Geyim mədəniyyəti və insan haqqında yaranan ilk təəssürat... - Vahid Tağıyev yazır

Geyim mədəniyyəti və insan haqqında yaranan ilk təəssürat... - Vahid Tağıyev yazır

YAZARLAR

Bugün, 19:46

Vahid Tağıyev,

Təcrübəli, peşəkar təhsil işçisi

***

Hər birimiz bunu dəfələrlə yaşamışıq. Heç tanımadığımız bir insanı ilk dəfə görəndə, o hələ danışmamış belə, onun haqqında daxilimizdə müəyyən təsəvvür yaranır. Əlbəttə, sonradan bu təsəvvür dəyişə də bilər. Amma ilk fikir adətən ən çox onun geyiminə, davranışına və insanlara münasibətinə əsaslanır.

Etiraf etməliyik ki, heç bir ünsiyyət olmadan belə, ilk diqqəti çəkən, göz qabağında olan məhz insanın geyimidir.

Geyim artıq çoxdan yalnız bədəni qoruyan bir parça olmaq funksiyasını itirib. O, insanın daxili mədəniyyətini, estetik zövqünü və həyata münasibətini əks etdirən ilk vizual mesaja çevrilib. Bu, insanın qadın, yaxud kişi olmasından, yaşından asılı olmayaraq hər bir şəxs haqqında təəssüratın formalaşmasına təsir edən amillərdən biridir.

Geyim ilk baxışda xırda məsələ kimi görünə bilər. O, ictimai müzakirələrin daimi mövzusu olmasa da, insanlar arasında həmişə maraq doğuran, fərdi söhbət və müzakirələrdə tez-tez qayıdılan mövzulardan biridir. Bu da insanların böyük əksəriyyətinin geyim seçiminə xüsusi diqqətlə yanaşdığını göstərir.

      Əlbəttə, geyim təkbaşına insan münasibətlərini müəyyən etmir. Ancaq o, insanlar arasında yaranan ilk təəssürata və sonrakı ünsiyyətin xarakterinə müəyyən təsir göstərə bilən incə faktorlardan biridir.

Geyim və estetik görünüşlə bağlı hər səhər etdiyimiz kiçik seçimlər əslində cəmiyyətə ötürdüyümüz səssiz mesajların bir hissəsidir. Çünki xoş təəssürat yaratmaq istəyi hər bir insanın daxilində yaşayan təbii bir ehtiyacdır.

Müxtəlif insanlar üçün özünəməxsus fərqli yanaşmaların olması təbiidir. Əsasən insan geyimindən və görünüşündən razı qalanda özünü daha rahat və inamlı hiss edir. Bu isə onun əhval-ruhiyyəsinə, davranışına, insanlarla ünsiyyətinə, səliqəsinə və hətta gündəlik iş fəaliyyətinə də müsbət təsir göstərir.

Diqqət yetirsək görərik ki, əvvəldən planlaşdırılan tədbirlərdə, daha çox toy və digər şənlik məclislərində insanların, xüsusilə də xanımların ən çox fikir verdiyi, düşündüyü məsələlərdən biri məhz geyim seçimidir. Bu sirr deyil ki, həmin tədbirlər başa çatdıqdan sonra da söhbətlərin bir hissəsi geyimlər ətrafında davam edir.

Ümumiyyətlə, geyim mövzusu cəmiyyətdə həmişə müzakirə olunan məsələlərdən biridir. Mətbuatda, sosial şəbəkələrdə vaxtaşırı bu barədə müxtəlif fikirlər, iradlar və mübahisələr səslənir. Bəzən bu mövzuda yaranan fikir ayrılığı ailədaxili münasibətlərə də təsir göstərir.

Son illər xüsusilə fəaliyyəti ictimaiyyət qarşısında olan bəzi şəxslərin zahiri görünüşdə, xüsusən də geyim seçimi və estetik müdaxilələrində ifrata varması da tez-tez müzakirə olunur. Həddindən artıq açıq-saçıq geyimlər, bədənin süni şəkildə dəyişdirilməsi və diqqəti yalnız zahiri görünüşə yönəldən meyillər cəmiyyətdə birmənalı qarşılanmır.

Bir çox insanların da düşündüyü kimi, bu cür meyillər insanı daha da zövqlü göstərmir. Əksinə, onun təbii görünüşünü, sadəliyini və zərifliyini kölgədə qoyur.

Müşahidələr göstərir ki, zövqü, davranışı və daxili mədəniyyəti ilə seçilən insanların əksəriyyəti geyimdə də sadəlik, ölçü hissi və zərifliyi üstün tutur. Çünki eleqantlıq diqqəti qabarıq şəkildə cəlb etməkdə deyil, yüksək zövqlə hörmət qazanmaqda özünü göstərir.

Hər geyimin öz məkanı, öz zamanı və öz məqsədi var. Çimərlik geyimi ilə rəsmi tədbirə getmədiyimiz kimi, istirahət üslubunu da hər mühitə daşımaq düzgün olmaz. Hər peşənin yazılmış və yazılmamış etik qaydaları var və geyim də həmin peşə mədəniyyətinə hörmətin ayrılmaz hissəsidir.

Səhnə adamlarının, şou və moda sahəsində çalışan insanların geyim üslubu ilə müəllimin, həkimin, dövlət qulluqçusunun və ya elm adamının geyimindən eyni meyar gözlənilə bilməz. Hər peşənin öz auditoriyası, öz etikası və öz vizual dili var.

FƏRDİ AZADLIQ VƏ İCTİMAİ MƏSULİYYƏT

Geyim mövzusunun həssaslığı həm də ondadır ki, dünyada nə qədər insan varsa, bir o qədər fərqli zövq, baxış və münasibət mövcuddur. Buna görə də kiminsə seçimini mütləq doğru, başqasınınkını isə qəti şəkildə yanlış hesab etmək düzgün olmazdı.

Bununla belə, bir sual həmişə düşündürür: əgər insanın seçimi onun dəyər verdiyi yaxınlarını başqalarının istehzalı baxışları və münasibəti qarşısında davamlı olaraq narahat edirsə, bu, artıq yalnız şəxsi seçim məsələsi olaraq qalırmı?

Fərdi azadlıqlarla yanaşı, cəmiyyətin formalaşdırdığı estetik meyarlar, yaşa, məkana və şəraitə uyğunluq kimi ümumi prinsiplər də mövcuddur. Əsl mədəniyyət də məhz bu tarazlığı qoruya bilmək bacarığıdır. Çünki azadlıq münasibətlərə xələl gətirməməli, münasibətlər də insanın şəxsiyyətinə hörmət üzərində qurulmalıdır.

Bəzən insanın daxili aləmi ilə xarici görünüşü arasında müəyyən uyğunsuzluq yaranır. İllər əvvəl yaxın dostumun oğlunun toyunda iştirak edirdim. Ailənin əvvəldən tanıdığım, ali təhsilli, çox istedadlı və ağıllı gənc qızı ilə qarşılaşdım. O qədər açıq geyim seçmişdi ki, onu mənimlə görüşdürərkən atası baxışlarını sanki məndən gizlədir, daxili narahatlığı isə hər halından hiss olunurdu.

Sonra bir az da yaxınlaşıb sakitcə dedi:

- "İndiki gənclər belədir..."

Həmin an hiss etdim ki, qızın özü də ətrafındakı baxışlar altında seçdiyi geyimdə tam rahat deyildi. Sanki daxili aləmi ilə yaratdığı vizual görüntü arasında nəzərə çarpacaq bir uyğunsuzluq vardı.

Həddindən artıq diqqət çəkən geyim çox vaxt ətrafdakılar tərəfindən "mənə baxın" mesajı kimi qəbul edilir. Əlbəttə, bu niyyətlə geyinənlər də var. Ancaq əksər hallarda bu, həmin insanın həqiqi niyyəti olmur. Belə geyinən insanların arasında yüksək mənəviyyata, gözəl tərbiyəyə və saf düşüncəyə malik olanlar da az deyil. 

Məhz buna görə də insanı yalnız zahiri görünüşünə görə qiymətləndirmək düzgün olmaz.

Lakin həyatın reallığı da budur ki, insanlar çox vaxt bir şəxsin biliyi, xarakteri və mənəvi keyfiyyətləri ilə tanış olmamışdan əvvəl onun görünüşü haqqında müəyyən fikir formalaşdırırlar. Bu, hər zaman ədalətli olmasa da, cəmiyyətin dəyişməyən psixoloji xüsusiyyətlərindən biridir.

MODA İNSANIN XİDMƏTÇİSİ OLMALIDIR, İNSAN MODANIN ƏSİRİ YOX... 

Dəb dövrün ruhunu və zamanın estetik zövqünü əks etdirə bilər. Lakin o, insanın şəxsiyyətini, ləyaqətini və peşə məsuliyyətini kölgədə qoymamalıdır. Əsl zövq dəbi kor-koranə təkrarlamaq deyil, onu yaşa, bədən quruluşuna, həyat tərzinə və daşıdığın missiyaya uyğun seçə bilməkdir.

Xüsusilə ictimaiyyət qarşısında fəaliyyət göstərən insanların - televiziya aparıcılarının, müəllimlərin, həkimlərin, dövlət qulluqçularının və digər peşə məsuliyyəti daşıyan şəxslərin rəsmi şəraitdə geyimi yalnız şəxsi seçim deyil, həm də peşə etikası və ictimai etimad məsələsidir.

Uzun illər təhsil idarəçiliyində çalışdığım dövrdə bu mövzu ilə bağlı müxtəlif hadisələrin həm şahidi, həm də iştirakçısı olmuşam.

Xatırlayıram, yaxından tanıdığım çox istedadlı, bacarıqlı, uzunboylu və gözəl bir gənc müəllimə həddindən artıq qısa geyim seçdiyi üçün həmkarlarının və valideynlərin narazılığı ilə qarşılaşırdı. Bir gün hansısa məsələ ilə bağlı məsləhət almağa gələndə ona rəhbər kimi deyil, ata qayğısı ilə "qızım" deyə müraciət edib, geyim seçiminin müəllim nüfuzuna və daşıdığı peşə missiyasına təsiri barədə fikirlərimi bölüşdüm.

Sevindirici hal idi ki, o, bu söhbəti səmimi qəbul etdi və sonralar geyim üslubunu peşəsinə daha uyğun şəkildə formalaşdırdı.

Təəssüf ki, bunun əksini seçənlər də olur. Onlar ətrafın haqlı iradlarını, çalışdıqları mühitin xüsusiyyətlərini və daşıdıqları peşənin məsuliyyətini nəzərə almadan yalnız öz baxışlarını əsas götürürlər. Əsl gözəllik, mədəniyyət bədəni nümayiş etdirməkdə deyil; sadəlikdə, ləyaqətdə, zövqdə və məkana hörmətdə özünü göstərir.

İnsan kimi zövq də zamanla inkişaf edir, dəb isə daim dəyişir. Buna görə də bu yenilənmə prosesində hisslərə qapılıb özümüzü itirməməliyik.

Bir çoxumuz illər sonra, xüsusilə gənclik şəkillərimizə baxanda öz-özümüzə: 

"Kaş o vaxt belə geyinməyəydim..." — deyə düşünə bilərik. 

Bu bir daha göstərir ki, estetik zövq də insan kimi yaşa dolduqca formalaşır və yetkinləşir.

Məhz buna görə də geyim mədəniyyətinin təməli ailədə və məktəbdə qoyulmalıdır. İnsan kiçik yaşlarından harada olduğunu, hansı peşəni təmsil etdiyini, kimlə birlikdə olduğunu və hansı mühitdə yaşadığını nəzərə almağı öyrənməlidir.

Bir həqiqəti də unutmayaq: geyim insanın dəyərini müəyyən etmir. Ancaq insanın özünə, ətrafına və cəmiyyətə münasibəti çox vaxt onun geyim seçimində də öz əksini tapır.

Razılaşaq ki, geyim mövzusu son dərəcə həssas və fərdi yanaşma tələb edən bir sahədir. Burada dünyagörüşü, şəxsi keyfiyyətlər, estetik zövq və həyat təcrübəsi mühüm rol oynayır. 

Mən həmişə düşünmüşəm ki, zövq məsələsində əks fikirdən, mübahisədən çox, insanın öz daxili hissi, duyumu və özünü tanıması əsasdır.

Bu məsələdə ən doğru hakim insanın öz vicdanıdır. Odur ki, bu yazını oxuyan hər kəs növbəti dəfə qarderobunun qarşısında dayananda özü ilə səmimi söhbət edə bilsə, düşünürəm ki, yazının əsas məqsədi də yerinə yetirilmiş olar.

Düşünmək üçün 5 sual:

   1. Mənim seçimim ətrafımdakı insanlara hansı mesajı verir?

   2. Mən bu geyimin içində özümü həqiqətən rahat və təbii hiss edirəmmi?

   3. Mən öz zövqümü yaşayıram, yoxsa başqalarının diktə etdiyi dəbi təkrarlayıram?

   4. Geyimim yaşıma, bədən quruluşuma, olduğum məkana və daşıdığım missiyaya nə dərəcədə uyğundur?

  5. Mən fərdi azadlığımı yaşayarkən mənə dəyər verən, yaxud dəyər verdiyim insanların hisslərini də nəzərə alırammı?

İnsan cəmiyyət içində yaşayır. Cəmiyyətdə isə hər bir seçim insan münasibətləri ilə tarazlanır, inkişaf edir və dəyər qazanır. Geyim də bu münasibətlərin görünən, lakin çox incə təsirə malik ifadələrindən biridir. Daşı deşən su damcısı kimi, hər gün təkrarlanan seçimlərimiz də zamanla yığılan təsir gücü ilə şəxsiyyətimizin formalaşmasına təsir edir, eyni zamanda başqalarında yaratdığımız ilk təəssüratı müəyyənləşdirir.

Düşünürəm ki, Allahın insana bəxş etdiyi ömür payını şərəf, ləyaqət və zövqlə yaşamaq, dünyanın gözəlliklərindən, öz əməyindən və şəxsiyyətindən məmnunluq duymaq, hər şeydən əvvəl insanın özündən asılıdır.

Bu yolda hər birimizə anlayış, daxili harmoniya və uğurlar arzulayıram.

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR