50 il əvvəlki Damansk döyüşləri...

img

02-03-2019 [17:54]


Sahib MƏMMƏDOV, 

Hüquqşünas

***

2 mart 2019-cu ildə Damansk döyüşlərinin qızğın fazaya keçməsinin 50 ili tamam olur.

İndi internet resurslarında bu döyüşlər barədə kifayət qədər məlumatlar var. Amma mən aşağıda anacaq uşaq xatirələrimi yazacam.

1969-ci ildə mərhum qardaşım yenicə əsgəri xidmətə getmişdi. Bir neçə ay sonra Çin-Sovet sərhəddində silahlı münaqişə başlanmışdı. O zaman 6 yaşım vardı. Çox narahat idik. Rəhmərlik anam təzə doğulmuş buzovu qurban demişdi. Əhali arasıda narahatlıq var idi. O zaman əksəriyyət insanlar müharibə dövrünün bütün məşəqqətlərini görmüş insanlar idi. İnsanlar elə fikirləşirdi ki, yenə böyük müharibə olacaq. Hər gün havada vertolyotlar uçanda böyüklər deyirdi ki, əsgər meytlərini daşıyırlar.

 Tərslikdən həmin vaxt hansısa xəstəliyə görə suya karantin elan olunmuşdu. Kənddəki su mənbələrindən istifadə etmək qadağan idi. Bizdən 3 km uzaqda olan qonşu kənddəki dəmir yol ayrıcındakı (razyezd. o vaxt hələ Bakı-Tibilisi dəmir yol xəttinin ikinci növbəsinin tikintisi gedirdi) su çənindən qızlar vedrə ilə su daşıyırdı. Hər gün sandığın üstünə çıxıb radio qovşağının (uzel deyirdik) xırıltılı səsinə qulaq asırdım. SİTA-nın məlumatını dinyəyib vəziyyəti öz anladığım şəkildə anama danışırdım. 

Bir gün xəbər yayıldı ki, bir nəfər azərbaycanlı qəhrəmanlıq göstərərək həlak olub. Sonra qonşumuz Sünbül bibi (kənd mədəniyyət evinin müdiri) "Kommunist" qəzetini gətirdi. Orda qəhrəmanlıq göstərərək həlak olan Tofiq Abbasovun atası ilə anasının şəkili var idi. 

Təxminən 15-20 mart 1969-cu il tarixili "Kommunust" qəzetini tapıb baxan olsa o şəkili görəcək. İri bir yazı da verilmişdi həmyerlimizin qəhrəmanlığı barədə. Sonra "Çin orqanları" (o vaxt SİTA-nın məlumatında belə deyilirdi) ilə Sovet rəhbərliyi dil tapıb müharibəni saxladılar.

Sonradan 8 km qəsəbəsində evim olanda gördüm ki, kiçik bir küçə Tofiq Abbasovun adını daşıyır. O vaxt kənddə danışırdılar ki, urus deyildi deyə ona Sovet İttifaqı Qəhrəmanı adı verilməyib. Özü yaralı olduğu halda, yaralı döyüşçü yoldaşını xilas etmişdi.

Müharibə bitdi. 71-ci ildə rəhmətlik qardaşım da sağ-salamat qayıtdı. Qurbanlıq öküzü də kəsib az qala bütün kəndə payladıq. Qardaşım 10 il sonra xəstəlikdən vəfat etdi. Mən onda uzaq Sakit Okeanda xidmətdə idim. 1969-cu ildən 10 il keçdi. Bu dəfə Əfaqanstada döyüşlər başladı və yenə də cəsədlər gəlməyə bağladı. Daha 10 il keçdi bu dəfə Qarabağda döyüşlər başladı. Və yenə...

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR