Zaur Mikayılov: "Əsas hədəf..."

Zaur Mikayılov: \"Əsas hədəf...\"

CƏMİYYƏT

Bugün, 12:41

"Əsas hədəf Azərbaycanda hər kubmetr sudan daha yüksək məhsuldarlıq əldə etməkdir".

Mia.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov "Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində keçirilən Pambıqçılığın inkişafı məsələlərinə dair müşavirədə deyib.

Onun sözlərinə görə, bu gün qarşıda duran əsas vəzifələrdən biri təkcə su təminatını artırmaq deyil, hər kubmetr sudan daha yüksək məhsuldarlıq əldə etməyə əsaslanan iqlim dəyişikliklərinə davamlı kənd təsərrüfatı modelinin formalaşdırılmasıdır: "Bu baxımdan aqrar sektorda ənənəvi selləmə suvarma üsullarından mərhələli şəkildə imtina olunması, damcı və pivot suvarma texnologiyalarının, eləcə də lazer hamarlama və tirələrə ayırma kimi müasir aqrotexniki üsulların tətbiqinin genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Müasir suvarma texnologiyalarının tətbiqi torpaqların şorlaşmasının qarşısını alır, məhsuldarlığı əhəmiyyətli dərəcədə artırır, su resurslarından daha səmərəli istifadəyə imkan yaradır və investisiyaların iqtisadi səmərəliliyini yüksəldir".

Z.Mikayılov qeyd edib ki, əsaslı təmir işləri çərçivəsində ölkə üzrə 55 kilometrdən artıq kanal beton üzlüyə alınıb, 10,4 kilometrdən çox boru kəməri yenilənib, 2 813 metr daş-beton bənd əsaslı təmir edilib, 204 subartezian quyu isə bərpa olunub: "Cari təmir planına uyğun olaraq isə 6 378 subartezian quyusunda, 842 nasos stansiyasında və 2779 hidrotexniki qurğuda təmir işləri aparılıb. Eyni zamanda, 31 milyon kubmetr həcmində suvarma kanalı və 10 milyon kubmetrə yaxın kollektor-drenaj şəbəkəsi lildən təmizlənib. Bundan əlavə, 10 milyon kubmetrə yaxın çay məcrasında tənzimləmə işləri yerinə yetirilib".

O vurğulayıb ki, su ehtiyatlarının səmərəli idarə olunması sahəsində dövlət nəzarətinin gücləndirilməsi, monitorinq mexanizmlərinin təkmilləşdirilməsi və qanunvericiliyin tələblərinə əməl olunması mühüm əhəmiyyət daşıyır: "Bu məqsədlə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti yaradılıb. Xidmətin əsas fəaliyyət istiqaməti su ehtiyatlarından düzgün, səmərəli və qanunvericiliyin tələblərinə uyğun istifadəyə, eləcə də onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsidir. Bu çərçivədə su mənbələrindən istifadənin müəyyən edilmiş qaydalara uyğun təşkili, su ehtiyatlarının müxtəlif növ çirklənmələrdən qorunması, ekoloji tarazlığın təmin olunması, su limitlərinə riayət edilməsi və su itkilərinin qarşısının alınması əsas prioritet istiqamətlərdəndir"(Report).

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR