"Mənim nəslimdən demək olar ki, bir Elçin qalıb, vəssalam" - Yazıçı Anardan MÜSAHİBƏ
13-03-2024 [13:49]
Martın 14-də Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın 86 yaşı tamam olacaq.
Mia.az xəbər verir ki, “Yeni Müsavat” bu münasibətlə Anar müəllimdən müsahibə alıb.
Müsahibənin əvvəlini buradan oxuya bilərsiniz:
Həmin müsahibənin ardını təqdim edirik:
– İllər ərzində çoxları niskillə köçdü bu dünyadan. Bu mənada özünüzü xoşbəxt hesab edirsiniz?
– Əlbəttə. Mənim xoşbəxtliyimdir ki, doğma torpaqlarımızın tam azad olunduğunu gördüm.
– Anar bəy, kabinetiniz həm də muzey təsiri bağışlayır. Azərbaycanın, Türk dünyasının, Cənubi Azərbaycanın əksər ədəbiyyat xadimlərinin, şair-yazıçılarının, həmçinin tarixi şəxsiyyətlərinin şəkilləri ilə bəzədilib.
– (Məmnunluqla gülümsəyir. Əli ilə göstərir) Nərimanov, Rəsulzadə, Pişəvəridir. Yuxarıda da Zərdabi, Səttarxan, Xiyabani, Əlimərdan bəy Topçubaşov, İsmayıl bəy Qaspralıdır.
– Başınızın üstündə Nizami Gəncəvinin əksi olan nəfis xalçanın da yəqin tarixçəsi var…
– Gəncədə dostum var, Şərif… O, heykəltəraş və xalçaçıdır. Mənə şəxsən bağışlamışdı, amma gətirdim, buradan asdım.
– Kabinetinizin divarlarınızda çatlar, qabarcıqlar da görürəm. Yazıçılar Birliyini kiməsə etibar etmədiyiniz kimi, sanki bu kabinetin təmirini də etibar edə biləcəyiniz usta yoxdur. Belə demək olarmı?
– Prezident vəsait ayırdı, buranı təmir elədilər. Amma gərək bir də təmir oluna. Bu barədə fikir var, amma adam dövləti yükləmək istəmir. Şabrandakı Yaradıcılıq Evini tikdilər. Deyir “üz verəndə astar istəməzlər”. (Gülür) Dövlətin Qarabağda nə qədər xərcləri var. Yaşayırıq da… Bunu da məndən sonra gələcək sədr təmir eləyər, Allah qoysa…
– Prezidentin sizə münasibəti həmişə yaxşı olub.
– Bəli, həmişə yaxşı olub.
– Əsərlərinizi bilgisayarda yazırsınız?
– Kompüter olmasa, çox çətin olar. Çünki əllə yazanda kiril, latın hamısı qarışır bir-birinə. Amma kompüterdə kirillə yazıram, latın qrafikası ilə çıxır. Kirilə alışmışıq da, nə gizlədim.
– Hazırda hansı əsər üzərində işləyirsiniz?
– Özündən demək olmasın, hazırda 5 kitab hazırlayıram. Hamısı böyük kitablardır. Bəziləri köhnə yazılarımdır, onları işləmişəm. Bəziləri təzə yazılarımdır. Dörd cildliyim çıxıb, “Söz dünyası”. Dədə Qorquddan tutmuş, ta müasir yazıçılara qədər. Onun 5-ci cildini hazırlayıram. Ondan sonra “60-cılar və 60-cı illərin ədəbi həyatı” adlı kitab hazırlayıram. “Ədəbiyyat zamanın güzgüsüdür” kitabında mənim məqalələrim toplanacaq. Bir də ki, mən vaxtilə yazılan 3 povestimə təzə hekayələr əlavə etmişəm. İndi həmin köhnə povestlərlə bir yerdə həmin hekayələri çap etmək istəyirəm.
– Eyni vaxtda işləmək çətinlik yaratmır?
– Çətinlik belədir ki… Bir qovluqda olan materialları itirmişəm. Evi də ələk-vələk eləmişəm, tapa bilmirəm.
– Anar bəy, Zəfər ədəbiyyatımızın, qələbələrimizə aid əsərlərimizin yaranması məsələsində çox gecikmirik ki?
– Yox. Biz bir kitab buraxdıq, “Qarabağ dastanı 30 ilin həsrəti, 44 günün zəfəri”. Orada elə zəfər münasibətilə yazılmış məqalələr, şeirlər, hekayələr var. Mənim də bir neçə məqaləm var orada. “Yolumuz Şuşayadır” kitabını da biz buraxdıq. Beləliklə, Qarabağ zəfəri ilə bağlı hələlik iki iri kitab nəşr etmişik. İlk mərhələdə publisist yazılar, şeirlər qabağa düşür. Böyük roman üçün bir az vaxt lazımdır da. Özü də yazanda zəfər eyforiyası ilə yazmaq lazım deyil. Mənə elə gəlir ki, əsərin içində Xocalı soyqırımı da olmalıdır… Bu müsibətdən sonra başıaşağı yaşayırdıq, hər yerdə bizə baxırdılar, deyirdilər öz torpaqlarını veriblər, o acı-ağrı da olmalıdır yazılmış əsərdə, amma axırı zəfər qüruru ilə qurtarmalıdır. Əgər ancaq zəfər eyforiyası ilə yazsaq, yarımçıq əsər olacaq.
– Razıyam. Məsələn, sovet dövründə çəkilmiş, sizin də ssenari müəllifi olduğunuz filmlər uzun illərdir yaşayır. Bu mənada zəfərimizə aid və uzunömürlü, həmçinin dünya səviyyəsində qəbul olunacaq filmlərin də çəkilməsinə ehtiyac var. Sizin bu haqda nə kimi təklifiniz var?
– Məsələn, məmnuniyyətlə elə bir ssenari yazardım. Bədii də yox, sənədli bir film üçün. Ta 19-cu əsrdən bu günə qədər, ermənilər bizim başımıza nə oyun gətiriblər. Qribayedov yazır ki, ermənilər burada yerləşən kimi başladılar müsəlmanları sıxışdırmağa. 1905-ci ildə ermənilər nələr etdilər, 1918-ci ildə Şaumyan hökuməti nələr etmədi. Elə bir mart qırğını böyük müsibət idi. Mixail Rommın “Obıknavennıy faşizm” sənədli filmi var. Özü də kadr arxasından danışır. Faşizmin bütün fəsadlarını göstərir. Hitlerin iş başına gəlməyi, paradlar, kitabların yandırılması, müharibə, konslagerlər… Bütün faşizmin anatomiyasını göstərir. Bax, erməni faşizminin bütün anatomiyasını göstərən sənədli film çəkmək olar və onu müxtəlif dillərdə bütün dünyaya çıxara bilərik. Mən bunu eləmək istərdim.
– Yuxarılara təklifiniz olubmu?
– Yox, üç ssenarim yazılıb, qalıb, çəkilmir. Təzəsini hansı ümidlə yazım ki, çəkiləcək?
– Son illərdə Mədəniyyət Nazirliyində dəyişikliklər oldu…
– Üç nazir dəyişdi, amma hələ ki bir şey yoxdur. 12 ildir mənim filmlərim çəkilmir. Mənim iki ali təhsilim var, həm rejissor, həm ssenarist kimi bitirmişəm. Hər halda, filmlərim də pis deyil ki, hər həftə heç olmasa bir kanalda göstərirlər. Amma 12 ildir kinostudiyanın qapıları mənim üzümə bağlıdır.
– Özünüz də Kinematoqrafçılar İttifaqının üzvüsünüz, elə deyilmi?
– Üzvüyəm. Hətta o vaxt Rüstəm (İbrahimbəyov-E.P.) xahiş elədi, katib də oldum.
– Rasim Balayev sədr seçildi…
– Bu dəfə də məni İdarə Heyətinə salıblar.
– Yeni heyət kinomuzu irəli apara biləcəkmi?
– Yox. Onların imkanları yoxdur. Kinostudiya Mədəniyyət Nazirliyinə baxır. Ya da ayrı-ayrı prodüsserlər var. Kinoittifaqın ancaq mənəvi təsiri ola bilər.
– Öz filmlərinizə baxırsınızmı?
– Bəzən baxıram. Heyif ki, bəzi filmlərimi çox göstərirlər, bəzilərini az. Məsələn, “Dantenin yubileyi”ni çox az göstərirlər. “Dantenin yubileyi”ni teatrda qoydular, məni qəzəbləndirən bir tamaşa oldu. Getdim, baxdım, gördüm psixoloji əsəri “anekdot”a döndəriblər. Dedim mənim adımı oradan çıxardın, nə premyeraya, nə də başqa heç bir tamaşaya gəlməyəcəyəm! Dedim ki, heç olmasa “Dantenin yubileyi”ni TV kanallarında göstərsinlər, camaat görsün, əsərin məzmunu budur. (Çox maraqlıdır, müsahibədən iki gün sonra “AzTV “Dantenin yubileyi”ni yayımladı. Anar müəllimə zəng edib, gözaydınlığı verməyi də unutmadıq – E.P.) Gedib baxsanız, görərsiniz ki, tamaşa versiyasında o əsərdən əsər-əlamət qalmayıb.
– İcazəniz olmadan necə bu addımı atıblar? Müəllif hüquqlarının pozulması deyilmi?
– Rejissor cavan oğlandır. Rus Dram Teatrında da mənim “Telefon” hekayəmi qoymuşdu. Gedib baxdım, yaxşı idi, özünü də təbrik elədim. Sonra gəldi ki, mən “Dantenin yubileyi”ni tamaşaya qoymaq istəyirəm. Dedim axı bu, povestdir, pyes deyil. Bildirdi ki, yox, mən istəyirəm bunu özüm səhnələşdirəm. Dedim onda göstər mənə. Tamaşaya getdim, baxdım, gördüm bilirsən necə eləyib. Özü də deyir qroteskdir. Deyirəm qrotesk ayrı janrdır axı, psixoloji əsəri sən “kapustik” eləmisən. Afişa da beləydi: Anar, “Dantenin yubileyi”. Dedim mənim adımı çıxarın, adım olmasın! Sonra yazdılar: “Dantenin yubileyi”, Anarın povesti əsasında. Deyirlər rejissor çox istedadlı oğlandır. Dedim çox sağ olsun, bəlkə də lap dahiyanə tamaşadır, amma mənim əsərim deyil.
– Anar bəy, qızınız Günel xanım yazıçıdır, diplomatiya sahəsində çalışan oğlunuz Tural bəy də həmçinin. Bilirik ki, nəvəniz də sizin yolunuzu davam etdirir. Bəs nəticəniz necə?
– Nəticəm Murad hələ 7 yaşındadır. (Gülür) Mən bağda işləyəndə gəlib soruşur ki, neynirsən? Deyirəm işləyirəm. Soruşur: nə yazırsan? Deyirəm səndən yazıram. Hər gün gəlir ki, “yazdın, qurtardın?” Deyirəm yox. Bir gün gəldi ki, “daha o qədər uzatdın ki, heç lazım deyil”. (Gülürük). Nəvəm adaşımdır, onun 3 kitabı İngiltərədə nəşr olunub. Birini tərcümə edib, burada nəşr elədik. O birilərini oxuya bilmirəm, çünki ingiliscə bilmirəm.
– Zamanında həm də musiqi təhsili almısınız. Hansı alətdə ifa edirsiniz?
– Musiqi məktəbini qurtarmışam. Əvvəl fortepianoda 5 sinif oxudum, sonra skripka kimi bir alət var e… alt. Bir az onda çaldım. Gördüm yox, məndən musiqiçi çıxmadı. Musiqi məktəbi insanda musiqiyə nifrət yaradır. Qəribədir, illər keçəndən sonra xəstəlik kimi, musiqi sevgisi üzə çıxır. Mən indi musiqisiz işləyə bilmirəm. Həmişə işləyəndə musiqi qururam, klassik, ya müasir. Əvvəl fortepionada bir az çalırdım, indi görürəm barmaqlarım getmir.
– “Ay Laçın”ı oxumuşdunuz…
– (Gülür). Hə, onu da söz elədilər, yazdılar, mənim əleyhimə istifadə etmək istədilər. Şuşada oturub şəkil çəkdirmişəm,yazıblar ki, niyə oturub burada. Bəs neyləməliydim, daima ayaq üstə durmalıydım? Ağıllı bir söz deyəydilər. Adam deyərdi ki, ağıllı iraddır.
– Sosial şəbəkələrdə yoxsunuz, eləmi?
– Yox, mən heç bir şəbəkədə yoxam. Onsuz da hər səhər Çingiz (Abdullayev-E.P.) gəlir, qanqaraldıcı bir şey danışır. Filan şeyi belə yazdılar… Deyirəm Çingiz, mən vəsiyyətimi yazmışam. Soruşur: nə yazmısız? Deyirəm yazmışam ki, ölümümə baiskar Çingiz Abdullayevdir. (Gülür). Soruşur ki, niyə elə yazmısız? Deyirəm gündə gəlib qanımı qaraldırsan ki, filan sayt belə yazıb. Mən girmirəm o saytlara ki, bilməyim nə yazırlar, niyə gəlib deyirsən? (Gülür). Deyirəm niyə baş qoşursan bu məsələlərə? Deyiblər ki, filankəs ən böyük yazıçıdır. Deyib, deyib də, niyə buna hirslənirsən, kiminsə deməyi ilə deyil ki.
– Hazırda Yazıçılar Birliyinin üzvlərinin sayı 2 minin üzərindədir, eləmi?
– 3 minə yaxındır, 300 də ərizə var. Bəziləri ancaq təqaüd üçün gəlir. Təqaüdü də ancaq qəbul olandan 5 il sonra almaq olar. Mümkün deyil axı bu qədər adamı razı salasan…
– Qarşıdan İlaxır Çərşənbə, Novruz bayramı gəlir. Bu bayramlarla bağlı hansı xatirələriniz var?
– Novruz bizim evdə həmişə qeyd olunub. Həmişə evimizdə səməni olub, nənələrim, anam həmişə yumurta boyayıb, aş bişiriblər, süfrədə şamlar olub. Həmişə bu bayramı qeyd eləmişik. (Sonra da radioda işlədiyi vaxtlarla bağlı bir xatirəsini danışır, Novruz bayramı ifadəsinin qadağan olunduğu, Bahar bayramı deməyə məcbur olduğu 60-cı illərin əvvəllərinə aid. Bildirir ki, hətta Novruz günündə milli musiqinin radioda səslənməsi qadağan edilibmiş – E.P.)
– Sizdən dostlarınızı soruşanda demisiniz ki, dostlarımın çoxu Fəxri Xiyabandadır. Deyəsən, daha çox tənhalığa üstünlük verirsiniz, eləmi?
– Mənim nəslimdən demək olar ki, bir Elçin qalıb, vəssalam, qalanlar hamısı cavandır. Cavanlarla da oturub-dururam. Amma cavanlarla ancaq bu gündən danışmaq olur da. Mənim yaşıdlarımla danışanda isə keçmişə də qayıdırsan, xatirələri bölüşürsən…
– Bu mənzərə sizi darıxdırmır ki?
– Darıxdırır. Amma daha neyləyəsən? Əlacı yoxdur. Dostlarımın bir hissəsini ölüm aldı, bir hissəsini də həyat.
MİA.AZ
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi
“Azercell Telekom” MMC “Tələbə Təqaüdü Proqramı”nın qaliblərini təbrik edib - Bu il 15 tələbə “Azercell”dən təqaüd qazanıb
Prezident İlham Əliyev Bidzina İvanaşvili ilə bir arada - FOTOLAR
Mehriban Əliyeva Gürcüstanın Birinci xanımı ilə lançda - FOTOLAR
Xoşqədəm, Zaur Kamal, Zaur Baxşəliyev, Elgiz Əkbər və... - Verilişi bağlanan aparıcılar sosial mediada reklama girişiblər
“Yaxın vaxtlarda ölüb gedəcəyəm, mənə söz verin” - Məşhur müğənni sevənlərindən elə şey istədi ki…
“Bakcell” ilə ingilis dilini “Singit” tətbiqində öyrən
Həkim Azər Maqsudov cəzadan azad edilib
İlham Əliyev İrakli Kobaxidze ilə görüşdü, birgə bəyanat verildi - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İran İsrail və ABŞ hədəflərinə yeni zərbələr endirib
Mehriban Əliyeva Gürcüstan Milli Muzeyində olub - FOTO
“Araz-Naxçıvan”ın prezidenti kim olacaq? - VİDEO
Polkovnik Azər Paşayev cinayət məsuliyyətinə cəlb edilib
İcra başçısının müavini vəzifədən azad olunub
Ukrayna hərbi əsiri Azərbaycana təhvil verib - VİDEO, FOTO
"Azərişıq” ASC fəsadları aradan qaldırmaq üçün gücləndirilmiş iş rejimində çalışır - VİDEO
Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Azərbaycanda yubiley medalı ilə təltif olunub
İran Ordusu: “Müharibə qarşı tərəf peşman olana qədər dayanmayacaq”
İran ABŞ-a məxsus daha bir MQ-9-u vurub
“Veysəloğlu” və “Avrora”nın həmtəsisçisi olduğu voleybol komandası Azərbaycan birinciliyinin qalibi oldu
Məmurlar Bibiheybətdə bağlanan yolda... - VİDEO
Muzeylər Dövlət Xidmətinin tabeliyinə verilir
Tehranda iki bina vurulub: 9 nəfər ölüb – 4-ü uşaqdır
Qida borusunda yemək qalan 64 yaşlı qadın ölüb
Sabah hava necə olacaq? - Proqnoz
Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi yaranıb - Nəqliyyatın hərəkət qismən məhdudlaşdırılıb
ABŞ və İRAN ARASINDA İKİ MƏRHƏLƏLİ SÜLH PLANI HAZIRLANIB: atəşkəs, saziş və şərtlər…
Diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır
Azərbaycanlı nazir Londonda 4.6 milyon funt sterlinqə mənzil alıb - Jurnalist elə fakt açıqladı ki...
İLHAM ƏLİYEV GÜRCÜSTANDA - FOTOLAR (YENİLƏNİR)
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
“Yol hərəkəti haqqında” Qanun dəyişir