KİM DÜZ DANIŞIR: vəkil, yoxsa ADY rəsmisi? - Tbilisiyə bilet qiyməti ilə bağlı mübahisə böyüyür

KİM DÜZ DANIŞIR: vəkil, yoxsa ADY rəsmisi? - Tbilisiyə bilet qiyməti ilə bağlı mübahisə böyüyür

GÜNDƏM

20.05.2026, 23:25

"Bakıdan Tbilisiyə qatarın minimum gedişhaqqı 81 manat olacaq. Böyük ehtimalla bu plaskartın qiymətidir. 2019-cu ildə isə plaskartın qiyməti 26 manat idi. Yəni qiymət 3 dəfədən çox artıb. Faizlə bu 211,5% inflyasiya deməkdir".

Mia.az xəbər verir ki, bunu vəklil Əkrəm Həsənov sosial media hesabında yazıb.

O bildirib ki, Mərkəzi Bankın rəsmi göstəricilərinə görə, ötən 7 ilin cəmi (toplanan, kumulyativ) inflyasiya göstəricisi təxmini 50%-dir. Başqa sözlə, bizdə rəsmi inflyasiya göstəricisi azı 4 dəfə aşağıdır:

ƏKRƏM HƏSƏNOV

"Xatırladıram ki, Mərkəzi Bankın sədri ilə ekspertlərin sonuncu görüşündə əsas mübahisə mövzularından biri bu idi. Belə ki, Mərkəzi Bank inflyasiya göstəricisini hesablayarkən tələbatı yüksək olmayan çoxsaylı malların (xidmətlərin) da qiymətini nəzərə alır. Halbuki, əhalini ilk növbəti yüksək tələbat olan şeylərin qiymətinin artması maraqlandırır. Tbilisiyə qatarın qiyməti də onlardan biridir.

Odur ki, rəsmi inflyasiya göstəricisini həmişə tam əminliklə 4-ə vura bilərsiz. Məsələn, Mərkəzi Bankın bu ilə inflyasiya proqnozu təxmini 6%-dir. Deməli, real qiymət artımı hardasa 25% olacaq...".

Bəs, qiymət əvvəlki illərə nisbətdə niyə fantastik dərəcədə qalxıb?

Mia.az xəbər verir ki, bununla bağlı “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov APA-ya açıqlama verib.

AZƏR FƏRƏCOV

“Pandemiya dövründən etibarən qlobal miqyasda həm hava, həm də dəmir yolu nəqliyyatı üzrə sərnişin daşımalarında tariflərdə əhəmiyyətli artım müşahidə olunub. 2019–2025-ci illər ərzində beynəlxalq sərnişin biletlərinin qiymətləri orta hesabla təxminən 110% yüksəlib. Bu artım, əsasən, enerji resurslarının bahalaşması, yüksək inflyasiya, təchizat zəncirində yaranmış çətinliklər, ehtiyat hissələri və texniki xidmət xərclərinin artması ilə əlaqədardır.

Məsələn, dizel yanacağının qiyməti 0,60 manatdan 1,10 manata yüksəlib ki, bu da 83 faiz artım deməkdir. Qeyri-əhali istehlakçıları üçün elektrik enerjisi tarifi 0,09 manatdan 0,125 manata yüksələrək təxminən 40 faiz artıb. Minimum aylıq əməkhaqqı 2019-cu ildən etibarən 180 manatdan 400 manata çatıb. Ezamiyyə xərclərində də 45 faizə qədər artım müşahidə olunub.

İkincisi, xidmət səviyyəsi dəyişib. Əvvəllər bu marşrutda daha sadə və köhnə vaqonlardan istifadə olunurdu. Hazırda isə sərnişinlərə “Stadler” markalı müasir yataq tipli vaqonlar təqdim edilir” - deyə bildirib.

Samir MUSAYEV

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR