ABŞ Kubaya sahiblənə biləcəkmi? - TƏHLİL

ABŞ Kubaya sahiblənə biləcəkmi? - TƏHLİL

SİYASƏT

Bugün, 12:10

ABŞ Dövlət katibi Marko Rubio deyib ki, ABŞ gələcəkdə Kuba ilə məşğul olacaq.

O, həmçinin Kubanı “yoxsul” ölkə adlandırıb:

“Kubada uğursuz iqtisadi model formalaşıb, hökumət isə bunu yoluna qoymağı bacarmır”.
Bundan əlavə, Rubio hesab edir ki, ada ölkəsi Vaşinqtonun bəzi rəqibləri üçün dost əraziyə çevrilib:
“Bu, bizim üçün qəbuledilməz status-kvodur. Bununla məşğul olacağıq, lakin bu gün deyil”.
İranla gərginlik davam etdiyi bir zamanda ABŞ-nin Kubaya hərbi müdaxilə etməsi inandırıcı deyil. M. Rubionun da dediyi kimi “ABŞ gələcəkdə Kuba ilə məşğul olacaq”. Lakin Vaşinqton boş da durmur. Belə ki, ABŞ hökuməti Donald Tramp tərəfindən 1 mayda imzalanmış sərəncam əsasında Kuba iqtisadiyyatının təxminən 40%-nə nəzarət edən GAESA holdinqinə sanksiyalar tətbiq edib.
Aydın məsələdir ki, sərəncam ABŞ-nin Kubaya qarşı məhdudlaşdırıcı tədbirləri sərtləşdirmək xarakteri daşıyır. Məhz buna görə Kubanın Xarici İşlər Nazirliyi ABŞ-ın bu addımını sərt şəkildə tənqid edən bəyanat yayıb.
Sənəddə vurğulanır ki, ABŞ-ın yeni qərarları Kuba iqtisadiyyatını beynəlxalq maliyyə sistemindən daha çox təcrid etməyə yönəlib. Xüsusilə Kuba ilə bağlı fəaliyyət göstərən şirkətlərin və dövlət müəssisələrinin hədəfə alınması ölkənin əsas iqtisadi dayaqlarına zərbə kimi qiymətləndirilir. Havana hesab edir ki, bu addımlar təkcə iqtisadi deyil, həm də siyasi məqsəd daşıyır və Kuba daxilində vəziyyəti daha da gərginləşdirməyə xidmət edir.
Havannanın narahatlığı başadüşüləndir. Yeni məhdudiyyətlərin əsas hədəfi Kubanın dövlət iqtisadiyyatının əsas dayaqlarıdır. Xüsusilə turizm, maliyyə və sənaye sektoruna bağlı qurumların vurulması göstərir ki, məqsəd sadəcə təzyiq göstərmək yox, ölkənin iqtisadi dövriyyəsini iflic vəziyyətinə salmaqdır. Vaşinqton iqtisadi vəziyyəti ağırlaşdıraraq ölkədaxili sosial narazılığı artırmaq istəyir. Başqa sözlə, ABŞ iqtisadi böhranı siyasi alətə çevirməyə çalışır.
Xüsusilə enerji sahəsinə qarşı addımlar vəziyyəti daha kritik edir. Kuba artıq aylardır yanacaq çatışmazlığı, elektrik problemləri və istehsalın zəifləməsi ilə üzləşir. ABŞ-ın yeni qərarları isə bu vəziyyəti daha da ağırlaşdırır. Aydın məsələdir ki, enerji təchizatına zərbə vurmaq sadəcə iqtisadi məsələ deyil. Bu, nəqliyyatın dayanması, xəstəxanaların fəaliyyətinin zəifləməsi, ərzaq təminatının pozulması və gündəlik həyatın iflic olması deməkdir. Havana da məhz bunu humanitar təzyiq siyasəti kimi təqdim edir.
Bəyanatda ən diqqət çəkən məqam ABŞ-ın başqa ölkələrə də təzyiq göstərməsi ilə bağlı ittihamdır. Əslində bu da doğrudur. Vaşinqton bununla təkcə Kubanı cəzalandırmaq istəmir, eyni zamanda Kuba ilə işləyən xarici şirkətləri, bankları və maliyyə qurumlarını da qorxutmağa çalışır. Başqa sözlə, ABŞ öz iqtisadi gücündən istifadə edərək digər dövlətlərin müstəqil qərar verməsinə mane olur.
İstisna deyil ki, Vaşinqton bu siyasətinə davam edəcək. Lakin Vaşinqtonun Çin ilə rəqabəti, Rusiya–Ukrayna müharibəsində Kiyevə dəstəyi, İranla gərginliyin davam etməsi ilə paralel Kubaya qarşı iqtisadi müharibə Vaşinqton üçün mənfi tendensiyalardan xəbər verir. Bu gün ABŞ-nin vahid bir hədəfi olmasa da, ayrı-ayrılıqda hədəf gördüyü ölkələr tədricən Vaşinqtonun özünü ortaq hədəf kimi görə bilər.
Turan Rzayev
MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR