MƏRKƏZİ BANKIN YENİ və KÖHNƏ BİNALARI: yaxud Heydər Əliyevin tarixi çıxışından çıxan 7 nəticə...

MƏRKƏZİ BANKIN YENİ və KÖHNƏ BİNALARI: yaxud Heydər Əliyevin tarixi çıxışından çıxan 7 nəticə...

İQTİSADİYYAT

Bugün, 00:02

Bu gün (dünən) Mərkəzi Bankın yeni binasının açılışı olub. 1998-ci ildəki kimi. Şəkillərə baxanda da əyani fərqlər görünür. O zaman binanı Prezident bütün hökumətlə açmışdı. İndi isə Prezidentin yanında yalnız baş bankirdir.

Ən əsası isə 1998-ci ildə Prezident binanı geniş nitqlə açmışdı (ondan əvvəl də digər rəsmilər çıxış etmişdilər).

Heydər Əliyevin həmin nitqinin maraqlı məqamlarını xatırladıram:

1) “Azərbaycanın Dövlət Bankı bizim hamımızın gənclik vaxtında, 1931-ci ildə tikilmiş bir binadır... Mənim xatirimdədir ki, biz tələbə olarkən, gənclik illərimizdə bir-birimizə, hətta qızlarla oğlanlar bir-birinə bəzən görüş təyin edəndə bankın binası qarşısında görüşürdülər... İndi ondan necə istifadə ediləcəyini mən bilmirəm. Amma mənim bugünkü sözlərimi siz alqışladığınıza görə hesab edirəm ki, o binanın üzərinə bir şərəf lövhəsi yapışdırıb yazmaq lazımdır ki, yüzlərlə, minlərlə, on minlərlə adam öz gələcək xoşbəxtliyini təyin etmək üçün ilk görüşlərini burada keçiribdir.” (Bülbül prospektindəki həmin bina indi də Mərkəzi Bank tərəfindən istifadə olunur, amma ona şərəf lövhəsi yapışdırılmayıb)
2) “1995-ci ildə inflyasiya 83 faiz idi, 1996-cı ildə gərək ki, 8 faiz idi, 1997-ci ildə, səhv etmirəmsə, 4 faiz olmuşdur. İndi isə Azərbaycanda inflyasiya yoxdur.” (Həqiqətən, 1998-ci ildə Azərbaycanda inflyasiya olmayıb, əksinə 0,8% deflyasiya olub. İndi isə rəsmi inflyasiya proqnozu 6%-dir, qeyri-rəsmini isə Allah bilir)
3) “Ümumi daxili məhsul 1996-cı ildə 1,3 faiz, 1997-ci ildə 5,8 faiz artdı, 1998-ci ilin doqquz ayında artım 9 faizdir.” (Hazırda ÜDM artımı 2-3%-dir)
4) “Azərbaycanda 1994-cü ildə cəmi 2 milyon dollar həcmində valyuta ehtiyatımız vardı. Bu, dəhşətli bir vəziyyət idi. İndi isə bizim valyuta ehtiyatımız yarım milyard dollardan artıqdır və o da dünyanın etibarlı banklarındadır.” (Təsəvvür edirsiniz, 1998-ci ildə ehtiyatlarımız 0,5 mlrd dollar idi və Prezident buna sevinirdi, çünki iqtisadi inkişafın göstəricisi idi. Hazırda valyuta ehtiyatlarımız belədir: Mərkəzi Bank – 13 mlrd dollar, Neft Fondu – 73,5 mlrd dollar. Yəni ehtiyatlarımız artıb, amma iqtisadiyyatımız geriləyir)
5) “Azərbaycanda sahibkarlığın daha yaxşı fəaliyyəti üçün bizdə bundan sonra da imkanlar yaranacaqdır. Mən Azərbaycan prezidenti kimi ölkəmizi bazar iqtisadiyyatı yolu ilə apararaq, eyni zamanda sahibkarlığın inkişaf etməsini, özəl sektorun yaranmasını və inkişaf etməsini əsas şərtlərdən biri hesab edirəm və özəl sektordakı bütün sahibkarlara, iş adamlarına, Azərbaycana xidmət etmək istəyən xarici və daxili şirkətlərin hamısına imkan yaradacağam və onlara bu işlərdə uğurlar arzulayıram...
Mən bu gün burada Azərbaycanın hüquq-mühafizə orqanlarına deyirəm, bunu bir neçə dəfə də demişəm, amma indi sizin yanınızda deyirəm: Özəl sektorun inkişafına mane olmayın, cürbəcür lazımsız yoxlamaları aradan götürün, insanlara sərbəstlik verin. Qoy insanlar sərbəst yaşasınlar, sərbəst inkişaf etsinlər. Azərbaycanda sahibkarlıq inkişaf edəndən sonra hər şey öz yerini tutacaqdır. Mən bu sözləri ona görə deyirəm ki, mənə çox siqnallar gəlir ki, Azərbaycanda hüquq-mühafizə orqanları sahibkarlara bəzən mane olurlar, onları incidirlər, bəziləri onlardan rüşvət alırlar və rüşvət aldıqlarına görə bir şey etmirlər. Beləliklə, həm xaricdən gələn şirkət nümayəndələri, həm də Azərbaycanın daxilində olanlar bu cür çətinliklərlə rastlaşaraq öz fəaliyyətlərini lazımi səviyyədə apara bilmirlər. Mən bunu bütün Azərbaycana bəyan edirəm. Mən belə halların hamısını pisləyirəm. Belə hallar kim tərəfindən edilirsə, Azərbaycanın bugünkü dövlət siyasətinin əleyhinə olan hallardır, bizim siyasətimizə zidd olan hallardır. Mən tələb edirəm ki, belə hallar aradan götürülsün, Azərbaycanda sahibkarlığın inkişafı üçün bütün imkanlar yaradılsın.” (Təəssüf ki, Azərbaycanda bu gün özəl sahibkarlıq sürətlə tənəzzül edir, hüquqi nihilizm şəraitində ölkəyə sərmayə qoymaq istəyən azdır)
6) “Azərbaycanda banklar etibarlıdır və kommersiya bankları, özəl banklar artıb, öz yerlərini möhkəm tutublar. Azərbaycan Beynəlxalq Bankı yaxşı fəaliyyət göstərir və dünya bankları tərəfindən tanınıbdır. Azərbaycan Milli Bankı da öz işindəki bəzi nöqsanları aradan qaldırır və qaldıracaqdır, yaxşı fəaliyyət göstərəcəkdir. Ona görə də siz Azərbaycanın banklarından istifadə edin, valyutanızı, vəsaitinizi aparıb xarici banklarda saxlamayın. Mən əvvəlcədən deyirəm, heç kəs qorxmasın, heç kəs çəkinməsin.
Kim Azərbaycanın banklarından, özəl banklarından, istədikləri banklardan istifadə edəcəksə, onların vəsaitinin, valyutasının, pullarının toxunulmazlığı təmin olunacaqdır.” (Təəssüf ki, belə olmadı. Beynəlxalq Bankın rəhbərliyinə Fuad Axundov kimi peşəkarın əvəzinə Cahangir Hacıyev kimi cinayətkar gəldi, bankı dağıtdı, onun yerinə sonradan gələnlər isə yalnız gözdən pərdə asır. Elman Rüstəmovun başçılığı ilə Mərkəzi Bankın fəaliyyətini də hamı bilir: devalvasiya nəticəsində insanlar dollar kreditlərinə görə müflis oldu, nə qədər adamın pulu banklarda batdı)
7) “Mən ancaq bir şeydən narazıyam və bunu deməsəm, şübhəsiz, səmimi olmaram: Bu bankı gərək burada, bu yerdə tikməyəydilər. Mən bunu biləndən sonra çox etiraz etdim. Çünki bu, Bakının memarlıq, şəhər quruculuğu sistemini pozur və hesab edirəm ki, Bakı şəhərinin baş planının pozulması deməkdir...
Doğrudur, bu bina da şəhərə gözəllik verir. Ancaq mənim xatirimdədir, o vaxt məsələni mənimlə razılaşdıranda bu binanın Tbilisi prospektində tikilməsi nəzərdə tutulmuşdu. Sonra isə şəhərin baş memarı səhv buraxıb və bu binanın burada tikilməsinə razılıq veribdir. Mən bunu sonra bildim və şəhərin baş memarına çox ciddi xəbərdarlıq etdim. Mən hesab edirəm ki, başqa yaxşı işlərinə baxmayaraq, hətta cəzalandırılmalıdır. Amma olan-olub, keçən-keçib. Mən indi içimdə olan dərdimi sizə deməsəydim özümü rahat hiss etməzdim.” (Görəsən, hazırkı yeni bina niyə Tbilisi prospektində tikilmədi? Və bu binaya, ona çəkilən xərcə doğrudan da ehtiyac varmı? Ən əsası isə bundan sonra Mərkəzi Bankın 3 binası olacaq? Digər ikisinə nə ehtiyac var? Mən hətta Neft Fondunun da ləğv olunub Mərkəzi Banka birləşdirilməsinin tərəfdarıyam. Yeni bina çox böyükdür, Neft Fondunun işçilərinə də yer tapılar orada)

ƏkrəmHəsənov,Vəkil

P.S.Yazı üməllifin Feysbuk-dakı hesabından götürülüb!

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR