"Kardiologiya"da qalmaqal: Həkimlər direktoru məhkəməyə verdi - 80 yaşlı kardioloqa alkoqol ittihamı?

\"Kardiologiya\"da qalmaqal: Həkimlər direktoru məhkəməyə verdi - 80 yaşlı kardioloqa alkoqol ittihamı?

CƏMİYYƏT

Bugün, 12:05

Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda bir sıra elmi işçi və həkimlərin yaşla əlaqədar təqaüdə göndərilməsi ciddi narazılıqlara səbəb olub.

İşdən qanunsuz azad edilmə və idarəçilik ittihamları
Kontekst.az -a daxil olan məlumata görə, bir müddət əvvəl İnstitutun elmi işçiləri Elmira Həsənova və Dürdanə Zamanova yaşla əlaqədar təqaüdə göndəriliblər. Lakin adı çəkilən şəxslər yaş senzinin elmi işçilər üçün keçərli olmadığını bildirib və direktorun qərarına etiraz ediblər. Hər iki şəxs hüquqlarının bərpası üçün məhkəməyə üz tutub. Artıq ilkin məhkəmə instansiyalarının onların işə bərpası ilə bağlı qərar verdiyi bildirilir.
Məsələ ilə bağlı Kontekst.az -a danışan İnstitutun reabilitasiya şöbəsinin elmi işçisi Dürdanə Zamanova məlumatı təsdiqlədi. O, ilkin məhkəmə instansiyalarının onun işə bərpası ilə bağlı qərar verdiyini bildirdi:
"Lakin İnstitut rəhbərliyi bu qərardan Ali Məhkəməyə şikayət verib. Noyabrda Ali Məhkəmə məsələ ilə bağlı son qərarını verəcək".
Təqaüdə göndərilən digər elmi işçi Elmira Həsənova ilə əlaqə saxlamaq cəhdlərimiz isə faydasız oldu.
80 yaşlı kardioloqdan şok iddia: "Məni yaşa görə çıxara bilməyib alkoqol damğası vurdular"
Ən ağır maddə ilə işdən çıxarılan həkim isə ömrünün böyük hissəsini Kardiologiya İnstitutuna həsr edən, bu sahədə geniş təcrübəsi olan kardioloq Səidə Rəcəblidir. İddialara görə, direktorun onu öz xoşu ilə təqaüdə göndərmək istəyi baş tutmayıb. Buna görə də 80 yaşlı təcrübəli həkim Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə işdən çıxarılıb.
Məsələ ilə bağlı məhkəməyə müraciət edən Səidə xanım Kontekst.az -a açıqlamasında bunları dedi:
"Mən orta məktəbi medalla, institutu fərqlənmə diplomu ilə bitirmişəm. İnstitutdan sonra məni rayona göndərmədilər, Cahangir Abdullayevin yanında saxladılar, ordinaturaya. Hansı ki, bu institutu indi Cahangir müəllimin adını daşıyır. Onunla bərabər nə qədər məqalələrim var. Yəni, məni İnstitutda hamı tanıyır. Məni o maddə ilə işdən çıxarmaq, o adı mənə qoymaq... Bu, mənim üçün ölümdən də betərdir. Necə yəni narkotik, alkoqol? Mən ancaq sizə bunu deyirəm. Başqa heç nə deməyəcəm. Mən özüm haqqında sizə qısa məlumat verdim. İnstitutda hamıdan soruşun.
Hər gün səhər, günorta, axşam namaz qılan, oruc tutan, Həcc ziyarətində olan adamı alkoqol maddə ilə işdən çıxarmaq nə deməkdir? Məndən qabaq iki nəfəri yaşa görə işdən çıxardı. Onlar məhkəməyə verib işə qayıtdılar. Görəndə ki, yaş məsələsi keçmir, o "möhürü" mənim alnıma vurmaq Allahdan qorxmamaqdır. Allah özü görür. Bir çıxış yolu tapmayanda bu cür üsullara əl atırlar. İnstituta gedin, soruşun, deyin, Səidə doktoru necə tanıyırsınız? Alkoqol heç mənim dilimə də dəyməyib ki, deyim, onun dadı-tamı nədir. Nə bilim, Allahı bilsin, özü bilsin. Məhkəmədə Quran gətizdirib and içəcəyəm. Mən orada şöbə müdiri işləmişəm, ömrü boyu xəstələrə baxmışam. Mənim deyəcəklərim bu qədər. Haqqımda kimdən soruşursunuzsa, soruşun".
S.Rəcəbli İnstitutun direktoru Gülnaz Dadaşovanı tibbi personalı qanunsuz və saxta sənədlərə imza atmağa məcbur etdiyini də vurğulayıb:
"İnstitutda həkimlər nəyəsə etiraz edəndə onların əleyhinə akt tərtib edir, "sanitarka"nı tutub deyir, bura qol çək. Belə iş olar?"
S.Rəcəbli də hüquqlarının bərpası üçün məhkəməyə müraciət edib.
Kardiologiya İnstitutunun rəsmi cavabı
Səsləndirilən ittihamlarla bağlı Kontekst.az-ın sorğusuna cavab olaraq, Kardiologiya İnstitutundan bildirdilər ki, Səidə Qasım qızı Rəcəblinin əmək münasibətlərinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə nəzərdə tutulan əsaslar çərçivəsində xitam verilib:
"Qeyd olunan xitamın sərxoş vəziyyətdə işə gəlmə və ya iş yerində alkoqol, narkotik vasitələr və digər bu qəbildən olan maddələrdən istifadə ilə bağlı olduğu barədə məlumat doğru deyil. Əməkdaşın 82 yaşı var, iş qabiliyyəti məhdudlaşıb, elmi adı və elmi dərəcəsi yoxdur. İşlədiyi müddət ərzində elmi katib və elmi işlər üzrə müavinin verdiyi tapşırıqları vaxtında və lazımi səviyyədə yerinə yetirə bilməyib. Bununla bağlı bir neçə dəfə şifahi və yazılı xəbərdarlıq edilib.
Elmira Həsənova və Dürdanə Zamanova yaş həddi ilə bağlı işdən azad ediliblər. Onların da elmi adları və elmi dərəcələri yoxdur. Qeyd edək ki, Elmira Həsənova həkimlərin sertifikasiya imtahanından iki dəfə ardıcıl olaraq keçə bilməyib.
Hazırda bununla bağlı məhkəmə araşdırmaları davam edir, yekun hüquqi qiymət məhz məhkəmə tərəfindən veriləcək. Məhkəmənin səlahiyyətinə hörmətlə yanaşaraq, prosesin sonunu gözləməyi tövsiyə edirik.
Bir daha qeyd edirik ki, hər üç əməkdaşla bağlı əmək münasibətlərinə xitam verilməsi qüvvədə olan əmək qanunvericiliyinin tələbləri və mövcud əmək münasibətləri çərçivəsində həyata keçirilib".
Mətbuatda yayılan digər iddialar
Qeyd edək ki, son illər Kardiologiya İnstitutu rəhbərliyinin adı müxtəlif qalmaqal və neqativ hallarda çəkilib. Belə ki, mətbuatda Gülnaz Dadaşovanın bir sıra işçiləri işdən qanunsuz azad etdiyi, institutda bu vəzifəyə təyin olunmasının 5 illiyini təntənəli şəkildə qeyd etdiyi, İnstitutun yaradılmasının 44 illiyində onun 45 illik yubileyini keçirdiyi, kollektivdə intriqalar yaratdığı, işçilərə yerli-yersiz izahatlar yazdırdığı və onunla hesablaşmayan nüfuzlu alim və həkimləri işdən uzaqlaşdırdığı, qanunsuz attestasiyaya cəhd etdiyi və s. məsələlərlə bağlı yazılar dərc olunub.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR