"AZƏRİQAZ"DA MİSLİ GÖRÜNMƏYƏN ƏMƏLİYYATLAR: tək bir idarəyə 110 milyon manat borc var! - "Maaş, ezamiyyə xərcləri vaxtında ödənilmir, qanunsuz qazlaşdırma..." (MÜSAHİBƏ)

\"AZƏRİQAZ\"DA MİSLİ GÖRÜNMƏYƏN ƏMƏLİYYATLAR: tək bir idarəyə 110 milyon manat borc var! - \"Maaş, ezamiyyə xərcləri vaxtında ödənilmir,  qanunsuz qazlaşdırma...\" (MÜSAHİBƏ)

GÜNDƏM

Bugün, 09:21

SOCAR-ın Vitse-prezidenti Elşad Nəsirovun "Azəriqaz"ın baş direktoru Azər Məmmədova ölkədəki qaz itkisi barədə sensasion xəbərdarlıq məktubu barədə xəbərdarlığı ölkədə böyük rezonans doğurub.

Mia.az xatırladır ki, həmin xəbərdarlıqda bu ilin  ilk 5 ayı ərzində uçota alınmayan qazın həcmi, yəni, faktiki qaz itkisinin 454.1 milyon kub.metrdən 500,9 milyon kub.metrə yüksəlməsindən narahatlıq ifadə olunub.

Bəs, bu qaz itkisi necə yaranıb və ya burada məsuliyyəti kimlər daşıyır?

Bu və ya digər məqamlarla bağlı Mia.az-ın əməkdaşı  "Azəriqaz"ın adının çəkilməsini istəməyən əməkdaşlarından biri ilə maraqlı müsahibə aparıb.

Müsahibənin əvvəli dünən mia.az-da "Azəriqaz"ın gizlinləri: əhalinin adına yazılan borclar, kadr, sayğac və "Təmizqaz" siyasəti... - "Əvvəlki rəhbərliyin dövrlərində cüzi itkiyə görə..." (MÜSAHİBƏ) başlığı ilə yayımlanıb (Onunla BURADAN tanış ola bilərsiniz) 

Müsahibənin ardını təqdim edirik:

- "Təmizqaz" QSC niyə "Azəriqaz"dan uzaqlaşdırıldı ki?

-  Əslində, bu, peşəkar mütəxəssislrin hamsı üçün maraqlı oldu. Keçmiş Baş direktor Ruslan Əliyevin vaxtında "Təmizqaz"ın iş həcmi çox böyük olub. Ancaq Azər Məmmədov və onun qaz təsərrüaftından anlayışı olmayan komandası gələndən sonra guya "Azəriqaz"ın xərclərini  azaltmaq adı altında "Təmizqaz"a iş vermədilər. Əvəzində milyonlarla manatlıq balans qovşağı təşəbbüsünə başlayıblar. Bu layihə də tam uğursuz oldu. Biri 25-80 min manata aldıqları yüzlərlə ölçü qovşağı ya quraşdırılmadan ambarlarda qaldı, ya da quraşdırılsa da, təyinatı üzrə istifadə etmək mümkün olmadı. Təəssüf ki, bunlar SOCAR-dakıların ciddi diqqət etmədiyini görüb, "Azəriqaz"da öz "laboratoriya təcrübələri"ni aparırlar. Yəni təcrübələr effektsiz olur olsun, cəhənnəmə ki. Onsuz da sanki toxunulmaz olmalarına əmindirlər.. Sizi əmin edirəmki, nə Azər Məmmədovun, nə müavini Nail Abdullayevin bu sahədən az da olsa, xəbərləri yoxdur. Təsəvvür edin ki, bunların səriştəsizliyi o hədədir ki, artıq nəinki "Azəriqaz"ın aparat işçiləri, hətta regional idarə rəisləri belə, heç vaxt görmədikləri komfortdan şoka düşüblər.(Daxildəki vəziyyətlə bağlı ayrıca danışarıq). 

- İndisə "Azəriqaz"dakı optimallaşdırma adı altı da aparılan struktur dəyişkliyindən danışaq. Məsələn, vaxtilə "Azəriqaz" İB-də cəmi bir Mühasibatlıq şöbəsi var idi. Və əmək haqqı hər ayın ilk 3 iş günü ərzində əməkdaşların hesabına köçürülürdü. İndi isə maliyyə sahəsində aşağıdakı struktur fəaliyyət göstərir: 

1.  Maliyyə Planlaması və Təhlili Departamenti

2. İqtisadiyyat və Uçot Departamenti

3. Mühasibat Uçotu Şöbəsi

4.  Maliyyə Nəzarəti Şöbəsi

5. Maliyyə Hesabatları Şöbəsi

6. Əmək Haqqının İdarə Olunması Şöbəsi

7. Büdcə və Planlama Şöbəsi

8. Xəzinədarlıq Şöbəsi

Sözümüz budur ki, az qala bir-birini təkrarlayan bu qədər şöbələrə nə hacət var ki?

- Baxın, mən yuxarıda “Azəriqaz”ın cari maliyyə vəziyyəti barədə əlimdə olan məlumatları təqdim etdim. Birlik borc içində üzür. Nəqliyyat xidmətlərinə görə Nəqliyyat və Xüsusi Texnika İdarəsinə olan 110,0 milyon manata yaxın borca görə bu gün işçilərin işə və işdən evinə getməsi üçün avtobuslar artıq geri alınıb.

Regional İdarələrin rəislərinin, baş mühəndislərinin xidməti avtomaşınları artıq yoxdur. Əmək haqqı, ezamiyyə xərcləri vaxtında ödənilmir, vergi borcu kəllə-çarxa çıxıb. İndi bütün bunlardan özünüz nəticə çıxarın. Bu departament və şöbələrin işə faydası olubmu? Olmayıb. Ancaq şəxsi faydası olmamış deyil. Kifayət qədər taktiki və xətti rəhbər vəzifələri yaradılıb, bütün vəzifələrə yalnız özlərinə məlum olan qaydada öz bildikləri, tanıdıqları şəxslər işə qəbul edilib. 15-20 ilə yaxın əmək stajları olan peşəkar mühəndislər 15 il əvvəl hansı dərəcədə idilərsə bu gün də həmin dərəcələrdə sürünürlər. Ancaq heç kimin tanımadığı, 1 gün də olsa qaz təsərrüfatında çalışmayan, təbii qazın kimyəvi formulunu bilməyən qlamur gənclər birdən-birdə gəlib yüksək dərəcələrə düşürlər.

Əvəzində isə aşağıda, yəni xidmət sahələrində mənim məlumatıma görə 1500-ə yaxın ştat ləğv edilib. Bu gün sayğac oxumalarını normal təşkil etməyə rayonlarda əməkdaş qalmayıb. Nəzarətçi çilingərlər azı 4-5 işi eyni vaxtda görməyə məhkum ediliblər. O xidmətin hansı keyfiyyəti ola bilər?

Hər gün yerlərdə ADSEA, “Azərişıq” kimi təşkilatların apardığı qazıntılar zamanı yeraltı polietilen qaz kəmərlərində onlarla qəzalar baş verir. Xidmət sahələrinin ştatlarında isə 1 nəfər də olsun polietilen qaynaqçısı yoxdur. Bilirsiz bu qəzaları kimlər aradan qaldırır? Başqa peşələrdə işləyən, ancaq həm də plastik qaynağı bacaran əməkdaşlar.

Hər rayonda 1 qaynaqçı ştatı saxlanılıb. Ən az 3-4 qaynaqçıya bağlı iş var. Belə olan halda vətəndaşa necə keyfiyyətli xidmət göstərilə bilər?

Deyiləsi söz çoxdur. Qeyri-peşəkar idarəetmə bu sahəni batırıb.

- Yeri gəlmişkən, hazırda "Azəriqaz"ın rəhbər şəxsləri, o cümlədən Regional Qaz İstismar İdarələrinin maaşından xəbəriniz varmı? Ştat vahidi üzrə deyil, mükafat və sair adlarla hər ay karlarına oturdulan məbləği nəzərdə tuturuq. Bunun bəzi idarə rəislərinin timsalında 8-10 min və dah çox olması barəd iddialar da var. Buna rəğmən, 4 və ya 5-ci dərəcəli çilingər nə qədər maaşı alır? Yaxıd nəzarətçilər...

- Təbii ki xəbərim var. Bu gün “Azəriqaz”ın 12 Regional Qaz İstismar İdarəsi fəaliyyət göstərir. Hər İdarənin rəhbərliyi rəis, baş mühəndis, kommersiya üzrə müavin və İdarənin strukturuna daxil olan 7 rayon üzrə müavinlərindən ibarətdir. Qeyd etdiyiniz rəqəmlər həqiqətdən uzaqdır. Struktur rəhbərlərinin aylıq faktiki əmək haqqı sizin səsləndirdiyiniz məbləğin 50 faizi həddində də deyil.  Bu rəqəmlər şişirdilib.

Sualınızın 2-ci hissəsi ilə bağlı bildirirəm ki, 4-cü dərəcəli çilingərin əmək haqqı təxminən 500, 5-ci dərəcəli çilingərin əmək haqqı isə 650-700 manat civarındadır.

- "Azəriqaz"ın Baş direktorunun birinci müavini Nail Abdullayevin bir ara əsas iş yeri SOCARDOWNSTREAM-da baş direktorun müşaviri, ikinci iş yeri isə "Azəriqaz" göstərilirdi. Bunu mətbuatda tirajladıqdan sonra tələsik yerləri dəyişildi. Maraqlıdır, bu sahədə elə kadr çatışmazlığı var ki, Nail Abdullayev eyni anda iki vəzifəni daşıyır? Axı ən gərgin xidmət sahəsində sizcə belə strateji vəzifələri bir adam fiziki baxımından çatdıra bilıər? Nəzərə alaq ki, "Azəriqaz"da belə oxşar vəzifələri daşıyan başqaları da var. Nə deyə bilərsiniz?

- Qeyd etdiyiniz məsələ barədə sosial şəbəkədən məlumatlıyam. Mənim fikrimcə, Mirvari xanımın paylaşımından sonra tez tələsik düzəliş etmək özü də qeyri-peşəkarlıq əlamətidir. Bununla da sübut etmiş oldular ki, əslində bəlkə də qanunsuz heç nə olmayan bir məsələdə qaranlıq nələrsə var. Dünyanın aparacı şirkətlərində belə praktika tətbiq olunur. Bir şəxs bir şirkətə məxsus struktur bölmədə bir vəzifədə, məsələn müavin vəzifəsində, eyni şirkətin başqa bir qurumunun idarə heyətində, və ya müşahidə şurasında təmsil oluna bilər. Belə yanaşma var, mən burada normal olmayan bir vəziyyət görmürəm. Sadəcə bu təşkilata qarşı o qədər aqressiya var ki, istər-istəməz sıravi vətəndaş qıcıqlanır, aqressiv olur. Sosial şəbəkədə belə hallarda əsasən məsələnin fəhlənin əmək haqqı tərəfi qabardılır.

- "Azəriqaz" kütləvi ixtisarla xeyli fəhlə işindən uzaqlaşdırılıb. Və bu proses kobud qanun pozuntuları ilə aparılıb. Hətta buna görə Dövlət Əmək Müfəttişliyi Xidmətinin Baş direktor Azər Məmmədovu 7 min manata yaxın cərimələməsi barədə sənəd də yayıldı. Sizcə, ixtisarlar qanunauyğun aparılmır ki?

- Qeyd etdiyiniz son ixtisarlar 2025-2026-cı ili əhatə edir. Hər nə qədər də bunu yeni əməliyyat modelinə keçidlə əsaslandırılıb adına səmərəliliyin artırılması məqsədli optimallaşdırma desələr də gözə xoş gələn elə adı oldu. Mən hər zaman yeniliyin tərəfdarı olmuşam. Ancaq keçid özü də ədalətli olmalı, hərtərəfli əsaslandırılmalı, ən azından uzun illər bu sahədə çalışan mütəxəssislərin rəyləri dinlənilməli idi. “Ancaq mən çox bilirəm” yanaşması ilə aparılan “optimallaşdırma” heç bir şirkəti irəli apara bilməz. Xüsusilə də “Azəriqaz” kimi fəaliyyəti istiqaməti sırf istehsalat olan bir təşkilatda insan resursları mütəxəssisləri islahat apara bilməz. Çünki onlar olsa-olsa, HR sahəsində ixtisaslaşıblar, istehsalatdan, qaz təsərrüfatının istismarından xəbərləri yoxdur. Bəlli meyarlara baxırlar.

Məsələn, sənin ali təhsilin yoxdur, sertifikatların yoxdur və sair. Mən çilingər tanıyıram ki, bəli, o şəxs bəlkə adını yaza bilmir. Ancaq öz sahəsində elə bir peşəkarlıq səviyyəsinə gəlib çıxıb ki, yüzlərlə çilingər yetişdirə bilər.

Və yaxud adam 20-25 ildir ki, qazpaylayıcı stansiyanın operatorudur. Bu işi bu gün bundan yaxşı bilən yoxdur və bu adamın da bundan yaxşı görə biləcəyi başqa iş yoxdur. Peşəsinə aid olmayan suallar tərtib edib adamı kompyuter arxasına otuzdurur, təbii ki, İT biliyi yetərli olmayan işçinin də kompyuterdə bu sualları cavablandırılması ehtimalı sıfıra bərabərdir. Yaxşı, bunu başa düşdük hesab edək. Bəs onun yerinə kimi təyin etdilər? Öz sahəsində “imtahanı” keçməyən qaynaqçını. Gülməlidir. Onlarla belə fakt var. Üstəlik də işin içinə “yaxın adamlar”, tapşırılmış adamlar sindromu da girib prosesi tamamilə fiaskoya uğratdı.

Ancaq dediyim kimi, bu son prosesdir. Buna qədər də baxsaq “Azəriqaz”ın müxtəlif səbəblərlə işdən azad etdiyi bəlkə yüzlərlə işçi var ki, əksəriyyəti kobud qanun pozuntuları ilə uzaqlaşdırılıb. Siz bununla bağlı məhkəmə statistikasını əldə edə bilsəniz, görərsiz ki, işəbərpa ilə bağlı məhkəmələrə müraciət edən işçilərin mütləq əksəriyyətini məhkəmələr öz işlərinə bərpa etmişdir. Bunun özü prosesin necə aparıldığının sübutudur. Dövlət Əmək Müfəttişliyi Xidmətinin Azər Məmmədovu cərimələməsi faktdır. Ancaq hesab edirəm ki, onların bu fəaliyəti yetərli deyil. Daha ciddi tədbirlər görülməlidir.

-  Sual içində daha bir nüansa diqqət çəkək. Niyə "Azəriqaz"da rəhbər şəxslərin karyerası qısa olur?

- Mən deməzdim ki, “Azəriqaz” rəhbərlərinin bu vəzifədə fəaliyyəti qısa çəkib. Əkbər Hacıyev 10 il, Ruslan Əliyev 5 il (İstismar və Satış üzrə baş direktorun müavini olduğu 4 ili də əlavə etsək faktiki olaraq 9 il) "Azəriqaz"a rəhbərlik edib.  Problemlər həmişə olub. Ancaq indiki qədər özbaşınalıq və xaos heç vaxt olmayıb.

Əkbər Hacıyev sərt idarəçiliyi, şəxsi şəffaflığı ilə fərqlənib. Onun barəsində zamanında da, indi də heç kim neqativ danışmır. Rüşvəti, özbaşınalığı heç vaxt bağışlamayıb.

Ruslan Əliyev də rəhbər kimi 5 il işləyib. Bu da az müddət deyil. Onun zamanında itkilər indikinə nisbətən daha yaxşı idi, üstəlik də son 2 ildə “Azəriqaz”ın satdığı qazın dəyəri 100,0 %-in üstündə yığılmışdı.

Azər Məmmədov isə hesab edirəm ki, proseslərdən ümumiyyətlə ya xəbərsizdir, ya da özü belə təəssürat yaradır. Çünki elə şeylər baş verir ki, sadəcə söz tapmaq olmur. Hər sahədə qanunsuzluq, özbaşınalıq var. Belə görünür ki, bu gedişatın geridönüşü də mümkünsüzdür. Hesab edirəm ki, dövlət bir an öncə müdaxilə etməsə bu sahəni xilas etmək ümumiyyətlə mümkün olmayacaq.

- Yeri gəlmişkən, Prezident fərmanı var ki, sənədsiz ev və obyektlər sayğaclaşdırılmır. Lakin bir müddət əvvəl xəbər yayıldı ki, Bakıda zaman-zaman qanunsuz sayğaclaşdırma işləri aparılıb. Hətta buna, yəni, mülkiyət sənədi olmayan obyekt və evlərə qanunsuz çəkilın qaz xətlərinə görə Bakı Regional Qaz İdarəsinin (Bakı RQİİ) rəisi Zamin Mehrəliyev və bu ilin yanvarında vəzifədən azad olunan “Azəriqaz”ın Layihə-smeta və ekspertiza şöbəsinin rəisi  Samir Fərzəliyevin adı hallandı. İddia var ki, bu qanunsuzluqlar səbəbindən Samir Fərzəliyev tələsik yola salındı, onun yerinə isə  Ramiz  Quliyev gətirildi. Nə dəyişdi? 

- Bəli, ölkədə qanunsuz tikililərin qarşısının alınması məqsədilə Azərbaycan Respublikasında 1 oktyabr 2023-cü il tarixdən etibarən qüvvəyə minən qanunvericilik dəyişikliklərinə əsasən, şəhərsalma və tikinti sahəsində müvafiq icazə sənədləri (tikintiyə icazə və ya məlumatlandırma icraatı) olmadan inşa edilən binaların və sənədsiz evlərin kommunal xidmətlərə (qaz, su, elektrik enerjisi və kanalizasiya) qoşulması qadağan edilmişdir. Bu o anlama gəlir ki, tikintisi Məcəllənin tələblərinə uyğun aparılmayan yaşayış və qeyri-yaşayış sahələrinin qazlaşdırılması qəti qadağandır.

Buna baxmayaraq bu tələb 2024-cü ilin İyun ayına kimi “Azəriqaz” İB-də keçərlilik qazana bilməmişdir. Yenə Bələdiyyələrin 3 cümləlik arayışları əsasında mənzillər qazlaşdırılmışdır. Qeyd etdiyim tarixdən etibarən qaydalar bir qədər sərtləşdirilsə də xüsusilə Bakı və ətraf rayonlarda, həmçinin ölkənin digər ərazilərində də qanunsuz inşa edilmiş bina və tikililərin, sahibkarlıq subyektlərinə məxsus obyektlərin qazlaşdırılması davam etdirilmişdir. Sual olunur, niyə və yaxud necə?

Qanun ölkədə fəaliyyət göstərən bütün qurumlara aid deyilmi? Hesab edirəm ki, bu çox ciddi faktdır, müvafiq dövlət qurumları tərəfindən araşdırılması zəruridir.

Hətta bildiyimə görə, bu kmi qanunsuzluqlarla bağlı SOCAR audit aparıb. Bəlli olub ki, bir neçə dəfə imtina verimiş ünvanlara sonradan qaz xətt çəkilib. Niyə imtinalardan sonra belə qərar verilib? 

Maraq nədir ki, bir neçə dəfə "yox" deyilmiş bir müraciətə sonunda "hə" deyilir? Hesab edirəm ki, məsələni bu nöqtədən araşdırmağa başlayacaq hüquq-mühafizə orqanı maraqlı nəticələrə gəlib çıxacaq.

P.S. Bu və ya digər mövzularla bağlı əlavə yazılarımız olacaq!

F.ƏHMƏD

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR