Xalq artisti vəfat edib

Xalq artisti vəfat edib

MƏDƏNİYYƏT

24.08.2026, 08:47

Azərbaycan Mədəniyyət Nazirliyi Xalq artisti Tofiq Bakıxanovun vəfatı ilə əlaqədar nekroloq yayımlayıb.

Mia.az xəbər verir ki, nekroloqda deyilir:

"Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Xalq artisti, görkəmli bəstəkar, pedaqoq, professor Tofiq Bakıxanov 23 avqust 2026-cı il tarixində, ömrünün 96-cı ilində vəfat edib.

Tofiq Bakıxanov 1930-cu il dekabrın 8-də Bakıda ustad tarzən, pedaqoq, Xalq artisti Əhməd Bakıxanovun ailəsində dünyaya göz açıb. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) nəzdindəki onillik musiqi məktəbində (indiki Bülbül adına Orta İxtisas Musiqi Məktəbi) skripka ixtisası üzrə təhsil alıb. Azərbaycan Dövlət Konservatoriyasını iki ixtisas – 1953-cü ildə skripka (Aleksandr Amitonun sinfi), 1957-ci ildə bəstəkarlıq ixtisasları üzrə (Qara Qarayevin sinfi) bitirib.

Tofiq Bakıxanov tələbəlik illərindən ifaçılıq fəaliyyəti ilə məşğul olub. Azərbaycan Dövlət Simfonik Orkestrində, həmçinin Azərbaycan Radiosunun simfonik orkestrində solist kimi fəaliyyət göstərib.

Zəngin yaradıcılığa malik bəstəkar üç balet ("Xəzər balladası", "Şərq poeması", "Xeyir və Şər"), beş simfonik muğam ("Nəva", "Şahnaz", "Rahab", "Hümayun", "Dügah"), 8 simfoniya, 100-ə qədər mahnı və romans ərsəyə gətirib. Həmkarı Nəriman Məmmədovla birlikdə üç komediyaya ("Altı qızın biri pəri", "Məmmədəli kurorta gedir", "Qız görüşə tələsir") musiqi yazıb. Bəstəkar həmçinin skripka, viola, violonçel, fleyta ilə fortepiano üçün 20-dən artıq sonatanın, trio, kvartet və kvintetlərin, eləcə də müxtəlif alətlərlə simfonik orkestr üçün 26 konsertin müəllifidir.

Professor Tofiq Bakıxanov eyni zamanda yarım əsrdən çox Bakı Musiqi Akademiyasında pedaqoq kimi çalışıb, yeni musiqiçi nəsillərin yetişdirilməsinə öz töhfəsini verib.

Yaradıcı fəaliyyətində bəstəkarlıqla ifaçılığı ahəngdar şəkildə birləşdirən görkəmli musiqi xadimi Fransa və Şimali Kipr Türk Cümhuriyyətində beynəlxalq festivallarda iştirak edib, Türkiyə, İran, Bolqarıstan, Gürcüstan və Rusiyada müəllif konsertləri verib.

Tofiq Bakıxanovun Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətləri dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib. O, respublikanın "Əməkdar incəsənət xadimi" (1973), "Xalq artisti" (1990) fəxri adlarına, "Şöhrət" (2000), "Şərəf" (2021) və 1-ci dərəcəli "Əmək" (2025) ordenlərinə layiq görülüb. Sənətkar 2002-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kollektivi Xalq artisti Tofiq Bakıxanovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir".

***

Görkəmli bəstəkar, Xalq artisti professor Tofiq Bakıxanov vəfat edib.

Mia.az xəbər verir ki, bu barədə Xalq artistinin ailəsindən Report-a məlumat verilib.

Xatırladıq k, Tofiq Əhmədağa oğlu Bakıxanov 1930-cu il dekabr ayının 8-də görkəmli tarzən, Azərbaycanın Xalq artisti Əhməd Bakıxanovun ailəsində doğulub.

İlk musiqi təhsilini Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası (indiki Bakı Musiqi Akademiyası) nəzdindəki onillik musiqi məktəbində alıb. Daha sonra Azərbaycan Dövlət Konservatoriyasında iki ixtisas - skripka və bəstəkarlıq üzrə təhsilini davam etdirib.

1990-cı ildə Xalq artisti adı alan sənətçi Azərbaycan musiqi mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə "Şöhrət", "Şərəf" və 1-ci dərəcəli "Əmək" ordenləri ilə təltif edilib.

Bəstəkar yarım əsrdən artıq Bakı Musiqi Akademiyasında pedoqoji fəaliyyətlə məşğul olub.

Dünya şöhrətli bəstəkarın yaradıcılığında kamera-instrumental və simfonik janrlı əsərlər üstünlük təşkil edib.

O, üç balet ("Xəzər balladası", "Şərq poeması" və "Xeyir və Şər"), bəstəkar Nəriman Məmmədovla birlikdə yazdığı 3 musiqili komediya ("Altı qızın biri pəri", "Məmmədəli kurorta gedir", "Qız görüşə tələsir"), tar və müxtəlif alətlər ilə simfonik orkestr üçün 25 konsert, 20 sonata, 5 simfonik muğam ("Nəva", "Şahnaz", "Rahab", "Humayun", "Dügah"), 8 simfoniya, 6 simfonik poema, kamera musiqisi sahəsində 26 sonata, müxtəlif tərkibli ansambllar üçün əsərlərin, 100-dən artıq mahnı və romansın müəllifidir.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR