"Əgər rəqibləri Paşinyanın üzərinə gəlməsə, bu dəfə o..." - Təhlil

\"Əgər rəqibləri Paşinyanın üzərinə gəlməsə, bu dəfə o...\" - Təhlil

SİYASƏT

08.06.2026, 23:37

Ermənistanda parlament seçkiləri bitdi. Seçki bülletenlərinin 100 faizi sayıldı və Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” partiyası 49,81 faiz səs toplayaraq qalib gəldi.

Bununla belə, Ermənistan parlamentində 3 siyasi qüvvə olacaq: “Vətəndaş Müqaviləsi”, “Güclü Ermənistan” və “Ermənistan” bloku.
Qagik Çarukyanın “Çiçəklənən Ermənistan” Partiyası 3,99 faiz səs toplayaraq parlamentdən kənarda qalıb. Mandatlar isə belə paylanacaq:
Vətəndaş Müqaviləsi (Nikol Paşinyanın partiyası) – 64 mandat
Güclü Ermənistan (rusiyalı oliqarx Samvel Karapetyanın partiyası) – 29 mandat
“Ermənistan” bloku (Robert Köçəryanın bloku) – 12 mandat.
Paşinyanın qələbəsi əslində sürpriz olmadı. Bununla belə, “Vətəndaş Müqaviləsi” partiyasının 49,81 faizdən çox səs toplaması gözlənilirdi. Məsələ ondadır ki, 64 mandat N.Paşinyana təkbaşına hökumət formalaşdırmaq və adi qanunları qəbul etmək imkanı verir. Lakin Paşinyanın hədəflərinə çatması üçün bu nəticə o qədər də yaxşı deyil.
Məsələ ondadır ki, 29 mandatlı Samvel Karapetyan düşərgəsi ilə 12 mandatlı Robert Köçəryan bloku birlikdə hərəkət edərsə, parlamentdə kifayət qədər güclü müxalif platforma formalaşa bilər. Bu, xüsusilə aşağıdakı məsələlərdə Paşinyan üçün əlavə çətinliklər yarada bilər.
Birincisi, Konstitusiya dəyişikliyidir. Konstitusiya dəyişikliyi məsələsi seçkilərdən əvvəl də gündəmdə idi. Ümumiyyətlə, bu məsələ həm daxili səbəblərdən, həm də regionda formalaşan yeni reallıqlar kontekstində Paşinyana lazımdır.
Təbii ki, məsələnin bir də Azərbaycan tərəfi var. Rəsmi Bakı sülh sazişinin tam imzalanması kontekstində Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə əlaqələndirilən müddəaların dəyişdirilməsini hələ də vacib şərt olaraq görür.
İkinci məsələ isə Azərbaycanla sülh sazişi və Türkiyə ilə normallaşma prosesidir. Samvel Karapetyan və Robert Köçəryan ortaq mövqe nümayiş etdirsələr, hər iki məsələ də parlament, media vasitəsilə tənqid və təzyiq edilə bilər. Xüsusilə Köçəryan düşərgəsi uzun illərdir bu məsələlərdə daha sərt mövqe nümayiş etdirir. Bənzər tendensiya Avropa İttifaqı və ABŞ ilə münasibətlərin inkişaf etdirilməsi, Rusiya orbitindən uzaqlaşma məsələsində də müşahidə edilə bilər.
Göründüyü kimi bir çox məsələ Samvel Karapetyan ilə Robert Köçəryan ortaq mövqe nümayiş etdirib-etdirməyəcəyindən asılı olacaq. Böyük ehtimalla, bu iki siyasi blok güclərini birləşdirməyə çalışacaq. Lakin Paşinyanın da passiv qalacağını düşünmürəm.
Nikol Paşinyan ilk növbədə rəqiblərinin hansı taktikanı seçəcəyini gözləyəcək. Əgər Karapetyan və Köçəryan hakimiyyətə qarşı sərt qarşıdurma xəttini seçsə, Paşinyan da hüquqi vasitələrdən sonadək istifadə edəcək. Hətta bu iki şəxsdən birinin, yaxud hər ikisinin həbsi baş tuta bilər. Prinsipcə, bu yeni bir şey deyil.
Paşinyan indiyədək dəfələrlə göstərib ki, rəqiblərinə qarşı korrupsiya, qanun pozuntuları və digər hüquqi iddialar üzərindən təzyiq mexanizmlərini işə salmaqdan çəkinmir.
Əgər rəqibləri Paşinyanın üzərinə gəlməsə, bu dəfə o, “parçala və hökmranlıq et” siyasətinə əl ata bilər. Daha dəqiq desək, Paşinyan rəqiblərinin vahid cəbhədə birləşməsinə imkan verməmək üçün onların arasında fikir ayrılıqlarını dərinləşdirə bilər. Çünki Samvel Karapetyanla Robert Köçəryanın maraqları tam üst-üstə düşmür və hakimiyyət də məhz bu ziddiyyətlərdən istifadə etməyə çalışacaq.

Turan Rzayev

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR