SENTIMENTAL SIYASƏT, yaxud ZİYANIN YARISI

img

21-10-2019 [10:50]


Nadir Qocbəyli

***

Sentimental siyasəti buraxmaq lazımdır. Yazıq, zavallı görkəm almağı, məsum qılafa bürünməyi də. Tutaq ki, insanların sizə yazığı gəldi, dəsmallarını çıxarıb o ki var ağladılar, bunun nə xeyri var. Bu sizi dahamı güclü edəcək, mitinqlərinizə daha çoxmu insan cəlb edəcək? Sanmıram. Hətta əksi baş verə bilər və verəcək də.

Siyasət sərt peşədir və realist olmağı tələb edir. Siyasətçi onu qarşıda nələr gözlədiyini yüksək faizlə hesablaya bilməlidir. Təhlükələri də görməlidir, uğurları da. Siyasətçi hansısa bəsit analogiyalar üzərində strategiya qurmamalı, "SSRİ-nin də dağılacağına heç kəs inanmırdı, amma gördünüz axırı necə oldu” tipli səthi, bazar alverçilərinə, yaxud restoran xidmətçilərinə hesablanmış bəyanatlar verməməlidir. Versə belə, özünü buna inandırmamalı, qapdırmamalıdır. O bilməlidir ki, böyürdən biri çıxıb, SSRİ-nin dağılmasını şərtləndirən amilləri ən xırda detallarına qədər şərh edə və bu amillərin Azərbaycanın indiki durumuna qətiyyən uyğun olmadığını əsaslandıra bilər. Siyasətçi Avropa "demokratiyasının” zahiri effektləri üzərində qurulmuş populist bəyanatlardan mümkün qədər çəkinməli, onlardan rəqibinə qarşı müvəqqəti təzyiq mexanizmi kimi istifadə etməməlidir. Ən azı ona görə ki, hamı axmaq deyil və bu günün sabahı da var, bunun hesabı hökmən səndən sorulacaq. Ancaq özü də bunlara inanırsa, bu artıq faciədir. Ən nəhayət, siyasətçi öz ölkəsini, onun insanlarını yaxşı tanımalı, kütlənin xarakterini bilməli, real situasiyanı, beynəlxalq durumu, qüvvələr nisbətini çılpaqlığına qədər dəyərləndirməyi bacarmalıdır.

Bir də hər şey göründüyü kimi deyil. Həyatın qanunauyğunluqları var. Atalar deyib ki, arığın qoruqda nə işi ki, vurub qol-qıçını qırsınlar. Atalar ayıdan qorxanın meşəyə getməməsini də tövsiyə ediblər. Döyülüb ağlayacaqsansa, icazəsiz mitinqdə nə işin var?! Danışmaq və döyüşmək fərqli qabiliyyətlərdir. Dil pəhləvanlığı meydan qəhrəmanlığı deyil. Bunlar ayrı-ayrı qabiliyyətlərdir. Hərənin öz işi var. Hər kəs nəyə qadir olduğunu özü də bilməlidir.

Əli Kərilinin dünən küçəyə, meydana çıxmasına ilk növbədə gərək onun tərəfdarları, yaxın ətrafı mane olaydılar. Ancaq video-süjetlərdən, fotolardan gördüyümüz kimi, onlar onun qolundan tutub sanki zorla prosesin ortasına itələyir, ondan güclə küçə döyüşü qəhrəmanı düzəltmək istəyirdilər. Düşüncənin, şüurun primitivliyinə diqqət edirsinizmi, əziz oxucular. Bu adamlar dövlət idarə edə bilərmi? Əgər lider hesab etdiyiniz adamı qoruya bilməyəcəkdinizsə, onu niyə küçəyə çıxarırdınız? Əgər onu bir göz qırpımında əlinizdən alıb aparacaqdılarsa, bu biabırçılığa getməyə dəyərdimi? Siz burnunuzun ucundan uzağı görməyi bacarmırsınızsa, müasir dünyanın uzaq perspektivlərini, təhlükələrini necə görəcəksiniz? Elə vaxtilə torpaqları da bu miskin düşüncənizlə qapdırdınız ermənilərə…

Həyat israrlı olanları da sevmir. Mümkün olanı etmək, dayanmağı, etiraf etməyi bacarmaq lazımdır. Dünyanın ən böyük hökmdarı, məğlubolmaz sərkərdəsi Çingiz Xan deyirdi ki, özündən güclü düşmənlə döyüşə girmə. Amma siz neynirsiniz? Nə öz gücünüzü hesablaya bilirsiniz, nə də rəqibinizin. Amma iddianız, maşallah olmasın, dağ boyda. Niyə Əli Kərimli elə hesab edir ki, o hökmən lider, prezident olmalıdır? Bunu da onun boynuna ətrafında olan Don Kixot təfəkkürlü ağılsız "ağıllılar” qoyublar. Məncə, ondan yaxşı müəllim, hüquq professoru, lektor olardı. Niyə adamı bədbəxt etdiniz? Amma hələ də gec deyil, Əli Kərimli bu haqda düşünməlidir. Dünənki hadisədən sonra daşı ətəyindən tökməli, meydanı tərk etməlidir. Azərbaycan onsuz batmaz.

Bir neçə min nəfər 10 milyonluq xalqın, 5 milyondan artıq seçicinin əvəzindən qərar verə bilməz. Xalq küçələrə çıxmırsa, etirazlara qoşulmursa, bununla hesablaşmaq lazımdır. Xalqı yerli-yersiz qınamaqdansa, ictimai rəyi yaxşı öyrənmək, araşdırmalar aparmaq, səbəbləri aşkara çıxarmaq, elmi nəticələrə əsaslanan fəaliyyət ortaya qoymaq lazımdır. Tələsməklə heç nə əldə edə bilməzsiniz. Xəstə tələsər, amma armud vaxtında yetişər. Ola bilər ki, xəstənin o armuddan yeməyə ömrü çatmasın. Amma neyləmək olar, qismət beləymiş. Qismətdən artığını yemək isə kimsəyə nəsib olmayıb.

Dünən baş verənlər Əli Kərimlinin lider üçün zəruri keyfiyyətlərə malik olmadığını bir daha göstərdi. O kənardan çox hiyləgər, ağıllı, savadlı siyasətçi təsiri bağışlasa da, hisslərinin qurbanına çevirdi özünü. Cəsarət nümayiş etdirmək istədi, daha rüsvayçı duruma düşdü. Axı nə vacib idi. İmkan yoxdursa, çıxma. Özünü yetərincə təmkinli aparacağına əmin deyilsənsə, getmə. Çörçil nə demişdi: "Siyasi istedad vəd verib, sonra onu niyə yerinə yetirmədiyini əsaslandırmaq qabiliyyətidir". Amma Əli Kərimli neylədi? "Niyə özün də mitinqə çıxmırsan” deyənlərin fitinə uydu, fitvasına getdi. Yanında bir adam da tapılmadı ki, onu bu avantüradan çəkindirsin. Mən əminəm ki, mitinqdən qabaq ona bu haqda ciddi xəbərdarlıq da olunub. Onun küçədə gedərkən necə qorxduğu, ora-bura boylanması, üzündəki isterik ifadə də bunu aydın göstərirdi.

Bəzi məlumatlara görə, Əli Kərimlini buna vadar edən xaricdəki və daxildəki hansısa mafioz qüvvələrin verdiyi vəd olub. Ancaq lider olacaq adamı hər kəs uşaq kimi aldadacaqsa, bu adam dövlətin başında olsa nələr baş verəcək?

Həyatda ilahi bir ədalət də var. Əli Kərimli və onun kimilər çox adamların döyülməsinə, tutulmasına, hətta ölümünə bais olublar. Odur ki, dünən bir-iki təpik də özünə dəyibsə, bundan faciə qayırmaq lazım deyil. Qoy aldadırlaraq yalın əllə tank qabağına göndərilənləri, mitinqlərdə döyülənləri, gəncliyini həbsdə çürüdənləri xatırlasın.

Sosial şəbəkələrdə onun alnı plastırlı şəklini paylaşıb çox sevdiyini bildirən, ona acıdığını bəyan edən, sentimental, melanxolik, kədərli cümlələr quran adamlar görürəm. Olsun. Hamımız insanıq, duyğularımız, emosiyalarımız var, kiməsə acıya da bilərik, rəhm də edə, nəvaziş, mərhəmət göstərə də. Ancaq bir şey bilmək lazımdır ki, Əli Kərimlidən bu xalqa nicat yoxdur. Olmayacaq da. Bir neçə min nəfər marginalın onun ətrafına yığılıb hakimiyyət davası döyməsi, hansısa düşük analogiyalar aparması, Avropadan, ordan-burdan kömək umması avantürizm və utopiyadır. Özünüzü və Əli Kərimlini bədbəxt etməyin. Nə qədər ki gec deyil, ayılın. Ziyanın yarısından qayıtmaq da qənimətdir, amma Qənimət Zayılov deyil.



Digər xəbərlər
SON XƏBƏRLƏR