“Adımız var, səlahiyyətimiz yoxdur” – Deputatlar həmkarlarının bu fikri ilə razılaşır, yoxsa...? (AÇIQLAMALAR)

“Adımız var, səlahiyyətimiz yoxdur” – Deputatlar həmkarlarının bu fikri ilə razılaşır, yoxsa...? (AÇIQLAMALAR)

SİYASƏT

Bugün, 00:27

Deputatların seçiciləri qarşısında məsuliyyəti və onların problemlərinin həllindəki səlahiyyətləri zaman-zaman müzakirə mövzusuna çevrilir.

Milli Məclisin deputatı Naqif Həmzəyev də bu məsələyə toxunaraq deputatların səlahiyyətlərinin məhdudluğundan şikayətlənib.
O, "Adımız var, ancaq heç bir səlahiyyətimiz yoxdur”, – deyə bildirib:
"Vətəndaşlar mənə irad tuturlar ki, bəlkə də bu asfalt üçün vəsait ayrılıb, bəlkə də bu vəsait başqa yerə xərclənib. Mən heç nəyə cavab verə bilmirəm. Yəni, açıq deyim ki, bizim adımız var, ancaq heç bir səlahiyyətimiz yoxdur.
Biz seçicilərlə görüşəndə çox əziyyət çəkirik. Xüsusilə də doğulub boya-başa çatdığımız və ya bir yerdə böyüdüyümüz qonşuların qarşısına çıxa bilmirik. Yəni deyirlər ki, sən vəzifə tutursan, yaxşı dolanırsan, bəs bizi niyə düşünmürsən?!"
Bəs digər deputatlar bu fikirlə razıdırlarmı?
Mia.az xəbər verir ki, AZXEBER.COM mövzu ilə bağlı Milli Məclisin deputatlarına müraciət edib.
 
Razi Nurullayev bildirib ki, deputatın nüfuzu tutduğu vəzifənin adından deyil, sözünün çəkisindən və fəaliyyətinin nəticəsindən daha çox qaynaqlanır:
"Deputat həmkarım Naqif Həmzəyevə hörmətim böyükdür. Təbii ki, deputatların düşüncəsi, yanaşması və fikirləri müxtəlif ola bilər və bu, parlament fəaliyyətinin normal tərkib hissəsidir. Deputatın statusu ilə real səlahiyyətləri arasında müəyyən fərqlər var. Deputat yalnız qanunverici orqanın üzvü deyil, həm də seçicilərin təmsilçisidir. Onun əsas imkanları qanunvericilik təşəbbüsündə, parlament nəzarətində, hökumətə suallar ünvanlamaqda və seçicilərin problemlərini dövlət qurumları qarşısında qaldırmaqdadır.
Əlbəttə, deputatın icra hakimiyyətinin səlahiyyətlərini öz üzərinə götürməsi düzgün deyil. Amma dövlət qurumları da deputatın sorğusuna, zənginə və qaldırdığı məsələlərə biganə yanaşmamalı, onu qulaqardına vurmamalıdır. Deputatın arxasında seçicilərin etimadı dayanır. Onun müraciətlərinə laqeyd münasibət göstərildiyi halda, deputatın da daha sərt və prinsipial mövqe ortaya qoyacağını hər kəs bilməlidir. Parlament nəzarətinin mahiyyəti də məhz budur. Bunu da bilməliyik ki, deputatın nüfuzu tutduğu vəzifənin adından deyil, sözünün çəkisindən və fəaliyyətinin nəticəsindən daha çox qaynaqlanır”.
Elçin Mirzəbəyli isə məsələyə münasibət bildirmək istəməyib:
"Naqif Həmzəyev həmkarımdır. Mən həmkarlarımın fikirlərinə münasibət bildirmirəm”.
 
Fəzail İbrahimli bildirib ki, Naqif Həmzəyev deputatın ümumiyyətlə səlahiyyətlərinin olmadığını deyil, vətəndaşların qaldırdığı problemləri birbaşa icra etmək səlahiyyətinin olmadığını demək istəyib:
"Naqif Həmzəyev sözün müstəqil və məntiqi mənasını bilən, hər zaman məntiqə söykənən, günün aktual məsələlərinə obyektiv münasibət bildirən və lazımi məqamlarda problemləri gündəmə gətirə bilən deputatdır. O, vaxtilə mənim tələbəm olub. Təbii ki, onun məntiqi təfəkkürünə bələdəm. Sadəcə, hesab edirəm ki, Naqif bu ifadəni işlədərkən fikrini bəlkə də bir qədər düzgün ifadə edə bilməyib. Deputatın səlahiyyətləri, hüquq və vəzifələri Milli Məclis tərəfindən qəbul edilən qanunlarla və Konstitusiya ilə müəyyən olunur. Burada söhbət daha çox qərarların icrası mexanizmindən gedir. Deputat hər hansı məsələni gündəmə gətirə, müvafiq təkliflərlə çıxış edə bilər. Məsələn, Milli Məclis müəyyən qərar qəbul edir, həmin qərar qanunvericilikdə nəzərdə tutulan qaydada təsdiqlənir və qüvvəyə minir. Bundan sonra onun icrası müvafiq icra orqanlarının səlahiyyətinə aid olur.
Naqif fikrini bir qədər sərt formada ifadə edib. O, deputatın ümumiyyətlə səlahiyyətlərinin olmadığını deyil, vətəndaşların qaldırdığı problemləri birbaşa icra etmək səlahiyyətinin olmadığını demək istəyib”.
 
Aydın Hüseynov qeyd edib ki, Naqif Həmzəyev "bizim səlahiyyətimiz yoxdur” deyərkən konkret olaraq tikinti və abadlıq işlərini nəzərdə tutur:
"Mən Naqif müəllimin çıxışına baxmamışam. Ancaq mən belə başa düşürəm ki, o, "bizim səlahiyyətimiz yoxdur” deyərkən konkret olaraq tikinti və abadlıq işlərini nəzərdə tutur. Məsələn, hər hansı ərazidə abadlıq işlərinin aparılması, su və kanalizasiya xətlərinin çəkilməsi kimi məsələləri deputatların özlərinin həyata keçirmək səlahiyyətinin olmadığını demək istəyir. Mənim anladığım qədər, burada ümumilikdə deputatın səlahiyyətlərindən söhbət getmir. Çünki çıxışında dam örtüklərinin dəyişdirilməsi, Gəncənin ayrı-ayrı məhəllələrinin abadlaşdırılması kimi məsələlərə toxunur. Yəni bu işlərin icrası üçün deputatların müvafiq səlahiyyətlərinin olmadığını nəzərdə tutur. Hesab edirəm ki, onun fikrini bu kontekstdə başa düşmək lazımdır”.
Azər Badamov bildirib ki, deputatlıq fəaliyyətində səlahiyyətlərini həyata keçirməklə bağlı ciddi çətinliklə üzləşməyib:
"Milli Məclisin 125 deputatı ölkənin 125 seçki dairəsini təmsil edir. Deputatın əsas vəzifələrindən biri təmsil etdiyi dairədə seçicilərlə mütəmadi təmasda olmaq, onların müraciət və problemlərini dinləmək, qaldırılan məsələləri aidiyyəti dövlət qurumlarının və hökumət üzvlərinin diqqətinə çatdırmaq, həlli istiqamətində müvafiq təşəbbüslər göstərməkdir. Şəxsən mən özüm seçildiyim dairədə deputatlıq fəaliyyətimi və səlahiyyətlərimi həyata keçirməklə bağlı hər hansı ciddi çətinliklə üzləşməmişəm. Hesab edirəm ki, bu sahədə əsas məqamlardan biri yerli icra hakimiyyəti orqanları, rayon rəhbərliyi, idarə və təşkilatlarla sağlam və işgüzar əməkdaşlıq mühitinin formalaşdırılmasıdır.
Təmsil etdiyim Qusar rayonunda seçicilər tərəfindən qaldırılan sosial məsələlər rayon rəhbərliyi ilə müzakirə olunur, onların həlli üçün müvafiq addımlar atılır. Bəzi məsələlər rayonun yerli büdcəsi və sosial-iqtisadi inkişaf proqramları çərçivəsində həllini tapır. Rayon səviyyəsində həlli mümkün olmayan, əlavə maliyyə vəsaiti və ya mərkəzləşdirilmiş müdaxilə tələb edən məsələlərlə bağlı isə tərəfimdən müvafiq mərkəzi icra hakimiyyəti orqanlarına müraciətlər ünvanlanır. Xüsusilə qeyd etmək istəyirəm ki, bu müraciətlərə, əsasən, müsbət yanaşılır, qaldırdığımız məsələlər diqqətlə nəzərdən keçirilir və qanun çərçivəsində həlli mümkün olan məsələlərin həlli istiqamətində müvafiq dəstək göstərilir. Həlli mümkün olmayan məsələlərlə bağlı əsaslandırılmış cavablar alırıq. Bu baxımdan həm yerli icra hakimiyyəti orqanları, həm də mərkəzi dövlət qurumları ilə əməkdaşlığımızı müsbət qiymətləndirirəm.
Bu gün Qusarda həyata keçirilən işlər də həmin əməkdaşlığın nəticələrini göstərir. Belə ki, şəhərin içməli su və kanalizasiya təminatı ilə bağlı problemlər əsaslı şəkildə həllini tapıb. Küçələrin asfaltlanması işləri sürətlə davam etdirilir. Mövcud dinamika qorunarsa, gələn il Qusarda asfalt örtüyü olmayan küçələrin sayının minimuma endiriləcəyini düşünürəm. Eyni zamanda, elektrik enerjisi və qaz təminatı ilə bağlı tikinti və yenilənmə işləri aparılır, yaşayış binalarının fasadları və dam örtükləri təmir olunur.
Təbii ki, bütün məsələlərin qısa müddətdə həlli mümkün deyil. Bəzi problemlərin həlli əlavə maliyyə vəsaiti, vaxt və aidiyyəti qurumların müdaxiləsini tələb edir. Lakin əsas məqam ondan ibarətdir ki, seçicilərin müraciətləri diqqətdən kənarda qalmır, hər bir məsələyə münasibət bildirilir və onun həlli istiqamətində imkanlar daxilində addımlar atılır.
Ona görə də hesab edirəm ki, deputatın səlahiyyətlərinin həyata keçirilməsində əməkdaşlıq və qarşılıqlı anlaşma mühüm rol oynayır. Mən öz fəaliyyətimdə bu əməkdaşlığı təmin etməyə çalışmışam və təmsil etdiyim dairədə seçicilərin problemlərinin həlli istiqamətində rayon rəhbərliyi, yerli idarə və təşkilatlar, eləcə də mərkəzi icra hakimiyyəti orqanları ilə əməkdaşlığımızı səmərəli hesab edirəm. Bu baxımdan, şəxsən öz deputatlıq fəaliyyətimdə səlahiyyətlərimin həyata keçirilməsi ilə bağlı hər hansı ciddi maneə və ya çətinliklə üzləşməmişəm. Əsas məqsədimiz də məhz seçicilərin etimadını doğrultmaq, onların gündəlik həyatına müsbət təsir göstərə biləcək məsələlərin həllinə töhfə verməkdir”.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR