"SEVGİLİSİ PUL VERİR, ADINI SPONSOR QOYUR" - Müğənnidən icra başçıları ilə TV-lərə ittiham + VİDEO

img

23-09-2020 [15:30]


Əməkdar artist Lalə Məmmədova Axşam.az-a müsahibə verib.

Mia.az həmin müsahibəni təqdim edir: 

- Yəqin ki, pandemiya dövründə ilk sualımın nə haqqında olacağını təxmin edirsiniz. Karantin günləri sizin üçün necə keçdi?

-  İnsanların hamısı bu bəlaya hazırlıqsız yaxalandı. Onların psixoloji durumunu o qədər gözəl anlayırdım ki... Hamımız bütün günü ora-bura qaçmağa öyrəşmişdik. İlk vaxtlar bir durğunluq oldu, hamı işləməkdən yorulmuşdu. Hər kəsin ailəsi, valideynləri ilə bir yerdə olmağa ehtiyacı var idi. Bir müddət sonra isə bu aclıq bitdi və başqa dəyərlər başladı. Bir zamanlar şikayət etdiyimiz "Bu qədər toy olar?", "Bu qədər işləmək olar?" kəlmələrini dəyərləndirməyə başladıq. Əvvəlki həyatımız üçün darıxdıq. Təəssüf ki, sənət adamlarının ancaq maddi çətinliyi qabardıldı. Mənəvi tərəflərə baxılmadı. Hər bir sənətçinin mütləq əlinin altında səhnəsi olmalıdır. Müxtəlif tədbirlərdə, efirlərdə çıxış edirik. Amma estrada ifaçılarının çalışdığı bir qurum olmalıdır. Biz bir anlıq hər şeydən məhrum olduq. Mənim üçün mənəvi tərəfləri daha çətin idi: ruh halım olmadı, düşündüm ki, səhnədən məhrum qaldım. Biz sənət adamları səhnəsiz heç kimik, məhv oluruq. Təəssüflənirəm ki, sənət adamları maddi durumdan şikayət etsələr də, mənəvi tərəfləri heç kim çıxıb danışmadı. 

"VALİDEYNLƏRİMƏ GÖRƏ ÇOX QORXURAM"

- Mart ayında karantin elan ediləndən diqqətimi çəkən sizin hər şeydən uzaqlaşmağınız oldu. Nəinki televiziyada görünmək, heç sosial şəbəkədə də yox idiniz.

- Uşaqlarım və valideynlərimlə evdə oturdum... Valideynlərimə görə çox qorxurdum, indi də qorxuram. Yaşlı nəslin nümayəndələridir və risk qrupuna daxildirlər. Ona görə indi də çox yerə getmirəm, efirlərə çıxmıram. Ruh halım da buna imkan vermir. Apreldə həyətlərdə “Eyvana çıx” adlı konsert proqramları oldu. Onda gördüm ki, bəzi şeyləri pulla ala bilmərik. Şöhrətə pulla çata bilərsən, amma insan sevgisini ala bilməzsən. Həmin gün o qədər sevincli idim ki... Deyirdim, karantində həyatıma günəş doğdu. İnsanların alqışı ömrümü uzatdı.

"İCRA BAŞÇILARI, TELEVİZİYALAR MÜĞƏNNİLƏRİN PULUNU VERMİR” 

- Bu yaxınlarda bir yazı yazmışdım: Toy bitdi, şou-biznesin sonudur... Doğrudanmı, Azərbaycanda şou-biznes yalnız toydan ibarət imiş?

- İstər Rusiya, istər Türkiyə ərazicə böyükdür. Onlarda konsert təşkil edən qurumlar fəaliyyət göstərir. Bizdə Mahnı Teatrı var, vaxtında az da olsa, qastrol səfərlərimiz olurdu. İndi isə bu yoxdur. Çox vaxt sənətçilər məcburiyyət qarşısında gedib rayonlarda hansısa bayram konsertlərində səhnəyə çıxırlar. Bunu ya telekanalların, ya da icra başçılarının "qara siyahı"sına düşməmək üçün edirlər. Bəlkə əvvəl bu cür konsertlərin dadı-duzu var idi, amma zamanla qalmadı. Rayonlardakı insanlar da doydular. İl ərzində nə qədər konsert olar? Hər sənətçinin öz auditoriyası var. Ora toplaşanlar bütün müğənniləri sevə bilməz. Tamaşaçı da məcbur qalırdı. İcra hakimiyyətindən tapşırıblar deyə yağışda, istidə əl çalırdılar. Beləcə, dadı-duzu qaçdı. Digər tərəfdən isə həmin konsertlərin keçirilməsi üçün istər televiziyalara, istərsə də icra hakimiyyətlərinə dövlətdən pul ödənilir.  Amma sənətçilərin qonorarını vermirlər. Buna görə də müğənni toydan asılı vəziyyətdə qalır. Tək gəlir yeri toydur. Heç toydan gələn də bütöv sənətçiyə qalmır. Bəzən böyük qurumlardan sifariş gəlir: filankəsin toyunda oxumaq lazımdır. Kasıb birinin toyunda oxumaq bizim də ürəyimizdən keçir. Deyirsən, halal xoşu olsun, imkanı çatmır, ona hədiyyə etdim. Tapşırıqla hansısa toyda çıxış edirsən, halbuki məclis sahibinin sənə pul verməyə yetəri qədər imkanı var. Amma çalışdığı qurumdan, kiminsə adından istifadə edib, deyir, bir tük də qoparmaq qənimətdir. Bu, biz sənət adamlarının iç mətbəxidir. Bunu açmaqda bəlkə düz etmirəm, amma gerçəklər budur.

"ƏSL SƏNƏTKARLAR YARI AC, YARI TOX YAŞAYIR"

- Yenə sualıma qayıdacam... Bəzi müğənnilər deyir ki, toy yoxdur, niyə yeni mahnı yazdıraq?

- Onda belə çıxır ki, imkanımız var, amma niyə xərcləyək? Yenə gəlir maddi məsələyə... Əgər mənim imkanım olsaydı, karantində dayanmadan çalışardım. Sən tamaşaçı üçün çalışmırsan? Bu anlarda tamaşaçını ruhdan düşməyə qoymamalısan. Evdə otursam da, işlər gördüm. Yeni mahnılarım var, klip çəkdirməyə hazırlaşıram. Başa düşürəm bunu hansı müğənnilər deyir. Onlar sırf toy üçün çalışanlardır. Mənə də toy mahnıları oxumaq təklifləri gəlib... Bilirsiz nə qədər imtina etmişəm... Hər kəsin bir məqsədi var: başqasının məqsədi toy tutub, pul qazanıb, ev almaqdır. Sənət üçün yarananlar isə belə deyil. Əsl sənətkarlar yarı ac, yarı tox olub. Yağ-bal içində yaşayan sənətkar görə bilməzsiniz. Böyük sənətkar böyük şəxsiyyət deməkdir. Onlar hər şeyi pula bağlamır, hər yerə qaçmağı özlərinə sığışdırmırlar.

- Bunun günahkarı müğənnilər özləridir, yoxsa necə?

- Müğənninin istədiyi çox şey deyil... Bu vəziyyətə bizi konsertlərdə məcburi iştiraklar gətirib. Yeni çıxan sənətçilər var ki, onların belə konsertlərdə oxumağa ehtiyacı var. Peşəkar və qeyri-peşəkarların eyni qazanda qaynamağı düzgün deyil. Ali təhsilli sənətçiyəm, estrada, muğam dərsləri almışam, konservatoriya bitirmişəm. Mənimlə eyni konsertə məşhur olmaq istəyən, təhsilsiz biri də gəlir. Onu elə təqdim edirlər ki... Hətta məndən də yaxşı təqdim edilir, bu da qıcıq yaradır. Tamaşaçını da çaşdırır. Düşünürlər ki, bunu belə təqdim edirlərsə, deməli, yaxşı oxuyandır. Belə olmamalıdır, mən əziyyət çəkmişəm. Mən də gənc olanda böyük sənətkarlar yanında çıxış edəndə xoş olurdu... Bir dəfə imtahandan çıxanda Şövkət xanım qayıtdı ki, çiysən, səni qaynatmaq lazımdır. Bəlkə heç tərif də deyildi, amma yaddaşıma yazılıb.

"HƏYATIMDA İLK DƏFƏ BELƏ DƏYƏRLİ HƏDİYYƏ ALDIM"

- Martda ölkə başçısı tərəfindən sizə mənzil hədiyyə olundu. Bununla bağlı danışmağınızı istərdim. Artıq həmin evdə yaşayırsınızmı?

- Ən gözəl hədiyyə lazımlı hədiyyədir. Həyatımda ilk dəfə mənə belə dəyərli hədiyyə verildi. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu evin təmirini öz üzərinə götürdü. Mənəvi tərəfdən isə bilirsiz nə qədər stimul oldu? Demək ki, boşuna işləməmişəm. Özümü oda-közə vurmağımın bir nəticəsi oldu. Mənim heç vaxt sponsorum olmayıb. Yaradıcılığıma qoyduğum yatırımı özümə xərcləsəydim, həmin pula şəhərin mərkəzində üç ev alardım. Atam Bakı Dövlət Universitetinin professorudur. Bir gecədəki çıxışımla onun bir neçə aylıq maaşını əldə etmişəm.Amma o pulu özümə xərcləyə bilməmişəm. Mahnının bəstəkarının, söz yazarının, ifa edən musiqiçilərin, aranjiman, studiya, klipin pulu... Sırf toy ifaçısı deyiləm. Toya məcbur gedirəm. O gəliri isə evə və bahalı maşına xərcləmirəm. Hərdən yazırlar ki, toyda nələr qazanır, amma çıxıb ağlayır. Ölkə başçısının hədiyyəsi kiçik yaradıcılığıma olan böyük dəyər idi. Hər bir yaradıcı insanın öz küncü olmalıdır. Təmir bitsə də, hələ köçməmişəm. Mebellər qalıb. Toylar başlasın, onu həll edib köçəcəm.

- Məlum pandemiya ilə əlaqədar xeyli müddətdir toy və digər kütləvi tədbirlərin keçirilməsinə qadağa var. Bu da zaman-zaman bəzi sənət adamları tərəfindən narazılıqla qarşılanıb. Buna münasibətiniz necədir? Sizin maddi durumunuz hazırda nə vəziyyətdədir?

- Bir dəfə maaşımı açıqladım, tənqid etdilər ki, sən bu pulla yaşayırsan? Dövlətdən aldığım maaş, toydan əlavə qazancım idi. Azərbaycan Dövlət Televiziyasının solistiyəm, az da olsa maaş alıram. "Əməkdar artist" fəxri adına görə 100 manat təqaüd alıram. Milli Aviasiya Akademiyasına təşəkkür edirəm. Ora ilə müqaviləylə çalışıram. Yayda iş olmur. Amma rektor Arif Paşayev biz sənət adamlarını yarı maaşla saxladı. Bütün bunlarla pandemiyanı yola verdim. Həm də axı əvvəlki kimi harasa gedə bilmirdik, ancaq ərzaq alıb, evdə otururduq.

"İMKANLI SƏNƏT YOLDAŞIMI ÇIXIB "AĞLAYAN" GÖRƏNDƏ..."

- Necə düşünürsünüz, toylarla bağlı qadağa qüvvədə qalmalıdırmı? Bununla əlaqədar Operativ Qərargaha hansısa təklifiniz varmı?

- Sənət yoldaşlarımın aqressiv çıxışlarını gördükcə əsəb keçirirdim. Onsuz da insanlar yaxşı deyil, həssas dönəmdir. Çıxıb çığır-bağır salırsız... Sənətçilərin sözünü deməyə imkanları var, amma nə qədər efirə çıxa bilməyən, köməyə ehtiyacı olan var, bilirsiz? Bazar bağlanıbsa, fəhlə nə etsin? İstəməzdim sənət adamlarını belə görüm. Müharibə vaxtı bəs sənətçi necə olub? Tək bizim ölkədə deyil axı, bütün dünyada qadağalar var. Gülləni atırlar gizlənirsən.Bu isə bilinməyən bir güllədir. İmkanlı sənət yoldaşlarımı "ağlayan" görəndə anlamadım. Dedim, ay bala, heç mən sənin qədər toylara getmirəm, amma çıxıb danışmıram. Toylara müəyyən şərtlərlə icazə verilə bilər. Toy da bir sənayedir, iqtisadiyyatın dəstəyidir. Uzun müddət toy olmasa, çökəcəyik. Maddi tərəfi bir yana, axı insanların arzuları var. Bunun ürəklərdə qalmasına adam üzülür. Bir-birindən aralı əyləşməklə, az sayda insanın iştirakı ilə toy etmək olar. 

- Mütaliə ilə aranız necədir? Kimləri oxuyursunuz?

-Əvvəl çox yaxşı idi... Karantində kitab götürürdüm, amma oxuya bilmirdim, qoyurdum yerinə. Həmişə də Deyl Karneginin kitabı olurdu. İndiyədək çox oxumuşam: Cek London, Qabriel Qarsia Markes, Fransuaza Saqan, Mirzə Fətəli Axundzadə, Salam Qədirzadə, Əli Vəliyev, Anar, Kamal Abdulla...

"MƏN PROBLEMLƏRDƏN DANIŞANDA XATİRƏ HARADA İDİ?"

- Bu yaxınlarda müğənni Xatirə İslamın fəxri adı olan sənət adamlarına qarşı tənqidi çıxışı oldu. Onları danışmamaqda, problemləri qabartmamaqda günahlandırırdı.

- Xatirəni çox istəyirəm. İl yarım bundan əvvəl "Qafqazinfo" saytında böyük müsahibəm çıxdı. İcra başçıları, Mədəniyyat Nazirliyi, telekanallarla yaşanan problemlərdən danışdım. Mən bunları deyəndə Xatirə harada idi? Bir sənət dostum mənim arxamda durmadı. Meydanda tək qaldım. Əziz Xatirə və digər sənət adamları, mən danışanda sizi yanımda görmək, həmrəy olmağımızı istəyərdim. Amma mən tək idim. Elə çıxdı ki, guya mənim şəxsi problemimdir. Halbuki, mən həmin vaxt sənət adamlarının problemindən danışdım. Dedim ki, niyə bizim səhnəmiz yoxdur? Muğamın, operanın teatrı var. Bəs, estradanın niyə yoxdur? Lazım olmayan bir janr olsaydı, Rəşid Behbudov Mahnı Teatrını yaratmazdı. Hanı bu teatr? Oranın solisti kimdir, orada kimlər çıxış edir? Var, amma tam fərqli, estradaya aidiyyatı olmayan sənətçilər. İki il oranın solisti olmuşam, razı idim. Mahnı Teatrında ilk konserti verdim. Hələ başqa problemlər qalsın kənara, siz sənətçilərin problemini dedim. Niyə Elnarə Xəlilova tələbələrini orda-burda hazırlamalıdır? Axırda məcbur özünə məktəb açdı. Niyə Aybəniz Haşımovanın Sənət Akademiyası ayrıdır? Röya Ayxan, Natavan Həbibi, Samira, Zamiq Hüseynov estrada ifaçılarıdır... Bizim rəsmi iş yerimiz yoxdur. Niyə mən toydan asılı olum? Mahnı Teatrı biz sənətçilər üçün konsertlər, qastrol səfərləri təşkil etməlidir. Əziz sənət dostlarım, niyə vaxtında səsimə hay vermədiniz? İcra başçılarından qorxurdunuz? Görün indi nə qədər icra başçısı həbs edildi. Axı, mən bunu vaxtında deyirdim... Ölkə başçısı da bu cür problemlərə açıqdır... İnternet dövrüdür, problemləri səsləndirirsən, həllini tapır. Fəxri adın buna bir aidiyyatı yoxdur. Əməkdar artist olmasaydım da çıxıb problemi deyərdim. Afaq Bəşirqızına baxın, çıxdı teatrların problemini dedi və həllini tapdı. Həmin görüşdə bir estrada ifaçısını danışan gördünüz? Hələ cavan nəsli qoyuram kənara, yaşlı nəsil hanı? Niyə həmin iclasda bir estrada ifaçısı yox idi? Rayonda konsert olanda yalnız müğənniləri göndərirsiniz. Tək-tük muğam, vokal ifaçısı olur. Estradaya isə hər yerdə tələbat var. Nə maaş istəyirəm, nə bir şey. O görüşdə deyərdiniz ki, bizim Mahnı Teatrımızı qaytarın.

- Sizi bu dəfə xeyli fərqli gördük. Çəki atmısınız, görünüşünüzdə dəyişikliklər olub. Şəxsi həyatınızda  hansısa yeniliklər varmı?

- Səhnə adamı özünə qulluq etməyə və cavan görünməyə məcburdur. Bunun şəxsi həyatla aidiyyatı yoxdur. Tənha sözü mənim üçün başqa anlam daşıyır... İnsanlar var ki, bir yerdə yaşayır, toplu içində belə tənhadır. Mənim üçün insan doğulandan tənhadır.

"QIZIM HƏMİN SEVİNCİ ATASINDAN GÖRMƏDİ"

- Bizim cəmiyyətdə tənha qadın olaraq yaşamaq çətindirmi? Hansı problemlərlə üzləşirsiniz?

- Şəxsi həyatda? O qədər... Övladlarıma görə çox narahatam. Onlar atasız böyüyürlər. İstəməzdim belə olsun... Təəssüf edirəm ki, Azərbaycan cəmiyyətində qadın-kişi boşananda, onlar övladlarından da ayrılır. Uşağın məsuliyyətini hər iki tərəf çəkməlidir. Ata-ana ömrünün axırına kimi valideyn olaraq qalır. Bir çox qadınlar belə problemlə üzləşir. Qızım Çinarə bu il birinci sinfə getdi. Onun üçün yeni mərhələ idi. Ana olaraq həmin mərhələni bayram kimi keçirdim. Təəssüf ki, atası tərəfindən heç bir reaksiya olmadı. Uşaq həmin sevinc hisslərini ata tərəfdən görmədi. Kişi qadından ayrılanda uşağını da görmür, elə bil, heyf çıxır. Problemli bir ailədə yaşamaqdansa, sakit birtərəfli ailə daha yaxşıdır.

- Tənha qadın olaraq iki qız övladı böyütmək necə məsuliyyətdir?

- Çox... Böyük qızım xaricdə təhsil almaq istəyir. İndidən fikrini edirəm ki, necə olacaq? Məqsədli qızdır, buna icazə verəcəm. Onu dünyaya gətirmişəmsə, o demək deyil ki, sonadək mənlə qalmalıdır. Təki oxusun, torpağımıza xeyir versin. Övladlarımla dostam. Uşaqların hər ikisinin düşüncəsi məni qane edir.

- Keçmiş həyat yoldaşınızı aliment ödəmədiyinə görə məhkəməyə vermisiniz. Bu məsələ həllini tapdı?

- Aliment hələ də ödənilmir. Qanunlara inanıram... İnsanın da bir gözləmə mövqeyi var. Qarşı tərəf indiyə kimi məhkəmədə deyirdi toylardan qazanır, İnstaqramdan şəkillərimi göstərirdi ki, baxın, hansı brendlərdən geyinir, bir gündə neçə toydan qazanır... Hə, indi nə oldu? 7 aydır toy yoxdur. Bu pulu özüm üçün yox, övladlarım üçün istəyirəm.

"RAYON YERLƏRİNDƏ QIZ UŞAĞI DOĞULANDA ATA-ANANIN BAŞINA DAŞ DÜŞÜR"

- Qadınlara qarşı zorakılıq problemi cəmiyyətdə ən çox müzakirə olunan məsələlərdən biridir. Sizcə, zorakılıqlara nə səbəb olur?

- Bunun birinci problemi savadsızlıqdır. Rayon yerlərində qız uşaqlarını tez başdan etmək prinsipi var. Qız övladı dünyaya gələndə elə bil ata-ananın başına daş düşür. Fikirləşir ki, tez böyüdüm, ərə verim getsin. Rayon yerlərində əvvəl çoxuşaqlı ailələr olurdu. Düşünmürdülər uşağı oxutsunlar. Deyirdilər, tez böyüsün, biri naxıra getsin, biri çobanlıq etsin, biri bağda işləsin... Artıq o dövr deyil... İndi uşaq dünyaya gətirəndə onun məsuliyyətini hiss etməlisiniz. Qadın gözü açılmamış ailə qurur. Kişilər azyaşlı qızlara meyil edirlər. Çünki qadının gücündən qorxurlar. Bilirlər ki, qadın oxusa, gözü açılsa, böyük gücə sahib olar. Qadın bir dünyadır. Əfqanıstan, Pakistanda müharibə niyə bitmir? Çünki qadınları cahildir. Bir nəsli yetişdirən qadındır. Qadının savadı olmalıdır. Savadsız qadın uşağı tez böyüdüb ərə verməyi düşünür. Sonra da əri ilə dolana bilməyəndə çıxıb verilişdə kömək istəyirlər. Buna pis baxmıram, mənim də başıma nəsə gələr, çıxıb efirdə imdad diləyərəm. Amma ora çıxanların əksəriyyətini araşdıranda görürsən ki, savadsız ailələrdir. Eyni zamanda haqq qazandırmıram ki, arvad övladını ərinin üstünə atıb getsin. Nə qədər ata evində öldürülən qadınlar var. Azərbaycan kişiləri böyük kompleks içindədir. Boşanmanı da faciə kimi qəbul edirlər. Sənin namusundursa, gedib başqa kişiylə xoşbəxt olması ağır gəlirsə, özün onu xoşbəxt et. Edə bilmirsənsə, burax getsin, niyə öldürürsən... Zatən qadına əl qaldıranda kişi alçalır...  

- Sosial şəbəkələrdə müğənnilər tez-tez etirazla qarşılanır, haqlarında tənqidi fikirlər səsləndirilir. Buna münasibəti nə ilə izah edərdiniz?

- Bütün insanlar yaxşı yaşamaq istəyir. Sənət adamlarında da az deyil. 90-95 faizi kasıb ailədən çıxıb, istedad sahibidirlər. Çalışırlar, zəhmət çəkirlər. Onların evini yıxan paylaşımlardır: filan yerdəyəm baxın, sevin, gözəl yaşayın. Özü də bu həssas ərəfədə... Bu, başqalarında qıcıq yaradır.Hər şeyi açıb-tökməyin nə mənası? Sponsor hesabına qazananları çıxsam, çoxları zəhmət çəkir. 

"SEVGİLİSİ PUL VERİR, ADINI SPONSOR QOYUR"

- Sponsor demişkən, niyə bizdə bu ifadə birmənalı qarşılanmır. Müğənniyə sponsorluq etmək olmaz?

- Hamısı pis deyil ki... Baxırsan gözəldir, gəncdir, sevgilisi var və ona maddi kömək edir. İstedadı olan birinə qoyulan pul itmir. Sevgili adıyla köməklik olanlar sponsor kimi təqdim edilir. Ona görə də sənətçilər "sponsor" kəlməsindən qorxur.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR