İCTİMAİ NƏZARƏT: sosial-hüquqi baxış

img

20-06-2015 [16:26]


Rəna Mirzəzadə, 

AMEA, Fəlsəfə və Hüquq İnstitutu "Siyasi nəzəriyyələr” şöbəsinin müdiri , fəlsəfə elmləri doktoru 


"Mütləq çox güclü ictimai nəzarət olmalıdır” qətiyyətli fikir Respublika Prezidenti İlham Əliyev tərəfindən söylənilmişdir. Prezidentin məntiqi fikri elmi-nəzəri baxımdan da əsaslıdır. Belə ki, bu nöqteyi baxımdan da məsələyə ictimai və sosial-hüquqi kontekstdə nəzər yetirək.

Bəşər tarixini iki yerə ayırmalı olsaq, iki halla üzləşərik. İlk öncə, mədəni cəmiyyətlərdə insanlar bir yerə toparlanıb, məhz özlərinin haqq və hüquqlarını müdafiə etmək üçün dövlət qurub, onları idarə edən qurumlar yaradıblar. İkinci isə, məhz dövlət və hakimiyyətdən həm də özlərini qorumaq üçün artıq müxtəlif metodlar, üsullar axtarmağa cəhd ediblər. Təbii ki, məhz ən müvafiq təsirli metod ictimai nəzarət məsələsidir. İctimai nəzarətin, həyata tədbiqində isə bütün vətəndaşlar, ictimai və siyasi təsisatlar, eyni zamanda isə QHT sektoru və media da əhəmiyyətli rol daşımalıdırlar.

 Qeyd etdik ki, bu bütövlükdə nəzəri məsələdir. Belə ki, praktik aspektdə problemə yanaşanda ictimai nəzarətin bazis tərkibi olaraq, ictimai davranışın, ictimai məsuliyyətin, hətta ictimai rəyin önə keçməsi zəruriləşir.

İctimai nəzarətin həyata keçirilməsi metodunda hakimiyyət strukturlarının üzərinə müəyyən vəzifələr düşür. İlk əvvəl, bu sahədə qanunvericilik dövrün və zamanın tələb və təlabatına adaptik olaraq təkmilləşdirilməli, bəzi məqamlar yumşaldılmalı, bəzən də şərtləşdirilməlidir. İkincisi, ictimai institutların fəaliyyəti və təsir mexanizmləri artırılmalıdır. Bu yöndə xüsusən də QHT sektoru və sosial media daha da aktiv olmalıdırlar. 

Üçüncüsü isə, institusional və peşəkar resursların fəaliyyəti yüksəldilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin I bəndində: "Əmək fərdi və ictimai rifahın əsasıdır” olması, VI bəndində: "Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək .... hüququ vardır” (1;14); 41-ci maddənin III bəndi: "İnsanların həyatı və sağlamlığı üçün təhlükə tərədən faktları və halları gizlədən vəzifəli şəxslər qanunun əsasında məsuliyyətə cəlb edilirlər” kimi və 46-cı maddənin I bölümü: "Hər kəs öz şərəf ləyaqətini müdafiə etmək hüququ vardır” kimi, II bölümü isə "şəxsiyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alşaldılmasına əsas verə bilməz” (1;17) kimi təsbit olunmuşdur.

Bəs Azərbaycan Respublikası Əmək Məcəlləsində nə deyilir? 

Azərbaycan Respublikası Əmək Məcələsinin 9–cu maddəsinin c)bəndində: "həyatının, sağlamlığının və əməyinin mühafizəsini təmin edən əmək şəraitində çalışmaq, habelə belə şəraitin yaradılmasını tələb etmək” üzrə hər bir işçinin əsas hüquqları açıqlanır. Və 10-cu maddənin b) bəndi: "əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək”, e) "iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq” kimi əsas vəzifələri göstərilir. Həmçinin 31-ci maddənin n) "iş yerində və ya işlə əlaqədar olaraq, ayrı-ayrı işçilərə qarşı ələsalma, aşkar düşmənçilik hərəkətləri və təhqiramiz hərəkətlər barəsində izahat işi aparılmasına və informasiya verilməsinə yardım göstərilməsi və belə hərəkətlərin qarşısının alınması, işçiləri bu cür davranışdan qorumaq üçün bütün lazımı tədbirlərin göstərilməsi” təsbit olunmuşdur. (11) Məsələn, peşəkar resurslar deyəndə Ulu Öndər Heydər Əliyev tərəfindən 1999-cü il 28 oktyabrda imzalanan "Polis haqqında” Azərbaycan Respublikasının qanunun 3-cü madəsinin II hissəsinin birinci bölümü problemin mahiyyətini açır: "ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək polisin vəzifəsidir”. Maddə 10-nun II bölümündə isə: "Hər bir şəxs polisə öz vəzifələrini yerinə yetirməkdə kömək göstərə bilər” ifadəsi də vardır”.(12)

Digər bir 2013-cü il 22 noyabrda Prezident İlham Əliyev tərəfindən imzalanan, 2014-cü il iyun 1-dən qüvvəyə minən "İctimai iştirakçılıq” haqqında Qanunun 1.0.1.bəndində deyilir ki: "ictimai iştirakçılıq – dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində, .... ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti inastitutlarının bu qanunla müəyyən edilmiş formalarda iştirakı, dövlət və yerli özünüidarə etmə orqanlarının ictimaiyyətlə məsləhətləşməsi və ictimai rəyin nəzərə alınması üçün və "1.0.2.” vətəndaş cəmiyyəti institutları – QHT, KİV, həmkarlar ittifaqları, vətəndaşların təşəbbüs qrupları və bələdiyyələrin məhəllə komitələri” və 2.2. "ictimai iştirakçılığın həyata keçirilməsi ilə bağlı bu Qanunda nəzərdə tutulmamış digər hüquqlarını məhdudlaşdırmır”. 

Bu baxımından adı çəkilən Qanunda ictimai iştirakçılığın formaları da göstərilir. Bu isə İctimai Şura, İctimai müzakirə, İctimai dinləmə, İctimai rəyin öyrənilməsi, Hüquqi aktların layihələrinin ictimai müzakirəsi, Yazılı məsləhətləşmə və s. kimi fəaliyyətdir. (15) Daha bir "İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 3.0.3. bəndində deyilir: "İctimai informasiya – qanunlarla və ya digər normativ hüquqi aktlarla müəyyənləşdirilən ictimai vəzifələrin yerinə yetirilməsi prosesində yaradılan və ya əldə edilən faktlar, rəylər, bilgilərdir” və bu qanunun 4.1.3. bəndində "informasiyanın əldə olunmasının təşkilinə nəzarətin həyata keçirilməsi” qaydaları da açıqlanır.(13)

Bəs bu haqda fəlsəfi, hüquqi lüğətlərdə nə yazılır? Belə ki, "Fəlsəfə” ensiklopedik lüğətdə "ictimai münasibətlər” – insanlar arasında onların birgə əməli və mənəvi fəaliyyəti prosesində qərarlaşan münasibətləridir; Və "ictimai rəy” – "xalqın, sinifin (yəni əhali qrupu, əhali təbəqəsi - R.M.) sosial qrupun əksəriyyətinin onların təlabat və mənafeylərinə toxunan gerçəkliyin fakt, hadisə və proseslərinə real münasibətlərinin ifadə olunduğu, kütləvi şüurun movcudluğu və təzahürü üsullarından biridir. İctimai rəyin formalaşması və inkişafı istər məqsədyönlü şəkildə - siyasi təşkilatların və sosial –sinfi təsisatların və idarələrin kütlələrin şüuruna təsiri nəticəsində, istərsə də körtəbii şəkildə yəni, həyat hadisələrinin, sosial təcrübənin və ənənələrin bilavasitə təsiri altında baş verir. İctimai rəyin əlamətlərinə onun intensivliyi və sabitliyi aiddir. İctimai rəy rasional, emosional və iradi ünsürlərin üzvü vəhdətidir. İctimai rəy üç səviyyədə təzahür edə bilər: 

Birincisi, mənəvi münasibət kimi (qiymətverici mühakimələr vasitəsi ilə); 

ikincisi, mənəvi –praktik münasibət (emosional –iradi meyllər, səylər, niyyətlər və s); 

üçüncüsü isə, praktik münasibət kimi (kütləvi hərəkatlar və əməllər vasitəsilə” (5; səh.200)

Bəs ictimai rəyin nüfuz gücü nədir?

Bu güc əksəriyyətin şüuruna əsaslanaraq təzahür edir. Həmin əksəriyyət yəni çoxluq düzgün, real həqiqəti əks etdirən mövqedədirsə, bu əksəriyyətin – çoxluğun yetkin, rəyi kimi nəzərə alınır. Məhz bu nöqteyi –nəzər ictimai rəyin sosial əhəmiyyətini və praktik təsirliliyini artırır.

Bəs ümümilikdə "ictimai nəzarət” anlayışı nədir? Hüquq ensiklopedik lüğətində "ictimai nəzarət – sosial nəzarətin kütləvi növüdür” kimi göstərilir. İctimai nəzarət – dövlət, dövlət – ictimai (xalq) nəzarətindən ibarət olan nəzarət sisteminin mühüm tərkib hissəsidir. İctimai nəzarət demokratiyanın həyata keçirilməsinin bir forması, geniş kütlələrin cəmiyyətin və dövlətin idarə olunmasına cəlb edilməsi üsulu, ...aşkara çıxarılan nöqsan və çatışmazlıqların aradan qaldırılmasının zəruri çərtidir”.(9;209) kimi açıqlanır.

Bəs ictimai təsir özünü nədə ehtiva edir? İctimai təsir-hüquqda tərbiyə xəbərdarlıq tədbirləridir. İctimai təsir ictimai rəyə, ictimaiyyətin təşkilatı və tərbiyəvi iş sisteminə əsalanır. İctimai təsir şəxsə onun davranışının ziyanlı olmasını izah etməkdən, ictimai təşkilatın, kollektivin adından bunun pislənməsindən, qaydanı pozan üzərində sosial nəzarətin artırılmasında və onun pozitiv maraq sahəsinə cəlb edilməsindən ibarətdir. İctimai təsir söhbətlərdə, iclaslarda müzakirə, mətbuatda tənqid, hamilik, nizamnamə tənbehləri, müvəqqəti olaraq imtiyazlarından məhrumetmə, bəzən isə yoldaşlıq məhkəməsində (iş əməkdaşlarından ibarət komissiyada - R.M.) baxma və s. yolla həyata keçirilir” (9;210) kimi ifadə olunur.

Belə olan surətdə "ictimai rəy” anlayışı nəyi ehtiva edir? "İctimai rəy” – insanların sosial gerçəkliyin hadisə və faktlarına, müxtəlif qrupların və ayrı ayrı şəxsiyyətlərin fəaliyyətinə münasibətlərini (gizli və ya açıq çəkildə) təsbir edən qeyri-rəsmi, kütləvi şüurun mövcud olması üsüludur. İctimai rəydə insanların həyat hadisələrinə, siyasi partiyaların, ayrı-ayrı qurumların fəaliyyətinə münasibəti öz əksini tapır”. (6;512). Məhz bu yanaşmadan da "ictimai münasibətlər” termininə də nəzər yetirək. İctimai münasibətlər – insanlar arasında onların birgə təcrübi və fəaliyyəti prosesində yaranan münasibətlərdir. İctimai münasibətlər maddi və ideoloji münasibətlərə bölünür”. (6;512)

Təhlil olunan mövzuda digər bir "sosial nəzarət” termini də diqqət çəkir. Bəs "sosial nəzarət” nədir? "Sosial nəzarət – sosiologiyada hamılıqla qəbul olunan mühüm anlayışlardan biridir. Özünün qeyri-itaətkar üzvlərini nizama çəkmək üçün hər bir sivilizasiyalı cəmiyyət onun tədbiqinin ən müxtəlif vasitələrindən istifadə edir. Heç bir cəmiyyət sosial nəzarətsiz ötüşə bilməz. Hətta adamların təsadüfən bir araya gəlmiş kiçik bir qrupuna öz nəzarət mexanizmlərini işləyib hazırlamaq lazım gəlir”. (7;192).

Hüquqi dövlətdə mövcud demokratik institutların möhkəmləndirilməsində sosial nəzarət mexanizmi vacib rola malikdir. Bu baxımdan sosial nəzarət demokratik institutların əsas atributlarından olub, əsasən sosial davranış qaydalarını tənzimləməklə, cəmiyyətdə davranış normalar sistemini təsbit edir. Sosial nəzarət dedikdə, normativ tənzimetmənin praktiki-mənəvi vasitələrinin köməyilə sivilizasiyalı sistemi nizamlı, dinamik-müvazinətli vəziyyətdə saxlamaq üsulu başa düşülür” (8; 358). Demək, ictimai qaydanın və onun xüsusi mexanizmlərinin qorunması üçün hakimiyyət səlahiyyətlərindən istifadə olunur. Bu zaman sosial normalar, sanksiyalar tədbiq edilir və hakimiyyət anlayışı ön plana çəkilir. Başqa sözlə, cəmiyyət üzvlərinin fəaliyyətinə dövlət və cəmiyyətin özü tərəfindən nəzarət keçirilir.

Bəs Sosial davranışın özü nədir? Sosial davranış – fərdlərin tam olaraq cəmiyyətin həyatına, fəaliyyətinə dövlət və sosium tərəfindən nəzarətin sosial mexanikasıdır. Sosial davranışın məqsədli tənzimlənməsi incə və zərif xarakter daşıyır, eləcə də dəyər yönümlərinin seçilməsində sərbəst və azad iradənin maksimum fəal iştirakını nəzərdə tutur. (8;358). Bu baxımdan əsrlərlə formalaşan adətlər, yazılmamış qanunlarla riayət edilən ənənələr, iman və inamdan irəli gələn dini ayinlər, əxlaq normaları bəzən hüquqi qanunlarsız belə insanlar tərəfindən özü nəzarət edilir. Məhz bu ictimai, ya da başqa sözlə ifadə olunsa elə hüquqi müdaxiləsiz sosial nəzarət insanların davranışının təmin edilməsini göstərən çeşidli münasibətlər, qayda və normalar, həmçinin demokratik insanlararası institutların münasibətlərinin qaydalar məcmusudur.

İctimai nəzarət mexanizmləri fərdi yox, məhz fərdi onun öz davranışından yaranan xətalar, qüsurları və ifadə etdiyi qeyri-etik sözləri ilə qınaq obyektinə çevirir. Məhz burada fərd qeyri-etik davranışı ilə "təcrid olunur”, onun nəinki özü, həmçinin digər şəxslərə münasibətdə davranış və ifadələri, onu "arzu olunmayan şəxsə” çevirir. Bəzəndə ətrafın loyallığı da belə davranışlara stimul verir. 

Akademik Ramiz Mehdiyev çox haqlı olaraq göstərir ki: "İnsanlar bu və digər hərəkətləri avtomatik şəkildə deyil, tamamilə şüurlu surətdə, müəyyən məqsədlərə istiqamətlənərək yerinə yetirir. Bundan əlavə insanların davranışı dərk edilmiş maraq və emosiyalarla yanaşı, ənənələr, dil, tərbiyə və dinin müəyyən etdiyi dünya mənzərəsi ilə şərtlənir”. 

Bu baxımdan da məhz Ramiz Mehdiyev məntiqində sosial davranış termininin izahına müraciət edək. Akademik "Fəlsəfə” dərsliyində açıqlayır ki: "Sosial davranış fərdin və qrupun davranışının həm obyektiv, həm də subyektiv ilkin şərtlərinin nəzərdən keşirilməsinə əsaslanan sosial davranış kateqoriyası cəmiyyətin mənəvi həyatının başa düşülməsi və qiymətləndirilməsi üçün həlledici əhəmiyyətə malikdir”. (4;318)

İctimai nəzarət özündə ictimai norma və qaydalar, sosial göstərişlər və hüquqi cəzalar kimi anlamları da birləşdirir. Sosioloq P.Bergerin fikrincə, "sosial nəzarət” konsepsiyasına uyğun olaraq, insan öz ətrafında baş verənlərin və sosial nəzarətin müxtəlif nözvlərindən, tiplərindən və formalarından ibarət olanların mərkəzində dayanır. İnsanı əhatə edən hər bir dairə yeni nəzarət sistemidir. Dövlət aparatından ibarət olan siyasi-hüquqi sistem ən böyük dairədir”. (8;362).

İctimai və ya sosial nəzarətdən bəhs edərkən ilk öncə, hər bir fərdin məhz ÖZÜNƏNƏZARƏT – yəni daxilən nəzarət məsələsi əsas önəm daşıyır. Hər bir kəs (fərdi, şəxs, vətəndaş) öz davranışının bütövlükdə cəmiyyətdə qəbul olunmuş normalarla uyğunlaşdıraraq tənzimləməlidir. 

İkincisi, XARİCİ NƏZARƏTdir. Bu isə ümumilikdə qəbul edilən qanunlar, davranış tərzi – normalarına əməl edilməsinə məsul olan institut və mexanizmlərin məcmusudur. Təbii ki, burada da (xarici nəzarətdə) iki hal meydana çıxır. 

Birinci, Qrupdaxili – yəni qeyri- formal nəzarət. Burada əsasən iş yoldaşları, həmkarlar, qohum və qonşular, tanış və dostlar qeyri- formal sürətdə əsasən fərdin qeyri-etik davranışını tənqid etməyə əsaslanaraq, tövsiyyə, məsləhət və s. şəkildə ictimai rəyi dəstəkləyir, hətta tənbeh də edirlər.

İkincisi isə İnstitusional- formal nəzarətdir. Burada daha çox rəsmi strukturlar və ya bəzən də inzibati orqanlar cəlb edilməklə tədbirlər görülür. Diqqətə yetirək ki, Ailə və İş kollektivi daha çox ictimai (sosial) nəzarəti yerinə yetirməyə dəstək olur. Unutmayaq ki, Ailə İnstitutu ən önəmli Sosial institut, iş – kollektiv isə Həmkar-əməkdaşlıq İnstitutdur. Deməli, həm Ailə, həm də Kollektiv qeyri-formal nəzarətin subyekti, aparıcı vahidi, yaxud sosioloji anlamda desək, agentləridir.

Bir halı da qeyd edək ki, formal nəzarət qeyri-formal nəzarətdən sonra yaranmış və reallıqda ondan sonra gəlir. Əgər qeyri-formal nəzarəti kiçik qrup, dəstə, kollektivdə, həyata keçirmək mümkünsə, formal nəzarətin böyük insan çoxluğu çərçivəsində tətbiqi qeyri- mümkün olur. Məhz burada inzibati institutlar daha çox önəm daşıyır. Bu baxımdan da qeyri-formal nəzarət əgər lokal-yerli xarakter daşıyırsa, formal nəzarət isə dövlətin bütün ərazisində səlahiyyət kəsb etdiyi üçün qlobal nəzarətdir. Formal nəzarəti təhsil ocaqları, istehsalat müəssisələri, ordu, məhkəmələr, KİV, siyasi qurumlar, QHT-lər və s. ictimai təsisatlar məhz həyata keçirməklə məşğuldurlar.

Təbii ki, bu zaman qanunlar, hökumət qərarları, sərəncam və s. bu kimi təlimatlar ictimai (sosial) nəzarətin əsasını təşkil edir. Bu isə İnstitusional dəstəkdir.

Sosial nəzarətin bəs hansı nəzarət üsulu – forması vardır? Burada bir neçə amil qarşılaşdırılır. Belə ki, ilk əvvəl a) yüngül –asan forma, b) sonra- dolayı (yanaki) forma; c) daha sonra bibaşa (düzünə) üsul və nəhayət, sonda; d) sərt üsuldan istifadə edilir. Nədir bu üsullar? Yuxarıda qeyd etdiyimiz kimi Ailə və Kollektiv Sosial İnstitutları yüngül və dolayı nəzarəti həyata keçirirsə, birbaşa və sərt üsullar artıq rəhbərlik tərəfindən və qanunlarla tənzimlənir.

Belə bir fikir də var ki, istənilən nəzarət prosesini hətta idarəetmə metodu ilə də adaptasiya edirlər. Nəzarət prosesi yalnız fəaliyyətin istiqamətini tənzimləyir. Məsələn: ailədə uşağın təlimi, təhsili, valideynlərin qarşılıqlı hörmətinin qorunması və s. Əmək kollektivlərində isə hər bir müəssisənin öhdəliyi- fəaliyyətinin idarə olunmasına nəzarət tətbiq edilir. Deməli, nəzarət anlayışı məhdud, idarəetmə isə daha genişdir. Və nəzarət prosesi məhz idarəetmədən yaranır. Çünki, idarəetmə zəif olanda, yuxarıda qeyd olunan üsul (metodlar) kollektivdə həyata keçirilməyəndə, orada artıq ictimai nəzarət də zəif olur. Burada Akademik Ramiz Mehdiyevin fikirləri yerinə düşür. 

Akademik vurğulayır ki: "Vaxtilə M.Veber qeyd edirdi ki, insan öz fəaliyyəti üçün məqsədlərdən və onlara məna verən dəyərlərdən təkan alır. Əgər bir insanın öz qarşısına məqsəd qoyan varlıq olması fikri ilə razılaşırıqsa,onun davranışının sirlərini hər hansı məqsəd qoymaq prinsipinin müəyyən etdiyi yollarda axtarmaq lazımdır. Dəyərlərin düzgün dərk edilməsi cəmiyyətin mənəvi tənəzzüldən yaxa qurtarmasına kömək edə bilər”. (3;318)

Həqiqətən də, məhz istənilən fərd fəaliyyət normalarına, əxlaq dəyərlərinə riayət etsə, bütövlükdə ictimai- (sosial) nəzarət də mükəmməl və mühit yüksək mədəniyyətli olar.

Bu mənada keçmiş sovet tərbiyə - təlim metodikasında həmişə mədəniyyət elementləri yüksək dəyərlər çərçivəsində olurdu. Yazılmamış qanunlarla tənzimlənən ictimai davranış kodeksləri çərçivəsində insanlar yüksək nəzakətlə bir-birilə davranırdılar. Təbii ki, hər fərd qarşısındakına münasibətdə "buyurun”, "bağışlayın”, "rica edirəm”, "zəhmət olmasa”, "mümkünsə” və s. kimi müraciəti ilə seçilirdi. Xüsusən də, Təhsil, Elm-Mədəniyyət ocaqlarında ucadan danışmaq, söhbətləşmək, zaraftalaşmaq, əl-qol hərəkətlərii etmək, şit hərəkətlər, ucadan mahnı oxumaq və s. qeyri-etik davranış tərzi qeyri-məqbul, hətta qəbuledilməzdir. Bəs demokratiya-müstəqillik hərəkətlərə də azadlıq verməlidirmi...Söz, fikir, ifadə, əqidə azaddır... Hərəkət, davranış, nizam intizam, məsuliyyətli hissi isə həm də daxilən nəzarətdə olmalıdır. Burada məhz müvafiq qanunlara riayət olunması vacibdir. Özünəməsuliyyət hissi güclü olmalıdır. Unutmayaq ki, Ulu Öndər Heydər Əliyev daima mənəvi tərbiyəni əsas prioritet saymış və söyləmişdir: "Cəmiyyətimizdə saf mənəviyyatı, bərqərar etmək, inkişaf etdirmək, bütün mənfi hallara qarşı mübarizəni gücləndirmək əsas VƏZİFƏMİZDİR” (2;78) və ya "Hər bir insan həyatda yaşamalı, inkişaf etməlidir, öz yerini tapmalıdır. Amma öz yerini, özünə məxsus olan yeri tapmalıdır. Kim ki, öz bildiyindən, bacarığından artıq iddialar edir, o, həmişə məğlul olur” (2;83) Və yaxud da Ulu Öndər Heydər Əliyev sanki uzaqgörənliklə bu günümüzə belə səslənərək deyir: " Biz bütün qüvvələrimizi toplasaq, Ziyalılardan, Din xadimlərindən, ALİMlərdən, hörmətli adamlardan istifadə etsək, onlar bu işi mütəşəkkil apara bilsələr,... lazımi iş görərək tərbiyə, əxlaq, mənəviyyat məsələlərini ... aşılaya bilərlərsə, mənəviyyatı, iradəni möhkəmləndirə bilsələr, bu bizim həm siyasi, həm də ideoloji işimiz olacaqdır. Lakin bu iş nəzəri şəkildə deyil, mütəşəkkil aparılmalıdır” (2;90)

Məhz bu baxımdan da ölkə Prezidenti İlham Əliyev 2015-ci il mayın 27-si respublika gününə həsr olunmuş tədbirdə çox dəqiq və düzgün söylənmişdir ki, "Bu gün Azərbaycan dövləti möhkəm əsaslar, milli maraqlar üzərində qurulub. Bizim milli ideologiyamız azərbaycançılıq fəlsəfəsi bütün cəmiyyəti birləşdirir. Müstəqil Azərbaycan dövləti möhkəm milli dəyərlər üzərində qurulubdur. ...Ölkəmizdə ictimai proseslər müsbət istiqmətdə inkişaf edir... idarəetmə sahəsində müsbət islahatlar aparılır. Mən burada ictimai nəzarətin əhəmiyyətini xüsusi qeyd etmək istəyirəm. ... ictimai nəzarət olmasa ölkəmiz uğurla inkişaf edə bilməz. ... mütləq çox güclü ictimai nəzarət olmalıdır. Belə olarsa, o zaman işlər daha da sürətlə gedər və xoşagəlməz halların aradan qaldırlması üçün yeni bir mexanizm yarana bilər... ictimaiyyət də daha fəal olmalıdır.” (3)

Burada diqqət edək ki: nədir bu məsələlər ... Sürəklə yeniləşən Azərbaycanda məhz bu kimi hallar da demokratik idarəetmə üsullu ölkədə Prezident İlham Əliyev tərəfindən qəti olaraq nəzərə yetirilir. Cəmiyyətdə sürətlə dəyişən yeni mədəniləşmə prosesində sorğu yaranır ki, həm də bu "geriləmə nədir”... Dəyərlər yeniləşir və dəyişir, sosial mədəni-mənəvi ölçülərdə isə bəzən diskriminativ şərait nəzərə çarpır. Təhsil, Elm, mədəniyyət nümayəndələri Ulu Öndər Heydər Əliyev kəlamlarının bu günlə tarazlaşmasında sanki bir qədər biganələşiblər... 

Ölkədə iqtisadi yönümdə şəhərlə kənd arasında getdikcə fərqlər də dəyişir. Kəndlər, qəsəbələr şəhərləşib, hər yerdə ailəvi park mədəniyyəti formalaşıb, yaşıllaşdırma, asudə vaxtın səmərəliliyi yönümündə Modernlik vardır. Bəs dəyişən nədir? Ailə mədəniyyətinə riayətsizlik və ailədaxili qətl, övladdan imtina və uşaqlarını küçələrə atma, Ağsaqqal (qarasaqqal) – ağbirçək (qarabirçək) məfhumunun münasibətlərdə bəzən dəyərsizliyi, müəyyən etik normalardan çıxma, hansısa neqativ mənəviyyatsızlığın "peşə”yə çevrilməsi və bu proseslər çərçivəsində MƏNƏVİ zombiləşmə, ictimai nəzarətin, ictimai rəyin, hətta ictimai qınağın belə sönükləşməsi...

Elə burada Prezident İlham Əliyevin 10 may 2015 - ci tarixdə Cinayət Məcəlləsinə dəyişikliklərlə bağlı imzaladığı Sərəncamda da məhz neqativ halların aradan qaldırılmasına qarşı yönəlik Müsbət Addımdır. Bu Gender strategiyasında yeni metodda qanunvericiliyin tənzimlənməsi reallığdır.

Bu baxımdan professor Əli Həsənovun fikirlərinə müraciət edək: "...Dövlət orqanlarının tam şəffaf fəaliyyətinin təmin olunması, İCTİMAİ NƏZARƏT mexanizminin stimullaşdırılması, məmur-vətəndaş münasibətlərinin ictimai və hüquqi normaya uyğun tənzimlənməsi... kimi məsələlər diqqət mərkəzində olacaqdır. Bu norma və prinsiplərə əməl etməyən, öz işində ardıcıl nöqsanlara yol verən...Azərbaycan Prezidentinin tapşırıq və tövsiyyələrindən ciddi nəticə çıxarıb, öz işlərində dönüş yaratmalıdırlar, ya da qanunun sərt üzü ilə üzləşəcəklər”(4)

Bu baxımdan İctimai nəzarət prosesində vətəndaş cəmiyyəti, əsasən də QHT sektorunun və ictimai mühitin yeniləşməsində rolu, yeri və mövqeyi də önəmlidir. Belə ki, daxili resursları olan, özəl keyfiyyətləri inkişaf etmiş, fəal həyat mövqeyi tutan passionar insanları təşkilatlandırmaq vətəndaş cəmiyyətinin ən aktiv vəzifəsidir. Cəmiyyətin demokratikləşməsi, yeni kreativ, yaradıcı, intellektualların müxtəlif təşkilatlarda aktivliyi labüddür. QHT-lərin sosial, humanitar, ictimai prosesə cəlb edilməsi məqsədilə onların AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən dəstəklənməsi, konstruktiv ictimai tənqid və tənbeh üçün şərait yaradılması, maddi-texniki bazasının möhkəmlənməsi, habelə aktual sosial və humanitar layihələrin həyata keçirilməsinə kömək ölkədə demokratikləşmə Yolunda aparılan mühüm islahatlarda İctimai Rəyin formalaşmasına köməkdir.

AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ölkədə vətəndaş təşəbbüskarlığı, yeni ictimai davranış normaları mədəniyyətinin formalaşmasında mühüm rol daşıyır. Bu isə ölkədə ictimai-mədəni və yenilənən cəmiyyətdə məhz Prezident İlham Əliyevin söylədiyi "İctimai nəzarət”ə dəstək məsələlərin maarifləndirilmə istiqamətində fəaliyyətdir.

Bu mənada qismən də olsa, sosial-hüquqi konteksdə araşdırılan "ictimai nəzarət” mövzusunu "Ölkənin Birinci Xanımı Mehriban Əliyevanın fikirləri ilə yekunlaşdıraq”: Hazırda dünya öz inkişafının elə bir dövrünə qədəm qoyur ki, yekun məqsəd bu vəziyyətin dəyişməsindən ibarətdir. Vəziyyətin dəyişməsində uğurlar bir çox siyasi, ictimai, sosial, dini və mənəvi amillərdən asılıdır. Lakin, yekun nəticədə hər şey bizdən, bu planetdə yaşayan Kişilər və Qadınlardan asıldır” (10)

Ədəbiyyat siyahısı:

1. Azərbaycan Respublikasının Konstitusiyası. B., 2009

2. Heydər Əliyev "Müstəqillik yolu” Bakı, 1997

3. AR Prezidenti İlham Əliyevin 27.05. 2015-ci il Respublika günü münasibətilə olan tədbirdə çıxışından http://www.president. Az/articles/15346.

4. R.Mehdiyev "Fəlsəfə” Ali məktəblər üçün Dərs vəsaiti, Bakı, 2010

5. Əli Həsənovun Trend.az müsahibəsindən (Bax:http://www azadlıq/orq/contecnt/articles/25262464/html

6. Hüquq ensiklopedik lüğəti, Bakı, 1991.

7. Fəlsəfə ensiklopedik lüğəti, Bakı, 1997

8. A. Quliyev. Hüquq ensiklopediyası, Bakı, 2007

9. F.Vahidov, T.Ağayev "Sosiologiya” Dərs vəsaiti, B, 2008

10. Hüquq sosiologiyası, Bakı, 2012.

11. R.Mirzəzadə "Multikulturalizm siyasəti”:Din və gender dialoqunda” B,2013.

12. Azərbaycan Respublikasının Əmək Məcəlləsi, B, 2011. (www. Genprosecutor.qov.az) files/uploader/ AR-in emek_mecellesi/doc

13. Bax: http:/www.dyp.az/index.php?/az/content/204.

14. Bax:http: /www meclis.qov.az/?/az/leqislation/view/1331


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq