"SOCAR PETROLEUM"la bağlı şok iddialar yayıldı

\"SOCAR PETROLEUM\"la bağlı şok iddialar yayıldı

CƏMİYYƏT

Bugün, 13:26

Azərbaycanın strateji əhəmiyyətli dövlət müəssisələrindən olan “SOCAR PETROLEUM” QSC-də rəhbər vəzifəyə sızmış şübhəli keçmişə malik şəxsin dövlət əmlakına vurduğu sarsıdıcı ziyanın detalları üzə çıxmaqdadır.

Mia.az Yenicag.az saytına istinadla xəbər verir ki, qurumun 6 saylı Gəncə Neft Baza Sahəsinin sabiq rəisi Pərvin Əhmədovun rəhbərliyi altında baş verən kütləvi mənimsəmə, avadanlıqların satılması və müəssisənin iflic vəziyyətinə salınması faktları ətrafında cinayət işi açılsa da, pərdəarxası məqamlar rəsmi rəqəmlərin buzdağının yalnız görünən tərəfi olduğunu sübut edir.

Rəsmi rəqəm 250 min, gizlədilən ziyan isə milyonlardır…

Qeyd edək ki, Pərvin Əhmədov bu yaxınlarda 250 min manatlıq yeyinti faktına görə işdən çıxarılıb və barəsində cinayət işi başlanıb. İstintaqın ilkin mərhələsində sabiq rəis mənimsədiyi 250 min manatı üç dəfəyə – 100 min, 100 min və 50 min manat olmaqla hissə-hissə dövlətə ödəyib. Lakin Neft Bazasındakı mötəbər mənbələrin verdiyi məlumata görə, əsl mənimsənilən məbləğ rəsmi qaydada rəsmiləşdirilmiş rəqəmdən qat-qat yüksəkdir.

Gəncə Neft Bazasını sözün əsl mənasında milyonlarla manat ziyana salan Pərvin Əhmədovun xeyli sayda dəyərli avadanlığı sataraq şəxsi mənfəətinə çevirdiyi iddia olunur. Məhz onun bu yarıtmaz və talançı fəaliyyəti nəticəsində strateji əhəmiyyətli baza aylarla fəaliyyətsiz qalıb, müəssisənin işçiləri isə əmək haqqı ala bilməyərək acınacaqlı vəziyyətə düşüblər. Əgər hüquq-mühafizə orqanları məsələni yenidən, daha dərindən və obyektiv araşdırsa, dövlətə vurulan real zərərin rəsmiləşdirilmiş 250 min manat yox, ən azı 3-5 milyon manat civarında olduğu açıq şəkildə ortaya çıxacaq.

“Eldar Mahmudov dəstəsi”ndən Zaqatalaya uzanan müəmmalı yol

Pərvin Əhmədovun əməllərinin miqyasını anlamaq üçün onun Vergilər Nazirliyi (indiki Dövlət Vergi Xidməti) sistemindəki qaranlıq keçmişinə nəzər salmaq kifayətdir. O, uzun illər vergi sistemində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq rəhbəri Eldar Mahmudovun dəstəsinin fəal üzvlərindən biri olub. Pərvin Əhmədov bu sistemdə Eldar Mahmudovun “vergi cəlladı” kimi tanınan Vidadi Məmmədovla olduqca yaxın işləyib və onun əsas kadrlarından biri kimi formalaşıb.

Ən təəccüblüsü isə odur ki, “MTN işi”ndən sonra bu qorxunc dəstə vurulanda və sistemdən təmizlənəndə belə, Pərvin Əhmədov özünə “isti yer” tapmağı bacarıb. O, başqalarının himayəsi altına keçərək, əvvəlki əməllərinə (“ümumi daxıl”dan vəsait yayındırdığına görə cəzalandırılması iddialarına) rəğmən 2019-cu ilin sentyabrında 13 saylı Zaqatala Ərazi Vergilər İdarəsinə rəis təyin olunub. Adı müxtəlif qanunsuzluqlarda hallanan bir şəxsin belə asanlıqla rəhbər posta gətirilməsi onun himayədarlarının hələ də nə qədər güclü təsir imkanlarına malik olduğunu göstərirdi. Ancaq qanunsuzluqlara orada da davam etdiyindən vergilər sistemindən xaric edilib və bu dəfə SOCAR-a qarmaq atıb.

“Bogner” brendi, Almaniya ilə ticarət və şübhəli biznes imperiyası

Qeyd edək ki, Pərvin Əhmədov sadəcə dövlət işi ilə kifayətlənməyib, özünə geniş biznes şəbəkəsi qurub. Bakının mərkəzində, “Malakan” bağında yerləşən məşhur “Bogner” brend mağazasının məhz ona məxsus olduğu bildirilir. Almaniya ilə irihəcmli ticarət əlaqələri quran sabiq rəis dövlət vəzifəsindən sui-istifadə edərək sərvətini günü-gündən artırıb. Vergi sistemindəki “təcrübəsini” daha sonra SOCAR kimi nəhəng bir quruma daşıyan Pərvin Əhmədovun Gəncə Neft Bazasını niyə “şəxsi obyekti” kimi talaması onun bu idarəçilik fəlsəfəsindən qaynaqlanır.

İstintaq Pərvin Əhmədovun fəaliyyətini yenidən araşdırmalıdır!

Hazırkı mənzərə göstərir ki, Pərvin Əhmədovun yalnız 250 min manatı ödəyərək vəzifədən uzaqlaşmaqla məsuliyyətdən kənarda qalması hüquqi ədalət prinsiplərinə ziddir. Baza avadanlıqlarının satılması, müəssisənin aylarla işləməməsi və yoxa çıxan milyonlar mütləq şəkildə hüquqi qiymətini almalıdır.

Müvafiq istintaq qurumları Gəncə Neft Bazasında baş verən mənimsəmə faktlarını yenidən və daha əhatəli şəkildə araşdırmalıdır. Pərvin Əhmədovun keçmiş “vergi cəlladı” şəbəkəsindəki əlaqələri, qanunsuz yollarla əldə etdiyi biznes imperiyası və SOCAR-a vurduğu 3-5 milyon manatlıq real zərər vahid cinayət işi çərçivəsində obyektiv təhqiqata cəlb olunmalı, dövlətin əsl ziyanı son qəpiyinə qədər bərpa edilməlidir.

Yazıda adı çəkilən şəxs və qurumların mövqeyini əlavə etmə hazırıq.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR