24-06-2012 [05:00]
[b]Məlahət İbrahimqızı: "Demokratiya, söz azadlığı və digər məsələlərdə də müəyyən problemlərimizin olduğunu deyirik" [/b]
[b]Ötən həftə Milli Məclisin növbədənkənar sessiyası keçirildi. Yaz sessiyasının son iclası isə iyunun 29-da baş tutacaq və bununla da deputatlar tətilə çıxacaqlar. Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şura üzvü, millət vəkili Məlahət İbrahimqızı ilə müsahibəyə Milli Məclisin yaz sessiyasının nə dərəcədə əhəmiyyətli olması ilə bağlı sualla başladıq.[/b]
- Milli Məclisin yaz sessiyası məhsuldar keçdi və nəzərdə tutulan bütün məsələlər gündəliyə çıxarılaraq müzakirə olundu. Hətta bəzi zəruri məsələlər də gündəmə gəldi və Milli Məclisin müzakirəsinə çıxarıldı. Yadda qalan məsələlərdən də biri o oldu ki, uzun illərdən bəri gözlənilən "Siyasi partiyalar haqqında" Qanuna əlavə və dəyişikliklər edildi. Düşünürəm ki, dəyişikliklərdən sonra ortaya mütərəqqi bir qanun çıxdı. Bundan əlavə, bir sıra digər önəmli məsələlər də Milli Məclisin gündəliyinə çıxarılaraq öz həllini tapdı.
[b]- Amma opponentləriniz bu sessiyada qəbul olunan qanunlardan narazılıqlarını ifadə etdilər. Əsas arqumentləri də o oldu ku, qəbul olunan qanunlar yalnız hakimiyyətin marağına uyğundur və hamını razı salmayıb. Bu barədə nə deyə bilərsiniz?[/b]
- Dünyanın ən inkişaf etmiş ölkələrində də qəbul olunmuş qanunlar cəmiyyətin bütün təbəqələrini qane etmir. Çünki qanunlarda fərdlərin marağı nəzərdə tutulmur. Ona görə də kimlərsə qəbul olunan qanunlardan narazı qala bilər. Bizim qəbul etdiyimiz qanunlarda xalqın maraqları nəzərdə tutulub. Bundan kiminsə narazılığı varsa, bu o demək deyil ki, bizim qanunlar ədalətsizdir.
Ona qalsa, mən də YAP üzvü kimi "Siyasi partiyalar haqqında" Qanun gündəliyə gələndə narazı idim. Partiyaların maliyyələşmə məsələsində müəyyən dərəcədə ədalətsizliyin olduğunu düşündük. Çünki YAP-ın həm üzvlərinin, həm Milli Məclisdəki nümayəndələrinin, həm də rayon təşkilatlarının sayı digər siyasi partiyalardan dəfələrlə çoxdur. Amma biz qanunun müvafiq maddələrindən razı olmasaq da, ümumi maraqlar naminə onun qəbul olunmasında iştirak etdik. Müxalifətin narazı qalmasına gəlincə, bütün dünyada müxalif qüvvələr nədənsə narazı olurlar. Amma gərək, narazı olduğunu sübut etmək üçün ortaya arqument qoyasan. Təəssüf ki, bizim müxalifət ortaya belə bir arqument qoya bilmir.
[b]- Bəzi deputatlar Milli Məclis rəhbərliyindən də narazılıqlarını bildirirlər. Bəzən spikerlə, vitse-spikerlə deputatlar arasında gərgin anlar yaşanır. Sizcə, kim haqlıdır, rəhbərlik, yoxsa deputatlar?[/b]
- Mən buna narazılıq deməzdim, bu, sadəcə, polemikadır. Bəs parlament nədən ötrüdür? Parlament siyasi mübarizə məkanıdır, söz və ifadə azadlığının gerçəkləşdiyi yerdir. Millət vəkili 50 min seçicinin sözçüsüdür və onların adından danışan zaman hər hansı bir fikir ayrılığı da ortaya çıxa bilər. Digər tərəfdən, parlament o demək deyil ki, ancaq müxalifətdən olan millət vəkilləri ilə mübahisə edəsən, onlara qarşı nəsə deyəsən. Hansısa millət vəkili spikerdən, yaxud vitse-spikerdən narazı qalırsa, mən bunun ciddi gərginlik kimi qəbul edilməsin düzgün saymıram. Millət vəkilinin də azad şəkildə sözünü demək hüququnun olduğunu qəbul edirəm. Parlament "Oldu!", "Baş üstə!" prinsipləri ilə idarə oluna bilməz. Kommunizm dönəmi deyil ki, hər kəs eyni cür düşünə, eyni sözü deyə. Ona görə də, bu cür hadisələrdə də ucundan tutub ucuzluğa getmək lazım deyil. Əlbəttə, hər kəs yüksək səviyyədə tolerantlıq, siyasi mədəniyyət nümayiş etdirməlidir. Rəhbərlik deputatın, deputat da rəhbərliyin fikrinə dözüm və hörmətlə yanaşmalıdır. Heç kəs də öz fikrini başqasına diqtə etməməlidir. Bir də ki, hər bir millət vəkili etdiyi hərəkətin, dediyin sözün məsuliyyətini özü daşıyır.
[b]- Müxalifətdən olan deputat həmkarlarınız isə bildirirlər ki, rəhbərlikdə təmsil olunma imkanları məhdudlaşdırılıb, sözləri eşidilmir, parlament hakimiyyətin bir orqanı kimi fəaliyyət göstərir...[/b]
- Gəlin açıq danışaq, biz təkbaşına hakimiyyətdə olan partiyayıq. Parlamentdə təmsilçiliyimiz də çoxluq yox, super çoxluqdur. Müxalifət nümayəndələrinin parlamentdə təmsilçiliyi isə olduqca azdır. Hətta onlar Milli Məclisdə fraksiya yarada biləcək sayda deyillər. İndiyə qədər müxalifət partiyaları parlamentdən kənarda birlik nümayiş etdirə bilməyiblər. Bu günə kimi yaranan bütün birlikləri ya yarımçıq olub, ya da uzun müddət davam etməyib. Seçki ərəfəsində koalisiya, yaxud birlik yaradacaqlarını bildiriblər, amma ambissiyalar qabardığından öz aralarında birliyə nail ola bilməyiblər. Əgər bu gün müxalifət qüvvələri parlamentdə də azlıqdadırsa, onlar necə rəhbərlikdə təmsil oluna bilərlər? Dünya praktikasında da belə bir şey yoxdur.
Elə hallar olur ki, mən cəhd etsəm də, Milli Məclisdə çıxışa yazıla bilmirəm. Cari məsələlərdə müxalifətçilər çıxışa hamıdan birinci yazılırdılar. Onu demək istəyirəm ki, parlamentdə kim sözünü demək istəyirsə, istəyi vaxt deyə bilir. Orda heç kəsə qarşı ədalətsizlik edilmir. Diqqət yetirirsinizsə, müxalifətdən olan deputatlar demək olar ki, hər iclasda çıxış edə bilirlər. Cari məsələlərin müzakirəsi zamanı onlar sözlərini deyir, reqlament bitsə də, sözləri kəsilmir. Bu mənada müxalifətçi deputatların onlara ədalətsizlik edilməsini demələri ilə razılaşmıram.
[b]- Diqqətinizi başqa məsələyə yönəltmək istəyirəm. Son dövürlər beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyətinə təzyiqləri artırıb. Ölkədəki demokratiyanın, insan haqlarının vəziyyəti ilə bağlı narahatlıqlarını ifadə edirlər. Bəziləri bunu ikili standartlarla əlaqələndirsə də, həqiqətən də narazılıqlar mövcuddur. Bu təpkilərə Sizin münasibətiniz necədir?[/b]
[b]- Öncə təşəkkür edirəm ki, siz də ikili standart məsələsini qeyd etdiniz. Bu, obyektiv yanaşmadır. Bəli, beynəlxalq təşkilatlar Azərbaycana qarşı hər hansı bəyanat verəndə ikili standartlardan çıxış edirlər.[/b]
Mən etiraz eləmirəm ki, Azərbaycanda hər hansı problem yoxdur. Hətta cənab prezidentin özü də çıxışlarında hər dəfə deyir ki, ölkədə problemlər var. Demokratiya, söz azadlığı və digər məsələlərdə müəyyən problemlərimizin olduğunu deyirik. Həm də bunların aradan qaldırılması istiqamətində davamlı fəaliyyət göstəririk. Amma vəziyyət beynəlxalq təşkilatların və müxalifətin dediyi kimi deyil. Hər şeyi qara rəngə görmək ədalətsizlikdir. Bütün bu yanaşmaların ikili standartdan başqa adı yoxdur.
Bu beynəlxalq təşkilatlar 20 ildir ki, Qarabağ probleminin həlli istiqamətində hər hansı ciddi addım atmırlar. Doğrudur, bir sıra beynəlxalq təşkilatlar Azərbaycan torpaqlarının işğal olunması ilə bağlı qətnamələr qəbul ediblər, amma bu, problemin həlli demək deyil. Qarabağ probleminin həlli istiqamətində hər hansı addım atılmır, amma deyirlər ki, Azərbaycanda insan haqları və demokratiya ilə bağlı problemlər var. Hesab edirəm ki, beynəlxalq aləm, Qərb dövlətləri əsas məsələni kənarda qoyub, başımızı bu kimi məsələlərlə qatmaq istəyir.
[b]- Tələblərdən biri də siyasi məhbusların, vicdan məhbuslarının azadlığa buraxılmasıdır. Sizcə, bu məsələdə haqlı deyillərmi?[/b]
- Həmin beynəlxalq təşkilatlar siyasi və vicdan məhbusunun tərifini verə bilmirlər ki, bu nə deməkdir. Onlar hələ müəyyənləşdirə bilməyiblər ki, bu status kimlərə şamil olunmalıdır. Eyni zamanda, onların hazırladıqları siyasi məhbus siyahılarında elə şəxslərin adı yazılıb ki, adam dəhşətə gəlir. Düşünürsən ki, görəsən, bunları necə siyasi məhbus kimi tədim edirlər?
Mən Əfv Komissiyasının üzvüyəm və komissiyanın toplantılarında üzə çıxdı ki, neçə-neçə insanı aldadan bir fırıldaqçının adını siyasi məhbus siyahısına salıblar. Deməli, bizim hüquq müdafiəçilərinin hazırlayaraq Avropa təşkilatlarına gördərdikləri və onların da bizə təqdim etdikləri siyasi məhbus siyahısında fırıldaqçı, qatil, oğru olan adamların adları da var. Yəni, bunlar siyasi məhbus məsələsini alverə çeviriblər.
20 ildir ki, Azərbaycanda Əfv Komissiyası yaradılıb və fəaliyyət göstərir. Zaman-zaman Prezident humanistlik edərək çoxsaylı məhbusu əfv edir. Amma bu o demək deyil ki, hər ay əfv fərmanı imzalanmalıdır və onların istədikləri adamlar azadlığa çıxmalıdır. Əlbəttə, Azərbaycan beynəlxalq təşkilatların üzvüdür, onların qarşısında öhdəliklər götürüb və bunlara əməl etməlidir. Amma hər şey ədalətli olmalıdır.
[b]- Qərb təşkilatlarının Azərbaycana qarşı ikili standartlarla yanaşmasının arxasında nə dayanıb ki?[/b]
- Avropa ölkələrinin bir qismində kifayət qədər iqtisadi problemlər var. Onlar bəzi sərvəti olan ölkələrdə gərginlik yaradaraq, öz maraqlarını təmin etməyə çalışırlar. Azərbaycan son illərdə xeyli dərəcədə inkişaf edib, iqtisadi göstəriciləri artıb. Avropadakı bəzi qüvvələrin gözü bunu götürmür. Ona görə də, problemlərimizi özümüz həll etməyə çalışmalıyıq.
[b]- Həm beynəlxalq təşkilatlar, həm də ölkə müxalifəti islahatlar tələb edir. Ötən həftə qəzetimizə müsahibə verən həmkarınız Fazil Mustafa bildirmişdi ki, islahatlar aparılmasa, hakimiyyət çökəcək. Bu barədə nə düşünürsünüz?[/b]
- Azərbaycanda davamlı olaraq islahatlar aparılır. Amma bəziləri bunu görmür, yaxud da görmək istəmir. Bir şeyi də unutmaq lazım deyil ki, islahat inqilabi yolla həyata keçirilməməlidir. İslahat - təkamüldən gələn sözdür. Ona görə də, ölkədə islahatlar elə aparılmalıdır ki, ağrısız olsun. Hansı ölkələrdə ki, islahatlar radikal yolla aparılıb, orda çox ciddi problemlər ortaya çıxıb. Hesab edirəm ki, ölkə başçısı davamlı olaraq islahatların aparılması istiqamətində lazımi addımlar atır. Əminəm ki, bu istiqamətdə addımlar daha sürətlə atılacaq, ölkəmizdə ictər idarəetmədə, istərcə də digər sahələrdə ciddi nailiyyətlər əldə olunacaq.
[b]- Məlahət xanım, qarşıdan gələn 2013-cü il prezident seçkiləri ilə bağlı gözləntilərinizi bilmək istərdik.[/b]
- Biz əminik ki, 2013-cü il prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi növbəti dəfə qalib gələcək. Buna heç bir şübhəmiz yoxdur. İnşallah, budəfəki seçkidə də qələbə bizimlə olacaq.
[b]- O fikirlər də səslənir ki, 2013-də YAP-ın başqa bir namizədi ola bilər. Bu fikirlər nə dərəcədə həqiqətdir?[/b]
- Bu barədə partiyamızda yekdil fikir var. Təbii ki, YAP demokratik bir partiyadır, hər kəs hər kəsin fikrinə hörmətlə yanaşır. Yəni, YAP-da kimsə bir söz deyəndə, hamı "Baş üstə!" demir. Amma bizim vahid namizədimiz, vahid liderimiz var. Hesab edirəm ki, seçkidə də bizim liderimiz qələbə çalacaq. Təkcə partiyamızın üzvləri deyil, təəssübkeşləri, liderimizə xüsusi rəğbəti olan insanlar öz dəstəklərini 2013-də bir daha göstərəcəklər.
[b]- Sizcə, hazırda ölkədəki mövcud problemlər, korrupsiya və rüşvətxorluq hakimiyyət namizədinin səs qazanmasına problem yaratmayacaq ki?[/b]
- Belə problemlər inkişaf etmiş ölkələrdə də var. Təəssüf ki, bəzi adamlar rüşvət və korrupsiyanı yalnız bizə şamil etməklə xalqımıza ləkə vurmağa çalışırlar. Korrupsiya ən inkişaf etmiş ölkələrdə belə, 10-14 faiz arasındadır.
Rusiyada da, İranda da, Avropada da korrupsiya var. Amma onlar bizdə olan faktları şişirdərək üstümüzə gəlmək istəyirlər. Azərbaycanda da bu sahədə problemlər var və buna qarşı kəskin mübarizə də aparılır.
Onu da deyim ki, korrupsiyaya qarşı təkcə dövlət deyil, xalq da mübarizə aparmalıdır. Bu gün cəmiyyətdə elə bir xüsusiyyət var ki, ayrı-ayrılıqda hər bir adam mübarizə aparmaq istəmir. Amma bu problemin həllini istəyiriksə, korrupsiyaya qarşı elliklə mübarizə aparmalıyıq. Daha doğrusu, ictimai qınaq formalaşmalıdır, bundan sonra qanunlara əməl ediləcək, korrupsiya və rüşvətxorluq da tamamilə aradan qalxacaq.
Zaur ƏHMƏD