Mənzil alarkən ən çox edilən 10 SƏHV... - Fərid Cəfərli yazır

Mənzil alarkən ən çox edilən 10 SƏHV... - Fərid Cəfərli yazır

İQTİSADİYYAT

Bugün, 13:55

Fərid Cəfərli,

Ekspert

***

Mənzil almaq əksər insanlar üçün həyatının ən böyük maliyyə qərarlarından biridir. Ona görə burada edilən kiçik bir səhv belə sonradan ciddi maliyyə itkisinə və hüquqi problemlərə səbəb ola bilər. Mənzil alarkən ən çox rast gəlinən 10 səhvi belə qruplaşdırardım.

Birinci səhv – yalnız mənzilin qiymətinə baxmaqdır.

Alıcı çox vaxt “bu mənzil neçə manatdır?” sualına fokuslanır. Halbuki əsas sual mənzilin ümumi maliyyə yükünün nə qədər olmasıdır. Təmir, mebel, kommunal xərclər, notariat, qeydiyyat, sığorta, kredit faizləri və digər əlavə ödənişlər də əvvəlcədən hesablanmalıdır. Mənzilin qiyməti büdcəyə uyğun görünə bilər, amma yekun xərc ailənin maliyyə imkanlarını əhəmiyyətli dərəcədə aşa bilər.

İkinci səhv – aylıq ödənişi gəlirə uyğun hesablamamaqdır.

Xüsusilə ipoteka və uzunmüddətli kredit zamanı insanlar bəzən yalnız aylıq ödənişə baxırlar. Halbuki ailənin digər xərcləri, gəlirin dəyişməsi, gözlənilməz maliyyə ehtiyacları da nəzərə alınmalıdır. Mənzil ödənişi ailə büdcəsini həddindən artıq sıxırsa, bu, gələcəkdə ciddi maliyyə riski yarada bilər.

Üçüncü səhv – sənədləri tam yoxlamadan mənzil üçün beh və ya ödəniş verməkdir.

Mənzilin çıxarışı, mülkiyyət hüququ, yüklülüyü, ipoteka və ya digər hüquqi məhdudiyyətləri, həmçinin satıcının həmin əmlakı satmaq səlahiyyəti əvvəlcədən yoxlanmalıdır. “Sonra sənədləri düzəldərik” yanaşması daşınmaz əmlak bazarında ən riskli yanaşmalardan biridir.

Dördüncü səhv – mənzilin real texniki vəziyyətini qiymətləndirməməkdir.

Mənzilin görünüşü alıcını yanıltmamalıdır. Divarların kosmetik təmiri ilə binanın konstruktiv vəziyyəti tamamilə fərqli məsələlərdir. Elektrik və su xətləri, istilik sistemi, pəncərələr, dam örtüyü, lift, kommunikasiya xətləri və digər texniki elementlər mümkün qədər peşəkar şəkildə yoxlanmalıdır. Ucuz görünən mənzil sonradan bahalı təmir tələb edə bilər.

Beşinci səhv – yalnız mənzilin özünə baxmaq, binanı və ərazini araşdırmamaqdır.

Mənzil təkbaşına alınmır; əslində, insan müəyyən yaşayış mühiti də alır. Binanın yerləşdiyi ərazinin nəqliyyat imkanları, məktəb və bağçalar, ticarət obyektləri, parklanma, infrastruktur, ekoloji və səs-küy vəziyyəti, gələcəkdə həmin ərazidə planlaşdırılan tikinti layihələri nəzərə alınmalıdır. Bu amillər həm yaşayış komfortuna, həm də mənzilin gələcək bazar dəyərinə təsir edir.

Altıncı səhv – yalnız bugünkü qiymətə baxıb gələcək likvidliyi nəzərə almamaqdır.

Bəzi mənzillər alıcıya çox sərfəli görünür, lakin gələcəkdə onların satılması və ya kirayəyə verilməsi çətin ola bilər. Mənzil alarkən “mən bunu gələcəkdə satmaq istəsəm, kim alacaq?” sualını vermək vacibdir. Yerləşmə, planlaşdırma, sənədlərin vəziyyəti, bina və ətraf infrastruktur mənzilin likvidliyinə birbaşa təsir edir.

Yeddinci səhv – emosional qərar verməkdir.

Alıcı bəzən mənzili bəyənir və digər alternativləri araşdırmadan qərar verir. Halbuki daşınmaz əmlak alışında emosiyadan çox müqayisə və hesablamaya ehtiyac var. Eyni ərazidə oxşar mənzillərin qiymətləri, kvadratmetrin bazar dəyəri və satış müddətləri müqayisə edilməlidir.

Səkkizinci səhv – ilkin ödənişdən sonra ehtiyat vəsait saxlamamaqdır.

Bütün yığılan vəsaiti mənzilə yönəltmək risklidir. Alıcının alışdan sonra da müəyyən maliyyə ehtiyatı qalmalıdır. Çünki köç, təmir, gözlənilməz xərc və gəlirdə müvəqqəti azalma kimi hallar istənilən vaxt yarana bilər.

Doqquzuncu səhv – müqavilənin şərtlərini tam oxumadan imzalamaqdır.

Xüsusilə tikilməkdə olan mənzillərdə, hissəli ödənişlərdə və müxtəlif maliyyələşdirmə modellərində müqavilənin bütün şərtləri diqqətlə öyrənilməlidir. Ödəniş qrafiki, gecikmə hallarında tətbiq olunan cərimələr, mənzilin təhvil müddəti, sahə ilə bağlı mümkün fərqlər, müqaviləyə xitam şərtləri və tərəflərin öhdəlikləri aydın şəkildə müəyyən edilməlidir.

Onuncu səhv – peşəkar məsləhətə ehtiyac olmadığı düşüncəsidir.

İnsanlar bəzən hüquqşünasa, texniki mütəxəssisə və ya maliyyə məsləhətçisinə müraciət etməyi əlavə xərc hesab edirlər. Halbuki böyük məbləğli daşınmaz əmlak alışında düzgün ekspertiza sonradan yarana biləcək daha böyük itkilərin qarşısını ala bilər. Xüsusilə sənədlərin hüquqi yoxlanılması və əmlakın texniki qiymətləndirilməsi alıcının risklərini əhəmiyyətli dərəcədə azaldır.

Ümumilikdə isə əsas prinsip budur: mənzil alarkən təkcə “bu mənzil xoşuma gəlirmi?” sualını vermək kifayət deyil. “Bu mənzil mənim maliyyə imkanlarıma uyğundurmu, hüquqi və texniki baxımdan təhlükəsizdirmi və gələcəkdə likvidliyini qoruyacaqmı?” sualları da eyni dərəcədə vacibdir.

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR