimizdə kağız-qələm, hansısa idarənin rəsmi icazəsini, möhürlü bülletenini, bir cümləlik ləng təkzibini gözləyirik.

Qarşı tərəf süni intellektin, kütləvi bot fabriklərinin və qlobal alqoritmlərin gücü ilə ictimai şüuru istədiyi səmtə yönəldib qapını arxadan bağlayanda, biz ancaq örtülən həmin qapının dəstəyinə təəccüblə baxırıq.

Etiraf edək: bu gün uduzduğumuz yer hərbi səngər deyil, rəqəmsal meydandır. Uduzuruq, çünkü savaşın qaydaları kökündən dəyişib, silahlar fərqlidir, biz isə hələ də keçən əsrin ətaləti, ənənəvi mətbuatın süst təmkinliliyi ilə müdafiə olunmağa çalışırıq.

Söz ardı: Azərbaycanda sosial platformaların tarixi və indiki vəziyyəti haqqında nağılvarı iki epizod danışmaq istəyirəm oxucularımıza.

İki epizod arasında 20 ilə yaxın zaman fərqi var: 

1-ci Epizod: “Yeni Azərbaycan” qəzetində çalışıram. Çox yaxın rəfiqəm gənc qızı ilə mənə yeni kitabını göndərib. Gözəl, tərbiyəli bir gəncdir və arada mətbuatda şeirləri çap olunur. Otururuq və söhbətləşirik. Nəzərləri bilgisayarımın ekranında açıq qalmış Facebook hesabıma ilişib qalır. Mən onu təbrik edirəm yaxında üzük taxmışlar, qarşıda toy var. Qız qəmli qəmli olmadı deyir, oğlan qızın özünə facebook hesabı açmağına əsəbləşib ayrılıb, həm də qızı əxlaqsız olmaqda ittiham edib. 

2-ci Epizod: Ata evim əl-ayaqdan uzaq sərhəd kəndində yerləşir.İstanbuldan bir neçə günlüyə kəndə tətilə gəlmişik. Təsadüfən TikTok sosial şəbəkəsində orta məktəbdə bir oxuduğumuz kişini görürəm. Sinif əlaçısı idi. Adam şeir yazır, həmin şeirə musiqi bəstələyir, özü gitarada ifa edərək bəstələdiyi mahnını oxuyur. O qədər sevinirəm ki, sinif yoldaşımı gördüyümə və adamın fitri istedadına heyran qalaraq təbrik edirəm, xoş sözlər yazıram. Qardaşım TikTok-a girdiyimi görüb əsəbləşir. Üstəlik hökümətin dalınca da alıb-verir:”Bu əxlaqsızlığa niyə göz yumurlar, başımıza papaq qoymayaq indi. Niyə bağlamırlar TikTok-u.”

Kiçik mübahisə edirik və birbirimizi başa düşməiyimiz üçün susuram.

Ertəsi gün xarici ölkədə yaşayan əmim oğlu zəng vurur. Heç demə mənim yad kişiyə yazdığım xoş sözlərə görə tayfamızın "namus sancısı" tutubmuş. Mən sadəcə şokdayam. Bizim tayfa kəndin savadlı, ali təhsilli, ailələrinin əksəriyyəti Rusya, Türkiyə, canım sizə desin, Macarıstan, Polşa, Estonya, Almanya kimi Avropa ölkələrində yaşayan ağır-batman bir tayfadır. Amma bir neçə saatın içində episentiri Biləsuvarda qeydə alınan tayfanın “pristup” dalğası Estonyaya qədər gedib çatıb. 

 Kürəsəlləşmə prosesində uduzmağımızın ən önəmli nöqtəsi məhz bu “pristuplara” bağlıdır. 15 İyun çevrilişindən Türkiyəni Tayyib Ərdoğanın WhatsApp üzərindən göndərdiyi səsli çağrış mesajı xilas etdi. Cəmi bir neçə saat ərzində bütün İstanbul, bəndəniz də daxil olmaqla küçələrə töküldü və 15 gün kimsə evinə getmədi. Bir sözlə, milyonların taleyini, devlətlərin nüfuzunu çözən qlobal platformalarda meydanı tamamən xarici təsirlərə təslim edib, özümüz için qurduğumuz qapalı sosyal şəbəkə hücrələrində bir-birimizi “etketləməklə” qələbə qazanmaq olmaz və mümkün deyil. Bu meydanda ancaq özümüzə deyil, dünyaya və qarşı tərəfə onun anladığı dildə, zamanında və cəsarətlə cavab verənlər qələbə çala bilər. Əgər bu gün həqiqəti vaxtında və yerində deyə bilmiriksə, sabah başqalarının uydurduğu yalanların içində boğulmağa məhkumuq.

 Var Olan Üç Zəif Bənd və Olmayan Üçüncü Yol 

Son 20 günün Türkiyə-Azərbaycan gərginliyinin – acı mənzərənin arxasında bizi hər dəfə eyni nöqtədə xəyal qırıqlığına uğradan bağışlanmaz üç zəifliyimiz var.

Birincisi, meydanı və mexanizmi yanlış seçməyimizdir. Biz bütün enerjimizi internal təsəllilərə, qapalı Telegram kanallarına və TikTok-un ötəri emosiyalarına xərcləyirik. Kürəsəl diplomatiyanın, beynəlxalq jurnalistikanın və regional qərarların formalaşdığı təməl rəqəmsal poliqon olan "X" (Twitter) meydanını isə demək olar ki, boş buraxmışıq. Qarşı tərəf milyonluq kütlə ilə eyni platformada uluslararası ictimai rəyi dizayn edəndə, biz ancaq özümüzün eşidə biləcəyimiz küçük otaqlarda hay-küy salırıq. Amma təssüf ki, başqasının meydanında oynamadan, başqasının oyununu poza bilməzsən.

İkincisi, həddindən artıq merkezləşmiş bürokratik ətalətimiz və dil baryerimizdir. Müasir informasiya savaşında saniyələr qərarı verir. Bizim rəsmi və ənənəvi media isə koordinasiyalı bir hücum qarşısında sanki iflic olur; saatlarla, bəzən günlərlə hansısa idarədən təlimat gözləyir. Bu müddətdə yalan artık minlərlə beyinə həqiqət kimi həkk olunur. Üstəlik, verilən cavablar da yalnız internal auditoriyanın hisslərinə hesablanmış bəlağətli cümlələrdən ibarət olur. Biz qarşı tərəfin ictimaiyyətinə onun anladığı dildə, soyuqqanlı faktlarla, onun öz siyasi və mədəni kodları ilə xitab etməyi bacarmırıq, dünyaya değil, ancaq özümüzə arqument sübut etməyə çalışırıq.

Nəhayət, üçüncüsü,  təşkilatlanmamış emosional dağınıqlığımız ve rəqəmsal savadsızlığımızdır. Sosial media istifadəçimiz kənar manipulyasiyaya, süni şekildə qızışdırılan dini ve ya milli təxribatlara bir neçə saniyə içində aldanır.

Təsdiqlənməmiş bir səs yazısını, kontekstindən qoparılmış bir videonu həmən paylaşaraq fərqində olmadan qarşı tərəfin bot şəbəkələrinin əsgərinə çevrilirik. Bizdə nə saxta xəbəri anında ifşa eden çevik vətəndaş fakt-yoxlama şəbəkələri var, nə də süni intellekt əsrində rəqəmsal gigiyenanı koruyan kollektiv şüur. Biz soyuq ağılla deyil, anlıq əsəblə vuruşuruq, strateji savaşlarda isə emosiyalar həmişə alqoritmlərə məğlub olur. Artık özümüzü aldatmağın, "biz haqlıyıq, gec-tez anlayacaqlar" təsəllisinə sığınmağın vaxtı çoxdan keçib. Rəqəmsal dünyada haqlı olmaq heç nəyin çözümü deyil. Çözüm, haqqını necə, hansı sürətlə və kimin meydanında müdafiə etməyindədir.

Əgər biz bu gün ekran qarşısında bir düyməni basarkən kimin əlində alətə çevrildiyimizi anlamayacak qədər “sosial media savadsızı”yıqsa, sabah itirəcəyimiz sadəcə bir neçə min izləyici və ya rəqəmsal debatlar deyil, min bir fədakarlıqla qazanılmış tarixi qələbələrin dəyəri, şəhid qanı ilə yazılmış milli qürurumuz və gələcək nəsillərin dünyaya dik baxacaq başı olacaq.

Zaman gözləmir, alqoritmlər bağışlamır. Ya bu gün ətaləti bir kənara atıb rəqəmsal dünyanın sərt qaydalarını öyrənəcək, soyuq ağılla təşkilatlanacaq və qorxaq sükutumuzu peşəkar, cəsarətli cavablarla əvəz edəcəyik ya da başqalarının bizim adımızdan yazdığı yalan dolu ssenarilərdə ancaq tamaşaçı kimi qalmağa razılaşacağıq. Qələm də, klaviatura da, məsuliyyət də öz əlimizdədir. Ya indi silkələnib bu savaşa qoşulmalı, ya da susub məğlubiyyətin utancını daşıymalıyıq.

Üçüncü bir yol yoxdur!

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR