Prezident İlham Əliyev Almaniyada - FOTOLAR (YENİLƏNİB)
SİYASƏT
20.07.2026, 21:57
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 20-də Berlində Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb.
Mia.az xəbər verir ki, görüşdə Azərbaycan və alman iş adamlarının, həmçinin şirkətlərinin birgə fəaliyyətə marağının artdığı vurğulanaraq bu cür fəaliyyətin institutlaşdırılması yolları müzakirə edilib.
Ənənəvi və alternativ energetika üzrə mövcud potensial, Orta Dəhliz daxil olmaqla, bağlantı, nəqliyyat və logistika sahələrində imkanlar barədə fikir mübadiləsi aparılıb.
Azərbaycanda kənd təsərrüfatı ilə bağlı dövlət proqramının qəbul olunduğu xatırlanaraq Almaniyanın bu sahədə aparıcı texnologiyalarının ölkəmizdə tətbiqi imkanlarına toxunulub, o cümlədən "ağıllı kənd təsərrüfatı" istiqamətində əməkdaşlığın perspektivləri qeyd edilib.
Söhbət zamanı həmçinin ölkəmizin turizm potensialından istifadə olunmasına və qarşılıqlı maraq doğuran digər mövzulara dair fikir mübadiləsi aparılıb.
****
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də, axşam radələrində Almaniya Federativ Respublikasına rəsmi səfərə gəlib.
Mia.az, Berlin şəhərinin Brandenburq "Willy Brandt" Aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidentini rəsmi şəxslər qarşılayıblar.
***
Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya rəsmi səfəri nəzərdə tutulur. Planlaşdırılan bu səfər təkcə iki ölkə arasında növbəti diplomatik təmas deyil, dəyişən qlobal geosiyasi reallıqlar kontekstində Avropanın və xüsusilə onun iqtisadi lokomotivi olan Almaniyanın Cənubi Qafqaza baxışındakı köklü transformasiyanın əyani təzahürüdür. Qlobal böhranlar, logistik qırılmalar və enerji təhlükəsizliyi çağırışları fonunda Berlin və Bakı arasında qurulan bu ali səviyyəli dialoq tərəfdaşlıq münasibətlərini keyfiyyətcə yeni bir mərhələyə daşıyır.
Mia.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan-Almaniya münasibətlərinin tarixinə və inkişaf yoluna qısa nəzər salır.
Tarixi varislik və paralellik - 1996-cı ildən formalaşan strateji xətt
Prezident İlham Əliyevin planlaşdırılan rəsmi səfərinin ən mühüm tərəflərindən biri də özündə tarixi paralelləri və varislik ənənələrini daşımasıdır. İki ölkə arasında diplomatik münasibətlərin qurulmasından sonra əlaqələrin inkişafında ən mühüm dönüş nöqtəsi Ulu Öndər Heydər Əliyevin 1996-cı il iyulun 1-4-də Almaniyaya etdiyi tarixi səfər olub. Həmin səfər müstəqilliyini yenicə bərpa etmiş gənc Azərbaycan dövlətinin Avropanın ən böyük güclərindən biri ilə uzunmüddətli tərəfdaşlıq strategiyasının təməlini qoydu.
Dörd günlük intensiv proqramı əhatə edən həmin tarixi səfər çərçivəsində rəsmi Berlinin siyasi elitası - Prezident Roman Hersoq, Kansler Helmut Kol və Bundestaqın rəhbərliyi ilə keçirilən ali səviyyəli görüşlər gənc respublikanın müstəqil xarici siyasət kursunun Avropada qəbul olunmasını təmin etdi. Ulu Öndərin Almaniyanın aparıcı siyasi partiyalarının və Şimali Atlantika Assambleyasının təmsilçiləri ilə dialoqu, habelə diaspor fəalları ilə strateji təmasları münasibətlərin çoxtərəfli ictimai-siyasi zəminini formalaşdırdı. İqtisadi müstəvidə isə “Deutsche Bank”, “Siemens”, “Thyssen” və “Mercedes-Benz” kimi sənaye və maliyyə nəhəngləri ilə əldə olunan fundamental razılaşmalar Azərbaycanın qlobal iqtisadi sistemə inteqrasiyasının və irimiqyaslı investisiya cəlbinin hüquqi-praktiki təməlini qoydu. Eyni zamanda, Səttar Bəhlulzadənin əsərlərinin təqdimatı fonunda keçirilən humanitar tədbirlər iki xalq arasında mədəni yaxınlaşmanın əsas hərəkətverici qüvvəsinə çevrildi. Ümummilli Liderin tarixi səfəri Bakı ilə Berlin arasında təkcə diplomatik bağlar deyil, bu gün cərəyan edən irimiqyaslı geosiyasi və geoiqtisadi tərəfdaşlığın strateji arxitekturasını inşa etdi.
Nəzərdə tutulan səfər isə 30 il əvvəl cızılmış həmin strateji xəttin məntiqi davamı olmaqla yanaşı, həm də Azərbaycanın artıq orta gücə və Avropanın etibarlı tərəfdaşına çevrilmiş statusunun təsdiqidir. İki ölkə arasında formalaşan bu dinamika təsadüfi deyil. Münasibətlər son illərdə intensivləşən qarşılıqlı səfərlərlə daha da möhkəmlənib. Prezident İlham Əliyevin 2024-cü ilin aprelində Almaniyaya uğurlu səfəri, həmçinin dövlətimizin başçısının ənənəvi olaraq Münxen Təhlükəsizlik Konfransında fəal iştirakı siyasi dialoqun daimi xarakter daşıdığını göstərir. İkitərəfli münasibətlərdə dərin qarşılıqlı etimadın ən bariz nümunələrindən biri kimi, Almaniyanın Federal Prezidenti Frank-Valter Ştaynmayerin 2025-ci ilin aprelində Bakıya reallaşan səfəri xüsusi əhəmiyyət daşıyır. Bu ardıcıllıq göstərir ki, Berlin regional sabitlik və qlobal layihələrdə Bakını əvəzedilməz tərəfdaş kimi görür.
Cənubi Qafqazın və Frank-Valter Ştaynmayerin səfərinin tarixi əhəmiyyəti
Son dövrlərdə beynəlxalq münasibətlərin kəskinləşməsi, davam edən münaqişələr və gərginliklər Avropanın regiona yönəlik geosiyasi baxışında böyük transformasiyaya səbəb olub. Pandemiya, Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki gərginliklər fonunda “soyuq müharibə”dən sonra formalaşmış köhnə təhlükəsizlik və enerji modeli artıq iflasa uğrayıb. Enerji təchizatında birtərəfli asılılıqlardan qurtulmağa çalışan Avropa İttifaqı çoxtərəfli dünyada müstəqil geosiyasi aktor olmaq üçün yeni coğrafiyalara üz tutur. Məhz bu baxımdan Cənubi Qafqaz, o cümlədən Azərbaycan ilə münasibətlər Avropa və Almaniya üçün getdikcə daha böyük önəm qazanmaqdadır.
Bu çərçivədə Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin 2025-ci ilin aprelində Azərbaycana səfəri mühüm əhəmiyyət daşıyır. Beynəlxalq analitik dairələrin də qeyd etdiyi kimi, bu səfər Berlinin regiona iqtisadi, logistik və infrastruktur siyasəti baxımından artan strateji marağının tarixi göstəricisi idi. Avropa üçün Cənubi Qafqaz artıq geosiyasi periferiya deyil, qlobal təchizat zəncirinin magistral qovşağıdır. Məhz bu geosiyasi kontekstdə, Almaniya Federal Kansleri Fridrix Mertsin 2025-ci ilin dekabrında Prezident İlham Əliyev ilə telefon danışığı aparması və dövlətimizin başçısını Almaniyaya rəsmi səfərə dəvət etməsi Berlinin bu strateji kursa verdiyi önəmin əyani sübutudur.
Bu məqamda xüsusi qeyd edilməlidir ki, rəsmi Berlin Cənubi Qafqazda davamlı sülhün və etimad mühitinin qurulmasında aktiv vasitəçilik və platforma rolunu üzərinə götürərək, Ermənistan ilə Azərbaycan arasında birbaşa dialoqun təşviqinə mühüm töhfələr verir. Almaniyanın bu balanslaşdırılmış və konstruktiv yanaşması regional kommunikasiyaların açılması və beynəlxalq hüquq prinsipləri çərçivəsində yekun sülh sazişinin imzalanması prosesinə diplomatik dəstək baxımından böyük əhəmiyyət kəsb edir.
Bütün bu məqamlar kontekstindən dəyərləndirilikdə Prezident İlham Əliyevin nəzərdə tutulan səfəri iki ölkənin qlobal çağırışlara qarşı vahid iqtisadi və siyasi platformada birləşmək iradəsini açıq şəkildə nümayiş etdirir.
Azərbaycan-Avropa İttifaqı münasibətləri: yeni geosiyasi reallıqların formalaşdırdığı strateji tərəfdaşlıq
Pandemiya, Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə dərinləşən gərginlik və qlobal təchizat zəncirlərinin pozulması XXI əsrin geosiyasi mənzərəsini köklü şəkildə dəyişdirib. Uzun illər təhlükəsizliyini əsasən ABŞ-yə, enerji təminatını Rusiyaya, iqtisadi inkişaf modelini isə Çin bazarına söykəyən Avropa İttifaqı yeni beynəlxalq reallıqlar fonunda bu modelin dayanıqlı olmadığını aydın şəkildə gördü. Nəticədə Brüssel enerji təhlükəsizliyinin, nəqliyyat bağlantılarının və kritik xammal təchizatının şaxələndirilməsini strateji prioritet elan edərək Avrasiyanın yeni geoiqtisadi xəritəsinə fərqli prizmadan baxmağa başladı. Məhz bu dəyişən geosiyasi mühit Azərbaycanın Avropa üçün əhəmiyyətini keyfiyyətcə yeni mərhələyə yüksəltdi.
Əgər uzun illər Azərbaycan Avropa üçün əsasən karbohidrogen ixracatçısı kimi qəbul edilirdisə, bu gün ölkə artıq enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları və Avropa ilə Mərkəzi Asiyanı birləşdirən strateji kommunikasiyaların ayrılmaz hissəsi olaraq qiymətləndirilir. 2022-ci ildə Azərbaycan ilə Avropa Komissiyası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması da məhz bu transformasiyanın siyasi ifadəsi idi. Həmin sənəd Azərbaycanın Avropaya təbii qaz ixracının artırılmasını, enerji əməkdaşlığının dərinləşdirilməsini və bərpaolunan enerji sahəsində yeni imkanların yaradılmasını nəzərdə tutur.
Bu gün Azərbaycan artıq Avropa İttifaqının 10 üzv dövləti də daxil olmaqla, 16 ölkəyə təbii qaz ixrac edir. Ən önəmlisi Azərbaycanın Avropaya qaz ixracı 2022-ci ildən əvvəlki 8 milyard kubmetrdən hazırda 13 milyard kubmetrə yüksəlib və 2027-ci ilədək bu göstəricinin azı 20 milyard kubmetrə çatdırılması planlaşdırılır. Cənub Qaz Dəhlizi isə Xəzər hövzəsini Avropa ilə birləşdirən alternativ enerji arteriyası kimi qitənin enerji təhlükəsizliyi strategiyasının əsas sütunlarından birinə çevrilib. TANAP və TAP kəmərləri Avropanın enerji mənbələrinin şaxələndirilməsi siyasətində xüsusi əhəmiyyət qazanaraq Azərbaycanın qitənin enerji təhlükəsizliyində rolunu daha da gücləndirib.
Azərbaycanın Avropa üçün strateji əhəmiyyəti təkcə enerji ilə məhdudlaşmır. Müasir geosiyasətdə boru kəmərləri qədər nəqliyyat dəhlizləri, limanlar, dəmir yolları və rəqəmsal kommunikasiya xətləri də dövlətlərin geoiqtisadi gücünü müəyyən edən əsas amillərə çevrilib. Şimal marşrutunun müharibə və sanksiyalar səbəbindən əvvəlki funksionallığını itirməsi, cənub istiqamətində isə geosiyasi risklərin artması fonunda Orta Dəhliz Avropa ilə Mərkəzi Asiyanı birləşdirən ən etibarlı və perspektivli marşrut kimi ön plana çıxıb. Bu dəhlizin mərkəzində yerləşən Azərbaycan artıq təkcə tranzit ölkəsi deyil, Avropanın “Global Gateway” strategiyasında mühüm geoiqtisadi tərəfdaş kimi çıxış edir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və Xəzər üzərindən formalaşan multimodal daşımalar sistemi Azərbaycanın bu dəhlizin əsas logistika qovşağına çevrildiyini göstərir. Məhz buna görə də Brüsselin Bakı ilə əməkdaşlığı bu gün enerji təhlükəsizliyi, logistika, rəqəmsal bağlantılar, yaşıl enerji və kritik xammal tədarükünü əhatə edən kompleks strateji tərəfdaşlıq məzmunu qazanıb.
Avropa İttifaqının lokomotivi Almaniya ilə strateji iqtisadi tərəfdaşlıq
Məhz geniş Avropa kontekstində Almaniya ilə Azərbaycan arasındakı iqtisadi münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Avropa İttifaqının ən böyük iqtisadiyyatı və sənaye lokomotivi olan Almaniya üçün enerji mənbələrinin şaxələndirilməsi, təchizat zəncirlərinin dayanıqlığı və Mərkəzi Asiya bazarlarına çıxış strateji prioritetlər sırasındadır. Bu baxımdan Azərbaycan Berlin üçün yalnız enerji tərəfdaşı deyil, həm də Avropa ilə Asiya arasında formalaşan yeni geoiqtisadi bağlantıların əsas halqalarından biridir.
Azərbaycan qazının Almaniya bazarına daxil olması Bakı-Berlin münasibətlərində keyfiyyətcə yeni mərhələ yaradıb. SOCAR ilə Almaniyanın “Uniper” şirkəti arasında 2045-ci ilədək qüvvədə olan uzunmüddətli qaz tədarükü müqaviləsi, həmçinin SEFE ilə formalaşdırılan strateji əməkdaşlıq Almaniyanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə və Cənub Qaz Dəhlizinin Avropa enerji bazarında sabit mənbə kimi rolunun güclənməsinə xidmət edir.
Almaniya kimi ixracyönümlü iqtisadiyyat üçün Orta Dəhliz də xüsusi strateji əhəmiyyət daşıyır. Bu marşrut Almaniya sənayesinə Mərkəzi Asiya bazarlarına daha etibarlı çıxış, kritik xammal tədarükünün şaxələndirilməsi və qlobal təchizat zəncirlərinin dayanıqlılığının artırılması baxımından yeni imkanlar yaradır. Azərbaycan isə bu prosesdə Avropa ilə Asiya arasında logistika, enerji və iqtisadi əməkdaşlığın əsas qovşaqlarından biri kimi çıxış edir.
Bakı ilə Berlin arasında iqtisadi tərəfdaşlığın inkişafında siyasi dialoqla yanaşı, iqtisadi diplomatiya da mühüm rol oynayır. Prezident İlham Əliyevin Almaniyaya səfərləri çərçivəsində aparıcı alman sənaye və biznes dairələrinin rəhbərləri ilə keçirdiyi görüşlər artıq ənənəvi xarakter alıb. Bu görüşlər Azərbaycanın investisiya imkanlarının təqdim olunması, yüksək texnologiyalar, yaşıl enerji, sənaye kooperasiyası, logistika və işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində yeni əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır.
Tolerantlığın beşiyi olan Azərbaycanda alman izləri
Azərbaycan-Almaniya münasibətləri təkcə iqtisadi və siyasi maraqlara əsaslanmır. Bu əlaqələrin arxasında dərin humanitar və mədəni bağlar dayanır. Əsrlər boyu müxtəlif mədəniyyətlərin və dinlərin dinc yanaşı yaşadığı tolerantlıq və multikulturalizm məkanı olan Azərbaycanda zəngin alman irsi xüsusi yer tutur. XIX əsrin əvvəllərində alman ailələrinin Azərbaycana köçməsi ilə Göygöl (tarixi Yelenendorf) və Şəmkir (Annenfeld) başda olmaqla Gəncə, Qazax, Tovuz və Ağstafa bölgələrində alman koloniyaları yaranıb. Almanlar Azərbaycanda üzümçülük və şərabçılığın təməlini qoyub, memarlıq və sənaye mədəniyyətinə böyük töhfələr veriblər. Bu inteqrasiya o qədər dərin olub ki, 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyətinin parlamentində milli azlıqları təmsil edən fraksiyanın üzvlərindən biri məhz almanəsilli Lorentz Kuntz idi.
Bu gün də Azərbaycan dövləti ölkədəki alman tarixi-mədəni irsinə, alman kilsələrinə və abidələrinə böyük hörmətlə yanaşır, onların qorunub saxlanmasını təmin edir. Bu tolerant mühit humanitar əlaqələrin genişlənməsinə, minlərlə azərbaycanlı tələbənin DAAD proqramları vasitəsilə Almaniyada təhsil almasına və Bakı Höte Mərkəzi kimi qurumların fəaliyyətinə münbit zəmin yaradır.
Almaniyada fəaliyyət göstərən Azərbaycan diasporu son illərdə özünün yüksək intellektual keyfiyyəti ilə seçilməkdədir. Bu gün Almaniyanın aparıcı elm ocaqlarında, universitetlərində, nüfuzlu tibb mərkəzlərində, mühəndislik və IT şirkətlərində yüzlərlə azərbaycanlı mütəxəssis, alim və həkim fəaliyyət göstərir.
Beləliklə, Prezident İlham Əliyevin Almaniyaya planlaşdırılan rəsmi səfəri həm keçmişin zəngin irsinə dərin ehtiram, həm də gələcəyin qlobal çağırışlarına verilən ortaq rasional cavabdır. İqtisadi sahədə çalışan yüzlərlə alman şirkətinin, o cümlədən işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinə vəsait yatırmaq istəyən alman investorlarının ölkəmizə artan marağı bu tərəfdaşlığın real miqyasını göstərir. Bakı və Berlin arasında qurulan bu strateji körpünün təkcə iki ölkənin deyil, bütövlükdə Avrasiya coğrafiyasının enerji, nəqliyyat təhlükəsizliyinə və siyasi sabitliyinə xidmət edən uzunmüddətli strategiya olduğu aydın görünməkdədir.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Bu sahələrdə işləyən müəllimlər də sertifikatlaşdırılacaq - Qərar verildi + SİYAHI
Bugün, 16:41 MƏDƏNİYYƏT
-
BERLİNDƏN VERİLƏN MESAJLAR... - TƏHLİL
Bugün, 16:41 SİYASƏT
-
ÖZGÜR ÖZƏLİN YENİ PARTİYASINDA 82 DEPUTAT OLACAQ – SİYAHI
Bugün, 16:27 SİYASƏT
-
Prezident İlham Əliyevlə Almaniya Kansleri bir araya gəldi: yeni sənədlər imzalandı, birgə şura yaradıldı - Berlində (Yenilənir)
Bugün, 16:20 GÜNDƏM
-
Çempionlar Liqası: "Sabah" - "KuPS" oyununa nə qədər bilet satılıb?
Bugün, 16:01 İDMAN
-
Kansler İlham Əliyevlə brifinqdə: "Bakı və Berlin arasında münasibətlər dinamik şəkildə inkişaf edir"
Bugün, 16:01 SİYASƏT
-
İlham Əliyev Almaniya Kanslerini Azərbaycana dəvət edib
Bugün, 15:41 GÜNDƏM
-
Azərbaycanda yenilik: motosikletlər ilk dəf təcili tibbi yardım xidmətinə cəlb olundu - FOTOLAR
Bugün, 15:14 GÜNDƏM
-
ÖZGÜR ÖZƏL İSTEFA VERDİ, YENİ PARTİYA QURULUR: “Sizə söz verirəm ki…” – “Hər son bir başlanğıcdır”
Bugün, 14:51 SİYASƏT
-
Kəlbəcərdə mina partladı, bir nəfər yaralandı - Üç qurumdan birgə məlumat...
Bugün, 14:29 GÜNDƏM
-
"Bu ildən jurnalistika ixtisasına qəbul olmaq istəyənlər inşanı kompüterdə yazacaq"
Bugün, 14:16 PRESS
-
Azercell-in kibertəhlükəsizlik sahəsində potensialı beynəlxalq səviyyədə tanındı
Bugün, 14:12 İQTİSADİYYAT
-
Azərbaycan və Almaniya prezidentləri görüşüblər - FOTOLAR (YENİLƏNİB)
Bugün, 14:12 GÜNDƏM
-
DAŞDAN ÇIXAN BƏNÖVŞƏ...
Bugün, 13:59 PRESS
-
"Qəbələ" nigeriyalı futbolçu alıb
Bugün, 13:57 İDMAN
-
SEPAH Pentaqonu ittiham edir: “Yalan məlumat yayırlar, itkiləri daha çoxdur”
Bugün, 13:38 DÜNYA
-
"Yalnız Sizdən kömək gözləyrəm" - Qarabağ veteranı icra başçısı ilə bələdiyyə sədrindən şikayətləndi, dövlət başçısına üz tutdu
Bugün, 13:20 CƏMİYYƏT
-
Aytəkin Səfərəliyevanın şeiri
Bugün, 13:02 MƏDƏNİYYƏT
-
Yusif Seyidov icra başçısının birinci müavini təyin olunub
Bugün, 12:54 CƏMİYYƏT
-
Aparıcı bu görüntüləriylə gündəm oldu – FOTOLAR
Bugün, 12:41 PRESS
-
Braziliyalı məşhur futbolçu estetik əməliyyata girdi, belə oldu – FOTO
Bugün, 12:31 İDMAN
-
Gədəbəydə 500-ə yaxın qəbir abidəsi aşkarlanıb - FOTOLAR
Bugün, 12:25 MƏDƏNİYYƏT
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:11 CƏMİYYƏT
-
Özgür Özəl həbs təhlükəsi barədə suala belə cavab verdi
Bugün, 12:01 SİYASƏT
-
Elm və Təhsil Nazirliyi tərəfindən hər il müsabiqə keçiriləcək - Bu sahə üzrə
Bugün, 11:54 GÜNDƏM
-
"Belə işçilər üçün həftəlik iş vaxtı 36 saatdan artıq olmamalıdır" - Ali Məhkəmə daha bir mübahisəli iş üzrə izah yaydı
Bugün, 11:44 CƏMİYYƏT
-
Daha bir CHP funksioneri saxlanıldı – Şok ittihamlarla
Bugün, 11:20 SİYASƏT
-
Türkiyədə nəhəng çəyirtkə xofu: qorxuludurmu?
Bugün, 11:12 DÜNYA
-
BŞİH-də müşavirə keçirilib
Bugün, 10:59 CƏMİYYƏT
-
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçimi başlayıb
Bugün, 10:44 CƏMİYYƏT
-
"Azəriqaz" İB-nin baş direktoru 8500 manat cərimələnib - Komitə sədri sənədli fakt yaydı
Bugün, 10:20 GÜNDƏM
-
Azərbaycan əhalisi artıb - Son statistika
Bugün, 10:09 CƏMİYYƏT
-
ABŞ ötən gecə İranın bir çox bölgələrinə zərbə endirib - SİYAHI
Bugün, 10:02 GÜNDƏM
-
Pentaqon təsdiqlədi: “İranın hücumları zamanı bu ay 100-dək hərbçimiz yaralanıb”
Bugün, 09:49 GÜNDƏM