Milli Məclisdəki çıxışın görünməyən tərəfi: "Görünür, ya Gəncənin icra başçısı artıq yol üstədir, ya da deputatı..." -VİDEO

Milli Məclisdəki çıxışın görünməyən tərəfi: \"Görünür, ya Gəncənin icra başçısı artıq yol üstədir, ya da deputatı...\" -VİDEO

SİYASƏT

Bugün, 13:00

Xəbər verdiyimiz kimi, dünən Milli Məclisdə deputat Naqif Həmzəyev Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclasında şok çıxış edib.

Mia.az xəbər verir ki, o, orta məktəblərin bufetlərindəki qidalardan başlayaraq, daha sonra deputatı olduğu Gəncənin problemlərini qabardıb.

Deputat  1960-70-80-ci illərdə tikilmiş binaların baxımsızlığına diqqəti çəkib. O, birbaşa ad çəkməsə də, Gəncəni nəzərdə tutduğu gün kimi aydın olan çıxışında bildirib ki, şəhərin mərkəzi yollarındakı binaların yola baxan tərəfinə "əl" gəzdirilsə də, arxa tərəfləri bərbad gündədir:

Deputat Naqif Həmzəyev

"Bu binaların çox təəssüflər olsun ki, təmir və bərpa məsələsi ilə bağlı hər ötən il deyilir ki, növbəti il həll olunacaq. Bəzən şəhər və yaxud rayon öz daxili vəsaiti hesabına nələrsə edir, daha çox açıq deyim, prospektlərin görünən hissəsində təmir işləri aparırlar. O həyətdə, məhlə hissəsində isə bu binalar ümumiyyətlə təmir edilmir. Yaxud dam örtüyü düzəldilir, onun giriş hissəsi, lift və yaxud digər məsələlər düzəlmir və elə binalar var ki, o pilləkənlər hər an uça bilər. Mən bu haqda hökumətə də rəsmi müraciət etmişəm. Bəzi evlər var ki, medianı da ümumiyyətlə çəkməyə, işıqlandırmağa qoymurlar. Hansı media o məlumatı işıqlandırırsa, həmin jurnalist ümumiyyətlə, bəlkə də, işdən çıxarılır və yaxud müəyyən təqiblərə məruz qalır. Yəni bu, yaxşı hal deyil. Bu problemi gizlətməklə biz heç nə əldə etmirik. Bakıda rahatdır, hər şey həll olunur. Regionlarda ancaq inanın ki, hamı bir nəfərdən, iki nəfərdən qorxur və heç kim də dilə gətirə bilmir.

Üçüncü məsələ, 2011-ci ildən başlayaraq Gəncə sakinlərinə biz həmişə bir cavab veririk: kanalizasiya layihəsi yekunlaşan kimi bu yola asfalt çəkiləcək. Artıq 2026-cı ildir. Hələ də asfalt üzü görməyən yollar qalır və mən belə başa düşürəm, yaxın 5-6 ildə də qalacaq. Çünki elə yerlər var ki, orada kanalizasiya hələ də çəkiləsi deyil.

Yəni vətəndaşlar mənə irad tuturlar ki, bəlkə də, bu asfalt üçün vəsait ayrılıb və başqa yerə xərclənib. Mən heç nəyə cavab verə bilmirəm. Açıq deyim, bizim adımız var, ancaq heç bir səlahiyyətimiz yoxdur. Hökumət nümayəndələri rayonlara, şəhərlərə gedəndə icra başçısının və yaxud o rəsmi şəxsin təqdim etdiyi marşrutdan kənara çıxaraq vətəndaşlarla görüşə getməlidir. Belə olacağı təqdirdə hökumət üzvləri görəcək ki, o yollar niyə düzəlmir və yaxud problemlər nə dərəcədə qabarıqdır. Şəhər və rayon rəhbərliyi hökumətdən də gizlədir.

Mən bəlkə də, emosional çıxış etdim, ancaq inanın ki, seçicilərlə görüşəndə çox əziyyət çəkirik. Xüsusilə də doğulub boya-başa çatdığın ərazidə və ya bir yerdə böyüdüyümüz o qonşuların qarşısına çıxmaq olmur. Yəni deyirlər ki, sən vəzifə tutursan, sən yaxşı dolanırsan, bəs bizi niyə düşünmürsən?"

Göründüyü kimi, deputat çox sərrast şəkildə bir müddətdir aralarında problem yaşadığı Gəncənin İcra başçısı Niyazı Bayramovu da hədəfə gətirib.

Mia.az-ı məlumatlandıran mənbənin məlumatına görə, icra başçısı ilə deputat arasında sərin münasibətlər var: "Hətta bir ara iş o yerə çatmışdı ki, İcra Hakimiyyəti deputatı şəhər rəhbərliyi haqqında saytlarda tənqidi yazı yazdırmaqda ittiham da edib. Deputat o vaxt Gəncədən sistematik yazan saytlarla hər hansı bir "bağı"nın olmaması barədə Facebook-dakı profilində açıqlama yaymağa da məcbur qalmışdı. Sizcə, bu, təsadüf idimi? Uzun illər Gəncənin ictimai həyatında hakim partiyanın təmsilçisi olan deputat Naqif Həmzəyev o açıqlamanı boşuna verməmişdi... 

Digər bir məsələ isə Niyazi Bayramovun deputatı şəhərlə bağlı tədbir və iclaslara dəvət etməməsi də diqqətdən yayınmır. Siz google-də axtarış verin, görün deputatla icra başçısının birgə neçə şəkili qarşısınıza çıxacaq?

Elə buradan da bir daha aydın olur ki, onların münasibətləri "hamar" deyil.

İndisə günün sualı budur: hələ YAP-dan da əvvəl siyasi səhnədə yer alan və üstəlik, ölkədəki real durumu deputat həmkarlarından çoxundan çox yaxı bilən Naqif Həmzəyev birdən-birə niyə cəsarətləndi? Bax, əsas məsələ burada gizlənib. Görünür, ya Gəncənin icra başçısı Niyazı Bayramov artıq yol üstədir, ya da deputatı onun üzərinə "yeriməyə" cəsarətləndirən qrup var..."

F.ƏHMƏD

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR