Zahid Ouc: "Azərbaycanın AŞPA-dan çıxması regional dezinteqrasiya prosesləri üçün presedent yarada bilər"

Zahid Ouc: \"Azərbaycanın AŞPA-dan çıxması regional dezinteqrasiya prosesləri üçün presedent yarada bilər\" 

SİYASƏT

20.07.2026, 20:37

"Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında Avropa Şurası ilə münasibətlərə ayrıca yer verdi. Artıq regional siyasətin əsas konturlarını və gələcəyini müəyyənləşdirən, qalibiyyətimizin simvolu olan bir şəhərdə - strateji yüksəklikdə irəli sürülən ideyalar və baxışlar, həmçinin tarixi qiymətləndirmələr Azərbaycanın uzun illər ərzində formalaşan mövqeyinin açıq təzahürü idi. Həmin siyasi hökmü başa düşmək üçün Azərbaycanın Avropa Şurası ilə münasibətlərinin tarixinə, Strasburqun anti-Bakı qüvvələrinin anatomiyasına, demokratiya adı altında ölkəmiz əleyhinə aparılan təzyiq siyasətinin daxili məntiqinə və münasibətlərdə son illərdə baş verən köklü dəyişikliklərə diqqət yetirmək lazımdır".

Mia.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc söyləyib.

O bildirib ki, Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv oldu. Ulu Öndərin siyasi liderliyi ilə ölkəmiz Avropa inteqrasiyasına töhfə verdi. Avropa İnsan Hüquqları Konvensiyası ratifikasiya edildi, bir sıra qanunvericilik islahatları həyata keçirildi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (AİHM) çərçivəsindəki öhdəliklər qəbul olundu.

AŞPA-nın ötən fəaliyyətinə makroskopik baxdıqda bir paradoks aydın görünür: Azərbaycanın 20 faiz ərazisinin işğal altında olduğu otuz ildə, yüz minlərlə azərbaycanlının öz yurdundan qovulduğu, kütləvi məzarlıqların yaradıldığı dövrdə Strasburqdan Bakıya ünvanlanan qətnamələrin tonu torpaqlarımız azad olunduqdan sonrakı leksiklə müqayisədə nisbətən daha fərqli idi. İndi qalibiyyətimizi qəbul və həzm etməyənlərin sinxron, qəzəbli və sərt davranışları ərazi bütövlüyümüzü tarixən Parisdən və digər paytaxtlardan müəyyənləşdirənlərin iradəsi ziddinə qazandığımız Zəfərdir.

“AŞPA neytral platforma olmaqdan çıxıb geosiyasi savaş arenasına çevrilib. Halbuki yaxın qonşular Gürcüstan, Ukrayna, Moldova - Avropa inteqrasiyasının bütün meyarlarını qəbul etmişdi. Yeni postsovet ölkələri Qərbin bütün göstərişlərini yerinə yetirirdi. Onlar öz gözləntiləri müqabilində nə aldılar? Ukrayna müharibə içindədir. Gürcüstan öz seçimi üzərindən parçalandı. Moldova hər il geosiyasi böhranlar arasında balans saxlayır. Acı reallıq bir sualı açıq qoyur: Avropa Şurasının Şərq tərəfdaşlarına münasibəti nə dərəcədə prinsipialdır, nə dərəcədə opportunistdir?

AŞPA-nın siyasi strukturunu anlamadan orada baş verən prosesləri şərh etmək mümkün deyil. Parlament Assambleyası beş böyük siyasi qrup üzərində formalaşıb. Hər bir qrupun öz strateji maraqları, regional prioritetləri və ikitərəfli münasibətləri var. Qərarsızlıq boşluğunda güclü lobbi qrupları gündəliyi formalaşdırır. Ermənipərəst lobbi Avropa siyasi institutlarında onilliklər ərzində ciddi mövqe qurub. Son bir əsrdə orada kök salan ermənilərin qurduğu diaspora ilə yanaşı, Belçika və Fransanın inzibati-bürokratik strukturlarına, siyasi partiyalarına, beynəlxalq media kanallarına nüfuz etmiş sistemli bir şəbəkə Azərbaycana qarşı siyasət aparır. Belçika məhz Avropa Parlamentinin iclaslarının keçirildiyi şəhərdir – Brüssel, həm Avropa Parlamentinin, həm AŞPA-nın əsas ünsiyyət kanalları məhz həmin şəhərdə cəmlənib”, - deyə Z.Oruc vurğulayıb.

Deputat əlavə edib ki, AŞPA-da Azərbaycana münasibətin müharibədən sonra sərtləşməsinin izahı var: “Uzun illər xarici dairələr Azərbaycanı Qarabağ münaqişəsi vasitəsilə təzyiq altında saxladılar. Münaqişənin həll olunmaması regionda geosiyasi müdaxilə üçün əlverişli zəmin yaradırdı. Azərbaycan öz gücü ilə bu mexanizmi dağıtdı. İndi Qarabağ adlı təzyiq silahı əvvəlki formada işləmir. Separatizm ləğv edilib. Azad edilmiş ərazilərdə şəhərlər, yollar, məktəblər qurulur. Keçmiş məcburi köçkünlər öz yurdlarına qayıdır. Məhz buna görə Azərbaycana qarşı kampaniyanın ağırlıq mərkəzi başqa sahələrə keçirilib. Dövlətimizin hər bir hüquqi addımı “repressiya”, hər bir cinayət işi “siyasi təqib”, hər bir təhlükəsizlik tədbiri “rejim” kimi təqdim olunur. Xarici təzyiq sxeminin məntiqi budur: yeni zərurətlər yaratmaq üçün fərqli alətlər axtarılır. İnsan hüquqları əlverişli seçimdir, çünki onunla bağlı mübahisə etmək siyasi cəhətdən çətin görünür. Lakin bir sual cavabsız qalır: nə üçün Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi - beynəlxalq hüququn tələb etdiyi addım - AŞPA-nın bir fraksiyası tərəfindən “cəzalandırılmalı” hal kimi qiymətləndirilir? Cavab: AŞPA elan etdiyi dəyər və ideallara sadiqlik göstərmir, siyasi maraqları təmsil edir”.

O əlavə edib ki, Prezident Şuşa Forumunda Azərbaycanın AŞPA-dan çıxması məsələsinə də toxundu. Yetərincə soyuqqanlı və rasional bir strategiyanın müəllifi, torpaqlarımızın azadlığı uğrunda strateji səbrin sahibi olan qalib Liderin bəyanatı beynəlxalq mediada böyük əks-səda doğurub. Azərbaycanın AŞPA-dan tam çıxması beynəlxalq insan hüquqları sistemi üçün ciddi institusional problem yaradar. Söhbət Brexit kimi iqtisadi nəticəsi olan hadisədən getmir. Lakin Cənubi Qafqazda - Rusiya ilə, İranla, Türkiyə ilə həmsərhəd strateji bir regionda - AŞ-nin heç bir institusional təsir gücü qalmaz. Ölkə 46 üzv dövlət arasındakı ən mühüm coğrafi körpülərdən birini itirər. Üstəlik, Azərbaycanın AŞPA-dan çıxması regional dezinteqrasiya prosesləri üçün bir presedent yaradar. Gürcüstan öz seçimi üzərindən parçalandı. Ukrayna müharibə içindədir. Əgər Azərbaycan da klubdan çıxarsa, Cənubi Qafqazda AŞ-nin real əhatə dairəsi sıfıra yaxınlaşar.

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR