TRAMP ÇİNƏ GEDİR: İran müharibəsi tarazlığı dəyişib? - TƏHLİL

TRAMP ÇİNƏ GEDİR: İran müharibəsi tarazlığı dəyişib? - TƏHLİL

GÜNDƏM

11.05.2026, 23:48

ABŞ prezidenti Trampın Çinə planlaşdırılan və İrana qarşı əməliyyatların uzanması səbəbindən təxirə salınan dövlət səfərinin tarixi, nəhayət, açıqlanıb. Artıq həm ABŞ, həm də Çin tərəfi təsdiqləyib ki, Tramp mayın 13-15-də Çində olacaq.

Hazırda dünyanın nüfuzlu “beyin mərkəzləri”, ciddi analitiklərin hamısı, demək olar ki, tamamilə bu səfərə, qlobal liderlik uğrunda yarışan iki nəhəng dövlətin liderlərinin görüşünün necə yekunlaşacağına, hansı mesajlar veriləcəyinə fokuslanıblar.
Çünki əlverişli sövdələşmələr əldə etmək niyyətiylə hakimiyyətə gətirilən və qeyri-sabit xarakteriylə fərqlənən Trampın ABŞ-ın əsas rəqibi Çinlə nədə uzlaşa biləcəyi, bir tərəfdən, onun və respublikaçıların siyasi perspektivini, o biri tərəfdən də bütövlükdə ölkəsinin dünya siyasətindəki yerini müəyyənləşdirəcək.
Tramp bu il yanvarın 3-də neft ehtiyatlarına görə dünya birincisi olan və çıxardığı neftin 80%-ni Çinə satan Venesuelanın prezidenti Maduronu oğurlatdıraraq, bu ölkənin zəngin neft ehtiyatlarını ələ keçirməyi bacardı.
Fevralın 28-də isə Tramp neft ehtiyatlarına görə dünya üçüncüsü olan və çıxardığı xam neftin 90%-dən çoxunu Çinə satan İrana qarşı da müharibəyə başladı.
Venesuela əməliyyatının uğurundan ruhlanan Tramp gözləyirdi ki, uzağı 3-4 həftə ərzində İranda da hakimiyyəti dəyişərək, ona təslimçi bir saziş imzalatdıracaq və bununla da təkcə İran neftinə yox, həm də onun strateji coğrafiyasına və limanlarına sahiblənməklə, Çinə öz şərtlərini qəbul etdirməyi bacaracaq.
Ancaq qürurlu İran xalqı mətanətli dirənişi ilə “Hörmüz” ilgəyini Trampın öz boğazına keçirməyi bacardı və ABŞ-İsrail ittifaqının planları Hind okeanındaca suya qərq edildi – Trampın Çinə həlledici səfərinə 1 sutka qalır, ancaq hələ də ABŞ və İran arasında hər hansı saziş imzalanmayıb.
İran diplomatiyası çox məharətlə prosesi uzatmaqla, Tramp üçün çox qiymətli olan vaxtı da Çinin lehinə dəyişdi...
Beləliklə, Çinə satılacaq neftə, eləcə də Çindən çıxan bütün quru yollarına nəzarət etmək üçün ABŞ-ın həm demokratlar, həm də respublikaçılar administrasiyasının uzun illər ərzində apardıqları “Çini təcridetmə və mühasirəyə alma” strategiyası tamamilə iflasa uğramaq üzrədir.
Çinin qurudan mühasirəsi və iqtisadiyyatının nəzarət altına alınması üçün ABŞ-ın xüsusən 3 mühüm, açar ölkədə - Rusiya, Türkiyə və İranda hakimiyyətləri dəyişməsi və özünəmünasib hakimiyyətlər formalaşdıraraq, Mərkəzi Asiyaya daha rahat çıxış, gediş-gəliş və hərbi bazalar qurmaq imkanı əldə etməsi vacib idi ki, ABŞ nə Bayden, nə də Tramp dönəmində bunu bacardı.
Əksinə, son 10 il ərzində Rusiya, Türkiyə və İran həm öz aralarında, həm də Çinlə daha da yaxınlaşaraq və hətta əlbir hərəkət edərək, ABŞ-ın Mərkəzi Asiyada, Əfqanıstanda və Cənubi Qafqazda planlarını pozmağı bacardılar.
İranla son müharibə isə ABŞ-ın Yaxın Şərqdən də hərbi bazalarını çıxarmasının təməllərini atmış oldu - özünü qoruya bilməyən hərbi baza başqalarını necə qoruyacaq?!
Beləliklə, 2017-ci ildəki səfərindən fərqli olaraq, Tramp bu dəfə Çinə SSRİ dağılandan bu yana ABŞ-ın üzərinə götürdüyü “qlobal lider” statusunu itirmiş prezident statusunda gedir.
Yorucu müharibələrdən yayınmağa üstünlük verən müdrik və səbrli Çin siyasəti müharibələrlə dünyanı idarə etməyə üstünlük verən ABŞ-ın qolobal liderlik iddiasına müsəlmanların fədakarlığı ilə son qoyur.
Tramp-Si Cinpin görüşü Alyaskada keçirilən Tramp-Putin görüşünün davamı olmaqla yeni dünya nizamının qurulması istiqamətində atılmış ikinci mühüm addım olacaq.
Elxan ŞÜKÜRLÜ,
P.S. Yazı müəllifin Feysbuk-dakı heabında yayımlanıb.
 
MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR