Azercell və AKM kibertəhlükəsizlik sahəsində innovativ həllərin hazırlanmasına yönələn “FireWall 2026” hakatonuna start verir

Azercell və AKM kibertəhlükəsizlik sahəsində innovativ həllərin hazırlanmasına yönələn “FireWall 2026” hakatonuna start verir

İQTİSADİYYAT

Bugün, 16:25

“Azercell” və İRİA-nın nəzdində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin (AKM) birgə təşkilatçılığı ilə kibertəhlükəsizlik sahəsində yeni istedadların aşkar edilməsi və inkişafının dəstəklənməsi məqsədilə “FireWall 2026” hakatonuna start verilir.

Mia.az xəbər verir ki, təşəbbüs gənc mütəxəssisləri, proqramçıları və texnologiya həvəskarlarını real kibertəhlükəsizlik problemlərinin həlli ətrafında bir araya gətirəcək. Hakaton “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı çərçivəsində gənclərin praktiki bacarıqlarının inkişafını və ölkədə peşəkar kibertəhlükəsizlik icmasının genişləndirilməsini hədəfləyir.

Hakaton dekabrın 5-6-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində keçiriləcək. Yarışda 18 və daha yuxarı yaşda olan Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilərlər. Seçim mərhələsinin nəticələrinə əsasən hər biri maksimum 5 nəfərədək iştirakçıdan ibarət 10 komanda hakatonda iştirak hüququ qazanacaq. Komandalar kibertəhlükəsizlik, rəqəmsal məlumatların qorunması, risklərin idarə edilməsi və süni intellekt sistemlərinin təhlükəsizliyi ilə bağlı real problemlər üzərində işləyəcəklər. İştirakçılar 24 saat ərzində həllərinin ilkin işlək versiyalarını hazırlamalıdırlar. Məqsəd konkret problemlərin həllinə xidmət edən yeni məhsulların yaradılmasını və mövcud texnoloji həllərin təkmilləşdirilməsini təşviq etməkdir.

Yarışın nəticəsinə əsasən qalib komandalar müvafiq olaraq 4000 manat (I yer), 3000 manat (II yer) və 2000 manat (III yer) məbləğində pul mükafatı ilə təltif olunacaqlar.

Kibertəhlükəsizlik sahəsində biliklərini təcrübədə tətbiq etmək, komanda ilə innovativ həll hazırlamaq və öz ideyasını işlək məhsula çevirmək istəyən hər kəsi “FireWall 2026” hakatonunda iştirak etməyə dəvət edirik. Qeydiyyat noyabrın 12-30-də davam edəcək.

İştirak və qeydiyyatla bağlı ətraflı məlumat: “FireWall 2026”

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR