04-09-2011 [06:28]
[b]Zərdüşt Əlizadə: "İqtidar bütün təzyiqlərdən nəticə çıxarmasa, bu gün tövsiyyə, məsləhət və təkliflər verən Qərbin, beynəlxalq təşkilatların mexanizmləri ilə silinib kənara atılacaq" [/b]
Dünyada demokratikləşmə prosesinin genişləndiyi bir ərəfədə Azərbaycan hakimiyyəti demokratik institutların fəaliyyətini məhdudlaşdırır. Ərəb inqilabları başlanan dövrdə Azərbaycanda bir qədər yumşalma olsa da, son dövrlər insan haqlarının, mülkiyyət hüquqlarının, sərbəst toplaşma və bir sıra digər siyasi azadlıqların məhdudlaşdırılması halları daha da artıb. Artıq Qərb ölkələrinin və beynəlxalq təşkilatların Azərbaycan hakimiyyətinə qarşı təzyiq yüklü mesajları da intensivləşib. ABŞ Dövlət Departamentindən tutmuş, Avropanın bir sıra təşkilatları Azərbaycanda demokratiyanın vəziyyətindən narahat olduqlarını açıq şəkildə, əvvəllər olduğundan da bir qədər sərt formada bəyan edirlər. Belə bir vəziyyət isə həm ölkə, həm də hakimiyyət üçün ciddi təhlükələr vəd edir. Müsahibimiz politoloq Zərdüşt Əlizadə də bədbin proqnozlar verdi:
- Hazırda elə bir dönəmdir ki, bütün mübarizə avtoritarimzə, anti-demokratik rejimlərə qarşı yönəlib. Özünüz də görürsünüz ərəb inqilablarını. Bunlar insan haqlarına, vətəndaş azadlıqlarına hörmət etməyən diktatorlara qarşı yönəlib. Azərbaycan da bu cərgədə duranlardandır. Ümumiyyətlə, keçmiş sovet ölkələri - Rusiya da, Orta Asiya respublikaları da bu cərgədə dayanır. Onların hamısına Qərb, beynəlxalq təşkilatlar tərəfindən ümumi basqı artıb.
Onu da etiraf etmək lazımdır ki, "Ərəb baharı"ndan qorxuya düşmüş Azərbaycan hakimiyyəti insan haqlarına hücumu şiddətləndirib. Bu təzyiqlər də, təbii ki, əks-təsir göstərir və bu səbəbdən də beynəlxalq təşkilatların basqıları son dövrlər daha da artıb.
- Ərəb ölkələrində inqilablar başlayanda hakimiyyət müəyyən qədər geri çəkilmişdi, islahatlar aparacağını, anti-korrupsiya tədbirlərini daha da gücləndirəcəyini bəyan edirdi. Amma sanki hazırda hakimiyyətdə hər hansı qorxu yoxdur...
- Hakimiyyətdən qorxu hissi ona görə çəkilib ki, əvvəla, onlar islahata gedə bilməyəcəklərini anlayırlar. Bu quruluş islahata gedə bilməz. Çünki bu rejimin mayası elə yoğrulub ki, bunlar qarətlə, oğurluqla, saxtakarlıqla, yalanla, xalqı məhv etməklə yaşayırlar. İslahat eləmək istədilər, fərz edək ki, aşağı səviyyədə rüşvətin qarşısını almağa cəhd etdilər, amma gördülər ki, dayaqları olan məmur kütləsi onlara qarşı üsyan edir. Dedilər ki, necə yəni, siz nefti basıb yeyirsiz, biz də xalqın cibinə giririk, əgər yeyə bilmiriksə, sizi niyə dəstəkləməliyik? Bu mənada hazırkı hakimiyyət korrupsiyaya qarşı mübarizə aparıb islahatlara başlaya, ədalətli seçki keçirə bilməz. Çünki bir dəfə ədalətli seçki keçirsələr, onların indiyə kimi yeknəsək saydıqları hakim layda çatlar əmələ gələcək. Hakimiyyətin yuxarı dairələrində təsdiqini tapmamış Milli Məclis üzvlərinin siyahısından əlavə adamlar gəlsə, onlar baş verən qanunsuzluqları qabardacaqlar. O zaman deyəcəklər ki, bəsdirin Milli Məclisi oyuncaq kimi saxladınız, bizim əvəzimizə qərar qəbul etdiniz, ləyaqətimizi alçaltdınız. Amma hakimiyyətin razılığı ilə seçilən deputatların heç biri cəsarət edib danışa bilmir.
- Bütün təzyiqlərə baxmayaraq, hakimiyyət, sanki hər şeyin sonuymuş kimi mümkün qədər cəmiyyəti daha çox sıxır. Sizcə, bu nə ilə bağlıdır?
- Çünki hakim zümrənin zəka potensialı çox məhduddur. Normal, demokratik ölkələrdə hakim zümrəyə təbii seçim prinsipi ilə insanlar gəlir. Məsələn, Buş çox səviyyəsiz adam idi, amma buna baxmayaraq, onlar cəmiyyətdən gələn impulsla, sifarişlə cəmiyyəti dinləməyə məcbur olurlar. Bizimkilər isə öz qarınlarının tələbi ilə yaşayan məxluqatdırlar. Onalar cəmiyyət, zəmanə haqqında nə bilirlər? Onlar oğurlamağı, yaltaqlanmağı, yalan deməyi bacarırlar, amma cəmiyyətin daha mürəkkəb canlı mexanizm olduğunu anlamırlar. Ona görə də vəziyyətin özləri üçün də təhlükəli olduğu dərk eləmirlər.
Bir misal çəkim. Sovet İttifaqının çöküşü ərəfəsində Kommunist Partiyasının qurultayları keçirilirdi. Orda bir-iki nəfər durub deyirdi ki, hansısa islahatlar aparılsın. O dəqiqə kənardan qışqırırdılar, həmin şəxsi söyürdülər. SSRİ-nin süqutuna üç il qalmış Kommunist Partiyasının rəhbərliyi anlamırdı ki, nəhəng bir dövlət süquta gedir. Elə bizim hakim zümrə də düşünür ki, qurduqları rüşvət, qarət mexanizmi saat mexanizmi kimi işləyirsə, neftdən gələn milyardlar sel kimi ciblərinə axırsa, ətraflarındakılar yaltaqlanıb əllərindən öpürsə, zəmanə də belədir. Ancaq başa düşmürlər ki, əgər Qərbdə hansısa bir ciddi təşkilat, böyük dövlət narazılığını bildirirsə, deməli, buna ciddi əsas var.
Mən demirəm ki, Azərbaycan xalqı nəyisə dəyişə bilər. Bu xalq belə bir potensiala malik deyil. Azərbaycan keçmişin acı nəticələrindən dərs götürüb, hələlik oturub gözləyir. Qərb ölkələrində isə belə bir hövsələ yoxdur. Onlar hesab edəndə ki, artıq növbə Azərbaycanındır, onda elə bir mexanizm işə düşəcək ki, bunlar savadsız başları ilə o mexanizmləri heç təsəvvürlərinə belə gətirmirlər. Mexanizmlər Tunisdə, Misirdə, Yəməndə, Liviyada özünü göstərdi. Elə mexanizmlər özünü göstərir ki, heç bir rejim ona davam gətirə bilmir. Yəni, belə bir mexanizm Azərbaycana qarşı başlasa, heç bir MTN, prezidentin yanıdakı xüsusi idarə buna davam gətirə bilməyəcək. Əgər Azərbaycan hakimiyyəti bütün bunlardan nəticə çıxarmasa, bu gün tövsiyyə, məsləhət və təkliflər verən Qərbin, beynəlxalq təşkilatların mexanizmləri ilə silinib kənara atılacaq, necə ki, Qəddafini sildilər.
- Zərdüşt bəy, qeyd etdiyiniz kimi, hazırda Qərbdən gələn təzyiqlər mesaj, təklif, tövsiyyə formatındadır. Necə düşünürsünüz, bu təzyiqlər hansı müstəviyə keçə və dediyiniz mexanizmlər nədən ibarət ola bilər?
- Divin canı şüşə qabda olduğu kimi, bunların da canları qədər sevdikləri pulları Qərbdədir. Bunlar Qərbdə yatırımlar ediblər, daşınmaz əmlak alıblar. Amma elə bilirlər ki, bunların oğurluqlarından Qərbin xəbəri yoxdur. Lakin Qərbin çox gözəl, səlist işləyən nəzarət mexanizmi var. Bunlar xalqdan nə qədər oğurlayıblar, harda gizləyiblər, hamısını izləyiblər. Ancaq Qərb hazırda özünü səbrli aparır, necə ki, Qərb İran şahının, Qəddafinin pullarını yedi, bunların da pullarını yeyəcəklər. Buna istənilən anda hüquqi baxımdan qəşəng izah da vermək, qanuniləşdirmək də olar. Amma hələlik xoşluqla danışırlar, deyirlər ki, adam ol, qanunlara hörmət elə, götürdüyün öhdəlikləri yerinə yetir. Görəndə ki, ağını çıxarıblar, onda, çomağın zopa tərəfini çevirəcəklər və başına vuracaqlar. Necə ki, ərəb ölkələrində onlara tulalıq edən diktatorları vurdular.
- Burada Qərbin hövsələli hərəkətindən və hakimiyyətin səhlənkarlığından söhbət getmir. Siyasi məhbuslarla iş üzrə məruzəçini ölkəyə buraxmırlar. Sizə elə gəlmirmi ki, hakimiyyət hansısa başqa böyük gücə arxalanır?
- Xeyr. Elə bir şey yoxdur. Sadəcə, bəziləri səfehlikdən güc alır. Elə bilirsiniz ki, Kommunist Partiyasının Siyasi Bürosu ağıllı adamlardan ibarət idi? Hamısının qabiliyyəti göz qabağında olub, ona görə də o boyda dövləti dağıtdılar. Onlar informasiyanı qəbul eləmək, təhlil eləmək və düzgün nəticə çıxarmaq qabiliyyətində deyildilər. Azərbaycan hakimiyyətindəkilərdə də elə bir qüdrət yoxdur ki, müasir zamanla ayaqlaşsınlar. Ona görə də Azərbaycan hakimiyyəti yavaş-yavaş uçuruma doğru gedir, amma bunu bilmirlər. Bilmədikləri üçün də özlərini çox rahat hiss edirlər, camaatla çox ağayana danışırlar. Elə bilirlər ki, belə də davam edəcək. Nokolay da, Qorbaçov da, Qəddafi də, başqaları da belə fikirləşirdi. Amma nəticələri göz qabağındadır.
- Qərbin Azərbaycandakı vəziyyətə münasibəti ortadadır, hakimiyyətin də mövqeyi bəllidir, bəs cəmiyyət necə, mövcud vəziyyəti dəyişmək iqtidarında, daha doğrusu istəyindədirmi?
- Təəssüflə qeyd etmək istəyirəm ki, Azərbaycan xalqında, keçmiş sovet ölkələrində - Gürcüstan, Ermənistan, Ukrayna, Belarus, Orta Asiyada olduğu kimi demokratik mədəniyyət ənənəsi yoxdur. Biz Rusiya işğalından əvvəl Qacarlar sülaləsinin təpiyi altında idik. O zaman "şah sağ olsun, rəiyyətin canı çıxsın",- siyasi mədəniyyəti var idi. Orda vətəndaş hüququ, milli, şəxsi ləyaqət məvhumu yox idi. Çar Rusiyası Azərbaycanı işğal edəndən sonra azərbaycanlı üçün ən böyük insan pristav idi, qubernator idi. Təbii ki, Qərbdə yüzilliklərlə formalaşan siyasi mədəniyyət Azərbaycanda yox idi. Partiyalar, həmkarlar ittifaqı, ictimai təşkilatlar yox idi, hətta siniflərin formalaşması pərakəndə və xaotik şəkildə gedirdi. Nəhayət, yalnız 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində burjua münasibətlərinin inkişafı ilə bağlı olaraq Qafqazda, xüsusən də Bakıda müasir siyasi mədəniyyət işartıları göründü. Kitabxanalar, xeyriyyə cəmiyyətləri, qəzetlər, siyasi partiyalar formalaşmağa başladı. Sonradan bunun parlaq nümunəsini ADR-də gördük. Amma ADR də nakam bir quruluş oldu. Bakı neftinə görə qısa müddətdə imperiya onu da qamarladı və uddu. Bütün davam edənlər Bakı nefti üçün idi. Türkiyə, Almaniya, İngiltərə, Rusiya Bakını istəyirdi, amma o zaman Rusiya aldı. Milli azadlıq mübarizəsi deyilən "hadisələr" də, agenturanın fəaliyyəti də, cürbəcür cəbhələr də özlərini Bakı neftinin üstündə yırtırdı. Nəhayət, SSRİ qurulandan sonra da heç bir siyasi mədəniyyətdən söhbət gedə bilməzdi. Birpartiyalı sistem, bir katib, Moskvanın göstərişi və onların canişinləri... Azərbaycanın siyasi mədəniyyəti bu idi. Siyasi mədəniyyəti bu cür eybəcər, yöndəmsiz olan bir ölkədə hansısa bir demokratik hərakat təşəbbüsü göstəriləndə, məsəl üçün, Xalq Cəbhəsi bəy, xan, rəiyyət, qəhrəman, əsgərlər, fədailər yolunu seçdilər. Bundan da imperiya Qarabağ münaqişəsini qızışdırmaq üçün istifadə edirdi. Ona görə də Xalq Cəbhəsi demokratik təşkilatdan dönüb oldu tamamiylə mürtəce təşkilat. Hakimiyyətə də çevrilişlər yolu ilə gəldilər. Sonra da öz tayfa ağalarını dəvət elədilər. İndi isə özləri ah-nalə edirlər. Xalq Cəbhəsinin əsas günahı o olmadı ki onlar uduzdular, onların əsas günahı odur ki, xalqın inamını qırdılar. Bəlkə də min ildə bir dəfə xalqın əlinə düşən fürsəti Bakı nefti uğrunda tayfa davasına xərclədilər. Bəli, indi də neft pulları gəlir. İngilislər nefti çıxarır, daşıyır, satır, pulunu hakimiyyətə verirlər, hakimiyyət də yarısını cibinə qoyur, yarısını səpələyir. Xalq isə ona düşən damcılarla kifayətlənir. Deyəndə ki, başqa üfüqlər də var, o tərəfə də can atmalısan, deyirlər ki, bunlar yeyib doyublar, başqası gəlsə, bundan da pis olacaq.
- Belə çıxır ki, cəmiyyət alternativ görmür?
- Bəli, ən pisi də elə odur ki, cəmiyyət demokratik alternativ görmür. Cəmiyyət ehtiyac duyur ki, demokratik alternativ olsun. Xalq, Demokrat Partiyasına baxıb görür ki, demokratiyadan əsər-əlamət yoxdur, eləcə də AXCP-də, Müsavatda, ASDP-də yoxdur. Belə olduqda onlar istəyirlər ki, hansısa bir alternativ, demokratik təfəkkürlü insanlar görsünlər və başlasınlar onlara inanmağa.
Bu hökumətin güc mənbələrindən biri də odur ki, özünü demokrat sayan müxalifətdə demokratik potensial yoxdur. Əgər insanlar görsəydilər ki, bunlar həqiqətən də demokratdırlar, onda bu hakimiyyətdən üz döndərərdilər və hakimiyyətin süqutu sürətlənərdi.
- Zərdüşt bəy, amma müxalifətin aparıcı qüvvələrinin bir araya gəldiyi İctimai Palata davamlı mitinqlərə başlamaq istəyir...
- (Sözümüzü kəsərək) Bunların hamısı nağıldır, boş söhbətdir. Birincisi, hər hansı bir siyasi qüvvənin potensialı olmalıdır ki, zamanın tələbini, tarixin axar səmtini seçsin, bilsin və onu xalqa göstərsin. İctimai Palatada yığılan adamlar hansı zəka potensialının sahibidirlər? Hamısı orta səviyyəli insanlardır. Əlbəttə ki, İctimai Palatada toplaşanlar xalqa yol göstərməyə, demokratik cəmiyyət qurmağa qadir deyillər. Hakimiyyət bərbad haldadır, təəssüf ki, müxalifət ondan da bərbaddır.
- Onda vəziyyət bu şəkildəmi davam edəcək? Bəs Sizin təklifiniz nədir?
- Azərbaycan kiçik ölkədir, o, bir çöp kimi tarixin burulğanına düşüb fırlanıb-fırlanıb böyük qüvvələrin gücü ilə harasa gedə bilər. 90-cı illərin əvvəllərində Azərbaycan məgər öz iradəsiylə müstəqil oldu? Əsla! SSRİ yuxarıdan dağıldı, dedilər ki, çıxın gedin. İndi də buna bənzər hadisə ola bilər. Təəssüf ki, Azərbaycan xalqı hələ yetişməyib və öz müqəddəratını təyin etməyə qadir deyil.