"Biz mətbuatın ən “bərkgedənləri” ilə işləyirik” - deyən İmişli klubu...

\"Biz mətbuatın ən “bərkgedənləri” ilə işləyirik” - deyən İmişli klubu...

İDMAN

Bugün, 00:06

Portuqaliyalı keçmiş baş məşqçinin sayəsində ötən mövsümü birtəhər başa vuran “İmişli” azarkeşlərin istəyini yerinə yetirərək klubun loqosunu tezbazar dəyişdirib.

Mia.az bildirir ki, sosial şəbəkə hesabında 2 izləyicisinin “bu nə loqodu, dəyişin”, şərhinin ardından heç 2 gün keçməmiş, ya təsadüfdən, ya zərurətdən, klub gedib özünə təzə loqo düzəldib. Bu günlərdə mətbuat günüylə əlaqədar tədbirlərə başı qarışan media adamlarını da işindən-gücündən edib, hətta bəzilərinə məxsusi dəvətnamə göndərərək çağırıb yığıblar təzə loqonu təqdimat mərasiminə. Adını da qoyublar “rebrendinq”.

Mübarəkdi, əvvəla.

İkincisi, elə dərin mənalı, zamana və futbol dünyasına bəşəri çağırışları özündə əks etdirən loqo da deyil, bir şir başıdı, vəssalam. Nə lüzum vardı bu boyda təntənəyə?

Ciddi idman institutlarında loqo və brend dəyişikliyi aylarla davam edən marketinq araşdırmaları, peşəkar dizayner komandalarının işi və dərin vizual analizlər nəticəsində ərsəyə gəlir. “İmişli”nin deyəsən, qəfildən yadına düşüb ki, gedib loqonu dəyişdirsin. Loqo hər bir klubun vizual kimliyi olduğuyçün əslində mənim haqqım var ki, bu “yeniliy”i futbol ictimaiyyətinin zövqünə təhqir kimi yozum.

Hələ harada oynayacağı bəlli olmayan, stadion problemi həll olunmayan klubun belə qeyri-ciddi məsələlərə bu qədər vaxt və resurs ayırması səmərəsiz idarəçiliyin nəticəsidi. Mənim “İmişli”dən bundan yüksək gözləntilərim də yoxdu.

Hələ keçən mövsümün sonunda klubun rəhbər şəxslərindən birinə “media ilə əməkdaşlığınız zəifdi”, - deyəndə, cavab vermişdi ki, “yox, biz mətbuatın ən “bərkgedənləri” ilə işləyirik”.

O vaxtdan bəri mən bu bəsit idarəçilərdən korporativ mədəniyyət və peşəkar idman marketinqi gözləmirəm. Tələsik qəbul edilən qərarları, lağlağı mövzusuna çevrilən vizual kimliyi və iki günün içində dəyişən idarəçilik prinsipləri ilə “İmişli”nin böyük futbolda uğur qazanması mənə görə mümkün deyil.

Klub bu movsüm Yevlaxda oynayacaq. Bundan əvvəl Qubada idilər. Lap əvvəl Şamaxıda.

Bu loqo şousu ilə klub bizim diqqətimizi hansı ciddi məsələlərdən yayındırmaq istədi görəsən?

 Zülfiyyə Mustafayeva

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR