ƏTİRLƏNMİŞ MƏKTUB...

img

31-10-2019 [09:39]


Gülgün Rzayeva,

Gənc pedaqoq

***

Mənim adım Namədir. Mən heç kəsin görmədiyi, bilmədiyi bir dünyada yaşayıram. Bizim məmləkətimizin adı Xoşbəxtlər ölkəsidir. Ölkəmizdə hər kəs bərabərdir. Kasıb və varlı təbəqəsi yoxdur. Hər kəs firavan yaşayır. Heç kəsin qəlbində kin-küdurət, nifrət, paxıllıq yoxdur. Heç kim bir-birini aldatmır, yalan demir.

Günlərin birində mənə çox mühüm bir vəzifə verildi. Mən "məktub" olub zamanda səyahət etməli idim. Müxtəlif zamanlarda yaşayan oxucularımla əlaqə yaratmalı və onlara bəzi məsləhətlər verməli idim. Mən bu vəzifənin məsuliyyətini, çətinliyini dərk edirdim. Odur ki, bu şərəfli vəzifəni qəbul etdim.
Çox gözəl xətlə yazılmış, ətirlənmiş məktub oldum. 

Və oxucularıma belə müraciət etdim: 

"Ürəyi sevgi ilə döyünən əziz oxucularım! 

Mən Xoşbəxtlər dünyasından qonaq gəlmişəm. Sizlərə bir neçə məsləhətim var. İstəyirəm, sizin də dünyanızda hər kəs xoşbəxt olsun. Bunun üçün nələri etmək lazımdır?! 

İlk öncə, qəlbimizi təmizləməliyik. Qəlbimizdə məskən salmış şeytani hisləri - kini, tamahı, paxıllığı özümüzdən uzaqlaşdırmalıyıq. Axı niyə bir dostum, qonşum uğur qazananda mən paxıllıq edim ki?! Olmazmı mən də onun sevincinə, uğuruna şərik olum?! Sevgi paylaşıldıqca daha da artar. Məsələn, siz heç yoxlamısınızmı ki, bir insanın üzünə güldükdə, ona mehribanlıqla yanaşdıqda, o insan necə xoşbəxt olur və öz xoşbəxtliyini digər insanlara da ötürür. Bir səmimi təbəssüm insanın xoşbəxt olması üçün kifayətdir. Amma əgər bir insan əsəbidirsə, qəlbində nifrət varsa, o ətrafına da mənfi enerji yayacaq, onun ətrafındakı hər kəs də əsəbi, stresli olacaq. Gəlin, hər birimiz günəş olaq, ətrafımıza sevinc, xoşbəxtlik yayaq.

İnsanları heç vaxt varlı - kasıb, gözəl - çirkin, xəstə - sağlam deyə və ya dininə, irqinə görə ayırmayın. Qarşınıza elə varlı, gözəl insan çıxa bilər ki, amma qəlbi çirkin, təfəkkürü xəstə olar. Həmişə insanların fikirlərinə hörmət edin. Onları dinləyin. Onlara kömək edin. Əgər mənim imkanım yaxşıdırsa, evimdə bir qazan yemək bişirsə, niyə ondan bir boşqab ayırıb qonşuma verməyim ki? Siz heç birinə yaxşılıq etdikdən sonra sözlə təsvir edilə bilməyəcək o həzzi yaşamısınız?!

Çalışın təbiəti qoruyun. Heyvanları incitməyin. Onların dili yoxdu, amma onlar da insan kimi hər acını hiss edirlər. Bəzi insanlar marka çantalar, şubalar geyinəcəklər deyə nə qədər heyvanın dərisi soyulur, bilirsiniz?! Düşünün ki, bir insanın dərisindən gödəkçə geyinirsiniz. Təsəvvür etmək belə dəhşətlidir. Gəlin, bu cür vəhşilikdən uzaq olaq. Axı biz insanıq, şüurluyuq. Hündürmərtəbəli binalar tikmək üçün yaşıllıqları məhv etməyin. Ağaclar, güllər, çiçəklər də canlıdı. Tullantıları yerə atmayın.
Ətraf mühiti qorumaq hər birimizin borcudur.

Ən böyük diləyim də budur ki, müharibə olmasın. Müharibə qəlbi nifrətlə döyünən, varlanmaq eşqi ilə yaşayan, dünyaya ağalıq etmək istəyən acgöz insanların oyunudur, əyləncəsidir. Təəssüf ki, bu cür qəddar oyunların qurbanı yenə insanlar olur. Bəzi insanlar ölür, bəziləri ömürlük əlil olur, bəziləri öz ailəsini, sevdiklərini itirir. Müharibə heç kəsə xoşbəxtlik gətirməyib və heç vaxt da gətirməyəcək!
Mütləq təhsil alın, elmə yiyələnin. Xüsusən də, qız övladlarınızı oxutdurun. Çünki qızlar irəlidə başlarına nə gəlirsə-gəlsin öz savadı, peşələri ilə təkbaşına, heç kimə möhtac olmadan ayaqüstə durmağı bacarmalıdılar.

Əziz valideynlər, övladınızı istəmədiyi bir peşəni seçməyə məcbur etməyin. Yaxud da siz qohum-qonşu yanında başıuca gəzəcəksiniz deyə övladınızı universitetdə oxumağa, diplom almağa məcbur etməyin. Qoyun övladlarınız hansı sahədə bacarıqlıdırsa, o sahədə də çalışsın. Övladınızla hər zaman qürur duyun. Onlara inanın. Onlara nə qədər bacarıqlı, istedadlı olduqlarını tez-tez deyin. Övladınızı sevin. Və hər zaman şükür edin ki, Allah məhz ata-ana olmaq üçün sizi seçib. Bu vəzifənin, məsuliyyətin öhdəsindən ən yüksək səviyyədə gəlməlisiniz.

Kitab oxuyun. İnsan kitab oxuduqca dünyagörüşü zənginləşir, kamilləşir. Kitab bir dünyadır. İnsan özünü tək-tənha hiss etdikdə, kədərli olduqda, bir təsəlliyə ehtiyacı olduqda ən gözəl dost olur kitab. Səni başa düşən, səni dinləyən, göz yaşlarını silən bir dost olur kitab.

Hər zaman yalandan uzaq olun. Yalan yeni yalanlar gətirər. Yalan danışan, söz verib üstündə durmayan insanın heç bir yerdə hörməti olmaz, heç kim ona inanmaz. Əgər bir söz verdinsə, nə olursa-olsun onun üstündə durmalısan. Heç kimi aldatmayın, incitməyin, qəlbini yaralamayın. Heç kimin "gözündən yaşaxıtma" səbəbi olmayın. Hər kəslə mehriban olun. Hətta sizə pislik edənə də yaxşılıqla cavab verin. Pis yolda olan insanları çalışın düz yola gətirin. Başqalarının arxasınca danışmayın, qeybət etməyin, heç kimə şər atmayın. Bir insanın səhvi olduqda onu hər kəsin içində yox, təklikdə həmin insanın xətrinə dəyməyəcək şəkildə deyin. Düz yolda olmayan birinin daha da bataqlığa batmasına göz yummayın. Çalışın həmin insana kömək edin. İnsan hər şeyə qadirdir.

Yaşlı insanların qayğısına qalın. Onlar körpə kimidirlər. Sevgiyə, qayğıya möhtacdırlar. Qocaları atmaq yox, sahiblənmək lazımdı. Onlara sadəcə ailəsiylə, nəvələriylə birlikdə olmaq, ömrünü onların yanında başa vurmaq kifayətdi.

Bir sözlə, dünyanızı gözəlləşdirmək istəyirsinizsə, buna ilk öncə özünüzdən başlayın.

Gününüzü xoş keçirmək üçün sizə kiçik bir sirr verim: hər səhər oyananda şükr edin, necə xoşbəxt bir insan olduğunuzu özünüzə hiss etdirin. Hər hansısa bir şeyə şikayətlənməkdənsə, əlinizdə olanlara görə Tanrıya minnətdar olun. Özünüzü sevin, öz dəyərinizi bilin. Özünüzə hörmət edin ki, başqaları da sizə hörmət etsin. Siz çox dəyərlisiz, bunu unutmayın".

Digər xəbərlər
SON XƏBƏRLƏR