Sökülən evlərin sahiblərinə vergi güzəşti olacaq - Bəs, kompensasiya necə hesablanmalıdır?

Sökülən evlərin sahiblərinə vergi güzəşti olacaq - Bəs, kompensasiya necə hesablanmalıdır? 

CƏMİYYƏT

Bugün, 17:49

Azərbaycanda şəhərsalma və yenidənqurma prosesləri sürətləndikcə, sökülən yaşayış binalarının sakinlərinə verilən kompensasiyanın hüquqi və iqtisadi tərəfləri də daha çox aktuallıq qazanır. Bu baxımdan Vergi Məcəlləsinə təklif edilən yeni dəyişiklik müsbət və prinsipial əhəmiyyət daşıyır.

2027-ci ilin dövlət büdcəsi zərfinə daxil edilən qanun layihəsinə əsasən, sökülmüş binaların əvvəlki mülkiyyətçilərinə həmin ərazidə inşa olunan yeni tikililərdən verilən yaşayış və qeyri-yaşayış sahələri vergiyə cəlb olunan gəlir hesab edilməyəcək. Bu yanaşmanın iqtisadi mahiyyəti sadədir. Vətəndaş öz mülkiyyətini itirməsi müqabilində aldığı əvəzləyici mənzilə görə əlavə vergi yükü ilə üzləşməməlidir. Çünki burada söhbət yeni gəlir əldə etməkdən deyil, mövcud əmlak hüququnun başqa formada bərpasından gedir. Lakin bu dəyişiklikdə diqqət çəkən daha bir mühüm məqam var. Güzəştin tətbiqi yalnız mənzilin əvvəlki sahəsi ilə məhdudlaşmır.

Mediada yayılan layihə müddəalarının daha ətraflı izahına görə, mülkiyyətçiyə əvvəlki sahəsindən əlavə sahə verildiyi halda, sökülmüş əmlakın sahəsinin 20 faizi həddində olan əlavə hissənin də vergiyə cəlb edilməməsi təklif olunur. Bundan başqa, tikinti şirkətinin çəkdiyi müvafiq məsrəflərin gəlirdən çıxılması və bu əməliyyatlar üzrə dövriyyələrin ƏDV-dən azad edilməsi nəzərdə tutulur. Bu dəyişiklik bir neçə istiqamətdən müsbət qiymətləndirilə bilər. Bu, ilk növbəfə vətəndaşın mülkiyyət hüququnun iqtisadi müdafiəsidir. Söküntü nəticəsində vətəndaş mövcud yaşayış sahəsini itirir. Əvəzində ona yeni binadan mənzil təqdim olunması mahiyyət etibarilə kompensasiya mexanizmidir. Bu əməliyyatın gəlir kimi qiymətləndirilməsi və əlavə vergi öhdəliyi yaratması iqtisadi baxımdan ədalətli yanaşma olmazdı. Bu yenilik eyni zamanda öküntü proseslərində vergi mübahisələrinin azalmasına gətirəcək. Əvvəlki əmlakın əvəzinə yeni mənzil verilməsi zamanı vergi öhdəliyinin yaranıb-yaranmaması ilə bağlı qeyri-müəyyənlik həm vətəndaş, həm də tikinti şirkəti üçün əlavə hüquqi və maliyyə riskləri yarada bilər. Yeni tənzimləmə bu risklərin azaldılmasına xidmət edə bilər. Tikinti şirkətləri üçün də nəzərdə tutulan ƏDV güzəşti və məsrəflərin gəlirdən çıxılması mexanizmi kompensasiya əməliyyatlarının vergi baxımından daha aydın tənzimlənməsinə imkan yarada bilər. Bu, xüsusilə iri söküntü və yenidənqurma layihələrində əhəmiyyətlidir. Amma əsas problem təkcə vergi deyil. 

Burada bir məqamı xüsusi vurğulamaq lazımdır. Mənzilə görə vergi tutulmaması kompensasiyanın ədalətli olması demək deyil. Son dövrlərdə Bakıda aparılan söküntü və yenidənqurma prosesləri fonunda vətəndaşların əsas narahatlığı əmlaklarının hansı qiymətləndirilmə prinsipi ilə kompensasiya olunması, təklif edilən mənzilin əvvəlki əmlakla real iqtisadi dəyər baxımından nə dərəcədə uyğun gəlməsi və alternativ kompensasiya imkanlarıdır. Məsələn, vətəndaşın 100 kvadratmetrlik mənzili sökülürsə, ona yenidən 100 kvadratmetrlik mənzil verilməsi ilk baxışda bərabər əvəzləmə təsiri bağışlayır. Lakin yeni mənzilin yerləşdiyi ərazi, tikintinin keyfiyyəti, infrastruktura çıxış, mərtəbə, mənzilin bazar dəyəri və əvvəlki əmlakın hüquqi statusu da nəzərə alınmalıdır. 100 kvadratmetr həmişə 100 kvadratmetr dəyərində deyil. Mülkiyyətçinin əvvəlki mənzili şəhərin mərkəzində, formalaşmış infrastruktura malik ərazidə yerləşə bilər. Əvəzində təqdim olunan mənzil isə daha az əlverişli lokasiyada ola bilər. Belə vəziyyətdə yalnız sahə göstəricisinə əsaslanan kompensasiya iqtisadi ədaləti təmin etmir. Digər mühüm məsələ mülkiyyət sənədləridir. Layihədə dövlət reyestrindən çıxarışı olmayan tikililərin sahəsinin də müvafiq qaydada rəsmiləşdirilmiş sənədlər əsasında müəyyənləşdirilməsi nəzərdə tutulur. Bu yanaşma vacibdir. Çünki sənədləşmə problemi yaşayan sakinlərin hüquqlarının necə qorunacağı da söküntü siyasətinin ayrılmaz hissəsidir. 

Bu baxımdan, vergi güzəşti ilə paralel olaraq söküntü və kompensasiya mexanizmlərində aşağıdakı prinsiplər də təmin edilməlidir. Kompensasiya məbləği yalnız əmlakın kvadratmetrinə görə deyil, onun real bazar dəyərinə əsasən hesablanmalıdır. Əmlakın dəyərini müəyyən edən mexanizm şəffaf olmalı, mülkiyyətçinin alternativ qiymətləndirmə və etiraz hüququ qorunmalıdır. Vətəndaşa yeni mənzil, pul kompensasiyası və ya qanunvericiliyə uyğun digər alternativlər arasında seçim imkanı yaradılması nəzərdən keçirilməlidir. Söküntüdən əvvəl müqavilə şərtləri, kompensasiyanın həcmi, mənzilin təhvil müddəti və gecikməyə görə məsuliyyət aydın müəyyənləşdirilməlidir. Köçürülmə zamanı ailələrin sosial vəziyyəti, məktəbə, işə, səhiyyə və digər vacib xidmətlərə çıxışı nəzərə alınmalıdır.

Bir sözlə, şəhərlərin yenilənməsi, təhlükəli və istismar müddətini başa vurmuş binaların sökülməsi zəruri proses ola bilər. Bu, həm şəhər infrastrukturunun yaxşılaşdırılması, həm də insanların təhlükəsiz yaşayış şəraitinin təmin edilməsi baxımından əhəmiyyətlidir.

Amma şəhərsalma siyasətinin uğuru təkcə neçə binanın sökülməsi və yerində neçə yeni binanın tikilməsi ilə ölçülməməlidir. Əsas göstərici həmin proses nəticəsində vətəndaşın həyat keyfiyyətinin və mülkiyyət dəyərinin necə dəyişməsidir. Təklif olunan vergi güzəşti bu istiqamətdə müsbət addımdır. Ancaq daha geniş yanaşmaya ehtiyac var. Vergi yükünün aradan qaldırılması ilə yanaşı, kompensasiyanın ədalətli hesablanması, mülkiyyət hüquqlarının qorunması və prosesin şəffaflığı təmin edilməlidir. Çünki vətəndaşın evi söküləndə yalnız bir tikili deyil, onun illərlə formalaşdırdığı yaşayış mühiti, iqtisadi dəyəri və şəxsi təhlükəsizlik hissi də dəyişir. Ona görə də, bu dəyişiklikdən vətəndaşın zərər görməməsi təmin edilməlidir. 

Çinarə Ağayeva

Biznes məsləhətçi

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR