BERLİNDƏN VERİLƏN MESAJLAR... - TƏHLİL

BERLİNDƏN VERİLƏN MESAJLAR... - TƏHLİL

SİYASƏT

Bugün, 16:41

Prezident İlham Əliyev iyulun 20-də Almaniya Federativ Respublikasına rəsmi səfər edib. Dövlət başçısını burada rəsmi şəxslər qarşılayıb. Prezident İlham Əliyev iyulun 21-də Berlində Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüş keçirib.

Prezidentin indiki məqamda Almaniyaya səfəri diqqət çəkir. Rəsmi Berlin ilə Bakı arasında münasibətlər müsbətdir. Son illərdə isə iki ölkə arasında siyasi, iqtisadi, diplomatik və ticari əlaqələr sürətlə inkişaf edir. Bakı Berlinin əhəmiyyətini yaxşı başa düşür. Bundan başqa, Almaniya üçün də Azərbaycan etibarlı tərəfdaş və Avropanın enerji təhlükəsizliyində mühüm partnyordur.
Təsadüfi deyil ki, Prezident İlham Əliyev iyulun 20-də Berlində Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb. Görüşdə Azərbaycan və alman iş adamlarının, həmçinin şirkətlərinin birgə fəaliyyətə marağının artdığı vurğulanaraq, bu cür əməkdaşlığın institusionallaşdırılması yolları müzakirə edilib.
Bu məqam xüsusi diqqət çəkir. Belə ki, rəsmi Bakı bu tip səfərləri və görüşləri həm yeni investisiyaların cəlbi, həm də əməkdaşlıq perspektivlərinin inkişaf etdirilməsi baxımından mühüm fürsət hesab edir. Alman şirkətləri dünyanın ən ixtisaslaşmış və nüfuzlu şirkətləri sırasındadır. Azərbaycan həm işğaldan azad olunmuş ərazilərin bərpası, həm də region üçün mühüm əhəmiyyət daşıyacaq yeni enerji layihələrinin icrası baxımından bu şirkətlərlə, eləcə də ümumilikdə rəsmi Berlinlə əməkdaşlıqda maraqlıdır.
Tərəflər arasında ənənəvi və alternativ energetika üzrə mövcud potensial, Orta Dəhliz daxil olmaqla bağlantı, nəqliyyat və logistika sahələrində imkanlar barədə fikir mübadiləsi aparılıb. Bakı hər nə qədər yeni trendlərə uyğun alternativ enerji layihələrini inkişaf etdirsə də, ənənəvi enerji resursları baxımından da mühüm təşəbbüslərə malikdir. Xüsusən Avropanın enerji təhlükəsizliyi məsələsində, Bakı üzərinə düşən payın çəkisini artırmaq, daha dəqiq desək, Avropaya nəql edilən neft və qazın Almaniyaya qədər çatdırılması istiqamətində Berlinin dəstəyini almaq istəyir. Bu ölkənin günü-gündən inkişaf edən sənayesinin enerjiyə olan tələbatını Bakı yaxşı bilir. Bu mənada, əməkdaşlıq imkanlarını genişləndirmək üçün səylər göstərir.
Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə görüşündə iki ölkə arasında siyasi və diplomatik əlaqələrin daha da inkişaf etdirilməsi yolları müzakirə olunub. Ümumiyyətlə, Rusiya–Ukrayna müharibəsi və İran–ABŞ arasında gərginlik davam etdikcə Vaşinqtonun Avropa ölkələrinin hərbi xərclərini artırması istiqamətində çağırışları diqqət çəkir. Belə olan təqdirdə Almaniya uzun illərdən sonra hərbi sahəyə daha çox diqqət ayırır və ordusunu gücləndirir. Bakının güclənən və Avropa siyasətində hər zaman siyasi çəkisi ilə seçilən Berlin ilə yaxınlaşması, əməkdaşlığı inkişaf etdirməsi gələcək geosiyasi konfiqurasiyalar baxımından mühüm əhəmiyyət kəsb edir.
Bakı indiki məqamda həm mövcud böyük güclərin aktivliyini və hərəkətlərini yaxından izləyir, həm də balans siyasəti əsasında fərqli xarici siyasət həyata keçirir. Bundan başqa, bir zamanlar aparıcı supergüc olub, son illərdə isə yenidən geosiyasi səhnədə fəallaşan Almaniya kimi ölkələrlə də təmaslarını sıxlaşdırır. Hesab edirəm ki, bu, Azərbaycanın xarici siyasətdə izlədiyi uzaqgörən və praqmatik xəttin göstəricisidir.
Turan Rzayev
MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR