ZİNDAN (“Rusiya hekayələri” silsiləsindən)

img

06-06-2024 [14:44]


Qalib ARİF

***

Yaddaşımın Kəbəsindən asılmış qara daş kimidir bu xatirələr... Unutmaq istəyirəm, amma unuda bilmirəm... Döyür, döyür yaddaşımın “pəncərəsi”ni...

Qanun keşikçisi ağır dəmir qapını açır. Paxıl adamın qəlbi kimi pas atmış qapı çətinliklə açılır. Mən də tərəddüd edirəm. Bu, qanun keşikçisini qane etmir və o, vəziyyətə aktiv müdaxilə edir. Yıxılmamaq üçün qapıdan tuturam. Zəif olmasam da, zərbənin ağırlığından güclə özümə gəlirəm. Qıl körpüdən keçirəmmiş kimi kövrək addımlarla içəri keçirəm. “Cəhənnəm qapısı” gurultu ilə arxamca bağlanır...

3x4x3 ölçülü beton kameranın içindəyəm. Döşəmə uzununa yarıya qədər, eninə o baş bu baş yerdən bir metr aralı taxtdan ibarətdir. Qapını saymasaq “qapalı” sistemdir. Qapının gurultusu kamerada bərabər paylanır, bu sistemdəki ətaləti pozur. Taxtın üstündə uzanmış adamlar hərəkətə gəlir. Altı nəfərdirlər, məni məndən əvvəl görüblər. Salamımı alırlar, zemlyak (üzdə “zemlyak”, dalda “çernojop...”), keç otur, deyirlər, “girdin qaba, oldun yeməli”. Söz fəlsəfəsinin qanası halda deyiləm. Ayaqqabılarımın bağını çıxardıqlarından kövrək addımlarla irəli gedirəm, bir əlimlə də şalvarımın belindən tuturam ki, düşməsin. Burada kəmər taxmağa da icazə verilmir...

Həmtalelərim sıxlaşıb mənə yer verirlər. Dəri gödəkçəmi quru taxtanın üstünə atıb üstündə uzanıram. Əvvəl taleyin zərbəsindən pozulmuş fikirlərimi səhmanlamaq istəyirəm. Bəxtimdən taleyimə uzanan simin harada qırıldığını bilmək istəyirəm: Anadan azərbaycanlı doğulandamı, ya güləşi atıb Tümenə gül satmağa gələndəmi? Yerli azərbaycanlılarla yerli ermənilər arasında dava düşəndəmi, mən də bu davaya qoşulandamı, millət sözü danışan erməninin ağzını dartıb cırandamı? Qanun keşikçiləri bizi “cinayət başında” yaxalayandamı, ermənini xəstəxanaya buraxıb məni bura salandamı? Səhmana salmaq istədiyim səhmansız fikirlərin içində itib-batıram. Əlimi qara qrafitə salmağım, sonra ağ kağıza basmağım, ağ kağızda qalan qara barmaq izlərim gözlərimin önündən getmir…

Gözlərim yumulu olsa da, yuxuda deyiləm. Ayıq olsam da, ayıq düşünə bilmirəm. Yuxu ilə ayıqlıq arasında - bitərəf zonada uzun müddət uzanıb qalıram. Kamerada “təcrübə kamerası”nda olduğu kimi istidir, nəfəs almaq olmur. Açılanda cırıldayan, bağlananda guruldayan dəmir qapının səsi, deyəsən, məni real həyata bağlayan yeganə vasitə olur. Hər dəfə qapı guruldayanda yerimin daraldığını hiss edirəm.

Sol tərəfimdə uzanan saqqallı kişi tez-tez öskürür. Həm də elə ürəkdən öskürür ki, bu zaman dəmir qapının səsi “musiqi” təsiri bağışlayır. Qonşum, deyəsən, mən tərəfə çevrilir. Çünki, bu dəfə ürəkdən gələn səsləri boğazdan gələn damcılar müşayiət edir. Səksənib gözlərimi açıram: Saqqallı arıq kişi ağzını alnıma dirəyib xorna çəkir. Geri çəkilirəm, əlimi alnıma çəkirəm. Damcılar realdır, hələ deyəsən, “qırmızı”ları da var. Dəhşətə gəlirəm, sağ çiynimin üstünə çevrilirəm. Sağ qonşumun təzə tüklənməkdə olan başı az qala ağzıma girir, keçəl fonda keçəl yaraları aydın görünür. Uzanmağın daha mümkün olmayacağını anlayıram, durub otururam. Ən əvvəl diqqətimi cəlb edən həmtalelərimin iki dəfə artması olur. (Dəmir qapı nahaq yerə açılıb, örtülmürmüş.) Taxtın üstündə az qala, bir-birinin “içinə girib” on iki nəfər uzanmışdı. Aralarında tamam soyunub, bir alt tumanında yatanlar da vardı. Tatara oxşayan iki nəfər də ayaq tərəfdə oturub mürgü vururdu. Bunlara, sadəcə olaraq, uzanmağa yer yox idi.

Görəsən, saat neçədir? Adətim üzrə saatıma baxıram. Biləyimdə saatın yeri ağarır - burda saat taxmağa da qoymurlar. Vaxtın qiyməti olmayan yerdə saatın da əhəmiyyəti yoxdur - düşünürəm. Fikir verirəm ki, taxtın üstündə uzananların da hamısı yatmayıb. Mənim sağdan ikinci qonşum, kosa, çəpgöz oğlan (ilahi, adamın nə qədər eybəcər olar, ona hətta yaş vermək olmur) divarın dibində oturub. Əllərini də kəmərdən (əgər, kəmər olsaydı - deyirəm) aşağı salıb, qoturunu qaşıyır. Əlləri çox aktiv işləyir, xartıltısı “saqqal”ın xorultusundan bərk gəlir. Eyni zamanda ağzı da aktiv işləyir...

Mən on beşinci adamı ancaq indi görürəm. Dediyim kimi, döşəmənin uzununa yarısını taxt tutur, o biri yarısı boşdur. Bu boşluq beton divarla sərhədlənir. Bu sərhədin sağ tərəfində “əsərimizin qəhrəmanı” - dəmir qapı durur. Sol tərəfdə isə açıq ayaq yolu yerləşir. “On beşinci” orta yaşlı sarışın adamdır, sakitcə ayaqyolunda oturub, öz işindədir. Çəpgöz isə dil boğaza qoymur, ona “moizə” oxuyur. Oyaq olanlar qulaq kəsiliblər. “Auditoriya” məni də özünə çəkir...

-Qız çox gözəl qız idi... Mən də saldat adam idim… Mənə nə lazım idi?.. (Burda çəpgöz elə “duzlu” ifadələr işlədir ki, bu barədə nəinki danışmaq, hətta düşünmək də şərəf gətirmir). Qərəz, yedik, içdik… İndi anası məni bir tərəfə dartır, qızı o biri tərəfə...
Taxtda uzananlardan biri, “Mimino”ya oxşayan bığlı oğlan gürcü aksenti ilə müdaxilə edir ki, “sən çəpgözsən, bəlkə qız elə bir imiş, iki görmüsən?!” Çəpgöz prinsipiallıq nümayiş etdirir, deyir “iki nəfər idilər, vəssalam”. Sonra isə qayıdır ki, “burda kamerada iki “çyornı” var, mən ki, onları dörd görmürəm”.

Daşın kimin bostanına atıldığını hamı görür. Mən də öz payımı götürürəm (gürcü dinmir), yavaş-yavaş çəpgözə tərəf çevrilirəm. Çəpgöz gərginliyi barometr kimi hiss edir, güləşdə əzilib “düşbərə”yə dönmüş qulaqlarıma işarə edir: “Zemlyak, tı vidno borets, Maxaç-kala, Solneçnıy Daqestan”, kəkələyir. “Mimino” yenidən müdaxilə edir:
-Demə, sən yalnız gopçu deyilsən, həm də rasistsən. İlişəndə bax gör, kimə ilişirsən...
Çəpgöz and-aman edir, hər iki ittihamı rədd edir. Xəstə təxəyyülünün zay məhsullarını auditoriyaya sırımaqda davam edir.

Mənsə “şeytana lənət”,- deyirəm, auditoriyadan ayrılıram, öz müşahidələrimi davam etdirirəm. Taxtın sağ küncündə, Çəpgözün ayaq tərəfində, yerdə böyük çən qoyulub. Bu Bakıda, evdə anam paltar qaynadan həmin çənin eynidir. Hətta bu eynilikdən doluxsunuram, gözlərim yaşarır. Çəpgöz isə danışdıqca boğazını yaşlamaq üçün elə çənin yanında, taxtın üstündə duran alüminium kruşkanı doldurub başına çəkir. Bu zaman “on beşinci” işini qurtarır, bayaqdan Çəpgözün su içdiyi kruşkanı su ilə doldurur, “əllərini yaxalayır”… 
Mən də boğazımın quruduğunu hiss edirəm, ayaqyolunun havası ilə “zənginləşmiş” tütün tüstüsünü daha susuz udmaq mümkün deyil. Kruşka isə bir dənədir. İndi də ondan, artıq ayılmış olan və auditoriyaya qoşulan saqqallı-çuxotkalı qonşum su içir...

Bu zaman dəmir qapının bayaqdan görmədiyim pəncərəsi metalı metala sürtəndə çıxan tükürpədici səslə açılır. Bu pəncərəyə burda “kormuşka” deyirlər. “Kormuşk”anın dalından qanun keşikçisi bağırır ki, hamı durub yerində otursun. Yatanları yoldaşları itələyib ayıldırlar. Hətta mənim keçəl qonşum da ayılır. Qanun keşikçisi kameranın jurnalını “hazır-qayıb” edir. “Kormuşka” bağlanmamış Çəpgöz tullanıb qapıya yaxınlaşır, açıq qoymağı xahiş edir, “nəfəs almaq olmur”, deyir. Mənim təəccübümə rəğmən qanun keşikçisi “kormuşka”nı açıq qoyur. Çəpgöz deyir “tanışımdır, bir məktəbdə oxumuşuq”. Qapının ağzında onu mən əvəz edirəm. Bu kiçik pəncərədən gələn “təmiz” havanı acgözlüklə ciyərlərimə çəkirəm. Su yanğısı isə mənə aman vermir. Deyilənə görə, çənin suyunu gündə iki dəfə - səhər saat səkkizdə və axşam saat səkkizdə dəyişirlər. Çəpgözün tanışı isə deyir ki, indi saat altıdır. Deməli, daha iki saat gözləmək lazımdır.

Hazır-qayıbdan sonra heç kim yatmaq istəmir. Ancaq bayaq yatmağa yer olmadığından taxtın ayağında mürgü vuran iki nəfər boşalmış yerlərə “ölü kimi” düşür. Qalanları siqaretə güc vurur. Siqaretin “əhəmiyyəti”ni mən indi başa düşürəm. Əgər kamerada siqaret çəkilməsəydi, yəqin tər, çirk və “ayaqyolu” iyindən baş çatlayardı.Yenə tütün tüstüsünə şükür...

Kamerada hamı danışır. Ağız deyəni qulaq eşitmir. Qarğa bazarını xatırladır. Danışan çox olsa da, mövzu eynidir. Hamı günahsız olduğunu, bura “axmaq” bir təsadüfün nəticəsində düşdüyünü bəyan edir. Hamıdan çox canfəşanlıq edən “Mimino”ya oxşayan həmin tipdir. Deyir “mən “prestupnik” deyiləm, “karmannik”əm, bu, mənim sənətimdir”. “On beşinci” bu mənasız söhbətlərə dözə bilmir, bütün kameraya müraciət edir: “Sizin hamınızın bir günahı var, o da ilişməyinizdir. Vəssalam”…

Mən qapının yanında oturmuşam, “kormuşka”dan gələn havanın köməyi ilə içimdəki yanğını “söndürmək” istəyirəm. Mən indi azad olmaq istəmirəm, mən indi anamı görmək istəmirəm, mən ancaq su istəyirəm. Qeyri-ixtiyari olaraq su çəninə yaxınlaşıram. Su yalnız çənin dibində qalıb, kruşkanı doldurmaq üçün çənin bir tərəfini qaldırmaq lazımdır. Nəfsimi boğub “müdafiə mövqeyinə” - dəmir qapının yanına çəkilirəm.

Bu zaman “kormuşka” tükürpədici səslə açılır, adına uyğun fəaliyyətə başlayır. Axşam yeməyinə məşhur “balanda” verirlər. Bu, bulanıq rəngli əcaib horra alüminium boşqablarda verilir. Üzündə bişmiş soğan qırıqları ağarır, dibində nə isə dənəvər çöküntü görünür. Məni isə “heyrətlərə” qərq edən “nə çəməndir, nə çiçəkdir”, əvvəlki naharların qabın divarlarında qurumuş izləridir... Burda qablar yuyulmur... Canımı dişimə tutub bir qaşıq dadmaq istəyirəm... Bacarmıram... Su yanğısına aclıq ağrısı da qarışır. Həmtalelərim isə hərəsi bir qaşıq götürüb “balanda”ya hücum edir. Bir horultu düşür ki, elə bil çöldən gələn naxır arxdan keçir. Keçəl qonşum isə, elə inək kimi əyilib “balanda”nı birbaşa boşqabdan içir.

Məndən başqa daha bir nəfər “oyundankənar” vəziyyətdədir. Bu, bayaq yer olmadığından mürgü vuranlardan biridir. İndi yemək olsa da, yemir, mürgü də vurmur - narahatdır. Arabir dişi ağrıyan adamlar kimi üz-gözünü turşudur, amma dişini yox, qarnını tutur. “On beşinci” onu sözsüz başa düşür, əli ilə işarə edir ki, nə gözləyirsən? Ona eyni işarə ilə yemək yeyənləri göstərirlər. “On beşinci” yenə səsini ucaltmalı olur:
-Özünüzdən “fokus” çıxarmayın. Tutaq ki, kamerada 15 yox, 55 nəfərdir. Onların da 25-i “panos”dur. Deməli, ya bu 25 nəfər “panos”dan ölməlidir, ya da o biri 30 nəfər acından?! Bura kameradır, “volya”deyil, dur işini gör…

Nəhayət... Saat səkkiz olur. Özümdə olan dözümə özüm heyrətləniəm. Çənin bir tərəfindən yapışıb (qulpu yoxdur) açılan qapıya hücum edirəm. Tərəf müqabilim Keçəldir. Mətbəxdə çəni onun öhdəsinə buraxıram, ağzımı su kranına dirəyirəm. Əlimdən alınmış suyu, havanı, azadlığı bu krandan içmək istəyirəm. İçdikcə içirəm...
Gecəni rahat yatıram. Yuxu-zad görmürəm. Səhər 8-də durub çənin bir tərəfindən yapışıram. Acqarına ağzımı krana dirəyib içirəm, içirəm. Bircə şey düşünürəm: “Axşam 8-ə qədər dözə biləcəyəmmi?!” Aclıq məni qorxutmur...

Növbə dəyişən kimi Çəpgözə “peredaça” gətirirlər. Bu, iki «buxanka» qara çörək və bir «palka» sarımsaqlı kolbasadır. Burda bir gözəl qayda var: kameraya gələn ərzaq və siqaret ümumidir. Bu qaydaya uyğun olaraq on beş nəfərlik “sürü” Çəpgözün “peredaça”sına hücum edir. Mənə də bir iri tikə kolbasa və bu tikəyə uyğun çörək parçası düşür. Aclıq nə pis şeymiş, İlahi...

Yeməkdən sonra, dərin fikirlərə qərq oluram... Bu dünyanın etibarı yoxuymuş, bu dünyada Çəpgözün “blat”ı mənimkindən çoxuymuş... “On beşinci” sanki fikirlərimi oxuyur: “Zemlyak”, yəqin düşünürsən ki, niyə sənə “peredaça” gətirmirlər. Qanuna görə birinci üç gün buna icazə verilmir. Bu, adamı sındırmaq üçündür, gərək dözəsən”.
Dözürəm, çarəm nədir...

Bu gün dəmir qapı dünənkinə nisbətən tez-tez açılıb örtülür, kamera sürətlə dolur. Artıq nəinki uzanmağa, hətta oturmağa da yer yoxdur. Hər millətin nümayəndəsi var, elə bil “xalqlar türməsi”dir. “Kormuşka” da bağlıdır, bu gün Çəpgözün tanışı növbədə deyil. Deyirlər ki, bugünki növbə ən pis növbədir. Hətta dəhlizdən kameraya baxmaq üçün qapıda qoyulan, burda “volçok” adlanan gözlük də bağlıdır. Siqareti növbə ilə çəkirlər, nəfəs almaq getdikcə çətinləşir. Təzə gələnlərdən biri deyir ki, bayırda şaxtadır, qar yağır, elə təmiz hava var...Kamerada isə istidən və tüstüdən baş çatlayır, hava çatmır. Kimsə kibrit yandırmaq istəyir, kibrit yanmır, sönür. Burda hər şey sönür…

Bura ZINDANdır…

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR