4 rektoru güllələnən BDU...

img

01-09-2019 [21:39]


Etibar Əliyev, 
Təhsil eksperti, fəlsəfə doktoru

***

"Bakı Dövlət Universiteti 1919-cu il sentyabr ayının 1-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən təsis edildi. 

Cümhuriyyətin ömrü uzun olsaydı bəlkə də dünya səviyyəli Universitet qurmaq mümkün olardı. 

Universitetin ilk rektorlarına diqqət edək:

V. Razumovski 1919-20- ci illər

S. Davidenkov 1920-1923-cü illər

A. Qulyayev 1923-1926 –cı illər.

Ruslardan sonra Universitet rektorları olmuş Milli kadrların dördünü Mircəfər Bağırov güllələtdirib:

Tağı Şahbazi 1926-1929- cu illər, 1938-ci ilin yanvar ayının 2-də güllələnib.

Maqsud Məmmədov 1929-1930-cu illər, 1938-ci ilin sentyabr ayının 5-də güllələnib.

Məmmədkazım Ələkbərli 1934 - 1935-illər, 1937-ci ilin oktyabrın 12-də güllələnib.

Balabəy Həsənbəyov 1935-1937-ci illər, 1937-ci il oktyabr ayının 11- də güllələnib.

Biz Qərbdə, Amerikada Universitetlərin tarixinə baxanda xəcalət çəkirik. Avropanın ən qədim Universitetlərindən sayılan Boloniya universitetinin əsası 1088-ci ildə (o zaman Nizami Gəncəvinin 47 yaşı var idi) qoyulub. İlk dəfə bu universitetə özünüidarəetmə statusu verildi. 

Müstəqillik əldə edildikdən sonra tələbələr öz ittifaqlarını, həmkarlar təşkilatını yaratdılar, rektor seçkisini təşkil etdilər, tələbə qəbulunu və müəllimlərin əməkhaqqını müəyyənləşdirdilər. XIII əsrdə bu universitetdə təhsil alan tələbələrin sayı 10 minə yaxın olub. Bizdə isə Universitet yaranan kimi 4 rektorunu güllələyiblər.

Cümhuriyyətdən miras qalmış Bakı Dövlət Universitetinin tarixinin 70 ili Sovetlər İttifaqı ilə bağlıdır. Yaxşı yadımdadır. 1981-ci ildə BDU-nun fizika fakültəsinə daxil olanda bizi Dağüstü parkda Sergey Mironoviç Kirovun əzəmətli heykəlinin qarşısında andiçmə mərasiminə apardılar. Biz tələbə olan vaxtlar universitetimizin adını daşıyan Kirovun hansı yuvanın quşu olduğunu bilmirdik. Universitetin yaradıcıları olan əzəmətli kişilərdən də xəbərsiz idik. Sovetlər vaxtı böyük alimlər ordusu yetişdi, lakin məktəblər yaranmadı. İndi biz onun acısını çəkirik. Müstəqillik əldə etdikdən sonra bütün Universitet professurası siyasətə qurşandı.

Bizim yaşatdığımız universitet Qərb Universitet standartlarına uyğun gəlmədiyi üçün reytinq cədvəllərinə tamahımızı gizlətməliyik. Universitetə Boloniya Universitetinin yarandığı tarixdə verilən müstəqillik lazımdır. Biz hər dəfə Universitetə rektor təyin olunanda islahatlardan danışırıq. Rektorlar gedəndən sonra isə hamı bir nəfər kimi dərindən ah çəkib. Azadlığa çıxdıqlarını gizlətməyiblər. XXI Əsrin artıq 20-ci ilinə qədəm qoyuruq. 

İslahatlardan danışırıq. Dünya elmi burdan Mars planetinə qədər bizdən aralanıb. DNK-nın təmirinə başlanılıb, neytrinonun kütləsi kəşf olunub, əlimizdə iPhone var, tamamilə başqa riyaziyyat tədris olunur, humanitar elmlərin paradiqmaları tamamilə dəyişib. Biz isə hələ də islahatlardan danışırıq. Biz islahatdan qabaq tələbələrə seçdikləri fənləri müasir səviyyədə tədris etməli, onları elmi-tədqiqatlara cəlb etməliyik. Bunu edə biləcək müəllim, yaxud elmi işçilər varmı? Bax, ilk həll olunası problem bu olmalıdır. Səmimi şəkildə bunları edə bilsək, tələbə özünə cığır tapacaq.

100 yaşın mübarək, Universitetim!

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR