Mətbuat Şurası qurultaya gedir - Açıqlamalar

Mətbuat Şurası qurultaya gedir - Açıqlamalar

PRESS

Bugün, 16:13

Azərbaycanda media sahəsində özünütənzimləmə mexanizmlərinin formalaşdırılması istiqamətində mühüm addımlardan biri 2003-cü ildə Azərbaycan Mətbuat Şurasının yaradılması oldu. Şura jurnalist təşkilatları, kütləvi informasiya vasitələri və media ictimaiyyətinin nümayəndələrini bir araya gətirən əsas platformalardan birinə çevrildi.

Mətbuat Şurasının fəaliyyətinin əsas istiqamətlərindən biri media ilə bağlı məsələlərin müzakirəsi, jurnalistlərin peşə davranışı qaydalarının qorunması və media subyektləri ilə müxtəlif qurumlar arasında münasibətlərin tənzimlənməsinə töhfə verməkdir. Şuranın ali idarəetmə orqanı isə qurultaydır. Azərbaycan jurnalistlərinin ilk qurultayı 2003-cü ildə keçirilib. Sonrakı illərdə qurultaylarda Şuranın fəaliyyəti qiymətləndirilib, rəhbər və digər idarəetmə orqanları formalaşdırılıb. Azərbaycan jurnalistlərinin sonuncu, VIII qurultayı 24 sentyabr 2022-ci ildə keçirilib. Həmin toplantıda Azərbaycan Mətbuat Şurasının hesabat dövründəki fəaliyyəti qiymətləndirilib, Nizamnaməyə dəyişikliklər edilib və Şuranın yeni rəhbər orqanları formalaşdırılıb. Rəşad Məcid Mətbuat Şurasının sədri seçilib. Mətbuat Şurasının hazırkı Nizamnaməsinə əsasən, İdarə Heyətinin üzvləri, Şura üzvləri və Nəzarət-Təftiş Komissiyasının üzvləri 4 il müddətinə seçilirlər. Beləliklə, 2022-ci ilin sentyabrında formalaşdırılan rəhbər orqanların dördillik səlahiyyət müddəti 2026-cı ilin sentyabrında başa çatır. Bu da jurnalistlərin növbəti qurultayının keçirilməsi məsələsini gündəmə gətirir. Mətbuat Şurasının sədri Rəşad Məcid IX qurultayın keçirilməsinin gündəmdə olduğunu təsdiqləyib. O bildirib ki, qurultayın vaxtı və digər prosedur məsələlər Mətbuat Şurasının İdarə Heyətinin iclasında müəyyənləşdiriləcək.

Rəşad Məcid qurultayın əvvəlki toplantıda olduğu kimi sentyabrın üçüncü ongünlüyündə keçirilməsinin mümkün olduğunu deyib. Beləliklə, hazırkı açıqlamalara görə, Azərbaycan jurnalistlərinin IX qurultayının sentyabrın 20-dən 30-dək keçirilməsi ehtimalı var. Lakin qurultayın dəqiq tarixi hələ rəsmən açıqlanmayıb. Qurultay baş tutarsa, Mətbuat Şurasının növbəti dördillik dövrü üçün İdarə Heyətinin yeni tərkibi formalaşdırılacaq və Şuranın sədri seçiləcək.

Mətbuat Şurası İdarə Heyətinin üzvü Qulu Məhərrəmli Musavat.com-a bildirib ki, Mətbuat Şurası ictimai status etibarilə yazılı medianın özünütənzimləmə mexanizmidir: “Yəni yazılı medianın özünü tənzimləməsinin üç yolu var. Bunun birincisi Mətbuat Şuralarıdır, ikincisi etik kodeksdir, üçüncü isə Ombudsman institutudur. Mətbuat Şurası dünyanın bir çox ölkələrində var. Onlar daha çox ictimaiyyətlə media arasında, hökumətlə media arasında münasibətlərin tənzimlənməsinə xidmət edir. Bu mənada əlbəttə Mətbuat Şurasının yaranması bir zərurət idi. Amma geniş mənada Mətbuat Şurasından mətbuatın strateji inkişafı ilə bağlı, onun gündəlik problemləri ilə bağlı, maddi-təşkilati problemlərinin həll ilə bağlı çox şey ummaq olmur. Bu kontekstdə məsələn, Mətbuat Şurasının qurultayından xüsusi bir şey gözləmək düzgün olmaz. İndiki halda etik qaydaların gözlənilməsi, şikayətlərə baxılmasıdır, məhkəməyə qədərki münaqişələrin həlli kimi istiqamətlərdə Mətbuat Şurası işlər görür və görməkdə davam edəcək. Amma bütövlükdə götürəndə medianın problemləri ilə xüsusi olaraq yeni yaradılmış Media və Yayım Şurası məşğul olur. Bütün strateji planlaşdırma, medianın keyfiyyət inkişafı və digər məsələlər məhz bu qurumunun diqqət mərkəzində olmalıdır”.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR