TƏBİB-in sistemi işləmir, insanlar ağrı içində növbə gözləyir - Açıqlama + VİDEO (YENİLƏNİB)

TƏBİB-in sistemi işləmir, insanlar ağrı içində növbə gözləyir - Açıqlama + VİDEO (YENİLƏNİB)

CƏMİYYƏT

08.10.2026, 15:17

TƏBİB-in tabeliyində olan tibb müəssisələrində istifadə edilən informasiya sistemlərinin fəaliyyətində müvəqqəti fasilələr müşahidə olunur.

Mia.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, fasilələrin səbəbi şəbəkə və kibertəhlükəsizlik həlləri ilə əlaqəlidir: "İnformasiya sistemlərinin fəaliyyətində fasilə yarandığı müddətdə vətəndaşlara göstərilən tibbi xidmətlərin davamlılığının təmini məqsədilə qeydiyyat prosesi alternativ qaydada həyata keçirilir. Hazırda texniki problemin aradan qaldırılması istiqamətində aidiyyəti istehsalçı şirkətin yerli və beynəlxalq mütəxəssisləri tərəfindən zəruri tədbirlər görülür. Vətəndaşlara göstərilən tibbi xidmətlərin fasiləsizliyinin təmin olunması diqqətdə saxlanılır. Yaranmış müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik".

***

Artıq 2 gündür xəstəxanalarda TƏBİB-in sistemində problem yaranması ilə bağlı iddia yayılıb. 

Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında bloqer Gülnar Nəsibli paylaşım edib. 

Onun sözlərinə görə, Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya İnstitutunda sistemin işləməməsi ucbatından saatlarla uzanan növbə yaranıb: “Artıq ikinci gündür ki, TƏBİB-in sistemi işləmir. Travmalı insanlar saatlarla növbədə gözləməli olur. Ağrı içində gözləyən xəstələrin əsəbləri tarıma çəkilir. Vətəndaşlar bu qədər əziyyət çəkməməlidir. Qaytarın reyestr, kağız dövrünü, rəqəmsallıq bizə yarımadı...”

Problemlə bağlı TƏBİB-ə sorğu ünvanlamışıq.


Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR