Qarşıda növbəti ağır mərhələ var:  ya yeni yol tapılmalı, ya yeni yol salınmalıdır

Qarşıda növbəti ağır mərhələ var:  ya yeni yol tapılmalı, ya yeni yol salınmalıdır

SİYASƏT

Bugün, 01:09

Şahin Cəfərli,
Politoloq
***
Anadoluda modernizasiya və demokratikləşməyə aşağıların mübarizəsi ilə nail olunmayıb.
Osmanlı dövründəki “Sənəd-i ittifaq”, Tanzimat fərmanı, “Qanun-i Əsasi”, I və II Məşrutiyət, imperiyanın dağılmasından sonra dünyəvi Cümhuriyyətin qurulması, daha sonra demokratik seçki institutunun təsis edilməsi elitaların iradəsi ilə gerçəkləşmiş hadisələr və nailiyyətlərdir. Hətta hərbi çevrilişlərdən sonra xunta rejimləri özləri qısa müddətdə hakimiyyəti seçki yolu ilə xalqın seçdiyi mülkilərə təhvil veriblər. (Bu yerdə 1980 çevrilişinin ağır fəsadlarının hələ davam etdiyini də xatırlatmağa ehtiyac var).
Bu baxımdan hazırda Türkiyədə baş verən hadisələrdə bəlkə də bir hikmət axtarmaq gərəkdir. Toplumlar mübarizə aparmaqla, bədəllər ödəməklə əldə etdiklərinin dəyərini daha yaxşı anlayır və qazandıqlarına sarılıb, mühafizə etməyə çalışır.
Yuxarıdan verilənlər isə normal, olmalı olan bir şey kimi dərk edilir. İndi elə bir mərhələ gəlib çatdı ki, türk xalqı öz hüquqları, seçmə-seçilmə haqqı, respublika dəyərləri üçün mübarizə aparmaq, bədəllər ödəmək məcburiyyətindədir, əks halda ölkə Orta Şərqin despotik rejimləri sırasına qatılacaq. İçəridən və kənardan sürətlə onu həmin bataqlığa çəkirlər.
“Hababam sınıfı”nda Mahmut hocanın (mərhum Münir Özkul) məktəb haqqında aforizmə çevrilmiş ifadəsini bilirsiniz: məktəb sadəcə dörd tərəfi divarla əhatələnmiş, üzərində damı olan bir yer deyil, məktəb hər yerdir. Bunu siyasətə də aid etmək olar.
Siyasət xalq üçün, xalqla birlikdə həyata keçirilən (keçirilməli olan) fəaliyyətdir. Ehtişamlı binalar, dəbdəbəli ofislər zərurət deyil. Dörd divar arasından çıxaraq küçədə insanların duyğularına xitab edə, onlarla həmdərd ola bilirsinizsə, bağlı qapılar arxasında elitlərarası anlaşmalar yolu ilə siyasət qurmaqdan imtina edərək xalqla birlikdə hərəkət edirsinizsə, onun sevgi və dəstəyinə nail olursunuz.
Bu baxımdan Özgür Özəlin bugünkü qərarları və davranışları partiya sədrliyindən gerçək liderliyə doğru iri addımdır. O, krizisi yaxşı idarə etdi. Dramatik başlayan, müxalif kütlələrdə depressiv əhvala səbəb olan gərgin gün Böyük Millət Məclisinə yürüş və oradakı parkda spontan mitinqin nəticəsində gələcəklə bağlı ümid işığının yenidən yanması ilə yekunlaşdı. Maddi-texniki itkini siyasi qazanca çevirmək mümkün oldu.
Qarşıda növbəti ağır mərhələ var. Mən CHP markasının artıq itirildiyini (müvəqqəti) düşünürəm və Kılıçdaroğunu ora qaytaran gücün fövqəladə qurultay keçirilməsinə imkan verəcəyinə inanmıram. İpi başqalarının əlində olan işbirlikçi kukla çirkinləşməyə davam edəcək, onunla çənə-boğazın mənası yoxdur, zatən qərarları da o vermir.
Karfagen sərkərdəsi Hannibalın dediyi kimi, ya yeni yol tapılmalı, ya yeni yol salınmalıdır. Çox gecikmədən yeni siyasi partiyanın bayrağı altında mübarizənin yeni mərhələsinə başlamaq lazımdır.
P.S. Yazı müəllifin Feysbuk-dakı hesabında yayılıb!
MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR