"Əksəriyyət Ayaz Mütəllibova dönük çıxdı"

img

15-08-2011 [05:09]


[b]Hacı Əbdül: "Xocalı faciəsi ilə bağlı Mütəllibova qarşı qaldırılmış cinayət işi eks-prezidentin cibinə atılmış narkotik kimi bir şeydir" [/b] Yola saldığımız həftənin ən çox müzakirə olunan mövzusu eks-prezident Ayaz Mütəllibovun ölkəyə gəlməsi oldu. Amma təəssüfedici hadisə o oldu ki, eks-prezident oğlunun dəfn mərasimində iştirak etmək üçün uzun illərdən sonra vətənə qayıda bildi. Rəsmi məlumatlara görə, Mütəllibov prezident İlham Əliyevin icazəsi ilə Bakıya gəlib. Onun bundan sonrakı taleyi - yəni ölkədə qalıb-qalmayacağı ilə bağlı hər hansı məlumat verilmir. Bir vaxtlar Mütəllibovun ən yaxın silahdaşlarından olmuş keçmiş deputat, "Tövbə" Cəmiyyətinin sədri Hacı Əbdüllə söhbətimiz də eks-prezidentin Bakıya gəlişinə yaradılan imkandan başladı. - Oğlunun yas mərasiminə gəlmək üçün Mütəllibova yaradılan imkan insanpərvərlik nümunəsidir. Mütəllibov ölkənin birinci prezidenti olub. Onun oğlunun cavan yaşında dünyasını dəyişməsi isə ağır hadisədir. Belə bir məqamda dövlət başçısının qərar verməsi, demək olar ki, Azərbaycan xalqının ürəyindən oldu. Kimin bu işdə nə dərəcədə rolu olubsa, Allah onlardan razı olsun. - Ümumiyyətlə, Ayaz Mütəllibova qarşı qaldırılan cinayət işini necə qiymətləndirirsiniz? - Mən hələ o dövrdən Ayaz Mütəllibova qarşı qaldırılan cinayət işinin əleyhinə olmuşam. Keçmiş sovet məkanında, elə indi də bəzi adamların cibinə nəşə atıb, onu narkotik ittihamı ilə əsassız olaraq həbs edirlər. Halbuki, həmin şəxsin narkotikaya heç bir dəxli yoxdur. Xocalı faciəsi ilə bağlı qaldırılan cinayət işi də cibə atılmış narkotikə bənzəyir. Yəni Xocalı faciəsi ilə bağlı Mütəllibova qarşı qaldırılmış cinayət işi eks-prezidentin cibinə atılmış narkotik kimi bir şeydir. Mütəllibovu tamamiylə sıradan çıxarmaq istəyənlər "Xocalı"nı onun cibinə atdılar. Bu səbəbdən, mən, həmin cinayət işini qəbul etmirəm və düşünürəm ki, bu, qondarma işdir. - Amma eks-prezidentin ölkəyə dönüşünə şərait yaradan hakimiyyət, qondarma saydığınız cinayət işini qüvvədə saxlayır. - Bu, hakimiyyət söhbəti deyil. Bu iş AXC hakimiyyəti vaxtı ortaya atılıb. Bu günə qədər də məsələyə toxunulmayıb. Yəni belə bir dondurulmuş vəziyyət bunlara da sərf eləyir. Amma Allah da şahiddir ki, Mütəllibova qarşı qaldırılan həmin cinayət işi cəfəngiyyatdır və eks-prezidentin həmin məsələdə heç bir təqsiri yoxdur. - Mütəllibovun qayıdışı zamanı maraqlı detallardan biri də onun qarşılanma mərasimi idi. Vaxtilə böyük elektorata sahib olan bir adamı cəmi 200-300 nəfər qarşılayıb. - Bu gün vəziyyət bir qədər başqadır. Vaxtilə onun tərəfini saxlayan şəxslərin bir çoxu indi ölkədə yoxdur, bəziləri Bakıda deyil, pərən-pərən düşüblər. Elələri də var ki, Mütəllibovun gəlişindən xəbərdar olmayıb. Bakıda olanlardan da birinin imkanı var, o birinin yoxdur ki, gedib onu qarşılasın. Ona görə də Mütəllibovun tərəfdarlarını bu ölçü ilə ölçmək doğru deyil. Elə adamlar var ki, bu gün Mütəllibovun yanında olmaqdan qorxurlar. Bunu gizlətmək olmaz. Dəfn mərasimində qəbiristanlığa gedəndə çoxlu polis əməkdaşları var idi. Çoxu elə bilirdi ki, polis bura gəlib-gedənləri izləmək üçün ordadır. Ancaq ora gələn polislər hansısa təxribatın törədilməməsi üçün öz vəzifə borclarını yerinə yetirirdilər. Çünki Mütəllibov siyasi adamdır, bu ölkənin prezidenti olub, neçə il idi ki, ölkədə deyildi. Yəni baş verə biləcək hər hansı hadisənin qarşısını almaq üçün hüquq-mühafizə orqanlarının əməkdaşları ora cəlb olunmuşdu. Amma Mütəllibovun yanında dayanmaqdan qorxanlar da oldu. - Siz özünüz də qarşılanma mərasiminə getmədiniz, dəfn mərasimində Mütəllibovla görüşdünüzmü? - Bəli. Mən neçə müddət idi ki, səhhətimlə əlaqədar kənddə idim. Səhəri gəldim, mənə dedilər ki, səni polislər axtarır. Sonra öyrəndim ki, Ayaz Mütəllibov gələcək deyə, məni axtarıblar. Yəni Mütəllibov gəlməzdən bir gün qabaq məni axtarırmışlar, amma tapa bilməyiblər. Onun gəlişindən sonra xəbər tutdum ki, artıq Bakıdadır. - Eks-prezidentin ətrafını, ona yaxın şəxsləri, onun hesabına vəzifə sahibi olanları bizdən yaxşı tanıyırsınız. Mütəllibovun ağır günündə həmin adamlardan hansı ona dönük çıxdı? - Sən denən ki, kimlər dönük çıxmadı? Əksəriyyət Ayaz Mütəllibova dönük çıxdı. Dönüklüyün də əsas səbəbi qorxaqlıqdır. Mən qəlbən dönənlərdən danışmıram. Bəzilərinin qəlbində Mütəllibova hörmət, sevgi olsa da, amma vəzifəsindən, işindən və s. qorxduğu üçün kənarda dayandılar. Yəni, Mütəllibovun hesabına önə çıxanların əksəriyyəti bu ağır gündə ona dönük çıxdılar. - Bu dəfə Ayaz müəllimə ən yaxın adam kimi ASDP-nin digər həmsədri Araz Əlizadə göründü... - (Tələsik) Araz Əlizadə bu dəfə çox yaxşı iştirak elədi. Allah onun ata-anasına rəhmət eləsin. Bu ağır gündə əl tutdu, kömək elədi, qabağa düşdü. Sağ olsun ki, belə bir gündə əlindən gələni elədi... - Mən başqa bir məsələni soruşmaq istərdim. Mütəllibovun qarşılanması ilə bağlı açıqlama verən Araz Əlizadə demişdi, Hacı Əbdül kimdir ki, Mütəllibovu qarşılasın? - Bu, onun fikridir. Əgər mənim xəbərim olsaydı, Mütəllibovu qarşılamağa gedəcəkdim. İndi mənə yaraşmaz ki, deyim, Araz kimdir, mənim qarşımı kəssin? Yəni, bu, düzgün yanaşma deyil. Hesab edirəm ki, Araz Əlizadə cavandır, səhvdir edir. Bu, hüzrdür, burda ayrı-seçkilik eləmək olmaz. Şəriətdə də bildirilir ki, düşməninin də hüzürünə gedib, ona kədərli olduğunu bildirməlisən. Halbuki, biz Mütəllibovla yaxın dost olmuşuq. - Ancaq deyəsən, son dövrlər münasibətlərinizdə müəyyən qədər soyuqluq var idi... - Müəyyən qədər yox, çox soyuqluq var idi. Siyasi baxışlara, siyasi proseslərə görə münasibətlər korlanmışdı. Dəfn mərasimindən sonra da söhbətimiz oldu, ailədən, uşaqdan söhbət elədik, dərdləşdik. - Payızda "Eks-prezidentlərin statusu haqqında" Qanunun qəbul olunacağı, onun Mütəllibova da şamil ediləcəyi bildirilir. Belə olduqda isə eks-prezidentin Azərbaycanda qalacağı ilə bağlı problem aradan qalxacaq. Bu barədə Siz nə düşünürsünüz? - Onun Azərbaycanda qalması üçün hər hansı problem yoxdur, olmamalıdır da. Ümumiyyətlə, Ayaz Mütəllibov sakit adamdır. Onun burda qalması ölkə üçün, dövlət üçün problem deyil. Sadəcə olaraq, ona süni problem yaradırlar. Amma ona imkan vermək lazımdır ki, vətənində yaşasın. - Necə düşünürsünüz, Mütəllibovun yenidən siyasətə qoşulmaq iddiası varmı? - Mən onda matəmdən, qəmginlikdən başqa bir şey görmədim. Onu deyə bilərəm ki, vətənə qayıtsa, dövlət də, xalq da Mütəllibovdan xeyir görər. Əgər ona siyasi fəaliyyət üçün şərait yaradılsa, bu, cəmiyyət olaraq xeyrimizədir. Ağıllı, savadlı, bacarıqlı adamdır, sadəcə olaraq, ondan istifadə etmək lazımdır. - Azərbaycan siyasətində regional faktor önəmli rol oynayır. Vaxtilə Bakı-Şirvan regionu Mütəllibovun elektoratı sayılırdı. Bu gün necə, bu kəsim onu dəstəkləyirmi? - Ayaz Mütəllibov üçün Bakı-Şirvan klanı yoxdur. Belə götürəndə o, bütün Azərbaycanı eyni qəbul edirdi. Mən əvvəllər Moskvaya - onun yanına gedib-gəlirdim. Onun ətrafında Bakı-Şirvandan çox, başqa bölgələrdən adamlar var idi. Yəni bu adamda regionçuluq yoxdur. Bəlkə də Mütəllibov regionçu olsaydı, hakimiyyətdə qalardı. Amma o, heç vaxt bölgəçilik siyasəti aparmayıb. Onun siyasətə qatılması, kimlərinsə ona dəstək verməsi barədə isə bir söz deyə bilmərəm. - Siz özünüz necə, partiyanızı ayağa qaldırıb ona hansısa dəstək verə bilərsinizmi? - Siyasi partiyanı canlandırmaq, bu yolla gündəmə gəlmək - bunların hamısı artıq söhbətlərdir. Bu gün Azərbaycanda partiya yoxdur. - Niyə ki, Müsavat, AXCP və digərləri partiya deyillər? - Partiyadır, amma adları partiyadır, özlərində partiyadan əsər-əlamət yoxdur. - Dəfn mərasimində həm də İsa Qəmbərlə söhbətləşirdiniz... - Yox, biz sadəcə olaraq, həmin gündən, hadisədən danışırdıq. Ora siyasi müzakirələrin yeri deyildi. Heç onlarla da hansısa siyasi müzakirə aparmaq fikrim yoxdur. - Hacı, başqa bir mövzuya keçək. Rəhbəri olduğunuz "Tövbə" Cəmiyyəti fəaliyyət göstərirmi, kimlərsə gəlib tövbə edir, günahlarını yuyurmu? - Gəlirlər, tövbə edirlər. Ancaq Ədliyyə Nazirliyi bizə problem yaradır. Sanki maraqları var ki, "Tövbə" Cəmiyyəti fəaliyyət göstərməsin. Bir dəfə nazirliyə getdim, dedilər, get, Qafqaz Müsəlmanları İdarəsindən məktub al ki, "Tövbə" Cəmiyyətinin fəaliyyət göstərməsinə razıdırlar. Axı, bunun şeyxə nə aidiyyatı var? Yaxud da Səhiyyə ?azirliyindən, Daxili İşlər ?azirliyindən, Milli Təhlükəsizlik ?azirliyindən razılıq almaq tələbini irəli sürürlər. A kişi, bu adam içmək, narkotiklə məşğul olmaq istəmir, tövbə etmək istəyir. Biz də tövbəyə gələnlərə narkotikin, içkinin zərərli olduğunu deyirik. Ancaq Ədliyyə ?azirliyi min bir bəhanə gətirib bizim təşkilatı qeydiyyatdan keçirmir. Mən restoran, şadlıq sarayı tikmirəm ki, o qədər nazirlikdən razılıq alım. Biz cavanlarımızı pis yollardan qaytarırıq. Onların hamısı sizin balalarınızdır də. Bu gün bizim qarşımızı alanların öz uşaqları elə bu günə düşüblər. - Vəzifəlilərdən kimlərinsə övladları, yaxud özləri tövbə edirlərmi? - Əlbəttə ki, nazir, nazir müavinləri gəlib tövbə eləmirlər. Onlar gəlib nədən tövbə eləməlidirlər? Rüşvətdən, korrupsiyadan tövbə eləməlidir? Bizim məqsədimiz cavanları düz yola gətirməkdir. Bu saat bəzi qızlar da narkotiklə məşğul olur. Millət narkotikin içində batıb gedir. Biz isə bütün bunlara qarşı mübarizə aparırıq və gedib Ədliyyə ?azirliyinə deyirik ki, bu cəmiyyəti yenidən qeydiyyata al, onlar da minlərlə bəhanələr gətirirlər. Ona görə də, Ədliyyə Nazirliyini məhkəməyə verəcəyəm. Səhiyyə ?azirliyindən, Daxili İşlər ?aliyindən nəyə görə razılıq almalıyam? Mən elə onların işini görürəm də... Əgər hansısa vətəndaş cinayətlə məşğul olmasa, iynə vurub xəstələnməsə, deməli, hər iki nazirliyin işini müəyyən qədər yüngülləşdirirəm. Əslində onların özləri bizə yardım eləməlidirlər ki, daha geniş fəaliyyət göstərək. Onsuz da bu cəmiyyət fəaliyyət göstərir, bunu qeydiyyata almaq niyə çətindir ki? - Bir müddət öncə Azərbaycanda korrupsiya və rüşvətə qarşı mübarizə başlamışdı. Ondan sonra rüşvət almayacaqları barədə tövbə edənlər oldumu? - Yox. Ancaq bir məsələni qeyd eləmək istəyirəm. Azərbaycanda korrupsiyaya qarşı mübarizənin bir nəticəsi oldu ki, əvvəllər bir işə görə 5 manat alırdılarsa, indi 15 manat alırlar. Korrupsiya ilə mübarizə bizə yalnız bunu verdi. Allah rüşvəti qadağan edib, biz də bunu yada salırıq. Deyirik ki, Allahdan qorxun, gəlin tövbə edin. Onsuz da rüşvətin, haram pulun xeyrini heç kəs görməyib. Bu gün hakimiyyətdə təmsil olunanların çoxu gəlib tövbə etməlidirlər. - Konkret kimlər gəlməlidir? - Mənim üçün fərqi yoxdur, hamısını tövbəyə çağırıram. Əslində bu gün ölkədə elə bir vəziyyət yaranıb ki, bütün nazirlər, nazir müavinləri, komitə sədrləri gəlib tövbə etməli, günahlarını yumalıdırlar. Ancaq ad çəkmək düzgün olmaz. Adını çəkdiyim adam gəlib soruşar ki, sən mənim rüşvət aldığımı görmüsən? Ancaq ümumilikdə hamısını tövbəyə səsləyirəm. - Tövbə edənləri yenə də şallaqlayırsınız? - Biz hər tövbə edəni şallaqlamırıq, müjdələyirik. Biz tövbəsini pozanları şallaqlayırıq. Kim ki, tövbə edir, amma onu pozur, sonra gələndə tövbəsini pozduğu üçün şallaqlayırıq. Bu barədə bizim nazirlərə şallaq düşmür. Əvvəl gəlsinlər bir dəfə tövbə eləsinlər ki, sonra pozanda şallaqlansınlar. Yadda saxlayın ki, hər kəsə də şallaq qismət olmur. Bir sözlə, bu gün Allahın qoyduğu yoldan çıxan, rüşvət alan, haqları pozan adamlar çoxdur. Ona görə də bizim qapımız hamının üzünə açıqdır. Gəlsinlər, tövbə eləsinlər, bəlkə Allah günahlarını bağışlaya.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA