“Nargin: Saralmış kədər” - Milli kimliyin yetkinləşməsi

“Nargin: Saralmış kədər” - Milli kimliyin yetkinləşməsi

MƏDƏNİYYƏT

Bugün, 09:00

 I yazı və  II yazı buradan oxuya bilərsiniz:

***

Milli Kimliyin Yetkinləşməsi

Öncəki yazıların davamı olaraq xatırladım ki, Yunis Orucovun sənədli romanı adından da göründüyü kimi I Dünya müharibəsi illərində (xüsusilə də 1915–1918-ci illər kontekstində) Çar Rusyasının Xəzər dənizindəki Nargin adasında yaratdığı hərbi əsir düşərgəsində baş veren olaylar, Azərbaycan xalqının- Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin və milli milyoncu -xeyriyyəçilərin insanpərvərliyini və məruz qaldıqları ağır imtahanları əks ettirir.

III Yazı 

Ölüm Adası

  Oxucu müəllifin qələminin işığında Nargində baraklardaki şəraiti -ilan yeyən insanlar, üfunət, şüşəsiz pəncərələr, çocukların və qocaların acınacaqlı durumunu görür, insanın fizioloji ehtiyaclar səviyyəsinə endirilməsinin ən son versiyasına şahid olur. Romanda bürokratiya və fürsətçilik, əxlaqi dəyərlərdən xəbəri olmayan erməni vəhşilərinin törətdiyi cinayətlər və vandalizm məharətlə təsvir edilir və oxucunu öz ardınca bu cəhənnəmə sürükləyir. Tarixi obrazlara, Nargin haqqında arxiv sənədlərindən günümüzə qədər gəlib çatanların içində gizlənmiş ağlagəlməz zülmlərə işıq salır. Poltaratski çar imperiyasının məmur aparatının mənəvi çürüməsini əks etdirir. O, başkalarının bədbəxtliyindən, ölümündən və fəlakətindən şəxsi kazanc əldə edən tipik karyerist və rüşvətxordur. Sona xanıma yaltaqlanaraq "Ülyahəzrət" deməsi, pulu görən kimi "humanist" maska taxması onun internal boşluğunu və mənəvi qarayaxalığını göstərir. 

 Sadizm və vandalizm simvolu Poqosyan ölüm düşərgəsinin həkimidir amma sanki ölüm simvoludur və can başla bu görəvi yerinə yetirir. Dünyada heç bir sərhəd tanımayan həkim hümanizmi bu cəlladın simasında türkdən intiqam almaq kimi təcəlli edib. O rəhimsiz, mərhəmətsiz olduğu qədər də qorxaq və zavallıdır. 

“Nargin:Saralmış kədər” sənədli romanı insan təbiətinin iki əks qütbünü – mərhəməti və qəddarlığı qarşılaşdırır. Müharibənin sadəcə cəbhədə deyil, insanların ruhunda açdığı sağalmaz yaralar, milli qardaşlıq duyğusunun isə ən qaranlıq zülmətdə belə bir ümid işığı yandırması əsərin təməl psixoloji leytmotivini təşkil edir. Qəhrəman türk dğyüşçüləri-Vecihi Hurküş, Bahəddin, Yusuf bəy, Sarıqamış savaşına qatılan azərbaycanlıların simvolu yaralı Sərdar, general Yaqub bəy kimi məğlubedilməz ruh və milli qürur abidəsi, kapitan Süheyl İzzət bəy ümid daşıyıcısı kimi oxucunun gözlərində canlanır. Yaşlı və təcrübəli zabit Süheyl bəy əsirlər arasında intizamı və qaçış planının gizliliyini qoruyur. Xatirələri ilə baş-başa qalanda kövrəlsə də ("Mən gedirəm, Nargin, ya öləm, ya qalam..."), son ana kadar ümidini itirmir. O, əsarətin her şeyi ala biləcəyini, lakin azadlıq iradəsini və ümidi əlindən ala bilməyəcəyini sübut eden qəhrəmandır. Ağır fiziki işgəncələrə, aclığa və ümidsizliyə rəğmən, Yaqub bəyin duruşunda və baxışlarında "əzaba təslim olmak istəməyən" bir qürur var. O, Osmanlı ordusunun zabit şərəfini və mənəvi bütövlüyünü adanın zülmətində belə qoruyub saxlayır. Yaqub bəy məğlub və əsir düşmüş bir ordunun nümayəndəsi olsa da, ruhən sınmayan, xalqının qeyrətini daşıyan kollektiv bir xarakterdir. Onunla Sona xanımın qarşılaşması iki qardaş xalqın ən ağır şəraitdə belə bir-birini tapmasının, birbirinə sarılmasının emosional zirvəsidir. Duyğuların son akkordu, qəlblərin çat verdiyi bu an iki qardaşın bir can olduğu tarixi bir nöqtədir. 

“Nargin:Saralmış kədər” sənədli romanın diqqət çəkən ən cəsarətli məqamlardan biri obrazların dili ilə Osmanlı hərbi idarəçiliyinə, xüsusən də hərbi nazir Ənvər paşanın qərarlarına verilən tənqidi qiymətdir: "Elə aləmi bir-birinə vuran Ənvərdi. Heç nəyi düzgün hesablamadı, ordunu verdi bada..." Bu replika təsadüfi deyildir; müəllif milli sevgini kor-koranə təbliğata çevirmir, Sarıqamış fəlakətinin və hərbi uğursuzluqların doğurduğu acı həqiqəti qəhrəmanların dili ilə etiraf edir (əslində romanın Ənvər paşa ilə bağlı olan fəsli ayrıca bir araşdırma mövzusudur). Lakin bu tarixi etiraf dərhal daha uca bir ideyaya bağlanır: səhv edən liderlər və paşalar ola bilər, amma darda qalan millət qardaşdır və Azərbaycan hər nəyin bahasına olursa-olsun o fəlakətin altından çıxmaq üçün qan qardaşına dayaq durmalıdır. Romanda yer alan olaylar çox dinamiktir: bir tərəfdə Ənvər paşanın hərbi fəsadları və çarizmin qəddar əsir düşərgələri, digər tərəfdə un qiyamları, erməni təxribatları və iranlı tacirlərin donosları. Bakının erməni sakinlərinin əl təşkilatlanması, Bakını yerli əhalidən təmizləmək bu neft şəhərini ələ keçirmək üçün başlanan gizli siyasi fəaliyyətlər. Və bütün bu çirkabın və təhlükənin ortasında öz sərvətini, nüfuzunu və canını qardaş xilası üçün girov qoyan Tağıyev, Muxtarov, Quliyev və Sona xanım kimi tarixi şəxsiyyətlər. Ötən məqalələrimdə də xüsusi ilə vurğulamışdım ki, “Nargin: Saralmış kədər” ənədli romanın tarixi yükü çox böyükdür: roman təkcə keçmişin kədərini deyil, hər cür təxribat və təhlükəyə rəğmən qardaşlıq şərəfini uca tutan bir millətin mənəvi dözümünü ədəbiyyat tariximizə həkk edir. “Nargin: Saralmış kədər” romanı tarixi yaddaşın ədəbiyyatda bərpası baxımından təkcə bədii nümunə deyil, həm də dövrün mürəkkəb siyasi relyefini güzgü kimi əks etdirən kamil bir sənədli-fəlsəfi abidədir. Tarixi roman janrının ən böyük gücü arxiv sənədlərinin quru soyuqluğunu insan taleyinin canlı ağrısına və mənəvi ucalığına çevirə bilməsindədir. I Dünya müharibəsinin Qafqaz cəbhəsində yaşanan ən sarsıdıcı humanitar fəlakətlərdən birini – türk hərbzadələrinin və kimsəsiz qalmış soydaşlarımızın taleyini sənədli nəsrin zirvəsinə qaldıran müəllif, zəngin bədii poetikası ilə tarixi hafizəmizə yenidən yazır. Əsər fərdi xeyriyyəçilik aktlarından bütöv bir xalqın təşkilatlanmış milli müqavimət və qurtuluş hərəkatına keçidini sənədlərin dili ilə bədii müstəviyə daşıyır. Romanın təhkiyə xətti milli təəssübkeşliyi təcrid olunmuş duyğu kimi deyil, imperiya təzyiqlərinə qarşı duran şüurlu davranış kimi təqdim edir. Odur ki, oxucu qarşılaşdığı obrazların hər birinin sadəcə tarixi bir şəxsiyyət kimi deyil, hem də xeyir ilə şər, humanizm ilə qəddarlıq, mərhəmət ilə biganəlik arasındaki əbədi mübarizənin canlı simvolları kimi qəbul edir. 

1915–1918-ci illərdə Nargin adası sadəcə çar Rusiyasının hərbi əsir düşərgəsi deyil, müstəmləkə altındakı bir xalqın milli vicdanının, kimlik böhranının və psixoloji dirçəlişinin ən kəskin laboratoriyasına çevrilmişdi. Bu dövrü dərindən anlamaq üçün həm adadakı əsirlərin əcəl mübarizəsini, maddi və mənəvi vəziyyətini, həm də sahildəki Azərbaycan cəmiyyətinin daxili dinamikasını sosioloji və psixoloji qatları ilə araşdırmaq lazımdır və vacibdir. Bu qanı, canı bir olan iki xalqın bərabər döyünən, zaman-zaman xəyanətlə (Çaldıran savaşı), ağlagəlməz tarixi cinayətlərlə (Boraltan körpüsü), müxtəlif siyasi gedişlərlə (Türkiye Ermanistan futbol maştında bayraqlarımızın zibil qutusuna atılması) iki bədəndə bir can olan Türkiyə Azərbaycan qardaşlıq münasibətini soyutmağa, araya nifaq salmağa çalışanlara tutarlı cavab üçün mütləq laqzımdır və bu yolda “Nargin: Saralmış kədər” sənədli romanı ən yaxşı bələdçi rolunu oynaya bilər.  

Qadağan Olunmuş Qardaşlıq 

1915-ci ildə Azərbaycan Çar Rusiyasının təbəəsi idi. Həmin Rusiya Osmanlı ilə müharibə aparırdı. Bakının yerlisi və torpağın sahibi olan müsəlman üçün Osmanlı əsgəri sadəcə xarici hərbçi deyildi. Həm dindaş, həm soydaş, həm də mənəvi xilaskar simvolu idi. Lakin çar qanunları ilə həmin əsgərə kömək etmək "vətənə xəyanət" sayılırdı. Cəmiyyət iki od arasında qalmışdı. Bir tərəfdə çar bürokratiyasının repressiya qorxusu, digər tərəfdə milli-mənəvi borcun ağırlığı, can qardaşının əzabları. Çürümüş və can verməkdə olan nəhəng Çar imperiyası sərt cəzalar ttbiq edir, eyni zamanda satqın və hiyləgər erməni təbəqəsindən istifadə edərək Bakı elitasından tutmuş əməkçisinə qədər rəhimsizcə məhv etməyə hazır görünürdü. Hər tərəfdən əli qolu bağlı, qarşısında sürgün və ölüm təhlükəsi hər an hücuma keçməyə hazır Bakı cəmiyyəti fövqəladə şəkildə özünütəşkilatlanma modelini şeçdi, inanılmaz bir birlik və cəsarət nümayiş etdirdi. Bu proses Azərbaycan cəmiyyətində vətəndaş cəmiyyətinin ilk rüşeymlərini formalaşdırdı. Qorxu səddi mərhələ-mərhələ qırıldı, xeyriyyəçilik sadəcə dini savab qazanmaq aktı olmaqdan çıxıb, siyasi-milli dirçəliş faktına çevrildi. Romanı səhifə-səhifə oxuduqca anlamaq olur ki, Nargindən başlanan yol 1918-ci il Bakının işğaldan azad olunmasının tarixi əsasını qoymuş oldu. Və burada iftixarla, qürurla 44 Günlük Vətən Müharibəsi tarixini, Qələbə Paradının Azərbaycan və Türkiyə Dövlət Başçılarının birgə qəbul etdiyi tarixi xatırlamamaq mümkün deyil. Dünyanı heyrətə salan bu tarixi hadisənin rüşymləri Nargin faciəsi dövründə qoyulmuşdu.  

 1915–1917-ci illərdə Nargin adasında yaşananlar 1918-ci ilin sentyabrında Bakının Qafqaz İslam Ordusu tərəfindən azad olunması prosesinin psixoloji bazasını hazırladı əslində. 1915-ci ildə Bakı zənginləri və xalqı Nargindəki Mehmetçiyə çörək, su və azadlıq verdi. 1918-ci ildə isə həmin ordunun digər qolları — Nuru Paşanın komandanlığındakı ordu Bakını bolşevik-daşnak qırğınından xilas etmək üçün xalq demişkən, qanını qaşığa qoydu. Çar Rusiyasının qadağaları fonunda Nargin əsirlərinə göstərilən yardım azərbaycanlıların özlərini təkcə "çar təbəəsi müsəlmanlar" kimi deyil, böyük bir türk dünyasının, vahid mədəni-tarixi coğrafiyanın ayrılmaz parçası kimi dərk etmələrinə səbəb oldu. Nargin dastanını araşdırarkən qarşılaşdığımız əsas elmi nəticə budur: Müstəmləkə zülmü altında yaşayan xalqın köməksiz əsirlərə sahib çıxması, əslində həmin xalqın öz daxili azadlığı və suverenliyi uğrunda atdığı ən cəsarətli addım və mənəvi üsyan idi.

“Ayağı Qaloşlu” Azərbaycan Qadını

Romanda Nargindən qaçış hərəkatının mərkəzində "Sona xanım" obrazı diqqət çəkir. Sona xanım Sarıqamış əsirlərinə yardım edən Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin fəal qadın üzvlərindən (Pəri xanım Topçubaşova və b.) biri idi və adaya humanitar yardım, dərman, geyim aparmaq adı ilə gizlicə siyahılar hazırlayır, Osmanlı ordusunun zabitlərini xilas etmək üçün planlar qururdu. Sona xanım – mərhəmət və iradənin harmonyası kimi oxucunun rəğbətini qazanır cəsarəti ilə onu heyrətə salır. Sona Hacıyevanın Nargin adasına təftişə getməsi romanın ən gərgin səhnələrindən biridir. Ada komendantının gözlədiyi "ayağı qaloşlu, çarşaflı arvad" stereotipi, qarşısında mükəmməl zadəgan ruscası ilə hökümlə danışan kübar qadını görərkən dağılıb tökülür. İmperialist təfəkkürün yerli müsəlman qadınına olan bəsit baxışını Sona xanım bir neçə saatlıq görüş ərzində alt-üst edir.  

Ağabala bəy (Ağabula Quliyev)və onun həmfikirlərinin də qorxulu yolda qətiyyət və cəsarətgöstərmələri, Zeynalabdin Tağıyevin başçılığı ilə yarım milyon qızıl pul toplanması faktı o dövrün azərbaycanlı ziyalılarının milli düşüncəsini və təşkilatlanma gücünü nümayiş etdirir.  

Dinlə Milli Təəssübkeşliyin Mükəmməl Harmoniyası

Azərbaycan dindarlarının da türk qardaşlarına kömək prosesinə qatılması bu işi ölkə miqyasına daşıyır. Görkəmli din xadimi, gəncəli Məhəmmədəli Pişnamazzadə yardımların toplanmasına şəxsən başçılıq edir. Türkiyədən gələn qaçqınların, xüsusilə də qadın və uşaqların yerləşdirilməsində böyük xidmətlər göstərir. Hətta bu məsələ ilə bağlı qəzetlərin birində elan verərək müsəlmanlardan xahiş edir ki, Ramazan bayramında ayrılan fitrə və sədəqələr toplanaraq Tiflisə göndərilsin. Çünki orda Ərdahan, Ərzurum və Qarsda gedən döyüşlərdə valideynlərini itirən uşaqlar üçün yetimlər evi açılacaqmış. Şeyxülislam qapı-qapı gəzərək varlıların evində bu yetimlərə yer axtarır. Türk qaçqınlarına, əsirlərə edilən yardımlar təkcə humanitar məna daşımır, bu həm də xalqımızın qan və din qardaşlarına olan əvəzsiz sevgisi və doğmalıq hissi idi. Dindarların bu hərəkata qoşulması və fəallıq göstərmələri -ruhani və ziyalı tərəfdaşlığı fitrə və sədəqənin milli dəyərə çevrilməsinə səbəb olur. Bu tarixi fakt cəmiyyətdə din xadimi obrazının təkcə moizə oxuyan şəxs olmadığını, birbaşa sosial xilaskar və humanitar missiyanın öncülü kimi çıxış etdiyini nümayiş etdirdi. Qeyd etməyi vacib bilirəm ki, bizim cəmiyyətdən fərqli olaraq ermənilər bu gedişdən çox məharətlə istifadə edirlər. Bunun sübutu isə onların kilsə rəhbəri və din xadimlərinin təşkilatlanma siyasətindəki yerləridir. Fitrə və sədəqənin Osmanlıdan gələn qaçqınlara, Qars və Ərdahan yetimlərinə yönləndirilməsi Azərbaycanda dinlə milli təəssübkeşliyin mükəmməl harmoniyasını yaratdı və məncə Nargin tarixindən sonra təəssüf ki belə bir həmrəylik-dinlə milli təəsübkeşliyin birliyinə şahid ola bilmədik. Nargin faciəsi dövrünün tarixi prosesi olaraq çarəsiz bir kədərin deyil, institutlaşmış və səfərbər olmuş mütəşəkkil xalq iradəsinin tarixi abidəsidir. Bu baxımdan Nargin faciəsinin təkrar təkrar öyrənilməsi və bu xalq iraqdəsinin şuuraltına yeridilməsi üçün tarix dərsliklərində geniş tədris olunması təhsildə ən vacib məsələlərimizdən biridir. 

Vacib qeyd: Qafqaz müsəlmanlarının səkkizinci, Azərbaycan Xalq Cümhuriyyətinin ilk Şeyxülislamı olan Ağa Əlizadənin çağırışından sonra Nargin və Bulla adalarında əsir saxlanılan türk əsgər və zabitləri üçün o vaxta qədər Bakıda görünməyən dərəcədə yardım toplanmışdı. Məscidlərdəki qutular qızıl üzük və sırğalarla, gümüş kəmərlərlə dolu idi. Pulla kömək edə bilməyən müsəlmanlar qan qardaşlarına ən qiymətli zinət əşyalarını yardım üçün gətirirdilər. Bu kampaniyaların təməlində isə, heç şübhəsiz ki, milli təəssübkeşlik və müsəlman həmrəyliyi dayanırdı. Beləliklə, o ağır günlərdə Azərbaycan xalqının qəlbi Nargində döyünürdü. Türk əsirlərinin oradakı faciəsi, dözülməz həyatı, üzləşdiyi işgəncələr millətin ruhunu sarsıtmışdı, qəlbini parçalamışd ancaq iradəsini və əzmini qıra bilməmişdi. Nargin adası xalqımızın tarixində təkcə ölüm düşərgəsi deyil, Azərbaycan və Türkiyə xalqlarının qan yaddaşındakı fədakarlıq və qardaşlıq dastanıdır. 

(Ardı var)

Kəbutər Hakverdi

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR