Xaos, ilahi nizam və on iki ulduz və ya Sadıq Qarayevin adsız hekayəsi... - Kəbutər Hakverdi yazır  

Xaos, ilahi nizam və on iki ulduz və ya Sadıq Qarayevin adsız hekayəsi... - Kəbutər Hakverdi yazır  

PRESS

Bugün, 13:05

Kəbutər Hakverdi,

Xüsusi olaraq Mia.az üçün

***

Xaos müvəqqəti duman, ilahi nizam isə əbədi göy üzüdür. Duman çəkiləndə göy üzünün heç vaxt yerindən tərpənmədiyi görünür. İnsanı ümidsizliyə qapılmağa qoymayan tək həqiqət budur- ən dərin xaos belə ilahi nizamın hüdudlarından kənara çıxa bilməz çünki… fırtınanın da yönünü küləyə əmr edən müəyyən edir.

Nöqtəni qoyuram və davam edirəm: Xaos səsin qışqırığıdır, ilahi nizam isə sükutun hökmü.

Bəşər övladı səsin gurultusunda azıb qalsa da, yolunu həmişə o böyük sükutun işığı ilə tapır. Ən qatı fırtınanın içində belə hər zərrə özünü sahibsiz sanar, ta ki ilahi nizamın görünməz əli onları eyni bir naxışın sapına düzənə qədər. Əslində Azərbaycan oxucusuna belə ədəbi, fəlsəfi, publisistik, canım sizə desin, akademik cümlələr lazım deyil.

Oxucuya səmimi və üslubu, dili, sujeti cazibədar, cana yaxın ədəbi nümunələr lazımdı. Sadıq Qarayevin adsız hekayəsi sosial platformada -Fb səhifəmdə qarşıma çıxır.

Sadıq Qarayev

Oxuyub bitirən kimi “Xaos və İlahi nizam” deyə ad verirəm, çünki hekayə adsızdır. Amma bədii mətn kimi dadlıdır. Ədəbiyyat dadı gəlir və əminliklə ədəbiyyatın özüdür deyirəm. Bəlkə də müəllif sadəcə düşüncələrini yazır öz səhifəsində. 30-40 il öncə bizim gündəlik yazdığımız kimi. O vaxtlar ədəbiyyatda gündəlik janrı vardı və çox maraqlı əsərlər yazılırdı naməlum insanların gündəliyindən. İndi də deyəsən ən yaxşı ədəbi nümunələr sosial paylaşım səhifələrində yaranır. Hekayə adi, sıradan bir məişət hadisəsi-ailə başçısının bazarlıq etmək üçün evdən çıxması ilə başlayır . Daha doğrusu qəhrmanımız bazardadı, bazarlıq edir, turşu alır və…

Qapalı orbit 

Səmimi, axıcı və fəlsəfi bir hekayə:bazardan turşu almaq istəyən qəhrəman kainatın yaradılışına, canlılıq sirrinə, tarixi hadisələrə, insan münasibətlərinə və nəhayət ailə səmimiyyətinə qədər uzanan düşüncə axınına oxucusunu da qoşub arxasınca aparır. Mətnin ən güclü tərəfi "düzülüş" -nizam və xaos fəlsəfəsini həm mikro-atomlar, hüceyrələr, xəstəlik, həm makro-tarix, müharibə, ilahi nizam, həm də məişət-ananın turşusu, təsadüfi adama edilən yaxşılıq, övladın dəftərindəki ulduzlar səviyyəsində harmoniyadadır. Finalda Laləzərın turşusunun dadını xatırlayaraq dairəni tamamlamaq isə mətnə ədəbi bütövlük verir. Ramiz Rövşən necə deyirdi: Bütün yollar sənə gətirəcəkdisə məni öz yanından niyə bıraxdın? Şeirin qafiyəsini unumuşam amma sual konkret belə qoyulmuşdu. Dünyanın bütün yolları çıxış nöqtəsinə tələsir. İslam dini də bunu diktə edir bizə: yarandığımız maddəyə çevrilirik və orbit qapanır.  

Gündəlik məişətdən kainatın dərkinə uzanan psixoloji səyahət-hekayə oxucuya çox incə, hissedilməyəcək bir dərs verir: böyüklüyündən və kiçikliyindən aslı olmayaraq yaxşılıq elə edilməlidir ki, qarşındakı bunun mahiyyətini anlamasın. Konkret desək, yaxşılıq qarşı tərəfi alçaltmadan edilməlidir və yəqin ki,duyğularımızdan yola çıxaraq etdiyimiz hərəkətlər həyatımızın axışına yön verən sistemə oturur və yaşamımızı yönəldir. Bir insanın üzünü güldürmək, ona təbəssüm bəxş etmək üçün fövqəladə qüvvələr sərf etmək, günlərlə aramaq taramaq lazım gəlmir.

Hekayənin kulminasiya nöqtələrindən biri -tut ağacının altındakı kişi ilə dialoq məhz bu emosianal vurğudur: istəsən edə bilərsən. Sadəcə nəyi istəmək sənə bağlıdır. Yəqin ki. pisliklər də belə hiss olunmadan edilir. Kimisə ağladırsan, qəlbini qırırsan. Çox diqqətli olmalıyıq əslində. Bazarlıq edib evinə qayıdan kişinin "İçməli havadır, turşu da olsa ləzzəti olar" cümləsindəki hassasiyyəti qorumalıyıq həmişə. Çünki bu hassasiyyət insanın ən vacib xarakteridir və insani yanaşmanı vurğulayır.  

 Turşu və tut ağacının altındakı kişi 

Bazarlıq edən ailə rəisinin (türklər məişətdə evin kişisini belə adlandırırlar) məhz turşu almasını, turşunun dadına baxmasını, anasının turşu tutmasını xatırlaması onu hökmən küçədə tut ağacının altında içki içməyə hazırlaşan “bomjla” qarşılaşdıracaq. Bu gözlənti heç də təsadüf deyil. Bizim yaşayışımız, davranışımız İlahi nizama tabedir. Və hekayənin mərkəzindəki tut ağacının altındakı obraz bizim sınağımızdır.

Burada oxucu bəlkə məni ifrata varmaqda qınaya bilər: Abla, çox abartılı olmadımı?

Məncə yox. Çünki, yaşadıqlarımızın sirri ən xırda detallarda saxlıdır. Anamızın uşaqkən bizi: “Ayağınızın altına baxın, qarışqanı tapdamayın” öyüd-nəsihəti kimi.

İnsan evdən çıxır, alış veriş məqamı, həyat yolunda əməl, geri dönüş və evlad. Həyatın mənası. Evdən çıxıb evə dönüşə qədərki çəmbərdə isə dayanacağımız nöqtə məhz tut ağacının altıdır. Əməl dəftərimizə o dayanacaqdakı davranızımıza görə not düşülür. Hekayənin ən güclü psixoloji düyünü də tut ağacının altında gizlincə içki içməyə hazırlaşan kişi ilə bağlı səhnədə açılır. Qəhrəmanımız "Camaatın içində əlimi necə salım turşu çıxarım, ona nə deyim verim?" dilemması (nə qədər acı da olsa super eqomuzun tavan yapdığı məqam) yaşayır.

Cəmiyyətimizdə yaranmış utancaqlıq, ərincəklik və etinasızlıq baryeri aşılır nəhayət, süper-eqo qırılır. Heç demə çox asanmış-əlini bazarlıq etdiyin neylon torbalardan birinə salb bir ovuc turşu çıxartmaq. Bir insanın üzündə təbbəssüm oyatmaq bu qədər bəsit və sadə imiş. Başqa bir məqam da var: insan məhz o təbbəssümü görəndə həyatdan zövq alır. Qəhrəmanın geri qayıdaraq həmin adama turşu verməsi onun daxili tərəddüdləri üzərindəki qələbəsidir.

Lakin burada ən incə psixoloji detal onun işlətdiyi cümlədir: "Bilmədim içirsiz, amma içməli havadı, turşu da olsa ləzzəti olar." Qəhrəmanımız qarşı tərəfə yuxarıdan aşağı baxmır, ona "yazığı gəldiyi" üçün deyil, onun vəziyyətini təbii və insani qəbul etdiyi üçün yaxşılıq edir. İstədim yaxşılıq sözünü dırnaqda yazım çünki oxucunu əsəbləşdirəcəyimdən ehtiyat edirəm. Bir tutam turşu nədən yaxşılıq siyahısına yazılsın ki? Əlbətdə elədir. Amma cəmiyyətin itələdiyi birinə normal münasibət, cəmiyyətin qurduğu o görünməz ayrı-seçkilik divarını yıxmaqdır.

Humanist psixologiyada belə səmimi yanaşma sosioloji müstəvidə insanın ləyaqətini və cəmiyyət içindəki haqqını özünə qaytaran ən ali sosial inteqrasiya aktıdır. Damğalanmış bir insana uzanan tək bir təbii və mərhəmətli jest onun çiynindən bütün cəmiyyətin qınaq yükünü götürür, onu sıxışdırıldığı qapalı orbitdən çıxarıb yenidən həyatın ahənginə qaytarır.

Hekayəmizdəki bu bir tutam turşu, yolu keçməyə tərddüd edən birinin qolundan tutmaq və ya bir gilə siqaret vermək də ola bilər hansı ki, ayaqüstü yemek yediyin yerdə sənə yaxınlaşan heyvana yediyindən bir parça qoparıb vermək insanı daxilən fərəhləndirir. Bir canlı ilə yediyin loxmanı paylaşmaq, birinin yolu keçərkən qolundan tutmaq, birinə sadəcə yerindən qalxması üçün əl uzatmaq səni bir yarpağı budağndan qoparmağa qıymayacaq, qış günü çiçəyə suyu isidib tökəcək, pəncərə pərvazlarına heç gələcəyini bilmədiyin quşlar üçün yem qoyacaq qədər həssaslaşdırır. Əməlin səni tərbiyələndirir və insan kimi kamilləşdirir fəlsəfəsi. 

12 Ulduzlu 

Zahirən dağınıq bir xaos təsiri bağışlayan gündəlik təəssüratlarımızın arxasında zehnimizin möhtəşəm ilahi nizamı dayanır. Hər bir səs, hər bir baxış və yaşanmış hər an ömrün qapalı orbitində təkbaşına fırlanmır. Bu düşüncə ilmələri bir-birinə toxunduqca adi müşahidələr və pərakəndə xatirələr bütöv bir həyat fəlsəfəsinə çevrilir. Yazıya köçürmək, başqasına nəql etmək bacarığı da varsa o zaman ədəbi mətn yaranır. Eyniylə Sadıq Qarayevin “Xaos, İlahi Nizam və On İki Ulduz” hekayəsi kimi. Günün sonunda həm müəllifin həm də oxucunun mükafatı dəftərə şəkilən 12 ulduz olur. Psixoloji baxımdan qəhrəmanın düşüncə tərzi assosiativ təfəkkür üzərində qurulub. O, ətrafındakı hər bir detalı -ağacın yarpaqlarını, karbon atomlarını, aptekçinin keçəlliyini, müharibə tarixini vahid bir sistemin — "düzülüşün" parçası kimi qavrayır. Qəhrəman üçün almazla kömürün, ölü ilə dirinin, zəfərlə məğlubiyyətin fərqi elementlərin sayında deyil, onların hansı ardıcıllıqla və harmoniyada yan-yana gəlməsindədir. Bu yanaşma insan psixikasının xaotik dünyada məna və təhlükəsizlik axtarışının bədii təzahürüdür.

Müəllif hekayədə iki fərqli nizam modelini qarşılaşdırır. Birinci modeldə qaydalara ciddi riayət edilərək ustalıqla hazırlanan satlıq turşu. İkinci modeldə ananın (Laləzərin) heç bir ölçü-biçi gözləmədən, xaotik şəkildə hazırladığı turşu. Və qəhərmanımız kəşf edir ki, həyatda hər şey riyazi dəqiqliklə hesablanmır. Bəzən zahirən xaotik görünən şeylərin arxasında sevgi, səmimiyyət və təbiilik kimi görünməz ali bir nizam dayanır. Evə qayıdan –orbitin qapanma nöqtəsi- qəhrəmanımızı hər gün üzləşdiyimiz yorucu problemlər qarşılayır. Real dünyamızın stres faktorları- köhnəlmiş telefon, hazırlıq pulları və sair. Lakin bu qədər sıxıntının içində sanki günəş doğur. Məktəbli evladın ilk uğurları: birinci sinifdə oxuyan qızın "Ata, bax, ulduzlarımın sayı 12 olub" deməsi ilə bütün bu gərginlik bir anda əriyir. Və oxucu mənəvi ehtiyacların ödənməsinin fiziki ehtiyacları arxa plana keçirdiyinin şahidi olur, bu prosesi addım addım izləyir. Ədəbi mətnin ali missiyası şüarcılıqdan, pafosdan uzaq, sıradan, adi bir günün sonunda öz borcunu tamamlayır.   

 Üç zamanın qovuşması- gələcəyə işıq ötürən müqəddəs ahəng

Sadıq Qarayevin kişik və adsız hekayəsi insan ruhunun xarici aləmdəki xaosu daxili harmoniya ilə necə tarazladığını göstərən psixoloji portretdir.

Hekayənin qəhrəmanı bütün gün ərzində kainatın "ideal düzülüşünü" axtarır və nəhayət onu nə atomlarda, nə də böyük tarixi savaşlarda deyil, yaşadığı üç duyğuda — yad bir insana edilən təmənnasız yaxşılıqda, anasının xatirəsində və övladının dəftərindəki ulduzlarda tapır.

Birinci: insanın öz eqosundan çıxıb başqasının varlığına toxunduğu vicdan və mərhəmət məqamı yəni nsanın yadlaşmış cəmiyyətdə "mən" qəfəsindən çıxıb "biz" olması, yer üzündə ilahi ədalətin ən kiçik, amma ən saf zərrəsini yaratmasıdır. 

İkinci: ananın xatirəsi — keçmişin dayağı və insanın kökü- insanın dünyaya ilk göz açdığı, qeyd-şərtsiz sevgi və təhlükəsizlik gördüyü başlanğıc məqamı, insan ruhunun heç vaxt sönməyən ocağıdır. Həyatın ən böyük xaosunda və fırtınasında insanı uçurumdan saxlayan görünməz lövbər məhz ananın xatirəsidir. Böyük savaşlar tarixi dəyişsə də, insanın kimliyini və mənəvi toxunulmazlığını qoruyan ananın laylası, duası və öyüdüdür.  

Üçüncü: Övladın dəftərindəki ulduzlar — gələcəyin ümididir. Bu, insanın özündən sonraya qoyduğu iz, ümid, məsumluq və davamlılıq məqamıdır, həyatın gələcəyə açılan pəncərəsidir. Demək bizim üçün orbit qapansa da izimiz xatirə şəklində o orbitdən qopub yeni bir planet yaradacaq. Qəhrəmanımızın göylərdə və mürəkkəb elmi düsturlarda axtardığı o uzaq ulduzlar, əslində övladının ağ vərəqə çəkdiyi sadə, məsum cizgilərdə öz əksini tapır. Uşaq təxəyyülündəki ulduzlar dünyanı hələ çirklənməmiş, qərəzsiz və saf gözlə görməyin rəmzidir.

Bu məqam insana sübut edir ki, kainatın ən böyük möcüzəsi uzaq qalaktikalarda deyil, böyüməkdə olan bir evladın saf dünyasında və gələcəyə olan inamındadır. Və biz anlayırıq ki, kainatın "ideal düzülüşü" kənarda axtarılan soyuq bir mexanizm deyil. Kainatın ideal düzülüşü insanın keçmişindən güc alıb, bu günündə mərhəmətini paylaşaraq gələcəyinə işıq ötürdüyü o müqəddəs ahəngin özüdür.

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR