ADP Idarə Heyətində Əbülfəz Elçibəyin xatirəsi yad edilib

img

25-06-2012 [05:34]


Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər ətrafında müzakirələr aparılıb. İlk növbədə İdarə Heyəti üzvləri Azərbaycan Milli Azadlıq Hərəkatının lideri, sabiq prezident, mərhum Ə.Elçibəyin doğum gününü yad edib və onun Azərbaycanın dövlətçilik idealları uğrunda apardığı mübarizənin hər bir vətəndaşımıza örnək olduğunu diqqətə çəkib. İdarə Heyəti dövlət başçısının əfvlə bağı son fərmanına münasibət bildirib və siyasi motivlərlə, qeyri qanuni həbs edilən bir qrup şəxsin gec də olsa azadlığa buraxılmasını təqdir edib, eyni zamanda siyasi və dini əqidəsinə görə həbs edilən digər vicdan məhbuslarına şamil edilməməsindən təəsüfləndiyini bildirib və hakimiyyəti siyasi məhbus problemini birdəfəlik həll etməyə çağırıb. İdarə Heyəti üzvləri prezident tərəfindən əfv edilmə praktikasının siyasi məhbus probleminin həllində başlıca vasitə olmadığını önə çəkib və vətəndaşların dini baxışlarına və siyasi əqidəsinə görə müxtəlif uydurma iddialarla həbs edilməsi praktikasına son qoymağın ən doğru yolunun ədalətli məhkəmə sisteminin bərqərar edilməsində olduğunu qeyd edib, hakimiyyəti bir daha insan hüquq və azadlıqları ilə bağlı beynəlxalq öhdəliklərdən irəli gələn vəzifələri yerinə yetirməyə çağırıb. Eyni zamanda İdarə heyəti üzvləri jurnalist, ADP Saatlı rayon təşkilatının fəalı İlham Süleymanovun və hüquq müdafiəçisi Hilal Məmmədovun şərlənərək həbs edilməsinə diqqət çəkərək, bu həbsləri qətiyyətlə pisləyib və hakimiyyəti onları dərhal azad etməyə çağırıb. İdarə Heyəti üzvləri son vaxtlar ölkədə yaşanan neqativ presesləri, regionçuluq, korrupsiya və rüşvətxorluq faktlarını ictimaiyyətin diqqətinə çatdırdığına və dövlət büdcəsinin dağıdılması, milli sərvətin bir qrup oliqarxın əlində cəmləşməsi tendensiyasını ifşa etdiyinə görə tanınmış ictimai-siyasi xadim R.İbrahimbəyova qarşı başlanan qarayaxma kompaniyasından, onun rəhbəri olduğu kinematoqrafiya komitəsinə alternativ təşkilat yaratmaqla mədəniyyət işçiləri arasında təfriqə törədilməsindən narahat olduğunu bildirib və ölkənin yaradıcı şəxslərini bu kompaniyaya qoşulmamağa, ayrıseçkiliyə xidmət edən bu tip alternativ təşkilatları boykot etməyə çağırıb. İdarə Heyəti üzvləri Avropa Parlamentində Qarabağ probleminin gündəmə gətirilməsi və bu müzakirələrdə Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi faktından məmnunluğunu bildirib və Avropa Birliyi ilə bütün istiqamətlərdə əməkdaşlığın inkişaf etdirilməsinin vacib olduğunu bir daha qeyd edib. İdarə Heyəti üzvləri ABŞ-ın Nyu-York ştatında 31 mart xüsusilə böyük insan qırğınını soyqırım kimi qəbul edilməsini erməni vəhşiliyinin dünyada tanınması istiqamətində atılan müsbət addım kimi dəyərləndirib və bu soyqırım faktının dünyanın digər nüfuzlu ölkələrində tanınması üçün ciddi səylər göstərilməsinin vacibliyini diqqətə çatdırıb. İdarə heyəti üzvləri Rusiyada yaşayan etnik qrupların iştirakı ilə Moskvada keçirilən konfransda ləzgi və avar xalqları adından danışan bir qrup şəxsin Azərbaycanı milli ayrı seçklilik siyasətinə görə ittihama məruz qoyması faktından narahat olduğunu, bu faktın arxasında milli problemlər içində boğulan və milli problemləri yaxın ölkələrə ötürmək məqsədi güdən Rusiyanın durduğunu bildirib, Azərbaycanda etnik bölücülüyün olmadığını və bu cür süni olaraq qızışdırılan seperatist cəhdlərin heç bir nəticə verməyəcəyini diqqətə çatdırıb. İdarə Heyəti üzvləri son vaxtlar Dövlət Neft Şirkəti tərəfindən vətəndaşların mülkiyyət hüququnun pozulması, onların ağır zəhmət və böyük vəsaitlər hesabına tikdiyi evlərinin sökülməsi faktının davam etdirilməsini qətiyyətlə pisləyib, dövlət məmurlatrının qeyri-qanuni hərəkətlərinə görə vətəndaşların məsuliyyət daşımadığını və ayrı-ayrı bəhanələr adı ilə vətəndaşların evlərinin sökülməsinin qanunvericiliklə uzlaşmadığını qeyd edib və hakimiyyəti, vətəndaşların mülkiyyət hüququnun pozmamağa çağırıb. İdarə Heyəti üzvlər 26 iyun milli ordunun yaradılması günü münasibəti ilə xalqımızı, Azərbaycan silahlı qüvvələrinin şəxsi heyətini, bütün əsgər və zabitləri təbrik edib və ölkəmizin suverenliyi və müstəqilliyinə qarşı xarici təhdidlərin artdığı indiki şəraitdə milli ordunun daha qüdrətli və müdafiə sisteminin daha mükəmməl olmasının dövlətin qarşısında duran başlıca vəzifə olduğunu bir daha qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA