Nargin: Saralmış Kədər -  Qarabağ - Türk dünyasının ZƏFƏR yaddaşı

Nargin: Saralmış Kədər -  Qarabağ - Türk dünyasının ZƏFƏR yaddaşı

MƏDƏNİYYƏT

Bugün, 17:56

 I yazı,  II yazı  və III yazı buradan oxuya bilərsiniz:

***

Həyat zərurət və təsadüfün maraqlı və gözlənilməz toxunuşlarından ibarətdir. Yunis Orucovun “Nargin:Saralmış kədər” sənədli romanı haqqında ilk məqaləni bu sözlərlə təqdim etmişdim oxucuya. 2022’də hədiyyə edilən kitab haqqında ilk yazını Bakının işğaldan azad olunduğu tarixdə yazmışdım. Bu gün Türk hərbi əsirlərinin ölüm düşərgəsinə çevrilmiş Nargin haqqında romanla bağlı -Tükiyə Azərbaycan qardaşlığının ədəbi abidəsi haqqında son məqaləm isə iki gündür Türkiyə Azrbaycan seqmentini kin və nifrət atəşinə tutan bədxahlarımıza cavabdır. Bu baxımdan Yunis Orucovu da özümü də çox şanslı hesab edirəm. Beləliklə “Nargin: Saralmış kədər”in son məqaləsi:

IV Yazı 

 Zaman Körpüsü və Qan Yaddaşı

Əslində roman haqqında romanın səhifələri qədər məqalə yazıb, sətirləri qədər araşdırma aparmaq olar. Bu bəyanat duyğuların heyranlıqla sintezindən yaranmır, tariximizin zənginliyi və milli mənliyimizin dərinliyindən doğan bir hökümdür. Çünki “Nargin:Saralmış kədər” sənədli romanı qan yaddaşının, cəmiyyətin bilinçaltı kodlarının, tarixi zəfər və milli kimliyin bərpası duyğularının kəsişməsində qələmə alınmış və müəllifin birbaşa Azərbaycan insanına müraciəti olan epik-psixoloji bir monoloqdur. 1918-ci il Qafqaz İslam Ordusu, Nargin adasındakı əsir türklər, 2020-ci il II Qarabağ Müharibəsi və Şuşanın azadlığı tarixinin vəhdət halında xatırlandığı “müəllif-oxucu görüşü”nün –romanın epiloqu- hər səhifəsində göz yaşları söz dinləmir, hər sətirində köksün qürurla qabarır. Xəzərin qoynunda tənha qalan Nargin adası sadəcə daş və torpaq deyil; oradakı məqbərə və məzar üstünə sərilən o xəyali "qızıl güllər örtüyü" bütöv bir millətin dinməyən sızıltısıdır. Sarıqamışın dondurucu şaxtasından, od-alov içindəki cəbhələrdən əsir alınaraq ölüm adasına gətirilən igidlərin son baxışları, son nəfəsləri hələ də dalğaların pıçıltısında yaşayır. Az bir zaman fərqi ilə- 1918-ci ilin o qızmar payızında bakılı qardaşlarının harayına çatan Qafqaz İslam Ordusunun fədakarlığı isə sevgidən də uca bir vəfa dastanına çevrilir. Ortaya 70 illik bir ayrılıq girir, daha sonra 30 illik bir işğal aktı yaşayır Azərbaycan. Amma bu iki qardaşın qan yaddaşı bir-birinə elə kövrək tellərlə bağlıdır ki, Nargində yarımçıq qalan hər ah bu tam bir əsr sonra Qarabağ torpağında zəfər nəğməsinə dönür. Otuz il boyunca qəlblərə çökən o zülmət — yurd həsrəti, didərgin düşən anaların göz yaşları, məğlubiyyətin və köçkünlüyün dilsiz ağrısı xalqın çiynində ağır bir nisgil kimi daşındı. İllərlə düşmən tapdağında inləyən o müqəddəs torpaqlarımızın fəryadı nəhayət dindirildi; qədim və məğrur bir ulusun ruhuna vurulmuş o qara ləkə candan, qandan keçən oğulların fədakarlığı ilə, məhəbbət qədər saf və təmiz bir ədalətlə silindi. İndi o torpaqlarda bitən hər çiçək həm Narginin şəhid ruhlarına bir salam, həm də otuz illik həsrətin vüsalla qovuşduğu ən kövrək pıçıltıdır.

Bakı və Şuşa –Dövlətçilik və Milli Varlıq 

Yunis Orucov xarakterindəki səmimiyyətdn doğan bir sadəliklə oxucusuna yaradıcılıq sirrini açır: romanı yazmağa Bakıda başlayıb amma əsərin son nöqtəsini Şuşada qoyub. Zərurətlər və təsadüflər silsiləsi əvvəldən bu romanın taleyində varmış, demək ki. Düşünürəm ki, Bakıda başlayan yaradıcılıq prosesinin Şuşada başa çatması simvolik bir tarixi marşrutdur. Bakı – dövlətçiliyin, siyasi iradənin və mübarizənin mərkəzi, Şuşa isə mənəvi qürurun, mədəniyyətin və milli varlığın zirvəsidir. Və 1918-ci ildə işğaldan azad edilən Bakı kimi 2020-ci ildə əsarətdən qurtulan Şuşa torpaqları da Azərbaycan cəmiyyətinin göz yaşlarında boğulan ruhunu 30 illik utanc və kədər yükündən arındırdı, küllərindən yenidən doğan xalqı kollektiv travmanın əsirliyindən xilas etdi. Tarixi ədalətin bərpasından doğan mənəvi ucalıq və coşqu, qələbənin yaratdığı müqəddəs qürur seli, milli ləyaqətin dirçəlişindən qaynaqlanan zəfər vəcdi həm də qardaşlığın və tarixi birliyin sarsılmayacağını, nə olur olsun, nə qədər zaman keçir keçsin var olacağını bütün dünyaya isbatladı. Otuz il boyunca xalqımızın şüuraltında yığılıb qalmış "məğlubiyyət kompleksi", qisas yanğısı (əslində mən bu ifadəni işlədə bilmirəm çünki, biz qisas almadıq, biz bizim olanı, yağmalanan torpaqlarımızı azad etdik, sərəhədlərimizin bərpası üçün canımızdan keçdik və bunun qisas hissinə məncə heç bir aidiyyatı yoxdur) və sükunətlə çəkilən dərdimiz Yunis Orucovun qəlbində, qələmində:"Otuz il adını pıçıltı ilə çəkdiyinə özünü bu qədərmi sevdirərmiş?.." şəklində əks-səda verdi. Bu səsləniş, bu sual, bu etiraf hicranın, qorxunun, sükutun və çarəsizliyin birdən-birə azadlığa qovuşmasının etirafıdır. Pıçıltının uca səslə oxunan azana və zəfər hayqırtısına çevrilməsi qan yaddaşımızdakı sıçrayış və ruhumuzun intibahıdır. Milli mənlik şuurumuzun yaratdığı bütövlüyün bərpası, "Biz qalib gəldik! Biz millət kimi qalib gəldik!" nidası sadəcə qələbənin bəyanı deyil, Bu, xalqın özünəinamın yenidən qazanılmasıdır. İllərlə çiynində "qaçqın, köçkün" və "torpağı işğal olunmuş xalq" yükünü daşıyan Azərbaycanın yenidən "qalib millət" obrazında dirilməsi, arınması və zərrə zərrə, damla-damla var olaraq ucalmasıdır.   

  Məkanı və təbiəti canlı varlıq kimi qavrayan, təqdim edən müəllifin bu duyğuları ilə roman boyu qarşılaşdığımızdan Xəzərin "həm keçmişi, həm gələcəyi eyni anda yaşayan insan kimi görünməsi", Şuşanın "dağların qoynuna sığınan", "nazlı şəhər" kimi təsviri bizə qəribə gəlmir. Əksinə Yunis Orucovun oxucusu ilə baş-başa öz fərdi duyğularını anlatdığı epiloq əvəzi sonuncu səhifələrdə onunla bərabər kövrəlir , həyəcanlanır, göz yaşlarına boğulur və duyğular selinə qapılırıq: bu vətən torpağını bizim üçün cansız ərazi deyil, bir ana, bir doğma insan kimi sevən milli duyğularımızın görünməz tellərlə birbirinə bağlı olduğu nəfəs alan, kədərlənən, sevinən qəlbimizin dərinliklərində, ağlımızın bir ucunda həmişə var olan yaşam sevincimizdir. Bakı keçmişimiz, Şuşa milli əxlaqımız, canı şüşədə saxlanan varlıq misalı canımızı adında ehtiva edən Azərbaycan var oluşumuzun simvolu, kədərimizin sevincimizin qaynağı, xoşbəxtliyimizin həyat bulmuş halıdır. 

"Əziz oxucu! Mən bu romanı bizim siyasi paytaxtımız Bakıda yazmağa başlamışdım... Şuşada yazıb bitirirəm" cümlələri bir müəllifin sevinci deyil. İtirilmişliyin, yalnızlaşmağın acısını çəkməyə məhkum etdikdən 30 il sonra tarixin və taleyin torpaqlaqrının işğaldan azad olunması duyğularını yaşamaq şansı verdiyi bir azərbaycanlının xoşbəxtliyi və vətəndaşın, vətən daşının (Bəxtiyar Vahabzadə: “vətən daşı olmayandan olmaz ölkə vətəndaşı”), daxili azadlığıdır. Roman sadəcə qələmə alınan mətn deyil, həm də müəllifin öz vətəndaşlıq və yazarlıq missiyasını yerinə yetirərək rahat nəfəs almasının sənədli isbatıdır ki, bu baxımdan əlinə qələm alan hər kəsə, o cümlədən özümə də bu qədər şanslıbir yaradıcılıq prosesi arzulayıram. Çünkiı “Nargin:Saralmış kədər” sənədli romanı tarixi faktların quru qeydiyyatı deyil, tarixi ədalətsizliyin aradan qalxması ilə bütöv bir xalqın psixologiyasında baş verən dirçəlişin və ruh yüksəkliyinin bədii inkasıdır. Türk birliyi və fərdi insan taleyini əhatə edən mənəvi arınma və dirncəlmə mərhələsidir. 

Türk Birliyi

 Zaman zaman xəyal uğrunda fəda edilən canların sayı hüsabı bilməyən bir idealın tarixi özülünün məhz Azərabaycan-Türkiyə münasibətlərində atıldığını isbatlayan tarixi sənədin- sənədli romanın epiloqunda Nargin ölüm düşərgəsi, Qafqaz İslam Ordusu, Azəbaycan demokratik Cumhuriyyəti, Atatürk, Nəriman Nərimanov xatırlatmaları və 44 Günlük Zəfər hayqırtıları artıq bu birliyin qurulduğunu daxili qürurla bəyan edir. Bu birlik ideoloji qarşıdurmaları aşır, fərqli qütüblərdə mübarizə aparan Nəriman Nərimanov ilə Məhəmməd Əmin Rəsulzadəni eyni amalla birləşdirir. Siyasi və ideoloji baxışlarının kəskin fərqlənməsinə baxmayaraq, hər ikisi Nargin düşərgəsindəki əsirlərə yardım etmək və millət təəssübü çəkməklə daxili siyasi qütbləşmələri aşaraq "türk qanı və təmənnasız sevgi" duyğuları ilə ortaq məxrəcə gəlir. Dövlətçilik xətti Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" və Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamlarının təsiri ilə şuurlara qazınır. “Çaldıran savaşı” tarixi qırılmadan sonra 1915-1918-ci illərdən başlayaraq dirilən qardaşlığın 2020-ci il Qarabağ Vətən Müharibəsi Zəfərində strateji və sarsılmaz müttəfiqliyə çevrilməsini sənədləşdirir.  

Müəllif oxucusu ilə üz-üzə görüşündə-epiloqda ən çox təkrarladığı ifadə "ruhu şaddır", "indi ruhlar da dinclik tapıb" fikridir. Psixoloji baxımdan bu, nəsillərarası borc və günahkarlıq kompleksinin aradan qalxmasıdır. Şəhidlərin, repressiya qurbanlarının və didərgin düşənlərin ruhunun nəhayət ki, ədalətin bərpası ilə rahatlıq tapması inamı yaşayanların çiynindəki ağır mənəvi yükü yüngülləşdirib, gələcək nəsillərə ötürəcəyimiz milli mənəvi sərvətimizin, acıların və tarixi səhvlərimizin, günahlarımızın və yaralarımızın içindən “Qarabağ” maddəsinin çıxarıldığını könül rahatlığı ilə ifadə edir.  

   Qarabağ - Türk Dünyasının ZƏFƏR Yaddaşı

Zamanın zəncirvari vəhdəti: "Biz keçmişik!.. Biz bu günük!.. Biz gələcəyik!.." triadası Türk xalqlarının tarixən qırılmış halqalarının bərpa olunmasıdır. Müəllif “Nargin:Saralmış kədər” sənədli romanı ilə 1918-ci ilin qurbanları və mübarizəsi (keçmiş), 2020-ci ilin 44 günlük Zəfəri (bu gün) və gələcək nəsillərin suveren yaşayışı (gələcək) arasında üzvi bir bağ qurur. Bizə tariximizin yalnız qorunub saxlanan arxiv sənədi deyil, yaşayan və davam edən bir proses olduğunu göstərir. Və bu proses nə olur olsun birlikdən, ortaq qan yaddaşımızdan keçir. Dövlətçilik və geosiyasi yaddaşımızın əks olunduğu əsərdə həm Azərbaycan dövlətinin gücü və müstəqilliyi, həm də Türkiyənin siyasi və mənəvi dəstəyi xüsusi qeyd edilir. Müəllifin "Qarabağ bütün türk dünyasının ZƏFƏR yaddaşıdır" fikriQarabağ Zəfərinin sadəcə regional deyil, daha geniş bir coğrafiyanın — bütün Türk dünyasının strateji və tarixi qələbəsi olduğunu bəyan edirki, bu həqiqətən də belədir və yüz illərdir qurula bilməyən, qurulaması düşmənçilik, represiya, işğal aktları ilə əngəllənən birliyimizin nəhayət ki, ilk addımlarının atıldığının bəyanıdır. Azərbaycan və Türkiyənin birlikdə qeyd etdiyi Qarabağ Zəfəri Böyük Türk Birliyinin quruculuğunun ilk akkordlarıdı. "Biz Qarabağa ölmək üçün getdik, birimiz öldük, minimiz dirildik!" ifadəsi xalqımızın fədakarlığın ən yüksək zirvəsinə qalxdığının göstərgəsidir və bütün dünya II Qarabağ savaşında bunun şahidi oldu. Azərbaycan ədalətsiz və qəddar dünyanın gözləri önündə, 44 gün, 1056saat, 63360 dəqiqə, 228096000 saniyə ərzində məğlubiyyətin saldığı depresiya və ruh düşkünlüyünün qəhrəmanlıq vasitəsilə damla-damal, zərrə-zərrə həyat eşqinə çevrilməsini yaşadı. Ruhumuz 30 illik matəm və sükunət zirehini parçalayaraq göylərin ənginliklərinə yüksəldi! Ona görə də heç tərədddsüz deyə bilərik ki, Yunis Orucovun "Qalib ölkənin vətəndaşı olmaq inanılmaz hissdir" etirafı otuz illik "məğlubiyyət kompleksi" və travmatik yaddaşın yerini alan yeni milli kimliğimizin ifadəsidir. Tarix və tale Azərbaycanı bir daha sınağa çəkdi və əmin oldu ki, heç bir ağrı və itki bizim xalqı zəiflətmir, əksinə biz, yeni, sarsılmaz bir vətəndaşlıq qüruru ilə yoğrulub yenidən yapılırıq.   

“Nargin:Saralmış kədər” romanı boyu müəllifin sualları, pıçıltıları və ağrılı axtarışları oxucusu ilə baş-başa qalanda yerini qətiyyətli, inamlı bəyanatlara verir. Müəllif həm özünün, həm də oxucusunun çiynindəki tarixi yükün uğurlu xilasından doğan mənəvi yüngüllüyünü, özünəinamı həm yaşayır həm də bu ruhu öxucu ilə paylaşaraq ona aşılayır. Narginin zülmətindən görünən Bakının işıqları - Alov Qüllələri müasir şəhər ilə adanın xarabalığı arasındakı ziddiyyət tarixlə bu günün kəsişməsidir. Bir vaxtlar əsirlərin həsrətlə baxdığı neft buruqları bu gün müstəqil, qüdrətli dövlətin rəmzi olan Alov Qüllələrinə çevrilib.  

 

Saralmış Kədər

 Yunis Orucov epiloqda Nargin ölüm düşərgəsində keçirdiyi hisləri qələmə alır: "Bədbəxtləri heç dəfn etməyiblər ki... Üstlərinə bir-iki bel torpaq atıblar, vəssalam". Cənazənin lazımi ehtiramla torpağa tapşırılmaması ən böyük narahatlıq mənbəyi, ən acı travmalardan biridir. Yüz ildən sonra həmin sümüklərin üzə çıxması torpağın belə bizə edilən bu haqsızlığa etirazıdır. Müəllif türk əsirlərindən sonra represiya qurbanı olan azərbaycanlıların kütləvi məzarlığına çevrilmiş Nargini təsvir edərkən anlayırıq ki, Zəfər fəsillərinin -"ruhumuz dincəldi", "Şuşada qisas alındı" kəlmələrinin bu qədər coşqu ilə yazılması sıradan bir hadisə deyil, kədərimizin, yaşadıqlarımızın, bizə yaşadılanların psixoloji açarıdır. İnsan ruhu bu dəhşətli quyunun, bu kütləvi məzarlığın dibini görmədən Zəfərin zirvəsindəki rahatlığı tam dərk edə bilməzdi. Ruhlarımızın birləşdiyi bir nöqtə-ümumxalq həyəcanımızın daha bir tarixi anı- "İyun, 2021-ci il – Şuşa şəhəri" imzasında gizlənib. Tarixi sənəd dəyəri daşıyıran “Nargin:Saralmış kədər” sənədli romanının yazı prosesinin bitdiyi gün kitabın son vərəqindəki son cümlənin altında qərar tutub. Bu tarix həm də 15 iyun 2021-ci ildə imzalanmış tarixi "Şuşa Bəyannaməsi" tarixinə təsadüf edir. Yenə o mistik an, o inanılmaz kəsişmə-zərurətlə təsadüfün birbirinin içindən keçdiyi məqam. Müəllifin romanı məhz bu məkanda və bu vaxtda tamamlaması əsərin dövlətçilik və müttəfiqlik ruhu ilə tam uzlaşır. Hətta mənə elə gəlir ki, bu “Nargin:Saralmış kədər” sənədli romanı üçün çəkdiyi zəhmətin, sərf etdiyi yuxusuz gecələrin, qəlbindəki duyğuların hədiyyəsi olaraq taleyin müəllifə bəxş etdiyi xoş sürprizidir .

SON

Kəbutər Hakverdi

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR