“Daş yuxular”ın mənəvi atası AYB və ya Qərb dünyası ilə erməni lobbisinin Əylisli fiaskosu... 

“Daş yuxular”ın mənəvi atası AYB və ya Qərb dünyası ilə erməni lobbisinin Əylisli fiaskosu... 

YAZARLAR

Bugün, 12:01

Kəbutər Hakverdi,

Xüsusi olaraq Mia.az üçün

***

I yazı 

***

Əkrəm Əylisli hələ sovet dövründə yazdığı, lakin ingilis dilinə tərcüməsi yalnız bu yaxınlarda işıq üzü görən "Adamlar və ağaclar" trilogiyasına görə Avropa Yenidənqurma və İnkişaf Bankının 2026-cı il üçün ədəbiyyat mükafatına layiq görülüb.

 Əslində, bu mükafat Azərbaycan ədəbiyyatı üçün hadisədir. Üstəlik kimsə inkar edə bilməz ki, Əkrəm Əylisli nəsri sırf ədəbi-estetik və tənqidi prizmadan, üslub, psixologizm və təsvir ustalığı baxımından həqiqətən də müstəsna bir zirvədir. Müəllifi olduğu "Adamlar və ağaclar", "Kür qırağının meşələri", "Mənim nəğməkar bibim" klassik əsərləri lirik-psixoloji nəsrin ən zərif, canlı və səmimi nümunələridir. Lakin. Türklər demiş, bayram deyil, seyran deyil, əniştəm məni niyə öpdü? Əkrəm Əylisli necə oldu ki, xatırlandı və possovet dövrünün şöhrətli ədəbi nümunəsi birdən birə yada düşdü, ingiliscəyə çevrilib mükafata təqdim olundu? 

Pərdə arxası...

80’lərdən sonrakı ədəbi nəsil nə qədər də israr etsələr ki, ədəbiyyat azaddır, heç bir ideologiyaya xidmət etmir; aradan keçən illər ərzində dünya ədəbi prosesi özü isbatladı ki, ədəbiyyat heç vaxt geosiyasətdən və qlobal güc mərkəzlərinin mədəni maraqlarından təcrid olunmuş şəkildə inkişaf etməyib, etmir və etməyəcək. Lakin…

Fəaliyyətinin nədən ibarət olduğundan özü də baş açmayan AYB bunu dərk edə bilmədi və 2006-cı ildə çağırılan qurultayına həmin il Nobel almış Türk yazar Orxan Pmuku Fəxri Qonaq kimi dəvət etdi. Kosmosda yeni planet kəşf etmiş qəhrəman kimi ağırlanan Pamuk, günlərlə Azərbaycan mediasının manşetindən düşmədi, kitabları çevrilib tirajlandı. AYB-nin bu fəaliyyəti Orxan Pamuk nümunəsini yenicə tumurcuqlamağa başlayan müstəqillik ədəbiyyatımızın şuuraltına yerləşdirdi. Türkiyənin ermənilərə soyqırımı yapmas yalanını fakt kimi öz romanında əks etdirən Pamukun beynəlxalq arenada dövlətin imicinə vurduğu ziyandan danışmaq istəyənlərin ağzı “bir türk yazarın Nobel qazanması daha önəmlidir” arqumenti ilə anında qapadıldı. Konkret AYB-nin siyasi korluğu və yanlış ədəbi siyasəti ikinci bir Orxan Pamuk olayına Azərbaycanın özündə zəmin yaratdı və “Daş yuxular”ın doğulmasının elə o zaman özülünü qoydu. AYB-nin -

Öndə olmaq əxlaqdan daha önəmlidir 

-prinsipi və geosiyasi formatının yoxluğu kökü və ruhu Şərqə, forma, tənqidi düşüncə və müasir təhkiyə texnikaları baxımından isə Qərbə inteqrasiya etmiş nadir bir sintez ədəbiyyatı olan Azərbaycan ədəbiyyatının “Daş yuxuları”nı doğurdu.  

Məlumdur ki, Qərbin güclü siyasi və mədəni lobbiləri, o cümlədən erməni diasporu və digər geosiyasi maraq qrupları beynəlxalq arenada öz gündəmlərini irəli sürmək üçün mədəniyyət xadimlərindən, xüsusən də öz ölkəsinin rəsmi xəttinə və tarixi narrativlərinə qarşı çıxan ziyalılardan tez-tez "maşa" və ya platforma kimi istifadə edirlər. Bunun ən gözəl örnəyi olan Orxan Pamukdur. Onun Türkiyənin 1915-ci il hadisələri və kürd məsələsi ilə bağlı sərt açıqlamaları, ölkə daxilində məhkəmə prosesləri ilə üzləşməsi Avropada və ABŞ-da elə bir siyasi fon yaratdı ki, o, sadəcə yazıçı kimi deyil, "təqib olunan dissident söz azadlığı simvolu" kimi qabardıldı. Nobel mükafatını da bu geosiyasi və media tərəfindən yaradılmış "qoruyucu çətir" qaranti etdi, necə deyərlər “xidmətlərinin” əvəzində qızıl məcməyidə Pamuka təqdim edildi. Ədəbiyyatın beynəlxalq arenaya çıxmasında siyasi faktor ən həlledici, lakin planda qalan ən ağır maneələrdən biridir. Ədəbiyyat heç vaxt geosiyasətdən və qlobal güc mərkəzlərinin mədəni maraqlarından təcrid olunmuş şəkildə inkişaf etməyib, etmir və etməyəcək də. 2006-cı ildə Orxan Pamukun Nobel mükafatı alması və dünyada bestsellerə çevrilməsi dövründə Türkiyə-Avropa İttifaqı inteqrasiyası, islam-dünyəvilik ziddiyyəti və Yaxın Şərq kimliyi Qərb mediasının və siyasətinin bir nömrəli gündəmi idi. Pamukun “cəsarətli” siyasi açıqlamaları, məhkəmə prosesləri və Qərb ziyalıları tərəfindən müdafiə olunması onun əsərlərini qlobal siyasi diskursun mərkəzinə daşıdı. Qərb ədəbi bazarı və mükafat institutları görüldüyü kimi, yalnız "gözəl hekayə" axtarmır (bədii mükəmməl mətnin uzaqdan yaxından Pamuk nəsri ilə əlaqəsi yoxdur). Onlar dünyanın qaynar nöqtələrini, siyasi qırılma xətlərini və qlobal ziddiyyətləri tərcümə edən səsləri seçib parladırlar. Əgər bir ölkənin yazarı həmin qlobal siyasi maraq dalğasının üstünə düşmürsə və ya arxasında güclü dövlət-diplomatik mexanizm yoxdursa, nə qədər istedadlı olsa da, beynəlxalq görünməzlik səddini aşması mümkün olmur.

Bir sözlə, Qərb nəşriyyat sənayesi və mükafat komitələri heç vaxt sırf "yanız fövqəladə mətn" prinsipi ilə işləmir. Əgər bir yazarın mövqeyi Qərbin siyasi maraqlarına, tarixi tezislərinə və ya müəyyən lobbilərin regional hədəflərinə xidmət edirsə, həmin yazarın qlobal arenaya çıxması, milyonluq tirajlara çatması və ən yüksək kürsülərə qaldırılması mexanizmi qat-qat sürətlənir. Bu baxımdan Azərbaycan ədəbi və ictimai mühitində Orxan Pamuk-Əkrəm Əylisli paraleli aparan biri kimi deyə bilərəm ki, “Daş yuxular” şikəst doğulmuş körpə idi. Əkrəm Əylisli də "Daş yuxular" roman-rekviyemində Qarabağ münaqişəsi və erməni-azərbaycanlı münasibətlərini qələmə alaraq cəmiyyətdəki ən ağrılı və həssas mövzuya toxundu amma onun evdəki hesabı çarşıya uymadı. Əkrəm Əylisli Orxan Pamuk ola bilmədi. Necə deyərlər ayaqqabını geysə də yerişini yeriyə bilmədi.  

Mətnin tipologiyası və janr fərqi

Pamukun Qlobal Formatı nəhəngliyi ilə seçilirdi. Onun arxasında Şərq miniatür sənəti, islam fəlsəfəsi və Qərb modernizmini birləşdirən 500-600 səhifəlik fundamental, intellektual romanlar və həmin nəhəng bədii özülün üzərinə oturtduğu siyasi bəyanatları dayanırdı. Fikrimi bir az daha açıqlayım: Pamuk Nobel üçün yetişdirilmişdi. Əkrəm Əylisili isə nəhəng olsa da onu yalnız vətənində tanıyırdılar. Odur ki, Qərbəservis edilmiş “Daş yuxular” konkret öz hakimiyyətinlə intiriqa nəticəsində yazılmış anonim məktuba bənzəyirdi. Orxan Pamukla müqayisədə Əylislinin "Daş yuxular" lirik-publisistik, lokal detallarla yüklənmiş və bədii cəhətdən tələsik təsir bağışlayan bir povest, daha doğrusu publisistik məqalə idi. Qərb oxucusu üçün bu mətn universal bir şah əsəri deyildi və o oxucunun yaddaşında "Qafqazdakı etnik qarşıdurmanın qərəzli gündəliyi" kimi qaldı. Halbuki Əkrəm Əylisli Orxan Pamukdan dəfələrlə isdedalı bir yazıçıdır. Əylislinin mətni canlıdır, xalq dilinin şirəsindən, torpağının qoxusundan və dərin Azərbaycan insanın psixologiyasından yoğrulub. Onun obrazları nəfəs alır, dili sünilikdən tamamilə uzaq, lirik və təbiidir. Orxan Pamuk isə "mühəndis yazıçı"dır: onun romanları Qərb postmodernizminin intellektual sxemləri, labirintlər və nəzəri konstruksiyalar üzərində qurulur. Türkiyə ədəbi tənqidində də Pamukun cümlə quruluşunun ağır, süni və "tərcümə dili"nə bənzədiyi tez-tez tənqid olunub və mən ümumiyyətlə bu iki yazarın nəsrinin müqayisə olunmasını belə düzgün hesab etirəm. Orxan Pamuk Əkrəm Əylisli ilə müqayisə olunacaq səviyyədə yazıcı deyil. Kitabları evimizin ən qiymətli əşyaları kimi qorunan bir yazarın millətini satacaq qədər kiçik olduğunu yazmaq çox acıdır amma həqiqət budur. Qazanmaq əxlaqdan önəmlidir prinsipi Əkrəm Əylislinin qazanmaq inadını özünə qarşı çevirdi. 

Pamuk ingilis dilini mükəmməl bilən, illərlə Kolumbiya Universitetində mühazirələr oxuyan, ABŞ və Avropanın ən böyük ədəbi agentləri və nəşriyyat evləri ilə birbaşa işləyən qlobal fiqur idi.

Əylisli isə sovet-rus nəsr məktəbinin yetirməsidir. Əsərinin ilk olaraq Moskvada rusca çıxması, Qərbə isə yalnız üçüncü əl tərcümələrlə və siyasi bəyanatların arxasında getməsi onu qlobal ədəbi brendə çevirmək üçün kifayət etmədi, edə də bilməzdi. Yani, Əylisli öz şəxsi intirqları ilə Pamukun uzun illır incə əyrilib sıx toxunmuş sisteminin içinə hop deyə birdən birə düşmüşdü. Üstəlik Əylislinin Nobel həvəsinə satdığı vətən təəssübünün “əlində qalması”nda geosiyasi çəki və bazar miqyası da önmli rol oynadı. Türkiyə — NATO üzvü, Avropa İttifaqına namizəd, Şərqlə Qərbin kəsişməsində 85 milyonluq nəhəng geopolitik mərkəzdir və Qərb intellektual dünyası üçün Türkiyənin kimlik böhranı onilliklərdir bir nömrəli mövzudur. Cənubi Qafqaz isə Qərb ədəbi bazarı üçün heç vaxt prioritet oxu sahəsi olmayıb. Qərb elitası Əylislinin romanını yalnız Ermənistan-Azərbaycan münaqişəsində siyasi bəyanat vermək üçün bir neçə aylıq xəbər bülleteninə çevirdi, lakin ona qlobal ədəbi sərmayə qoymaqda maraqlı olmadı. Əylislinin sulandığı uğurlar əslində onun faciəsi oldu. Öz doğma oxucusunu, milli ədəbi mühitini tamamilə itirdi; qarşılığında isə nə Qərbdən gözlənilən Nobel mükafatını ala bildi, nə də dünya bestsellerinə çevrildi. Nəticədə, böyük bir lirik nasir öz milli ədəbi zirvəsindən düşərək, Qərbin qısamüddətli siyasi konyunkturasında istifadə olunub unudulan tənha bir fiqura çevrildi. Qlobal geosiyasətdə və beynəlxalq ədəbi konyunkturada daha diplomatik dillə desək "birdəfəlik siyasi alət" və ya "bir dəfə istifadə edilib atılan” əşya ğmrünü yaşadı. Bütün bu mənzərənin ən acı dərsi də elə budur: böyük bir istedad öz xalqının ağrısına, milli gerçəkliyinə arxa çevirib kənar siyasi mərkəzlərin şablonlarına xidmət edəndə, həmin mərkəzlər onu sadəcə öz maraqları üçün istifadə edir, işləri bitdikdən sonra isə kənara tullayırlar. Ortada isə nə dünya şöhrəti qalır, nə də itirilmiş xalq sevgisini geri qaytarmaq mümkün olur. Əkrəm Əylisli təcrübəsi bir "yeni Orxan Pamuk modeli" kimi həm Qərbdəki maraqlı institutlar, həm də müəllifin özünün gözləntiləri baxımından uğursuzluqla nəticələnmiş bir layihə oldu.

 Siyasi damğanı təmizləmək

 Əylisli "Daş yuxular" kimi siyasi sifarişli, qərəzli və qalmaqallı mətni ilə Qərbdə nə qədər səs-küy salsa da, axırda ona beynəlxalq nüfuzlu ədəbi mükafatı gətirən məhz onilliklər əvvəl doğma kəndinin insanlarından, anaların fədakarlığından və saf uşaqlıq xatirələrindən yazdığı "Adamlar və ağaclar" trilogiyası oldu. Bu da Əylislinin ən böyük faciəsidir: Bu mükafat bir daha sübut edir ki, Əkrəm Əylisli onsuz da bu cür möhtəşəm nəsri ilə dünya miqyasına çıxa biləcək bir istedada sahib idi. Kaş ki, o böyük qələmini sonradan ucuz siyasi oyunlara, milli hissləri tapdalayan mətnlərə alət etməyərdi; onda həm xalqının sevgisini qoruyub saxlayar, həm də dünya arenasında başıuca bir klassik kimi tanınardı.  

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB / EBRD) Azərbaycana və Qarabağ mövzusuna münasibəti sırf iqtisadi-praqmatik tərəfdaşlıq ilə Qərbin siyasi-hüquqi ehtiyatlılığı arasında qurulmuş balanslı bir xətdir. Yani Azərbaycanın nəhəng enerji layihələrinə milyonlarla vəsait qoyan qurumun ədəbiyat ödülünü kirlənmiş bir yazara verməsi mənim fikrimcə təsadüfü deyil. Çünki, , bankın illik "Ədəbiyyat Mükafatı" kimi mədəni layihələri müstəqil beynəlxalq münsiflər tərəfindən idarə olunur o zaman ortaya bir çox ehtimal çıxır. Ən doğru nəticəyə bu münsiflərin kimliyini araşdırsaq gələ bilərik, təbii ki. Nəticə budur ki, bir azərbaycanlı yazarın sovet dövrü uşaqlığından bəhs edən əsərinin seçilməsi Bankın rəsmi siyasi mövqeyindən daha çox, Qərb intellektual elitasının qərarıdır. Hətta xoşgörülü davranaraq bu seçimin qərb intellektual elitasının mətndəki humanitar dəyərlərə verdiyi qiymət olduğunu düşünmək də olar. Amma mən elə düşünmürəm. Qərb ədəbi-diplomatik maşınının işləmə mexanizmini və bu mexanizmin Orxan Pamuk məhsulunu necə hazırladığını təhlil etdikdə, Əylislinin bu mükafatı klassik priyom- kirlənmiş bir yazara "ədəbi brendinlik və legitimlik qazandırma" texnologiyası kimi görünür.

ORXAN PAMBUK

Orxan Pamuk təcrübəsində də eyni alqoritm tətbiq olunmuşdu: əvvəlcə sırf bədii və tarixi romanlar ("Bəyaz qala", "Mənim adım Qırmızı") vasitəsilə Qərb elitasının və tənqidçilərinin etimadı qazanıldı, nüfuzlu tərcümə və ədəbiyyat mükafatları ilə yazıçı "toxunulmaz beynəlxalq klassik" səviyyəsinə qaldırıldı; yalnız bundan sonra siyasi bəyanatlar ortaya çıxdı, toxunulmazlıq çətiri yaradıldı və ən yüksək zirvə — Nobel təqdim edildi. “Daş yuxular”ın erməni lobbisinə xidmətinə toxunub təkrarçılıq etmək istəmədim amma məlumdur ki, Əkrəm Əylisli gedişi tutmadı. Bununla belə ortada “Daş yuxular” kimi güçlü silah və ilk güzəştə getdiyi dəyəri əxlaqı və vətəni olan Əylisli faktörü var və bu fürsəti erməni lobbisi niyə əldən qaşırsın? Demək sonuna qədər gediləcək. Yuxarıda qeyd etdiyim kimi siyasi təmizlənmə, legitimləşmə həyata keçiriləcək və sonra məqsədə doğru yola davam.

Bu yanaşmanın Əkrəm Əylisli variantında necə işləyə biləcəyinə dair əsas arqumentlər bədii legitimliyin təmin olunması, tərcümə və nəşriyyat zəncirinin qurulması və sair beynəlxalq arenada görüləcək işlərdir. Çünki 2013–2014-cü illərdə Əylislinin birbaşa "Daş yuxular" və siyasi bəyanatlarla qabağa verilməsi əks-effekt doğurdu. Onu yalnız "siyasi təqib olunan dissident" kimi qəbul etdilər. Bu isə birbaşa ermənilərə hesablanmış əsərə görə Nobel kimi böyük ədəbiyyat mükafatları üçün yetərli bədii çəki yaratmadı. İndi isə proses tərsinə çevrilir: onun sovet dövrü şah əsəri olan "Adamlar və ağaclar"ı ingiliscəyə tərcümə edilərək nüfuzlu platformada və Azərbaycana dost qurum tərəfindən mükafatlandırılır və dünyaya mesaj verilir: "Bu adam sadəcə siyasi qurban deyil, həm də böyük bir sənətkardır." Britaniyalı münsiflərin, BBC-nin və tanınmış ədəbi tənqidçilərin (Maya Yaqqi və s.) bu prosesə cəlb olunması Əylislinin adını Qərb ədəbi kataloqlarına daxil etdi, bunu inkar etmək olmaz. Bu baza yaradıldıqdan sonra onun digər əsərlərini, o cümlədən "Daş yuxular"ı artıq "böyük ədəbi ustanın silsiləsinin bir hissəsi" kimi yenidən bazara gətirmək qat-qat asanlaşır. Güclü erməni lobisinin “Daş yuxular”da “inkaredilməz əməyi” var və proses davam edərsə əsərin onlara necə böyük divident gətirəcəyi məlumdur. Əkrəm Əylisli faktoruna yenidən müracət olunması və əsərinin mükafatlandırılması (Baxmayaraq ki, “Adamlar və ağaçlar” trilogiyası dünyanın ən böyük mükafatına layiqdir) mənə geosiyasi zəminin yenidən qızışdırılması kimi gəlir. Suverenliyimizin bərpası məlumdur ki, Qərbin müəyyən dairələri və erməni lobbisini narahat edir. Belə bir mərhələdə keçmişi "tövbəkar" prizmadan təsvir edən bir azərbaycanlı yazarın beynəlxalq statusunu bərpa etmək və onu yenidən tribunaya çıxarmaq gələcək ideoloji təzyiqlər üçün çox əlverişli vasitədir. Lakin Əkrəm Əylisli artıq 80 yaşını çoxdan keçmiş ahıl bir yazıçıdır. Pamuk Nobel alanda 54 yaşında idi və beynəlxalq platformalarda fəal çıxışlar edirdi. Əkrəm istəsə də bu aktivliyi göstərə bilməz. İngilis dili yoxdur, yaşı keçib. Daha bir faktor tarixi reallığın dəyişməsidir: Qarabağ münaqişəsi artıq hərbi və siyasi baxımdan həll olunub, status-kvo kökündən dəyişib. İndi "Daş yuxular" tipli mətnlərin daşıdığı siyasi şantaj gücü 2013-cü ildəki qədər təsirli deyil. Odur ki, bu mükafat həqiqətən də Əkrəm Əylislini "yenidən cilalayıb" beynəlxalq ədəbi vitrinə çıxarmaq cəhdidirsə gecikmiş zamanlama və dəyişən geosiyasi reallıqlar səbəbindən bu planın Nobel səviyyəsində yekunlaşması olduqca çətin görünür.

Əkrəm Əylisli modeli bu dəfə də fiyaskoya uğrayacaq. Geosiyasi kartın (“Daş yuxular”) gücünü İtirməsi; Nobel mükafatlarında siyasi konyunktura həmişə "qaynar və aktual" məsələlərə xidmət edir. Azərbaycan öz torpaqlarını azad edib suverenliyini tam bərpa etdikdən sonra köhnə "günahkarlıq kompleksi" və ya "passiv tövbə" narrativləri həm bölgədə, həm də beynəlxalq diplomatiyada işləkliyini itirdi. “Daş yuxular”ın estetik çəkisizliyi; Əsər Qərb ədəbi dairələrində böyük fəlsəfi roman kimi deyil, sadəcə qısamüddətli siyasi bəyanat kimi qəbul olundu. İllər keçdikcə bədii dərinliyi olmayan belə siyasi mətnlər unudulur. Gecikmiş inteqrasiya; Yazıçının onilliklər sonra — sovet dövrü əsəri ilə hansısa regional bankın tərcümə mükafatını alması böyük qlobal layihənin uğuru yox, vaxtı keçmiş bir sənətkarın arxiv nəsrinə verilən gecikmiş təsəlli mükafatıdır.

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR